Aida Eyvazlının “Şəhid hekayələri” silsiləsindən Featured

 

Baxçamızda xarı gül,

Yarı bülbül, yarı gül.

Tez açılıb, tez soldun,

Solmayaydın, barı gül...

 

Aygün aprelin 16-sı səhər yuxudan ayılıb baxçaya çıxdı. Axşam kiçik oğlu Süleymanın 11 yaşı tamam olmuşdu. Şəhid olmuş həyat yoldaşı Babəkin atası Meyvəddin və anası Xalidə  tort da alıb gətirmişdilər. Babaları-nənələri başına yığılıb doğum gününü qeyd etdilər uşağın. Hamı var idi, təkcə Babək yox idi. Onsuz da gecəni səhərə qədər gözlərinə yuxu getmədi gəlinin. Aranı-dağa, dağı arana aşırdı. Babəkin bu qapıdan əlində çiçək dəstələri ilə girdiyi günlər  gözlərinin önündən kino lenti kimi keçdi. Bu gün isə Babəkin şəhid olduğundan düz 6 ay keçirdi. Bir azca bağçada gəzişdi. Bu sərin yaz səhərində birdən gözü nar ağacının altındakı üzü günəşə boy vermiş bir tək çiçəyə sataşdı. Yaxın gəldi... Diqqətlə baxdı... Elə bil ki, canından üşütmə keçdi... Anasını çağırdı. “Ay ana, ay ana, bura gəl, baxçamızda xarı bülbül gülü bitib.”.

Anası Nadiyə qızının səsinə həyətə endi. Diqqətlə baxıb, güldən bir şey anlamadı. Dedi ki, ay qızım, mən xarıbülbül gülü tanımıram axı...

-Ay ana, dağlarda, Şuşada, Şamaxıda bitən güldür də...  Şəhidlərimizin şərəfinə onu indi ulduz edib sinəmizə taxırıq...

-Həəə, ay qızım, ay Aygün, Qaraşəhər hara, belə gül hara? Axı, deyirlər, o Qarabağda bitir...

-Ay ana, bu gün Babəkin şəhid olmasının 6 ayıdır. Axşam da Süleymanın 11 yaşı idi.  Bu Babəkdir, aprelin 4-də ad günümdə mənə gül gətirmədi, indi uğrunda şəhid olduqları Şuşanın gülünü mənə göndərib. Ana, vallah, bu Babəkdir, - deyib, gözlərinin yaşını tökdü Aygün... Yerə çöküb torpağın qoynundan baş qaldıran Xarı bulbul çiçəyini sevib-oxşadı, ağladı…

Nadiyə yenə əl-ayağa düşüb qızını sakitləşdirməyə çalışdı...  Babək  şəhid olandan belə idi günləri, ayları...

Uşaqlar dərsdən gələndən sonra çiçəyi onlara da göstərdi Aygün. Uşaqlar da bu çiçəyin ataları Babək olduğuna inandılar. Çiçək solana qədər onun başına dolandılar, qorudular.

Günlərin bir günü Süleyman ağlamsınaraq böyük qardaşı Ramaldana dedi ki, qaqa, gülümüz soldu, ata daha gəlməyəcək?! Ramaldan qardaşının boynunu qucaqlayıb: “Yox, Süleyman, elə demə, gələn yazda yenə gələcək…” - dedi.

 “Eh mən istəyirəm ki, tez gəlsin. Yadındadır, evimizə göydən hörümçək enəndə, Xalidə nənə deyirdi ki, atanız harada olsa, bu gün gələcək… İndi heç evimizə hörümçək də gəlmir…”, - söylədi Süleyman.

İndi mehrini nişanələrə, əlamətlərə salmışdı Aygün və övladları...  Gördükləri yuxularında, göydə buludların hərəkətində, pəncərələrinə qonan  bir quşun nəğməsində, tavandan sallanan hörümçəyin tor yolunda Babəki axtarırdılar...

Evləndikdən sonra Aygün də gənc həyat yoldaşına qoşulub Naxçıvanda, Pirəkəşküldə, Murovda, Tovuzda, Gəncədə əsgər oldu. Babək Ramaldanov bayramlarda, doğum günlərində xidmət etdiyi bölgələrin dağından-yamacından çiçək dəstələri bağlayıb sevgilisinə hədiyyə etdi. Aygün üçün bu çiçəklər brend dükanlarda satılan çiçəklərdən daha əziz, daha qiymətli idi.

Taylı-tayını tapanda, ulduzları barışanda  cütlüklər xoşbəxt olurlar. Aygün və Babək gözütox, görüb-götürmüş ailələrdə böyümüşdülər. Varlı-dövlətli deyildilər. Sovet şinelindən çıxan hər iki ailə - Ramaldanovlar və  Rəfiyevlər ailəsi Qaraşəhərdəki məhəllədə qonşuluqda yaşayırdılar. Uşaqlar da Milli Qəhrəman Tahir Bağırov adına 59 saylı məktəbə gedirdilər. Bu məktəbdə Aygünün də, Babəkin də ata-anası oxumuşdular.  Öz halal zəhmətləri ilə ocaq qurub, ev tikib, həyətlərini, yurdarını abad etmişdilər. Heç vaxt şəhərin bu hissəsindən mərkəzə getmək arzusunda olmamışdılar. Yaşadıqları məhəllə Qarabağ döyüşlərinin Milli Qəhrəmanı Kazımağa Kərimovun adını daşıyırdı.

