Praqada Xalq Artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib Featured

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən “Lapidarium” Qalereyasında Azərbaycanın Xalq Artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Şərqi Avropada Yaşayan Azərbaycanlıların Çexiya üzrə Koordinasiya Şurasının və Praqa Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, gecədə Azərbaycan Respublikasının Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bəstəkar Faiq Sücəddinov pianoda Vətənə, doğma torpağa və ülvi hisslərə həsr olunan əsərlərindən parçalar səsləndirib. İştirakçılar tanış melodiyaları Xalq artistinin ifasında yenidən dinləyərək zövqlü musiqi anları yaşayıblar.

Xalq Artisti Əlixan Səmədovun balabanda səsləndirdiyi “Vətən” kompozisiyası, Əməkdar artist Kamran Kərimovun nağarada ifaları alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin Praqa Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərovanın şeirinə bəstələnən "Sevgi” mahnısının premyerası olub. “Qaya” ansamblının solisti Şoli Səfərəliyevanın duyğulu ifası gecənin ən yadda qalan anlarından biri sayılıb. Daha sonra Faiq Sücəddinovun pianoda müşayiəti ilə səslənən Qarabağa həsr olunan şeirlər iştirakçılarda Vətənə bağlılıq, milli kimlik və mənəvi dəyərlərə sədaqət hisslərini daha da gücləndirib.

Yaradıcılıq gecəsi Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.