Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Ulu Öndər Heydər Əliyev haqqında danışanda içimdə bir qəribə doğmalıq yaranır. Mən onun sağlığında yaşamamışam, o danışanda, o çıxış edəndə mən hələ dünyaya gəlməmişdim. Amma yenə də o mənə qəribə şəkildə doğma gəlir. Sanki görmədiyim, amma varlığını ruhumda hiss etdiyim bir babam olub. Hər dəfə onun çıxışlarına baxanda, xalqı ilə danışarkən nümayiş etdirdiyi təmkininə, səmimiyyətinə, o böyük liderlik enerjisinə baxanda, elə bilirəm ki, o, hər birimizin həyatında görünməz bir iz buraxıb.
Amma bütün bu doğmalığın içində bir an var ki, onu düşünəndə adamın ürəyi ağrıyır… Mənim ən çox pis olduğum, hətta içimi sızıldadan məqam onun səhnədə ürəyinin tutduğu andır. O görüntüləri görəndə elə bilirəm ki, gözlərimin önündə təkcə bir lider yox, xalqı üçün canını belə əsirgəməyən bir insan çökür. O, səhnədə dayanmaqda çətinlik çəkəndə sanki bütün Azərbaycan onunla birlikdə titrədi, nəfəsini tutdu. Düşünürəm ki, o an nə qədər yorulduğunu, nə qədər özünü yorduğunu, illərlə millət üçün necə çarpışdığını heç kim tam anlamadı… o, yorulduğunu belə xalqa göstərmək istəməyən bir insan idi. Hətta düşünürəm ki o anda belə xalqını düşündü...
Çünki adam hiss edir ki, o səhnədə yıxılan təkcə Heydər Əliyev deyildi. O bütün xalqın dayaq yeri, arxası, güvəni idi. O an elə bil millətin özü sıxıldı, özü titrədi. Özünü xalqına həsr etmiş bir insanın belə çətinlik içində səhnədə dayanmağa çalışması insanı dərindən yaralayır. Biz bu böyük şəxsiyyətin həyat yolunu uşaqlara öyrədərkən təkcə tarix faktlarını danışmırıq. Biz onların qarşısında bir insanın, bir liderin, bir taleyin hekayəsini açırıq. Onun fitri istedadı, zəkası, xarici ölkələrlə apardığı danışıqlar, insanlarla ünsiyyətdə göstərdiyi səmimiyyəti, jestləri, baxışları- bunların hər biri gələcək nəsillər üçün bir dəyərdir.
Şagirdlərin məktəbdə Ulu Öndərimizlə bağlı ən çox nəyi bilməli olduğunu isə tarixçı Rza Eyvazlıdan "Ədəbiyyat və İncəsənət"- ə açıqlaması zamanı öyrəndim.
Bütün bu hisslərin fonunda tarixçi Rza Eyvazlının da dediyi kimi, Heydər Əliyevin həyatı və fəaliyyəti elə bir məktəbdir ki, bunu hər bir şagird bilməlidi.
Rza Eyvazlı açıqlamasında bildirib ki, Heydər Əliyevin həyat və fəaliyyətinin tədrisi Azərbaycan tarixinin fundamental istiqamətlərindən biridir və bunu hər bir şagird həm dərslərdə, həm də ümumi dünyagörüş səviyyəsində mütləq bilməlidir. Onun sözlərinə görə, Heydər Əliyev kimi böyük şəxsiyyətlərin yetişməsi sıradan proses deyil və şagirdlər bu yolun hansı mərhələlərdən keçdiyini, hansı zəhmət, iradə və mübarizənin nəticəsində belə bir liderin formalaşdığını anlamalıdırlar:
"Ulu Öndərin siyasi rəhbərliyə gəldiyi dövrdən öncə keçdiyi həyat yolu, aldığı təhsil, bildiyi dillər və sahib olduğu fitri bacarıqlar şagirdlərə daha geniş çərçivədə öyrədilir. Bu, yalnız faktların sadalanması deyil, həm də bir insanın öz zəhməti, düşüncə tərzi və peşəkarlığı hesabına necə böyük zirvələrə yüksələ bilməsinin nümunəsi kimi təqdim olunur. Heydər Əliyevin analitik düşüncə qabiliyyəti, operativ qərar vermə bacarığı, idarəçilik təcrübəsi və diplomatik davranış forması bu gün də müasir idarəçilik elmi üçün mühüm dərs hesab olunur".
Onun fikrincə, Heydər Əliyevin siyasi manevrləri, ictimai çıxışları, insanlarla ünsiyyətdə göstərdiyi diqqət, jest və mimikalarında belə özünü büruzə verən liderlik xarizması hər bir vətəndaş tərəfindən bilinməlidir.
“Biz bu şəxsiyyəti yalnız bir dövlət başçısı kimi yox, həm də böyük bir məktəb, böyük bir idarəçilik fenomeni kimi təqdim etməliyik. Çünki o bizim Ulu Öndərimizdir və onun həyatını bilmək təkcə tarixi fakt deyil, həm də milli kimliyi dərk etməkdir”.
Tarix dərslərində əsas vurğu illərin ardıcıllığı, hadisələrin xronologiyası, dövrlər və mərhələlər üzərində olsa da, Heydər Əliyev mövzusu öz unikallığı ilə fərqlənir. Tarixçi deyir ki, şagirdlərə yalnız tarix kitabında yazılan tarixi faktları deyil, həm də onun şəxsiyyətini formalaşdıran amilləri — uşaqlıq və gənclik illərində qazandığı təcrübələri, dövlətçilik hissinin necə formalaşdığını, çevik diplomatik yanaşmalarını, insanlarla davranış mədəniyyətini və xarici ölkələrlə apardığı strateji danışıqları öyrətmək xüsusi əhəmiyyət daşıyır.
"Bu bilgilər uşaqlarda təkcə tarixi yaddaş yaratmır, həm də onlarda liderlik, məsuliyyət, vətənpərvərlik və dövlətçilik kimi dəyərlərin təməlini qoyur. Şagirdlər Heydər Əliyevin həyatını öyrəndikcə, bir xalqın taleyini dəyişdirən qərarların necə böyük düşüncə, cəsarət və uzaqgörənlik tələb etdiyini daha yaxşı dərk edirlər".
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)


