Qəhrəman Tofiq Oğuzun oğlu qəhrəman Polad Rzayev Featured

Aysel Fikrət,

Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün 

 

 

Azərbaycan bütün dünyaya sübut etdiyi zəfər tarixini özü yazdı.

Gəncliyimizi yaşaya bilmədik, yalnız 80–90-cı illərdə itirdiyimiz dincliyimizi, başımıza gələn fəlakətləri övladlarımıza gözəl ötürə bildik. Nəticədə, vətənini, torpağını sevən gənclərimiz böyüdü və bu vətənə dayaq oldular.

44 günlük əfsanəni yaradan oğullarımız torpaqlarımızı son qarışına qədər geri aldılar.

Biz böyüydən kiçiyə qədər bu ağrılı, acılı, qürurlu günləri sevinc göz yaşları ilə yaşadıq.

 

Azərbaycan Milli Konservatoriyası digər tədris müəssisələri kimi Zəfər tariximizə dair — 8 Noyabr Zəfər Günümüzün 5 illiyi münasibətilə — bir çox tədbirlər həyata keçirir.

Bu tədbirlərdən birində mənim vəzifəm təmsil etdiyim tədris müəssisəsinə AMK-ya bir qazimizi dəvət etmək idi. Mən qazi Polad Rzayevi belə tanıdım. Onun adını da telefona belə qeyd etdim — “Vətən qazisi”.

Gün yetişincəyə qədər ssenarini yazarkən qazimiz haqqında eşitdiklərim və gördüklərim məni çox düşündürdü.

Polad son döyüşlərin birində hər iki ayağını itirir və həkim gələnə qədər özü öz ayağını kəsir, özünə ilkin tibbi yardımı özü göstərir.

Müalicə olunan qazimiz bir müddət sonra dövlət başçımızın səyi ilə Almaniyada iki ay müalicə alır, əməliyyat keçirir və ona protez ayaqlar qoyulur.

Olduqca həyat eşqi olan Polad öz protez ayaqlarının üzərində belə, igid və dönməz yolundan əl çəkmir.

Polad Rzayev Oğuzda anadan olub.

Sonradan Bakıya köçərək Səbail rayonu 189 saylı orta məktəbdə təhsil alır.

2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunur, 2006-cı ildə həmin liseyi bitirir və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur.

Ali Hərbi Məktəbin ikinci kursundan etibarən “Kəşfiyyat” ixtisası üzrə təhsilini davam etdirir. Onun vətən sevgisini aşılayanların isə valideynləri olduğunu deyir.

Ali Hərbi Məktəbi “Qoşun kəşfiyyatı” ixtisası üzrə tamamlayır və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsilini davam etdirərək “Xüsusi təyinatlı kəşfiyyatçı” ixtisası üzrə məzun olur.

Hərbi xidmətə Xüsusi Təyinatlı Hərbi Hissədə leytenant kimi başlayır.

2016-cı ilin Aprel döyüşlərində iştirak edir və Talış kəndi istiqamətində yüksəkliklərin azad olunmasında fəallıq göstərir.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşlərin bütün mərhələlərində aktiv iştirak edir.

Xüsusilə də Murovdağ silsiləsində düşməndə olan taktiki yüksəkliklərin, Hadrut qəsəbəsinin bəzi kəndlərinin, Cəbrayıl və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin azad olunmasında əməliyyat zabiti kimi iştirak edir.

19 oktyabr 2020-ci ildə Qubadlı rayonunda növbəti hərbi əməliyyat zamanı iki minaya düşərək, hər iki ayağını itirir.

Əsgərimizin göstərdiyi şücaətə görə ölkə başçımız tərəfindən “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir.

Qeyd edək ki, Polad Rzayev Cəbrayıla bayraq sancan Xüsusi Təyinatlı Qüvvələrin üzvüdür.

O, həm də Birinci Qarabağ müharibəsində Şuşadan çıxmayaraq şəhid olan Tofiq Oğuzun oğludur.

