Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

B.VAHABZADƏ: “ÖZ DİLİM YAŞARSA, MİLLƏTİM YAŞAR” 

 

Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Zənnimizcə, bu ərəfədə barəsində söhbət aşmağa ən çox haqqı olanlardan biri də təxminən iki həftədən sonra anadan olmasının 100 illiyini qeyd edəcəyimiz,   Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik, ədəbiyyatımızın “ana dili şairi” adlandırılan B.Vahabzadədir. Milli dil, mili qürur, milli təəssübkeşlik, milli dəyər, milli mənafe, milli düşüncə-bütün bunlar Bəxtiyar müəllimin nəfəs aldığı sahələr, amillər idi.

 

Bu yazıda da görkəmli şairimizin ana dili, onun inkişafı və saflığının qorunması, doğma dilin haqsız hücumlardan müdafiə olunması, dilə biganə münasibət, ana dilli məktəb və xarici dilərin öyrənilməsi və s.  barədə fikir və düşüncələrindən söhbət açacıq.  

“Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda oxuyuruq: Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır”.

   B.Vahabzadəni fenomenə çevirən  əsas  reallıqlar da bunlardır. Mən bir neçə dəfə dahi şairimizlə sohbətləşən xoşbəxtlərdənəm. Hər dəfə onu dinləkicə, əsərlərini oxuduqca “Nəsimi” filmində deyildiyi kimi, bu “cılız bədəndə” o boyda Vətən, millət, ana dili sevgisinin, poetik-fəlsəfi düçüncələrin necə vaqe olduğuna təəccüb edirdim. Bunun bircə səbəbi ola bilərdi: Vətənə, millətə, ana dilinə, milli-mənəvi dəyərlərə ilahi məhəbbət, sonsuz ehtiram və sədaqət!

  Şairə görə, ana dili “ulusun ən qiymətli sərvətidir”, aid olduğumuz xalqı ilk dərkedişimizdir. Həm də insanın kimliyini və şəxsiyyətini təsdiqləyən sənəddir.

Görkəmli şairimiz ana dilini millətin varlığının ilkin təzahürlərindən sayırdı. Deyirdi ki, “Vətənin varlığı, xalqın varlığı, Sənin varlığına bağlıdır, dilim”.

 B.Vahabzadənin ana dili konsepsiyası bütün əsərlərinin canına, qanına hopmuşdur. O,  «Ana dili», “Oğluma”, “Latın dili”, “Uzun illər boyu öz vətənindən”, “Mənim ana dilim”, “Özümdən özümə şikayət”, “Fəxriyyə”, “Özgə”, “Mənim anam”, “Hara gedir sabahımız” və başqa şeirlərində, həmçinin bir sıra məqalələrində ana dilinin əhəmiyyəti, milli düşüncənin formalaşmasında onun rolu barədə öz görüşlərini əks etdirmişdir. Yazırdı ki, “Hər xalqın dili o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sifətlər, təyinlər quru sözlər deyil, hecalarında xalqın nəbzi vuran canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, həmçinin bizləri də yaşadır və düşündürür. Hər xalqın övladı öz xalqının yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısını, beyninin fikrini ifadə  edir”. “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” (H.Əliyev). Şair şeirlərinin birində deyirdi: “Övladları yer üzünə səpələnsə, pərən-pərən düşənlərin vəhdətidir ana dili”.  

Hər bir millətin “milliyyəti bəqasına baş səbəb” olan dilin varlığı, mövcudluğu onun istifadəsi və nə dərəcədə qorunub yaşadılması ilə bağlıdır. Ona görə də şair dili qorumağı və yaşatmağı həyati məsələ hesab edirdi. Öz ana dilini “ana köküm”, “Məni həm babamla, həm də nəvəmlə, Bağlayıb uzanan tarix bağımsan”  adlandıran B.Vahabzadə ata-babalardan miras qalan ana dilini göz bəbəyi kimi qorumağı, onu "öz dadı-tamı və təmizliyi ilə gələcək nəsillərə təhvil verməyi” hamının müqəddəs borcu hesab edirdi. O, bu  barədə “dil sevgisi yolunda yazdıqlarına "epiqraf" adlandırılan “Ana dili” şerində belə yazırdı:

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!

