Cəlil Xəlilov,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik. “Ədəbiyyat və incəsənət” üçün
Bu gün dünyada baş verən proseslər çərçivəsində Azərbaycanın atdığı qətiyyətli addımlar ilk növbədə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı və qazandığı hörmətin bariz nümunəsidir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına tarixi səfəri iki dövlət arasında əlaqələrin, əməkdaşlığın strateji səviyyəyə yüksəlməsinin nəticəsidir.
Cənubi Qafqazın lider dövlətinin başçısı İlham Əliyev Azərbaycan-Çin münasibətlərini yeni və daha yüksək səviyyəyə qaldırmaqla siyasi və iqtisadi əlaqələri genişləndirir: “Bu sahələrdə əldə olunan nailiyyətlər gələcəkdə hər iki dövlətin maraqlarına uyğun digər sahələrə də öz təsirini göstərəcək. Bölgədə nəqliyyat marşrutlarının şaxələnməsi, qədim İpək Yolunun bərpası yalnız Azərbaycan üçün deyil, eyni zamanda, qonşu dövlətlərin də iqtisadiyyatına töhfə verəcək. Bu baxımdan Azərbaycan digər ölkələr üçün körpü rolunu oynamaqla yanaşı, yeni reallıqları gündəmə gətirir.
Dövlətimizin başçısının Çinə səfəri iki ölkə münasibətlərində yeni və mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar və imzalanmış sazişlər siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas tranzit mərkəzlərdən biridir, Orta Dəhlizin aparıcı ölkəsi kimi rolu danılmazdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya ən qısa yolla və təhlükəsiz yükdaşımaları üçün imkanlar yaradır.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclasının əhəmiyyəti böyükdür. Zirvə görüşünə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb. ŞƏT ölkələri “Tiencin Deklarasiya”sını imzalayıb. Deklarasiyada təşkilata üzv olan ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və mədəni sahələrdə əməkdaşlıqla bağlı 10 illik strateji plan nəzərdə tutulur. Bundan başqa, ŞƏT-ə üzv dövlətlər İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər. Sənəddə əlavə olaraq, üzv ölkələrin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə yol xəritəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. ŞƏT ölkələri liderlərinin 25-ci Şura iclasında 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsi də təsdiqlənib. ŞƏT dövlət başçıları Şurasının 25-ci iclasında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib: “Prezident İlham Əliyev “ŞƏT plyus” formatında tədbirdə çıxış edib. O deyib ki, Azərbaycan ilə Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”.
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. “Bu ilin iyul ayından indiyədək hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının, Orta Dəhliz və enerji sahəsində əməkdaşlığı gücləndirilməsinin, eyni zamanda, bölgədəki ölkələrlə strateji əməkdaşlığın genişləndirilməsinin əyani sübutudur və Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini daha da möhkəmləndirən tarixi addım kimi qiymətləndirilir.
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)