O Tofiq Oğuzun ki, 1965-ci ildə keçmiş SSRİ çempionu olur, sonralar SSRİ İdman ustası adına layiq görülür.

1965–1968-ci illərdə Leninqradda (indiki Sankt-Peterburqda) hərbi xidmət keçirir.

Hərbi xidməti başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır, 1972–1974-cü illərdə Kuybışev şəhərində Politexnik İnstitutunda idman müəllimi işləyir.

Tofiq Rzayev sambo üzrə SSRİ idman ustası idi.

O, 1974-cü ildə Azərbaycana qayıdır, Azərbaycan Dövlət Tibb İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və Sumqayıt Texnologiya İnstitutunda baş müəllim vəzifəsində çalışır. Respublika dərəcəli hakim olur.

1987-ci ildə doğma kəndi Yaqubluya qayıdır və Oğuz Rayon İdman Komitəsinə sədr təyin olunur.

T. Rzayevin Oğuz rayonunda idmanın inkişafında böyük əməyi olur.

O, 1988-ci ildən başlayan milli azadlıq hərəkatının fəal üzvlərindən biri, Oğuz rayonunda həmin hərəkatın əsas liderlərindən olur.

Torpaqlarımıza erməni təcavüzü başlayanda, Tofiq Rzayev 1989-cu ildə Oğuzdan Qubadlı rayonunun sərhəd kəndlərinin müdafiəsinə yollanan könüllülər dəstəsinə rəhbərlik edir.

20 Yanvar hadisələri zamanı əsl həqiqəti “Azadlıq” radiosu vasitəsilə bütün dünyaya çatdıranlardan biri də Tofiq Rzayev olur.

Qırğından sonra baş verənlərə etiraz edərək Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsindən istefa verir və qalan həyatını torpaqlarımızın erməni işğalçılarından qorunmasına həsr edir.

1991-ci ildə 60 nəfər oğuzlu gənclə birlikdə Şuşanın müdafiəsinə yollanır.

Orada könüllülər batalyonunun komandiri təyin olunur.

7–8 may tarixlərində Şuşada qanlı döyüşlərin ən fəal iştirakçılarından, düşmənə qarşı şücaətlə vuruşanlardan biri olur.

Döyüşçü yoldaşlarının dediyinə görə, ağır yaralı olan Tofiq Rzayev onların atəş altından çıxmasına kömək edərkən başından ağır yara alır, dostlarını təhlükədən xilas etsə də, onların təkidlərinə baxmayaraq özü döyüş meydanını tərk etmir.

Araşdırmalar və faktlar göstərir ki, o, Şuşanın son döyüşçülərindən biri olur, axır nəfəsinə kimi vuruşur.

Polad bu cür igidliyinə əfsanələr qoşulan bir vətən aşiqinin oğludur.

Ata əmanəti olan vətəni qorumaq Poladın ta uşaqlıqdan çəkdiyi həsrətinə bir məlhəm oldu.
Ailəsindən səssiz ayrılıb, o zamanlar ordunun gücünü bilərək, canı-qanı bahasına torpağını qoruyan, vətən eşqini həyat eşqindən üstün bilən Tofiq Oğuz bu dünyadan əmanət kimi üç övlad və həyat yoldaşını qoyub getdi.
Yalnız illər sonra onun yoxluğunu hər gün duyan, həsrəti ilə böyüyən oğlu Polad onu əvəz edə bildi, onun yarım qalan işini tamamladı.
Ruhu Şuşada gəzən
 döyüşçü deyilən atasının ruhunu şad edə bildi.
Bu, bir ailənin vətən adlı dastanıdır. Dövr dəyişsə də, zaman keçdikcə də zəfər tariximizin yaddaşına yazılacaq bir əfsanə olaraq qalacaq.