Ailələrin oxşar cəhətinin biri də o idi ki, uşaqların hamısı dərslərində davamiyyətli və intizamlı idilər. Ramaldanovların ailəsindən Babəkin və Raufun, Rəfiyevlər  ailəsindən Aygünün və qardaşının şəkilləri həmişə şərəf lövhəsində olardı. Babək Aygündən 3 yaş böyük idi. Aygünün Babəklə bir gizli rəqabəti var idi. Elə ki, Babək hansısa olimpiada və ya dərs yarışmasında qalib gəlirdi, Aygün ondan arxaya qalmaq istəmirdi. Baxmayaraq ki, sinif və yaş fərqləri var idi, Aygünə elə gəlirdi ki, Babək ancaq onun uğurlarına şərik olmaq, ondan qabağa keçmək istəyir... 9-cu sinfə keçəndə Babək sənədlərini C.Naxçivanski adına hərbi liseyə verdi. Aygün bu xəbərdən çox sevindi. Ona görə sevinirdi ki, indi  məktəbin şərəf lövhəsində birinci onun şəkli olacaqdı. Beləcə məktəbi bitirdilər. Aygün Azərbaycan Dillər Universitetinin ingilis filologiyası fakultəsinə qəbul olub, təhsil ocağının magistr pilləsini 2007-ci ildə fərqlənmə diplomu ilə bitirdi.  Babək isə  təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi. Bir növ, ailə  dinastiyasına sadiq qaldı. Yaxın qohumları Şair Ramaldanov, İlham Ramaldanov, Elman Ramaldanov da peşəkar və adlı-sanlı hərbçi idilər. Bundan başqa, Ramaldanovlar nəslində 15-dən artıq hərbi təhsilli qohum-əqraba var idi. Onların hər biri Qarabağ döyüşlərində yaxından iştirak etmişdi, aralarında polkovnik rütbəsində korpus komandiri vəzifəsinə qədər yüksəlmişi də var idi.

Babək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2003-cü ildə fərqlənmə ilə bitirdi. Hərbi xidmət yerləri isə ən çətin mövqelərə düşdü. Hər dəfə onu ağır və çətin şəraitdə xidmətə təyin edəndə, əhvalı korlanmırdı. Hətta atası Meyvəddin kişi narahat olaraq oğlunun təyinat yerinin dəyişilməsini istəsə də,  Babək belə fikirləşirdi ki, əsil hərbçi üçün yüngül döyüş şəraiti, xidmət şəraiti ola bilməz. Elə ona görə də 1991-ci ildən düşmən ermənilərlə gecə-gündüz üzbəüz dayanan Naxçıvan Muxtar Respbilkasında xidməti də özünə şərəf saydı. 2004-cü ildən 2014-cü ilə qədər burada,  2015-2017-ci illərdə Sumqayıt və Pirəkəşküldəki hərbi xidmətlərdə zabit şərəfinə sadiq qalaraq çalışdı. 2017-2019-cu ildə isə Rusiya Federasiyasının Frunze adına  Ali Ümumqoşun Akademiyasında ikiillik ali hərbi kursu keçdi. Böyük dayısı Şair Ramaldanov da  hələ sovet dönəmində burada təhsil almışdı. Rusiya Federasiyasının Frunze adına Hərbi Akademiyasını uğurla bitirib, geri dönəndən sonra, o artıq polkovnik-leytenant rütbəsinə layiq görülmüşdü.  2019-cu ilin sentyabrından onu Tovuz qarnizonunda briqadanın qərargah rəisi  təyin etdilər.

Bu ərazidə xidmət edəndə Şəmkir Korpusunun qərargah rəisi general-mayor Polad Həşimov onun rəhbəri olduğu briqada qərərgahnı yoxlamaya gəlir. Şəxsi heyət ilə görüşdə Babək Ramaldanov  generalın qarşısında  çox məsuliyyətli və hərtərəfli  məruzə edir. General Polad Həşimov üzünü ona tutub: “Cənab Ramaldanov, mən çoxdandır ki, belə zabit məruzəsi eşitmirəm. Çox razı qaldım, həzz aldım. Sən işləyən adamsan. Sənin parlaq gələcəyin var”- deyir. Şəxsi heyətin qarşısında  əməyinə verilən dəyərdən çox sevinir Babək. Bunu ətrafdakılara büruzə verməsə də, ürəyində qürur hissi keçirir.

 ***

Vətənin torpaqlarının azad olunması üçün səfərbərlik elan edildikdən sonra Gəncə Qarnizonu da şəxsi heyət ilə döyüş hazırlığına başladı. Taborlar müdafiə zonasına göndərildi. Müharibə başlayanda polkovnik Babək Ramaldanov öz şəxsi heyəti ilə Murov istiqamətində yerləşmişdi. Oktyabrın 8-də arxa cəbhəyə qayıtmaq barədə əmr gəldi.

Polkovnik- leytenant Babək Ramaldanov həyat yoldaşı Aygün  Rəfiyevaya zəng vurub bir-iki günlüyə Gəncəyə qayıdacağını dedi: “Aygün, mən gəlirəm Gəncəyə, oradakı qaldığımız evi təhvil verim, yəqin ki, müharibə bitəndən sonra burada qalmayacağam. Görüləsi işlərimiz çox olacaq”. Aygün sanki bu sözə bənd imiş kimi Babəkdən: “Babək, bəlkə mən də gəlim, evi yığışdırmağa sənə kömək edim?”- deyə soruşdu. Babək Aygünü sanki təzə tanıyırmış kimi : “Aygün , yəni gələrsən, işdən icazə verərlər?”-  deyə soruşdu?