 

             “Öz dilim yaşarsa, millətim yaşar” deyən B.Vahabzadə hər bir azərbaycanlıdan ana dilini mükəmməl öyrənməyi və bilməyi tələb edirdi. O yazırdı ki, “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Həm də dil təkcə məişət mövzusunda danışanda, sadəcə olaraq ondan istifadə edəndə yox, ondan dövlət dili kimi istifadə edəndə yaşayır”. O, “Ana dilim-ana köküm” məqaləsində də ana dilini yaxşı bilməyin zəruriliyindən söz açır, öz dilini bilməyənlər haqqında yazırdı: “Axı, sən xalqın dilini bilmirsənsə, demək, millətin ruhuna, mənəviyyatına yadsan. Demək, bu millətə övlad deyilsən”. Şair  “doğma dilində danışmağı ar bilənlər”ə müraciətlə deyirdi:

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Şair ana dilimizə qarşı biganə münasibətdən çox qəzəblənirdi. Öz əsərlərində xarici dillərdə danışmağı yüksək mədəniyyət göstəricisi sayıb, özünü mədəni göstərən ziyalıların ana dilinə laqeydliyini və biganəliyini kəskin tənqid edirdi. Belələrini “fasonlu ədabazlar” adlandırır, onlar haqqında deyirdi: “Dədəsi bu dildə cəbhə yaranın, Özü özgə dildə banlayır bu gün”. Şeirlərinin birində yazırdı ki,

 

Nə yarpaq, nə külək, nə metal, nə quş,

Səslənmir, oxumur özgə dilində.

Bəs sənə nə düşüb, ay dili yanmış,

Yad dildə ötürsən öz mənzilində?

 

O, ana dilinə ögey münasibəti özümüzə - öz milli kimliyimizə və varlığımıza ögey və düşmən münasibət sayırdı, Ç.Aytmatov kimi “biganəlik nəticəsində milli dillərin məhvə məhkum edilməsini milli faciə” hesab edirdi. Öz doğma dilinə yad olan, ondan üz döndərənləri, ziyalıları (xüsusən məmurları) qınayırdı. Hələ sovet dövründə - 1967-ci ildə yazdığı “Riyakar” şeirində xalqın övladlarına ana dilində dərs verən, lakin öz övladlarını rus məktəblərində oxudan müəllimlər tənqid olunurdu. “Gəlin açıq danışaq” kitabında isə şair bütün ziyalıların mövqeyinə, dilin yaşadılması və inkişaf etdirilməsində onların roluna  münasibət bildirərək yazırdı ki, “Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”. “Ana dilim-ana köküm” məqaləsində o, “bizim obrazovannılar” haqqında deyirdi: “Hansi dilin zərurətindən danışsaq, bizi alqışlayır və beynəlmiləlçi adlandırırlar. Amma “çaşıb” ana dilinin zərurətindən danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə baxanlar bizə şübhə ilə yanaşır, ən yaxşı halda bizi “geri qalmış adam”, özünü isə irəli getmiş, mədəni və müasir adam hesab edir”. Şairin “Özümdən özümə şikayət” şeirində isə müstəqillik illərində dilimizə olan biganəlik və laqeydlik tənqid olunurdu. O, ana dilinə biganəliyi dəhşətli xəstəlik sayır və təəssüflə deyirdi ki, "Adamlar tanıyırıq ki, ana dilini bilmir. Maraqlı burasıdır ki, eləsi bundan utanmır, başqaları da ona ana dilini bilməməsini nöqsan tutmur. Demək, dəhşətli budur ki, ana dilinə biganəlik xəstəliyi adiləşib”. (B.Vahabzadə “Gəlin açıq danışaq”, Bakı-1989, Azərnəşr, səh: 178)