Tofiq Oğuz nəinki ailəsinin, qohum-əqrəbasının, dost-tanışının və doğmalarının ürəyində öz gözəl xasiyyəti, davranışı və sevgisi ilə yeri olan bir şəxsiyyət, bir vətən qəhrəmanıdır.
Əfsanəvi qəhrəmandır və unudulmazdır.

Əlbəttə, əlindən torpaqları gedən bir xalq üçün son damla qanına qədər döyüşən əsgərlərinin ruhu qarşısında yarım qalan missiya böyük faciə idi.

Yalnız 30 illik həsrətə son qoyan əvəzedilməz ordumuz, müharibə strategiyamız bizi aydınlığa — zəfər yoluna çıxara bildi.

 

 

Onunla görüşə gələn hər kəs həyəcanlı idi.

Tələbələr, müəllimlər zalda dərin hüzn və səssizlik içində idi, bir hörmət, bir ehtiram var idi.

Qazi səhnəyə qalxıb tələbələrin suallarına cavab verirdi.

Tələbələr çox utanırdılar, sualları çəkinərək verirdilər.

Yalnız qazimizin cavabları lakonik və çox mənalı idi.

Mən qələm əhli deyiləm, dostlar, siz mənə kömək edin, danışmağa deyin — qazimizin söylədiyi bir neçə cümlə onun son dərəcə ağıllı, tədbirli, gələcəyi görən, vətəninə, ölkəsinə nə qədər sadiq olduğunu göstərirdi.

Tələbələrdən biri “Qələm əhli deyilsiniz, amma yazdığınız tarixi biz heç zaman yaza bilmərik” deyiminə isə o, “Biz bu gün üçün tarix yazdıq, gələcək üçünsə bizi yazmaq, yaşatmaq üçün mütləq qələm əhlinə ehtiyac olacaq” — deyimi ilə cavab verir. Bu cavab məni bu günə qədər düşündürür.

Cavablarının birində deyir ki: “Belə bir deyim var — döyüşdə ölərəmsə şəhidəm, qalarsamsa qaziyəm, amma daima irəli getməliyəm və torpaqları son qarışına qədər düşmən caynağından xilas etməliyəm.”

Və bir övlad — daima özünün igid, pəhləvan, artıq bir mifə çevrilmiş qəhrəman atasını bir ömür gözləyən övlad.

Bəlkə də döyüşə can atmaq, qələbənin, zəfərin ətrini belə duymaq hissi ona atasından genetik keçmiş ən böyük ruh payıdır, mirasdır.

 

Polad Rzayev kimi qəhrəmanlar indiki gənclərimizə böyük örnəkdir.

Həm dövləti haqqında çox bilikli olmaq, həm də döyüş strategiyalarını bilmək, igidlik və əzm nümunəsi ola bilməkdir.

Onun cəsurluğu bununla da qalmır — o, idman sahəsində də Tofiq Oğuzun qoyduğu izlərlə gedir, onu layiqincə davam etdirir.

Ən çox gözlərimi yaşadan amillərdən biri də budur ki, o hara gedirsə, ən uca yüksəkliklərə belə Azərbaycan Bayrağını sancır.

Bu, onun bayrağa, vətənə olan sevgisinin timsalıdır.

İndi də belədir…

Paralimpiya hərəkatının dağ xizəyi idman növünə cəlb olunan Vətən müharibəsi iştirakçısı Polad Rzayev üzgüçülük və bir sıra digər idman növləri ilə də məşğuldur.

Hal-hazırda bu yolda çəkinən neçə-neçə gəncə örnək ola bilir.

Qazi Polad Rzayev inanılmaza imza atıb - 5642 metr hündürlükdə olan Elbrus zirvəsini fəth edib və oraya Azərbaycan Bayrağını sancıb.

Əzmkar, güclü iradəli bir qəhrəman — Polad Rzayev.

Qəhrəman Şuşa uğrunda şəhid olan Tofiq Oğuzun oğlu.

Vətənin zirehli zərrələri… vətən aşiqləri.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.