Sonra aralarında belə bir dialoq oldu:

-Babək, mən çalışacam ki, dərsdən icazə alım gəlim. 

-Aygün, deyirəm, bəlkə uşaqları da gətirəsən, görüşüm, sonra işim çox olacaq.

-Əlbəttə, gətirərəm.

Aygün sevincək yol tədarükünü görməyə başladı. Qaynanasına xəbər elədi. Xalidə xanım həmən oğluna zəng vurdu ki, özü də gəlmək istəyir. Babək dərhal anasına:  “Ay mama, yox, sən gəlmə, qoy uşaqlar gəlsin, siz oturun istirahət edin”- dedi.

9 oktyabr səhər çağı Aygün müəllimə məktəbə gedib, dərs-hissə müdirindən icazə aldı.  Qaynı Raufla və uşqlarla yola düşdülər. Ölkədə COVİD -19 virusuna görə Pandemiya elan olunduğundan, müharibə getdiyindən fövqəladə vəziyyət idi.  Axşam saat 9-a qədər Gəncəyə çatmasaydılar, geri qayıdacaqdılar.

Aygün yol boyu Babəklə keçirdikləri gözəl və çətin günləri gözlərinin önündən keçirirdi. Hadisələrlə zəngin bir ömür keçirmişdilər.

Aygün 2007-ci ildəali məktəbi bitirdikdən sonra qonşuları Babəklə nişanlandı. Onların bir-birinə nişanlanmasına Aygünün sinif yoldaşı, Babəkin kiçik qardaşı Rauf səbəbkar olmuşdu. Elə həmin il dekbarın 6-da toyları oldu. Toydan bir az keçmiş Naxçıvanda hərbi hissədə xidmət edən həyat yoldaşına hərb yolunda yoldaş oldu Aygün. Babəki yenə də Naxçıvan dağlarına, ən ağır və qarışıq sərhəd zastavasına göndərmişdilər. Axşam yatıb, səhər yuxudan duranda həyətdə, bağçada, pəncərəinin önündə avtomat gilizləri görərdilər. Düşmən hər vaxt buralara atırdı. Naxçıvanın Şada, Şahbuz kəndlərində yaşadılar. 2014-cü ilə qədər düz 7 il  Naxçıvanın düşmənlə üzbəüz hərbi hissələrinə yaxın kəndlərdə yaşadılar. Bu dağların qarını, sazağını gördülər. Gözəl xasiyyətli, qonaqpərvər naxçıvanlılarla dost oldular.

Ailədə, güzəranda çətinlikləri  yox idi.  Sistemin özündə çətin idi, işinə mane olanlar da tapılırdı. Lakin  hərbçilər arasında Polad Həşimov kimi, dayıları Şair Ramaldanov, İlham Ramaldanov kimi peşəkarlar və kişi adamlar da yox deyildi. Çətinliklər yarananda, belə kişilər ona doğru yol göstərdilər.

Babəkin anası Xalidə xanım  çox ailəcanlı, evcanlı idi. Üçmərtəbəli evi iki oğlu arasında bölmüşdü.  Burada hər iki gəlini ilə xoş güzəran sürürdülər. 2017-ci ildən sonra Xalidə xanım Babəkin ayağını rayonlardan, bir növ, yığmışdı. Ana kimi tələb qoymuşdu ki, nəvələri gözünün qabağında görmək istəyir. Babək də anasının dediyinə razılaşıb, kirayə evlərdən yığışıb ata evində ocaq başına gəlmişdi.  Əslində indi bir az ürəyində rahatlanmışdı da. Çünki özü ön xətdə, hərbi hissələrdə olanda, daha evdən narahat qalmırdı. Bilirdi ki, atası və anası, qardaşı Rauf ailəsinin yanındadır.

2017-2019-cu illəri isə Babək Rusiya Federasiyasının Frunze adına Ali Ümumqoşun Akademiyasında oxumaqla keçirdi. 2 il ərzində çox uğur qazandı. Akademiyada Azərbaycanın Ordu tarixində ilk Qızıl medal alan azərbaycanlı oldu. İkiillik təhsilini başa vurub qayıtdıqdan həmən sonra polkovnik-leytenant Babək Ramaldanov Tovuzdakı N saylı hərbi hissədə qərərgah rəisi, motoatıcı briqada komandirinin müavini təyin edildi. Heç 6 ay keçməmiş general-leytenant Polad Həşimov onu Gəncəyə göndərdi.

Polad Həşimov və onun yanındakı hərbçilər şəhid olanda Babək Ramaldanov komandirinin dəfnində iştirak etməyə icazə verilmədiyindən çox böyük sarsıntı keçirmişdi. Beləcə, o qədər ağrı-acılar, incikliklər yığırdı ki, ürəyinə. Dəyərli, vətnpərvər hərbçi dostları incidiləndə, elə bilirdi ki, həmin daş elə öz ayağına dəyib. Aprel döyüşlərindən sonra nə qədər hərbçi Orduda baş alıb gedən  qərəzə görə, ərizə yazıb, ordunu tərk etmişdilər. Bütün bu gördüklərinə baxmayaraq, Ramaldanov öz ailə dinastiyasına sadiq qalaraq, sona kimi Orduda xidmət edəcəyinə söz vermişdi. Çünki o hərblə nəfəs alırdı. Gnereal Polad Haşımov onu Tovuzdan Gəncəyə  nizam-intizam yaratmaq, sənədləşmə işlərini qaydaya salmaq üçün göndərmişdi. Lakin Tovuzdakı hərbi hissədən ayrılmaq  ürəyindən deyildi. Çünki o özünü ancaq  döyüş mövqelərində, rahat hiss edirdi. Hər bir əsgərə öyrədəcəyi o qədər elmi və  təcrübi bilikləri var idi ki...

