İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir

Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir.

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə tərəfdaşlığı çərçivəsində baş tutan forum iki gün davam edəcək. Foruma 28 ölkədən 29 azərbaycanlı, eləcə də Azərbaycana dost xalqları təmsil edən gənc diaspor fəalları qatılıb.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, forumun məqsədi Azərbaycan Diaspor Gənclərinin (ADG) gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin şəbəkələşməsi, onların diaspor fəaliyyətinə cəlb olunmasıdır.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İstanbul şəhərinin Bağcılar rayonunun kaymakamı Abdullah Uçqun, TADEF-in rəhbəri Ədalət Turan və təşkilatın idarə heyətinin üzvləri, İstanbulda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, Xalq artisti Əlixan Səmədov, Əməkdar artist Məlahət Abbasova, Əməkdar incəsənət xadimi Rəşad Zeynalov və Əməkdar rəssam Teymur Rzayev iştirak edir.  

Forum çərçivəsində “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik”, “Diaspor və lobbiçilik”, “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçiriləcək. Eyni zamanda “Azərbaycan dilinin qorunması və təbliği”, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı”, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” mövzularında panel müzakirələri təşkil olunacaq.

Bununla yanaşı, Azərbaycan Diaspor Gənclərinin (ADG) 2026–2028-ci illər üçün Fəaliyyət Planının müzakirəsi, yeni koordinatorların təqdimatı və mədəni proqramların keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.