İstanbul festivalında qızıl medalı Misir şairi Aşraf Aboul Yazid qazandı Featured

İstanbulda, Yapı-kredi kultur-sənət mərkəzində dörd gün davam edən Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalı tanınmış Misir şairi Aşraf Aboul Yazidin qələbəsi ilə nəticələnib. Şair qızıl medala, habelə kitabının “Qızıl LiFFt” seriyasından ingilis dilində dərcinə layiq görülüb.
Eyni zamanda o, növbəti, 6-cı festivalın Misirdə keçirilməsini öz ölkəsi üçün təmin edib.
Xatırladaq ki, öncəki illərdə laureat adlarını Tuğrul Tanyol (Türkiyə), Varis Yolçuyev (Azərbaycan), Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) qazanıblar.
“Biz yazarlarıq, biz eyni planetin sakinləriyik” devizi altında, BMT-nin patronajlığı ilə keçirilən LiFFt festivalları xalqlar arasındakı dostluğun, ədəbi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Builki İstanbul festivalı öncəsi müsabiqə proqramına dünyanın 75 ölkəsindən minlərlə yazarın qatılması festivalın get-gedə artan populyarlığına dəlalət edir.
Festivalın rəhbəri, Rusiyanın avanqard şairəsi Marqarita Al fəxrlə söyləyir ki, hazırkı pandemiya, müharibələr, iqtisadi böhranlar dövründə insanlığın xilası məhz ədəbiyyatdadır. Axı ən birinci söz yaranıb.