Tarix Laçında yazıldı – Qardaşlığın göy üzündəki imzası Featured

Aygül Bağırova, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Tarixin ədalətini öz əli ilə bərpa edən Azərbaycan bu gün daha bir zəfərin təntənəsini yaşadı! Laçın səmasında artıq təkcə quşlar deyil – qürur, müstəqillik və qardaşlıq qanad açır. Ötən gün Laçın səmasında millətimizin azadlıq ruhu dalğalandı, çünki Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışını gerçəkləşdirdilər!

 

Bir millətin iki parlaq siması, bir ruhun iki nəfəsi kimi Laçında tarixə imza atdılar. Elə bir imza ki, bu imza kağızda yox – torpağın sinəsində, xalqın ürəyində, zamanın yaddaşındadır.Bu torpaqlar işğaldan azad edildi – qanla, canla, səbrlə, indi isə quruculuqla, gələcəyə baxışla bərqərar olunur.

Bəli! Bu, sadəcə bir havalimanı deyil – bu, xalqın arzularının eniş zolağı, Zəfərin simvolik uçuş meydanıdır!

Laçın bu gün artıq yalnız təbiəti ilə yox, strateji əhəmiyyəti, müasirliyi və siyasi mesajı ilə də yüksəlir!

Prezident İlham Əliyev Cənab Ərdoğanı öz ata yurduna gəlmiş doğma bir insan kimi qarşıladı. Bu görüşdə nə diplomatik süni baxışlar, nə də təmtəraqlı pafos var idi. Burada səmimiyyət var idi. Qardaşlıq var idi. Tarixin özü var idi. Sanki bu iki lider uzun ayrılıqdan sonra yenidən torpaqla, vətənlə, xalqla qovuşurdu.

Fotoşəkillərdə gördüyünüz güvən, birgə addım, səmimiyyət və qürur – bu iki liderin simasında Azərbaycan-Türkiyə qardaşlığının ən uca zirvəsini göstərir.

Kürsüdə iki qardaş dövlətin liderləri: — Biri 44 günlük Vətən Müharibəsinin qalib sərkərdəsi, digəri bu haqq savaşında ilk gündən Azərbaycanın yanında olan, “Azərbaycanın dərdi, bizim dərdimizdir” deyən böyük lider.Bu açılış həm də dostluğun, birliyin, “Bir millət – iki dövlət” fəlsəfəsinin möhürüdür!

Əllərində buğda və arpa sünbülləri tutan prezidentlərin bu mənzərəsi təsadüfi deyildi. Bu, Vətənin oyanışı, torpağın bərəkət doğurması, xalqın öz kökünə dönməsi idi.Bu torpaq nə qədər çox dağılıbsa, bu gün bir o qədər dirçəlir – şəhid qanı ilə sulanan Vətən, indi məhsul verir! Əkinə dönən, ocağı yanan, yolları salınan Laçın – şəhidlərin arzularının həyata keçdiyi Laçındır.

Kürsüdə danışan liderlər yox idi bu gün. Xalqla birlikdə yeriyən, torpağa ayaq basan, təməl atan, gələcəyin bünövrəsini quran Liderlər var idi.

Kəsilən lent – yalnız rəmz deyil, iki qardaş xalqın gələcəyə birgə atdığı addımın qırmızı izidir.Yeni dövrün, yeni nəfəsin, yeni həyatın başlanğıcı idi.Təqdim olunan simvolik açar – bir hava limanının deyil, bir xalqın müstəqil gələcəyinin, səmada ucalan milli qürurunun açarı idi!

Laçın səmasında artıq təkcə quşlar deyil – qürur, azadlıq, dirçəliş və qardaşlıq qanad çalır.Bu, artıq üçüncü beynəlxalq hava limanıdır ki, işğaldan azad edilən torpaqlarda tikilir: Füzuli, Zəngilan, indi isə Laçın.Bu hava limanları yalnız uçuşlar üçün deyil, Azərbaycanın gücünü, sözünü, iradəsini, quruculuq əzmini dünyaya çatdırmaq üçündür!

Bəli, bu hava limanları sülhü daşıyacaq, gələcəyi daşıyacaq, Azərbaycanın gücünü, iradəsini və dirçəlişini dünyaya çatdıracaq!

Laçın bu gün yalnız coğrafi məkanda deyil, xalqın qəlbində də bərpa olunur.Bu tikinti, bu açılış, bu səhnə – Prezident İlham Əliyevin qətiyyətinin, xalqın səbir və müqavimətinin, qardaş Türkiyənin dəstəyinin təntənəsidir!

Ötən gün Azərbaycan dünyaya bir daha sübut etdi: Biz müharibəni də uduruq, quruculuğu da! Biz dağıntının üzərində gələcək tikirik! Biz yalnız torpağımızı deyil, mənliyimizi də geri alırıq!

Bu bir daha sübut edir:

Azərbaycan tək deyil! Qarabağ tək deyil! Laçın tək deyil!

Bizi göydə də, yerdə də bir edən güc var –Rəbbimizdən gələn birliyimiz, milli iradəmiz və Liderimizin uzaqgörənliyi!

Bu səhnə göstərdi:

Azərbaycan təkcə azadlığı ilə yox, yaratdıqları, qurduqları, yaşatdıqları ilə də dünyaya nümunədir.Bu isə xalqın arxasında möhkəm dayanan bir dövlətin, xalqı ilə nəfəs alan, xalqını duyan bir Liderin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin əməlləri ilə mümkündür.

Onunla çiyin-çiyinə dayanaraq bu mənzərəyə şahidlik edən Türkiyə Cümhuriyyətinin Prezidenti – sarsılmaz qardaşlığın, dəyişməz dəstəyin rəmzi olan Rəcəb Tayyib Ərdoğan!

 

Və bu qürurlu gündə bir daha deyirik:

Biz birlikdə güclüyük!

Biz eyni bayrağın iki rəngiyik!

Biz eyni dua, eyni ruh, eyni məqsədik!

Yaşasın Müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Yaşasın azad Laçın!

Yaşasın birlik, sülh və Zəfər!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.