Ana dilini bilməyən məmurlar haqqında isə söyləyirdi: “...Onlar loru ana dilində birtəhər danışa bilir. Ədəbi dilimizi isə bilmir və yüksək kürsülərdən rus dilində danışmalı olurlar. Bəziləri də toplantılarda əvvəlcədən kiminsə tərəfindən yazılmış mətni üzündən oxuyur və elə oxuyur ki, dediyini özü də başa düşmür”. Təklif edirdi ki, “...adamları böyük vəzifələrə təyin edəndə başqa cəhətləri ilə yanaşı, onların dövlət dilini hansı səviyyədə bilmələri də yoxlanılımalıdır”. (B.Vahabzadə: Əsərləri (publisistika). XII cilddə, Bakı-2009, Elm nəşriyyatı, XI cild, səh:131).

Azərbaycan ədəbiyyat tarixinin “ana dili şairi” adlandırılan B.Vahabzadə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən (təbii alınmalardan söhbət getmir) təmizlənməsinə xüsusi əhəmiyyət verirdi. O,  qəzet və jurnallarda dərc etdirdiyi “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili - dövlət dili” və s. kimi məqalələrində dilin sərhədlərini, saflığını qoruyan bir silahlı əsgər kimi çıxış edirdi. Öz dilində yersiz əcnəbi sözləri işlədənləri, heç ustad Şəhriyarı da bağışlamırdı:

 

Məni bağışlasın

Şəhriyarım da,

Otuz il özgəyə “bəradər” dedi.

Öz doğma yurdunda, öz Diyarında

Doğma anasına o “madər” dedi.

Elə ki, yumruğu yerə dirəndi,

Dərhal yada düşdü doğmaca kəndi.

 

O yazırdı ki, “Mənim torpağa “xak” deyil, məhz torpaq deməyim, suya “ab” deyil, məhz su deməyim mənim psixologiyam, mənim dünya baxışım, mənim ruhumdur”. O, televiziya reklamlarında, reklam lövhələrində, sahibkarlıq obyektlərinin adlandırılmasında dilimizi əcnəbi sözlərlə zibilləyənlər barədə urək yanğısı ilə yazırdı:

Bir vaxt rusca idi, bütün reklamlar,

İndi ingiliscə dürtülür gözə.

İtin də dilinə hörmətimiz var

Bircə öz dilimiz yaramır bizə!

 

            Respublikamızda vaxtilə dil quruculuğu prosesində mühüm problem kimi ortaya çıxan əlifba məsələsində də B.Vahabzadənin mövqeyi konkret idi və onun da bu işdə əvəzsiz xidmətləri keçmişdir. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin daha məqsədəuyğun olduğunu vurğulayan şair bu məsələnin sürətləndirilməsini zəruri hesab edirdi. Deyirdi ki, “mən latın əlifbasına keçidin ikiəlli tərəfdarıyam. Bu barədə mən üç ay əvvəl rəsmən tanınmayan komissiyamızın adından Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinə məktub göndərmişəm. Elə bil quyuya daş atılıb. Kiril əlifrbası bizim faciəmizdir... Əlifba məsələsi vacib məsələlərdən biridir. Bu məsələni nə qədər tez həll etsək, əl-qolumuz o qədər tez açılar”. B.Vahabzadə həm də türkdilli dövlətlərin ortaq dil və əlifbasının yaradılmasının tərəfdarı idi.