  ***

...Nə yaxşı ki, axşam saat 9 olar-olmaz onlar Gəncəyə çatdılar. Şəhərdə boşluq idi. Bir neçə gün bundan əvvəl, oktyabrın 5-də gecə insanlar yatan vaxt ermənilər şəhərə raket atmışdılar. Nəticədə böyük bir məhəllə yerlə -yeksan edilmiş, nə qədər dinc sakin həlak olmuşdu. Şəhərdəki görüntülər lap müharibə kinolarını, Leninqrad blokadasını xatırladırdı. Gəncənin içərisindən, geniş yollarından hərbi maşınlar o baş-bu başa şütüyürdülər.

Aygün, uşaqlar və Rauf mənzilə daxil oldular. Babək hələ gəlməmişdi. Oturub Babəki gözlədilər. Babək  çox gec gəldi. Doğmalarını görəndə üz-gözündə işıq yandı elə bil. Kiçik qardaşı Rauf bu dəfə də Babəki qucaqlayanda ağladı. Həmişə belə olurdu. Rauf daim Babəki uzaq səfərlərə yola salıb, uzaq səfərlərdən də qarşılamışdı. Lakin nə sirr idisə, nə zaman qardaşını görsə, onu qucaqlayanda gözləri yaşarır, ağlayırdı. Elə bil ki, hər zaman darıxırdı qardaşı üçün.

Aygün süfrə tədürükünü gördü. Xalidə xanımın bişirdiyi ləziz yeməkləri süfrəyə düzdü. Yeyib-içdilər. Babək özünü sakit göstərməyə çalışırdı. Qardaşı ondan döyüşün necə getdiyini soruşanda: “Rauf, biz bir neçə günə döyüşü qələbə ilə qurtaracağıq, itkilərimiz də var, bunsuz olmur, lakin hər qarış torpaq alınanda çox sevinirik... Bu başqa döyüşdür. Cənab Ali Baş Komandan elə tryuklar edir ki... Döyüşü özü idarə edir. Bütün xəritəni əzbər bilir. Hansı kənddə hansı bulağın olmasından da xəbəri var. Uşaqlarımı sənə tapşırıram. Müharibədir, gedib də, dönməmək var...”- deyə cavab verdi. Rauf yenə uşaq kimi gözlərinin yaşını tökməyə başladı. Babək əlini onun kürəyinə vurub: “Ay qardaş, biz Ramaldanovlar döyüşlərdən həmişə salamat çıxmışıq. Dayılarımız yazan tarixdən yazırıq. Hələ , lap irəli də gedirik! Sözdü də dedim, mənə heç nə olan deyil. Mən hələ yeni alınmış torpaqlarımızda korpus komandiri olacam. ..”.- dedi.

Aygünün isə bu söhbətlərdən xəbəri yox idi. Evin əşyalarını yığışdırırdı. Bir mənzildən digərinə köçməyə öyrəşmişdilər. Bu gənc ər-arvad üçün mebelləri söküb yığmaq, yol tədürükü görmək oyuncaq evcik yığmaq qədər asan idi. Ailə qurduqları ilk gündən bəri, bəzən elə olurdu ki, 3-4 aydan bir yaşayış yerini dəyişirdilər.

Həmin gecə Babək böyük oğlu Ramaldanı qucaqlayıb bağrına basdı, saçlarını qoxladı. Sonra soruşdu: “Ramaldan, sənin boyun ucalır aaa... Mənim kimi səni qucaqlayan varmı?”.

Ramaldan sualın mənasını dərindən anlamadı: “Həəəə, ata, baba-nənə həmişə məni qucaqlayırlar...” – dedi. Babək Ramaldanı əsgər kimi böyüdürdü. Lakin kiçiyi Süleymanın isə nazını çəkir, onunla saatlarla oynayırdı.  

Beləcə iki gün Gəncədə qaldılar. Oktyabrın 11-i Babək döyüş bölgəsinə qayıtmalı idi.  Bu iki gün ərzində tabeçiliyində olan briqadanın və korpusun sənəd işlərini  qaydaya saldı, verilən təlimatları və tapşırıqları yerinə yetirdi. Öz işində o qədər dəqiq idi ki, onun hazırladığı sənədlərdə qeyri-müəyyənlik ola bilməzdi. 

