İyunun 18-də ll Fəxri xiyaban, "Mərasim Evi" ndə Azərbaycan xalqının Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü münasibətilə tədbir təşkil olunub. Mərasim “Vətənpərvərlər Maarifləndirmə” ictimai birliyinin təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına qurumun Mətbuat xidmətindən verilən məlumata görə, tədbirin əsas məqsədi Vətən uğrunda qəhrəmancasına Şəhid olmuş Mübariz İbrahimovun əziz xatirəsini yad etmək, onun göstərdiyi igidlik və fədakarlıq nümunəsini gənc nəsillərə çatdırmaq olub.
Əvvəlcə qonaqlar II Fəxri xiyabanda uyuyan qəhrəmanın məzarını ziyarət ediblər, daha sonra ehsan süfrəsi təşkil olunub. Mərasimdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Rövşən Muradov və Aqil Abbas iştirak edərək çıxışlarında Mübariz İbrahimovun Vətənə bağlılığından, onun qəhrəmanlıq yolunun Azərbaycan gəncliyi üçün örnək olmasından danışıblar.
Daha sonra Şəhid anaları, qazi Kamil Babayev, ictimai birlik rəhbərləri Mübariz İbrahimovun igidliyindən söz açıblar.
Tədbirdə həmçinin “Vətənə Xidmət və Hüquqi-Sosial İnkişaf Maarifləndirmə” ictimai birliyinin nümayəndələri – Mətbuat xidmətinin rəhbəri Ülviyyə Əbülfəzqızı, Qadınlar Şurasının sədri Arzu Musayeva, Gənclər komitəsinin sədri İsmayıl Əliyev və fəal üzv Aysel Yusifzadə iştirak ediblər.
Mərasimin yüksək səviyyədə təşkilinə görə “Vətənpərvərlər Maarifləndirmə” ictimai birliyinin sədri Aynur İsayevaya və Çingiz Bayramova təşəkkür bildirilib.
“Ədəbiyyat və incəsənət”
(19.06.2026)