Ana dilini öyrənməyin və onu qoruyub saxlamağın əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında görən  dahi şairimizin ana dilli məktəb və ana dilinin tədrisi barədəki fikir və düşüncələri də olduqca aktualdır.  O hələ Sovet hakimiyyəti illərində qələmə aldığı «İftiraya cavab» adlı məqaləsində ana dilli məktəb problemi ilə bağlı məsələyə özünün münasibətini bildirərək yazırdı: “Milli dildə məktəblərin və uşaq bağçalarının açılmasını tələb etmək hər bir xalqın ən adi və haqlı tələbi deyilmi? Əgər xalqın öz ana dilində tərbiyə almaq və oxumaq haqqı da yoxsa, o nə xalqdır?”   Müsahibələrinin birində müxbirin “Dilimizin hakimiyyətini qorumaq üçün nə etmək lazımdır?- sualına belə cavab vermişdi: “Bu dərdin müalicəsini bağçalardan, məktəblərdən başlamaq lazımdır”. O bildirirdi ki, doğma ana dilində təlim-tərbiyə görməyən, özgə dili ilə dil açan, özgə məktəblərində təhsil alanların öz millətinə, öz vətəninə xidmət etməyəcəyi gün kimi aydındır. Böyük rus pedaqoqu K.D.Uşinskinin dediyi kimi, “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!” Ona görə də B.Vahabzadə haqlı olaraq yazırdı:

 

Anasının dilində

Dil açmayan kəs,

Millətin dərdini

Anlaya bilməz.

 

 B.Vahabzadə azərbaycanlıların kütləvi şəkildə rus məktəblərində təhsil alması ilə barışa bilmirdi.  Deyirdi ki, öz ana dilinə biganə olanlar xalqa da, onun ruhuna da, ənənəsinə də, tarixinə də biganə olacaq və bu xalqı özündən çox aşağı hesab edəcəklər.  

B.Vahabzadə “Ana dili (Bir məktuba cavab)” adlı publisistik yazısında bir nəfər valideynin “bircə cümlə yazın, uşaqların məktəbini dəyişim, ya dəyişməyim? Hər halda siz gələcəyi bizdən yaxşı görürsünüz” sualına belə cavab vermişdi: “...sən bir şeyi unudursan ki, ana dili millətin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. El demişkən, namusu itə atıblar, it yeməyib. Amma yeyənlər var...”

Onu da deyək ki,  özü də bir neçə xarici dil bilən akademik – B.Vahabzadə heç vaxt çox dil  bilməyin əleyhinə olmamışdır. O, uşaqları dünyagörüşlərinin formalaşdığı dövrdə kökdən, milli ruhdan ayırmağın, xarici dilləri öyrənməyin doğma dilin unudulması hesabına olmasının, uşaqları özgə ruhda böyütməyin əleyhinə olmuşdur.   “Azərbaycan dilinin rus dili ilə əvəz edilməsi ömrüm boyu məni ağrıtmışdır,”- deyən şair B.Vahabzadə  “Azərbaycan müəllimi” qəzetinə müsahibələrinin birində söyləyirdi: “Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. çünki ana dilini yaxşı bilən uşaq öyrənmək istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə əyani olaraq dərk edə bilər”. O, yazırdı ki, hər bir millətin övladı orta təhsilini ana dilində almalı, ana dilini yaxşı öyrənəndən sonra xarici dilləri öyrənməlidir. Çünki uşaqların genetik dil kodu 12 yaşından sonra formalaşır. Şair misal kimi öz ailəsini göstərirdi: “Mənim övladlarım və nəvələrim ana dilində təhsil alsalar da, ingilis və rus dillərini bilirlər. Övladımın biri isə bunlardan başqa fars dilini də mükəmməl bilir. Əcnəbi dilləri bilmək vacibdir”. Amma xarici dil bilmək xoşbəxtlikdirsə, ana dilini bilməmək bədbəxtlikdir. Ana dilini bilməyən lap beş xarici dil bilsə də, ondan xalqa, Vətənə xeyir gəlməz.