10 oktyabrda Aygünə zəng vurub dedi ki, bu axşam şam yeməyini restoranda edəcəklər. Axşam yığışıb Gəncənin restoranlarından birinə getdilər. Restoranın işçi heyəti yüksək rütbəli zabitin ilin-günün bu vaxtında restorana gəlməsindən təəccübləndi də... Çünki Gəncədə həyat sönmüşdü. Pandemiya, müharibə, döyüş əhval-ruhiyyəsi hökmran olduğundan, kimsə istirahətə gəlmirdi.  Babək isə, özü bu fürsətdən yararlanmaq istəyirdi. İstəyirdi ki, uşaqları ilə çox vaxt keçirsin. Çünki ölümün, qan-qadanın içərisindən gəlmişdi. Gözünün qarşısında nə qədər tanıdığı və tanımadığı oğulların şəhid olmasını görmüşdü. Sabah yenə qızğın döyüş xəttinə qayıdacaqdı. Sanki ailəsinin, qardaşının, uşaqlarının şəkillərini gözlərinə yığırdı.`

Çox gözəl bir axşam keçirdilər. Evə qayıdıb gələndə uşaqlar o qədər yorğun idi ki, bu dəfə Aygünün onlara “gedin yatın” deməsinə ehtiyac qalmadı. Özləri gedib yatağa uzandılar. Gecənin bir aləmində güclü partlayış səsi eşidildi. Aygün  hövlanak yerindən atıldı. Gördü ki, Babək kiminləsə telefonla danışır. “Hə... bildim, köhnə dəyirman tərəfə atdılar...”- dediyini eşitdi. Ərindən nə baş verdiyini soruşdu. Babək dedi ki, narahat olma, bura atmayıblar, Gorana atıblar, səsi bura gəlib. Aygün uşaqlar yatan otağa keçdi. Onlar dünyadan xəbərsiz  mışıl-mışıl yatırdılar.

Səhər Aygüngil yol tədarüklərini görüb, üzü Bakıya yol tutdular. Gəncədəki binaların əksəriyyətinin pəncərələri axşam atılan raket zərbəsinin həmləsindən  sınıq-sınıq idi. Aygün indi bildi ki, gecə Babək ona yalan deyib. Şəhərin başının üstündə elə bil ki, vahimə var idi...

11 oktyabrda Babək ailəsindən və sevdiklərindən ayrılıb  üzü cəbhəyə yola düşdü... Yolda  ona məlumat verildi ki, oktyabrın 10-dan 11-nə keçən gecə  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Hadrut və Cəbrayıl  istiqamətlərində hücuma keçməyə cəhd göstərmişdilər. Azərbaycan Ordusu düşmən həmləsini dəf edərkən, qarşı tərəfin  xeyli sayda canlı qüvvə, 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 habuitsası,  sursatla dolu 5 yük maşını, 11 avtomobil texnikası, 3 ədəd Qrad qurğusu, 5 ədəd “Qvozdika” özüyeriyən haubitsasını məhv etmişdi.

Polkovnik-leytenant Babək Ramaldanov həm də cəbhə boyu xəbərləri izləyirdi. Yeni xəbərləri əsgərlərinə danışıb, onları döyüşə ruhlandırırdı. Növbəti günlərdə Babək Ramaldanov komandiri olduğu şəxsi heyət ilə gəlib Cəbrayıla qədər çıxdı. Bu müharibədə onun nəslindən olan 15-ə nəfər yaxın-uzaq qohumlar döyüşdə idilər. Smart telefonlarla əlaqə qurulmasına icazə verilmədiyindən, olduğu mövqelərdə təhlükəsizlik qaydalarına riayət etdiyindən, Babək ancaq adi telefon işlədirdi. Tez-tez dayısı oğlu Əmirbəy Ramaldanovla əlaqə yarada bilirdi. 

İkinci dəfə döyüşə Füzuli istiqamətindən girmişdi. Yenə bir təpənin başına çıxıb, Əmirbəyi axtardı. Binoklla ətrafı seyr edirdi. Birdən qabaqda gedən dayısı oğlunu tanıdı. Gəlib qəflətən Əmirbəy Ramaldanovun dayandığı mövqeyə çatdı. Əmirbəy bibisi oğlunu qəfil yanında gördüyündən çox sevindi. İki qardaş bir-biri ilə öpüşüb- görüşdülər. Döyüşdə, qan-qadanın içərisində doğma adamını görməyin başqa ləzzəti var. Əmirbəy Ramaldanov Sülhməramlı Qüvvələrin Xüsusi Təyinatlı bölüyününün komandiri idi. Aralarında nə az, nə çox 14 il yaş fərqi var idi. Əmirbəyə çox vaxt uşaq kimi baxırdı Babək.

 

Əmirbəy bibisi oğluna dedi ki, indi dayandıqları yüksəkliyi bu gün öz briqadasının igidləri ilə alıb. Həmin yüksəkliyə bayrağı özü sancıb. Və Əmirbəyin aldığı bu yüksəklik arxadan gələn qüvvələrin irəliləməsində, bir çox yeni mövqelərin ələ keçirilməsində, üstəlik, nəzarət və müşahidə baxımından mühüm əhəmiyyət kəsb edib. Xəbərə Babək çox sevindi: “Beka (Əmirbəyi ailədə belə çağırırdılar), sən heç bilmirsən mən nə qədər sevinirəm. Səndən yaşlı və təcrübəli olsam da, sən  döyüşdə məndən əvvəl qələbə qazandın. Bu, bizim nəslin adına yazılan daha bir uğurdur. Dayımız Şair Ramaldanov da 1992-ci ildə düşməndən torpağımızı geri almışdı. Sən də belə etdin.”

