Bir daha bayraq mövzusu barədə Featured

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mövzuya yenidən qayıdırıq. Bu qədər keşməkeşli, əziyyətli tarix yaşamış, minlərlə şəhid vermiş, ağrını da, qüruru da eyni anda yaşamış bir ölkənin bayrağına qarşı edilən hörmətsizliyin heç bir izahı varmı?

 

Uşaq yaşlarımızdan bizə öyrədilən ilk dəyərlərdən biri bayraq olub. Hələ məktəbin ilk günlərindən müəllimlərimiz onun rənglərini, üzərindəki ay və ulduzun mənasını izah edərdi. Bu, sadəcə bir dərs mövzusu deyildi – bu, bizə kim olduğumuzu anlatmağın ilk addımı idi. Hətta bayrağın rənglərini bilməmək müəllimlər tərəfindən utandırıcı hal kimi təqdim olunurdu. Çünki bu, yalnız bir məlumatın yox, kimliyə laqeydliyin göstəricisi kimi qəbul edilirdi.

Bizə deyilirdi ki, tariximizi, himnimizi, bayrağımızı bilmədən böyümək mümkün deyil. Uşaqlıqdan bu anlayış o qədər aşılanırdı ki, sanki bayraq bizim üçün adi bir əşya yox, xüsusi bir məsuliyyət idi. Məktəblərdə partaların üstündə, müəllim masasının üstündə bayraq həmişə yerini alardı. O, sadəcə dekor deyildi – hər gün gözümüzün önündə olan bir xatırlatma idi: kimik və nəyə bağlıyıq.

Yadımdadır, məktəbdə bayraq yerə düşəndə bunu adi bir hadisə kimi qarşılamazdıq. Kim görürdüsə, dərhal əyilib onu götürərdi. Bu, bizə öyrədilmiş bir refleks idi. Çünki bayraq yerə düşməməli idi, düşərsə, onu qaldırmaq borc sayılırdı. Bu davranışın arxasında qorxu yox, hörmət dayanırdı. Hətta bayrağın bir yerində cırıq və ya zədə olanda bunu hamı hiss etməsə də, buna həssas yanaşan insanlar dərhal onu düzəltməyə çalışardılar. Onlar üçün bu, kiçik bir detal deyildi. Çünki bayraq onların gözündə sadəcə parça deyil, bütöv bir dəyərin simvolu idi.

Bütün bu öyrədilənlər illər keçsə də yaddaşımızda qalır. Amma zaman keçdikcə cəmiyyətin bir hissəsində bu həssaslığın zəiflədiyini görmək olur.

 Ötən gün Bakıda baş verən hadisə də bunun bariz nümunəsidir. Bir vətəndaşın bayrağa qarşı hörmətsiz davranışı cəmiyyətdə ciddi narazılıq doğurdu. Daha sonra onun üzr istəməsi ilə məsələ müəyyən qədər səngisə də, bu hadisə daha böyük bir problemi üzə çıxardı: bizə uşaqlıqdan aşılanan dəyərlər nə dərəcədə qorunur? Çünki bayrağa hörmətsizlik təkcə bir simvola qarşı deyil. Bu, həm də tarixə, keçmişə, bu günə və gələcəyə qarşı münasibətin göstəricisidir. Bəzən insanlar gündəlik həyatın içində bu anlayışları arxa plana atır, onları sadəcə rəsmi atribut kimi qəbul edirlər. Halbuki bayraq  bir millətin yaddaşıdır. O, yalnız dövlətin deyil, hər bir vətəndaşın kimliyini daşıyır.

Bu səbəbdən də məsələ təkcə bir hadisə ilə bitmir. Bu, daha çox düşünməyə vadar edən bir siqnaldır. Çünki bizə uşaqlıqdan öyrədilən o sadə, amma dərin həqiqət dəyişmir: bayrağa münasibət, əslində, vətənə münasibətdir. Əgər bu münasibət zəifləyirsə, deməli, problem təkcə fərdlərdə yox, ümumi düşüncə tərzindədir. Ona görə də bu cür hadisələrə sadəcə reaksiya vermək yox, onların səbəblərini anlamaq və dəyərləri yenidən xatırlatmaq daha vacibdir. Çünki bayraq yalnız qorunan deyil, həm də dərk olunan bir dəyərdir.

Sual vermək istərəm: bizə əmanət edilən bu dəyəri qorumaq üçün kifayət qədər məsuliyyət hiss edirikmi? Çünki bayraq yalnız dalğalananda yox, ona münasibətimizdə də öz dəyərini göstərir.  

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.