Şairimiz gənclərimizin özlərinin də ana dilinə laqeydliyini bağışlaya bilmirdi. O qeyd edirdi ki, bir dəfə “...çox sevdiyim istedadlı gənc Rafael Hüseynov məni Bakıda yeni açılmış “Amerika” Universitetinə dəvət etmişdi. Universitetin həyətində bir neçə tələbə qıza rast gəldim. Onlardan iclasın harda keçəcəyini xəbər aldım. Heç biri mənə ana dilində cavab verə bilmədi. Mənimlə bərabər iclasa gələn professor Nurəddin Rzayev qəsdən onlara ingilis dilində eyni sualı verdi. Sualımızı həm rus, həm də ingilis dilində bülbül kimi ötərək cavablandırdılar. Mən bu dəfə onlardan rus dilində soruşdum: “A vı ne znaete svoy rodnoy əzık?” Rus dilində qayıtdılar ki, “xeyr, ana dilimizi bilmirik”. Mən də əsəbi şəkildə onlara dedim ki, “lap əcəb eləyib bilmirsiniz. Bu dil kimə lazımdır ki?”.   (B.Vahabzadə: Əsərləri (publisistika). XII cilddə, Bakı-2009, Elm nəşriyyatı, XI cild, səh:129).

O deyirdi ki, "Ən ürək ağrıdan cəhət burasıdır ki, sovet dönəmində rus dilini mükəmməl bilməyənləri işə götürmürdülərsə, indi də ingilis dilini bilməyənləri qapı arxasında qoyurlar". Bu mənada B.Vahabzadə tanınmış türk alimləri O.Sinanoğlunun "Əgər bir milləti məhv etmək istəyirsinizsə, onun təhsilini yabançılaşdırın!” və F.Q.Timurtaşın  “Dil məsələsi bir milli müdafiə məsələsidir. Dilimizi qorumaq vətən və milləti qorumaqla birdir. Çünki dil Vətən qədər, tarix qədər, gələcək qədər əzizdir. Dil də bayraq kimi müqəddəsatdandır” fikirlərinə haqq qazandırırdı.

Hazırda ölkədə işə qəbul zamanı ingilis və digər xarici dilləri bilməyin ən mühüm və vacib şərt kimi irəli sürüldüyü, məmur balalarının nadir hallarda milli məktəblərdə təhsil aldığı, bir sıra məmürların öz ailələrində və öz aralarında hələ də əcnəbi dildə danışdığı, gənclərin xarici dilləri öyrənib, ölkəni tərk etmək istəyinin çox gücləndiyi, rus dilində xeyli ümumtəhsil məktəbinin olduğu və on minlərlə şagirdin dövlət maliyyəsi hesabına rus (və digər) dilində təhsil aldığı, yüz minlərlə şagirdə rus dilinin ikinci xarici dil kimi (həm də könüllü yox, icbari qaydada) tədris edildiyi dövrdə də bu sözlər böyük aktuallıq kəsb edir.  

Görkəmli şəxsiyyətimiz dilimizin keşiyində də ayıq-sayıq durmuş, ona qarşı haqsız hücumlara sinə gərərək öldürücü cavablar vermişdir. Bu barədə çox nümunələr söyləmək olar. Biz bir nümunə ilə kifayətlənəcəyik. Məsələn,  B.Vahabzadə Cənubi Azərbaycanda milli varlığımızı danan, dilimizi yad kökə bağlamaq istəyən milliyyətcə “azərbaycanlı” olan Yəhya Zəkaya “Cavab” adlı şeirində layiqli qarşılıq verərək yazmışdı:

 

Ey özündən əmin, özündən razı,

Yalanı söylədin kimin adından?

Ananın laylası, atanın sazı

Babanın ocağı çıxdı yadından?

 

            Azərbaycan dilinin aşiqi olan Bəxtiyar Vahabzadə ömrünün sonunadək müqəddəs amal sayılan ana dilinin təbliği uğrunda mübarizə aparmış və heç bir vaxt bu amal uğrunda mübarizədən geri çəkilməmişdir.

          Şübhəsiz ki, 100 yaşlı B.Vahabzadənin fikir və düşüncələri, görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin, dil və ədəbiyyatının  inkişafına bu gün də güclü təkan verməkdə davam edir, olub-bitənlərdən dərs almağı təklif edir.  

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.