 

Daha sonra Əmirbəy düşmənin canlı qüvvəsinin düzlərdə qalan meyitlərini, həm də onlardan götürdüyü qənimətləri göstərdi Babəkə. Babək də Murovda, Füzilidə  27 sentyabrdan bu günə qədər keçdiyi döyüş yollarında gördüklərindən, ələ keçirdiyi qənimətlərdən danışdı. Həmin axşamı bir yerdə keçirdilər. Bölüyün əsgərləri ilə qənimət kimi ələ keçirdikləri yeməklərdən yeyib, sulardan içdillər.  Hətta Babək zaraftaca Əmirbəyə dedi ki, bunların özləri pis olsalar da turşuları, mürəbbələri qəşəng olur, müharibə qurtarandan sonra aparasan Bakıya. Həəəə... Babəkin hərdən belə zarafatları var idi.

 

16-sı səhər o başdan Ramaldanov qardaşları hərəsi öz bölükləri ilə onlara verilən koordinatlar üzrə ayrı-ayrılıqda irəliləməyə başladılar.

 

Polkovnik leytenant Babək Ramaldanov motoatıcı dviziyanın komandiri kimi, öz işini yaxşı bilirdi. İndi yolu Cəbrayılın Havuslu kəndi tərəfə idi. Sonra Dağ Tumasa gedəcəkdilər. Ötən 30 il ərzində ermənilər bu yollarda xeyli xəndəklər qazmışdılar. Ancaq bəzi vaxt düşmən  atəşindən yayınmaq üçün bu  xəndəklər köməyə çatırdı. Hava tez-tez dəyişirdi.

 

Havuslu kəndinin alınmasında tabelyində olan igidlər xüsusi qəhrəmanlıq ğöstərdilər. Düşmənin xeyli texnikasını, ərzaq qənimətini ələ keçirdilər. Babək Ramaldanov öz işində ayıq hərbçi idi. Yanındakı yoldaşlara dedi ki, biz buranı aldıq, mən indi diqqətlə nəzərdən keçirdim, qarşıda düşmənin deyəsən canlı qüvvəsi qalıb. Gedib onların içərisindəki sağları, lazım olanları ələ keçirməliyik. Yanındakı zabitlərdən kimsə kəşfiyyat məqsədi ilə əsgərləri göndərməsini təklif etdi. Babək isə razı olmadı. Beləcə, yanında 4 nəfərlə irəli atıldı. Deyəsən, zənnində yanılmamışdı. Burada düşmənin xeyli canlı qüvvəsi var idi. Azərbaycan əsgərlərini qəfil başlarının üstündə görən ermənilər əvvəlcə atəş açdılar, amma Ramaldanovla gələn qrup onları məhv etdi. Burada xeyli sənəd var idi. Ramaldanovgil ermənilərin maşınına minib sürətlə həmin ərazidən uzaqlaşmaq fikrindəydilər. Komandir və dəstəsi  ermənilərin qənimət maşınlarına mindilər.  Sevinə-sevinə üzü dostlarına tərəf gəlib çatanda...

 

Düşmənin  uzaqdan atdığı tank əleyhinə mərmi maşının yanına düşdü.  Bir andaca güclü partlayış baş verdi. 500 metr kənarda olan hərbçilər bir az bundan əvvəl qəhrəmanlıq göstərən dostlarının  mərmi partlayışı nəticəsində göyə sovrulduğunu  gördülər...

 

 ***

 

Oğlunun şəhid xəbərini alan  ana - Xalidə Ramaldanova oğlunu  və o günləri belə xatırlayır:

 

-Bizim nəsildə sağlam kişi hərbçi olmalıdır.  Meyvəddinlə mən əminəvəsiyik. Hər ikimiz Ramaldanov nəslindənik. Qardaşlarım Şair Ramaldanov, İlham Ramaldanov, Elman Ramaldanov- hər biri Azərbaycan Odrusunun şərəfli zabitlərindəndirlər. “İgid oğul dayısına oxşayar”- deyiblər. Bizim də gənclərimiz hamısı əmi-dayı yolu ilə gedirlər. İlk dəfə Naxçıvanski hərbiyyə məktəbini Şair Ramaldanov bitirib. 1992-ci ildə düşməndən torpağı geri alan qəhrəmandır. 702 saylı korpusun komandiri kimi, uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edib. Buna görə ümummilli liderimiz Heydər Əliyev onu özü şəxsən “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırıb. Şairin ardınca Elman, İlham getdi. Sonra Vüqar, Telman, Nəriman, Babək, Əmirbəy hərb sənətini seçdilər. Birinci Qarabağ döyüşlərində də, indiki döyüşlərdə də bizim nəsil şəcərəmiz fərqləndi. Birinci müharibədə Şairlə Elman yaralandı. O vaxt şəhidimiz olmadı. Mən uşaqlarıma görə heç vaxt məktəbdə üzü qara olmadım. Həmişə alnım açıq, üzüm ağ oldu. Babək öz adını Rusiyanın Frunze adına Hərbi Akademiyasının Qızıl kitabına yazdı. Akademiyanı “Qızıl medal”la bitirdi. Babək 2017-ci ildə həmin akademiyaya göndəriş alanda çox sevinmişdi. Onun buradan getməyinə əvvəlcə maneçilik yaratmışdılar. Lakin özünün inadkarlığı və əzmkarlığı nəticəsində istəyinə nail oldu. Bu səbəbdən də  dərslərə bir az gec başlamışdı. İlk imtahanında 4 qiymət almışdı. Qiymət onu qane etməmişdi. Əslində, fikirləşmək olar ki, nə var ki, gedib pis-yaxşı oxuyacaq da... Xeyir, mənim oğlum hərbi anda sözün həqiqi mənasında sadiq bir zabit idi. 4 qiyməti onu qane etmədiyindən Akademiyanın appelyasiya komissiyasına  ərizə yazsa da, bu, baxılmamış qalmışdı. Elə həmin günlərdə Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Moskvada Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə rəsmi görüşü var imiş. Babək nazirin yanndakı köməkçisini tapıb xahiş edir ki, onun yenidən imtahan verməsi üçün nazirimiz cənab Şoyqudan xahiş etsin. Və nə gözəl ki,  cənab Şoyqu da bu xahişi rədd etmir. Şoyqunun sözü ilə istisna hal kimi Akademiyanın tarixndə ilk dəfə Babək Ramaldanov yenidən imtahan verib, öz 5 qiymətini alır. Lakin  Akademiyanın rektoru ona bərk-bərk tapşırır ki, bu hadisəni yaymasın. Elə orada təhsil aldığı müddətdə Akademiyanın 100 illik yubiley medalına, dərslərdə göstərdiyi dəvamiyyətə və uğura görə isə Qızıl medala layiq görülür. İndi oğlumun adı Rusiyanın hərb tarixi muzeyindədir. Atasına deyirdi ki, “...Ata, sevin, gör necə oğlun var, sənin adın Rusiyanın tarix muzeyindədir.Həmin təhsil ocağından Qızıl medal alan ilk Azərbaycan vətəndaşıdır Babək Meyvəddin oğlu Ramaldanov!”. Meyvəddin Moskvaya onu görməyə gedəndə Babək onu həmin tarix muzeyinə aparıb,  Azərbaycana aid olan hissədəki adını və soyadını atasına göstərmişdi.

