Fariz Əhmədov
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başladı. Ölkə başçısı ilk olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək diqqətə çatdırdı ki, mərkəz bir qlobal forumdan digərinə keçərkən fəaliyyət sahəsini getdikcə genişləndirir. Bu beynəlxalq forum cəmiyyətin yüksək səviyyəli nümayəndələrinin iştirakı baxımından olduqca yüksək səviyyədə təşkil olunur.
Forumda müxtəlif peşə sahibləri bir araya gələrək insanların daha təhlükəsiz şəraitdə yaşaması üçün ideyalar irəli sürürlər. Dünyada baş verən hadisələr göstərir ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir dövlət üçün əsas prioritet olmalıdır. Bu mövzuda Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq forumda etdiyi çıxış mühüm məqamları və praktiki təcrübəni ortaya qoyur. Ölkə başçısının fikirlərinə əsasən, təhlükəsizlik və sabitlik olmadan digər sahələrdə əldə olunan nailiyyətlərin heç bir real əhəmiyyəti qalmır.
Azərbaycanın uzun illər ərzində üzləşdiyi təhlükəsizlik problemi və bunun həlli yolu ilə bağlı müraciətlər 30 il ərzində nəticəsiz qaldı. Lakin bizim üçün regional təhlükəsizlik hər zaman bir nömrəli məsələ olub. Çünki ölkə təxminən 30 il ərzində ərazisinin 20 faizinin işğal altında qalması kimi ağır bir vəziyyətlə üzləşib. Bu dövr milyonlarla insanın məcburi köçkünə çevrilməsinə səbəb olub. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul etsə də, bu qərarlar uzun müddət kağız üzərində qalıb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin fikrincə, bu müharibə bir daha göstərdi ki, əgər beynəlxalq hüquq və ədalət bir dövlətin tərəfindədirsə, o zaman sülhə nail olmaq üçün bəzən gücdən istifadə etmək qaçılmaz olur. Azərbaycan əvvəlcə hərbi yolla öz ərazilərini azad etdi, daha sonra siyasi danışıqlar yolu ilə sülhə nail oldu.
Prezident çıxışında xüsusi olaraq Azərbaycan və Ermənistan arasında əldə olunan sülh prosesinə də toxundu. Ölkə başçısı bildirdi ki, 2023-cü ilin sentyabrında baş verən son toqquşmalardan sonra 2025-ci ilin avqustunda sülh sazişi paraflanıb. Bu müddətin iki ildən az olması isə beynəlxalq praktika üçün çox sürətli normallaşma nümunəsi hesab olunur. Hazırda sərhəddə sakitlik hökm sürür, atəşkəs pozuntuları və insan itkiləri müşahidə olunmur. Azərbaycan Ermənistanla ticarəti bərpa edib, hətta bu ölkəyə enerji məhsullarının ixracına da başlayıb. Bu isə Azərbaycanın uzunmüddətli və davamlı sülhə sadiqliyini göstərən mühüm addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqamlardan biri də sülh prosesində vasitəçilərin roluna münasibətdir. Ölkə başçısı bildirdi ki, ATƏT-in Minsk qrupu kimi vasitəçi mexanizmlər uzun illər ərzində münaqişənin həllinə real töhfə verə bilmədi. Yalnız Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlara başladıqdan sonra sülh prosesində real nəticələr əldə olundu. Bu yanaşma digər münaqişələrin həlli üçün də alternativ model kimi təqdim olunur.
Çıxışın mühüm hissələrindən biri enerji təhlükəsizliyi ilə bağlı oldu. Prezident vurğuladı ki, müasir dünyada enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan hazırda neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisi istehsal edən və ixrac edən mühüm ölkələrdən biridir. Son bir il ərzində Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib. Ölkəmiz təkcə enerji sahəsində deyil, həm də beynəlxalq nəqliyyat və logistika sahəsində mühüm mövqeyə malikdir. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Sülh və təhlükəsizlik tam təmin edildikdən sonra Ermənistan ərazisindən keçəcək yeni nəqliyyat marşrutlarının yaradılması planlaşdırılır. Bu marşrutlar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək və regionda yeni iqtisadi imkanlar yaradacaq.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb yol və əldə etdiyi təcrübənin nəticəsidir. Bu nəticədən aydın görünür ki, əsas istiqamətlər suverenliyin bərpası və təhlükəsizlik siyasəti, sülh quruculuğu və regional əməkdaşlıq, həmçinin enerji və nəqliyyat sahəsində beynəlxalq tərəfdaşlıqdır. Yalnız bu strateji planlama sayəsində münaqişədən çıxaraq sabit və inkişaf edən regional əməkdaşlıq modeli qurmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