 

Qadın davam edir:

 

-Hər gün, hər dəqiqə əllərimi Allaha açıb, bütün döyüşə gedənlər üçün dua edirdim. Deyirdim ki, ay Allah, hamının balası sağ-salamat qayıtsın, mənim balalarım da onların içərisində. 16 oktyabrda yoldaşımla dükandan gəlirdik. Telefonu zəng çaldı. Zəng edən qardaşım Şair idi. Nə dedisə, yoldaşım maşını saxlayıb, düşdü. Sonra rəngi qıpqırmızı qızarmış halda gəlib oturdu. Dedi, heç nə, Babəki xəbər alırdı, sizi soruşurdu. Evə gəlib yetişdik. Baxdım ki, kişi  heç gözümə yaxşı dəymir. Qışqırdım, nalə çəkib ağladım ki, mənə düzünü de görüm nə olub, nə baş verib? Bəlkə yaralanıb, bəlkə əsir düşüb balam?  Kişi başladı ağlamağa, dedi ki, Babək daha yoxdur!

 

Hıçqırır:

 

-Bilmirəm nə baş vermişdi. Bir neçə dəqiqə bundan əvvəlki qışqırıqlarımı, ah-naləmi boğdum içərimdə. Meyvəddinin ağlamağına sıxıldım. Onu heç vaxt ağlayan görməmişdim. Dedim ki, nə ağlayırsan?! Oğlun şəhid olub!!! Niyə ağlayırsan? Məgər tək şəhid olan Babəkdir? Gör nə qədər şəhidimiz var! Belə edirdim ki, kişini şokdan ayıldım. Bilmirən düz edirdim, ya yox, ancaq içərimdən bir səs mənə deyirdi ki, təmkinli ol! Elə bil ki, ikiləşmişdim. Aygün anasıgildə idi. Anası Nadiyəyə zəng vurub dedim ki, Babəkim şəhid olub. De ki, durub gəlsin. Mən Aygünə nə cavab verəcəm, mən gəlinimin üzünə necə baxacam? Heç 5 dəqiqə çəkməmiş Aygün və anası qapıda peyda oldu. Aygün haray çəkib ağlamaq istədi. Dedim, Aygün Babək heç vaxt qadının səsinin evdən çıxmasını istəməyib. Gələn-gedənlərin yanında özünü Babəkin adına layiq apar. Sonra özümüz oturub təklikdə ağlayarıq!

 

“Qara xəbərin ayağı yüyrək olur” -deyirlər. Həmin gün Babəkin tabutunu gözlədilər. Gətirib çıxaran olmadı. Dedilər ki, vurulduğu ərazidən nəşini çıxarmaq mümkün deyil. Səhərisi günü dayıları getdi Babəki axtarmağa. Əslində tabut gəlməyəndə, ürəklərində bir ümid işığı yandı. Aygün də inanmışdı ki, harada olsa Babək gələcək. Çünki onlar ailə quranda belə söz verməmişdilər. Axı, 5 gün əvvəl Aygün ərindən yenidən görüşmək ümidi ilə deyə-gülə ayrılmışdı. Həmin anda Aygün evin yuxarı mərtəbəsinə çıxdı. Qaynanasının oturduğu ev gözünə olduğundan da böyük görünürdü. Özü öz  gözündə əriyirdi Aygün. Elə bil ki, balacalaşıb nöqtəyə dönmüşdü. Dayana bilməyi üçün bir dayaq nöqtəsi axtarırdı. Nöqtə-nöqtə balacalaşırdı Aygün.

 

Aygün deyir:

 

- Adətən mən şux geyinən deyiləm. 16 oktyabrda çox şux geyinib getdim işə. Evdəki qır-qızılımı da taxdım. Müəllimələr məni görüb, hərəsi bir xoş söz dedilər. Elə bil ki, gəzmirdim, uçurdum. Niyə elə idim, indi də anlaya bilmirəm. Uşaqlara gözaydınlığı verdim. Dedim ki, içərinizdə işğaldan azad olunmuş rayonların sakinləri vardır, indi siz qaçqın deyilsiniz. Axşamüstü Babək zəng vurdu. Dedi ki, yorğunam. İndi danışa bilmirəm. Sabah səninlə əlaqə saxlayacam. Mən də bilirdim ki, ağır yerdədir, odun- alovun içərisindədir. Hər dəqiqə narahat etmirdim. Uşaqları soruşdu. Bu bizim son danışığımız oldu... O gün bu gün, bir daha geyinib-bəzənmədim. Kefli və bəxtəvər günlərimdə geyindiyim paltarlarımdan imtina etdim. Baldızım mənə zəng vurub deyəndə ki, anam ağlayır, tez gəl, heç nə fikirləşmədən anamgildən 5 dəqiqə ərzində qaça-qaça özümü evə çatdırdım. Həmin axşam Xalidə xala anamı görəndə: “Ay şəhidin qaynanası... gəl, gəl görək başımıza haranın daşını salaq, oğlumu necə deyək, necə ağlayaq? Mən Aygünə nə deyim, Aygünün üzünə necə baxım?”- deyib ah-nalə etdi. Sonra özünü ələ aldı. Raufu çağırıb dedi ki, Babəkin balalarını yığ başına, atalarının şəhid olduğunu danış. Rauf da özünü itirmədi. Uşaqları digər otağa aparıb, onlara dedi ki, təkcə siz şəhid övladı deyilsiniz. 30 ildir ki, Azərbaycanda Şəhidlər Xiyabanaları boy-boy çoxalıb. İndi sizin atanız bir qəhrəman adını daşıyır. Siz möhkəm olmalısınız!. Ona görə də yad adamların yanında ağlamayacaqsınız!

 

Aygün davam edir:

 

-Bir gün keçdi. Babəkin tabutunu gətirmədilər. Qaynanam dedi ki, üstünə ağ çəkilmiş güzgüləri açın, qara örpəkləri başınızdan açın. Mənim oğlum sağdır. Dayıları getdi onu axtarmağa. Şair dayı dedi ki, ya ölüsünü, ya da dirisini mütləq gətirəcəyəm. Xalidə xala inanmaq istəmirdi oğlunun ölməyinə. Deyirdi ki, görərsiniz, Babək özü qayıdacaq, gülüb deyəcək ki, mənim hesabıma küçəmizi abadlaşdırdılar. Elman dayi ilə Şair dayı getdilər Füzuliyə. Özləri hadisə yerinə gedib şəhidlərin bədənlərinin qalan hissələrini tabuta yığıb gətirmişdilər. Bir ona sevinirdik ki, Babək əzab və ağrı çəkməyib. Heç ölümündən özünün də xəbəri olmayıb. Sadəcə, bir anın içərisində yox olub. Göylərə ucalıb.

 

- Qonaqlarımızı, gələn gedənimizi yola verdik. Şəhidimizi el adəti ilə, hörmət –izzətlə dəfn elədik,- deyir Xalidə xanım. - O gün-bu gün gəlinimə dedim ki, Aygün, sən fikir eləmə, bu qismətdir, taledir, nə edə bilərik, oğlum öz sevdiyi işinin başında, qəhrəmanlıq göstərərək həlak olub. Sən bundan sonra həyatdan qorxma. Allaha yalvarıram ki, mənə elə bir ömür versin ki, Babəkimin balalarının toyunda  Aygünü tək qoymayım, o toyda qol götürüb, Babəkin yerinə də oynayım. Bilirsən niyə belə deyirəm, çünki Babək bizi görürür. Hiss edir. Nə qədər desəm də ki, dözürəm, dözmək olmur axı... Hər dəfə balaları gəlinimlə evdən içəri girəndə gözüm Babəki axtarır onların sırasında. Oturub hərdən ağlayıram. Belə olanda da yuxuma gəlir, incik görünür. O nə mənim, nə də gəlinimin göz yaşı axıtmasına razı olmazdı. Bir neçə vaxt gözlədim, gözlərimi yollardan yığa bilmədim. Bildim ki, atası Meyvəddin də əziyyət çəkir. Bir gün oturub onunla da söhbət elədim, dedim ki, kişi, bilirsən nə var, daha yığ gözlərini yollardan, Babək gələn deyil!!! Evin yuxarı başında Babəkin xalçada hörülmüş  portreti var. O başa gedirəm baxıram, bu başa gəlirəm baxıram.  Tumarlayıram, öprüəm... Neyləyim ki, əlimdən başqa nə gəlir ki...

 

 ***

 

Azərbaycan Ordusunun  Quru Qoşunları Korpusunun polkovnik leytenantı Babək Meyvəddin oğlu  Ramaldanov soyuna-kökünə, dinastiyasına sadiq oğul idi. Azərbaycan Ordusundakı 20 illik fəaliyyəti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrini 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı,"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalları ilə təltif edilib.

 

27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin uğrunda gedən döyüşlərdə  xüsusi qəhrəmanlıq göstərib.  O, II Fəxri Xiyabanda çox hörmət etdiyi  komandiri, general Polad Həşimovla eyni sırada dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları,  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Allah Babək Ramaldanova rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Aida Eyvazlı.