1989-cu ildən bugünədək - 8-ci "Xarıbülbül" musiqi festivalı Featured

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

May ayının 24-də 8-ci "Xarıbülbül" musiqi festivalı başladı. Festivalın açılışı, dünən - bazar günü ərzində gedişatı barədə sizləri müntəzəm məlumatlandırdıq. Gəlin bu möhtəşəm festivalın tarixinə nəzər salaq. 

 

1989-cu ilin mayında Şuşa şəhərində ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdi. Tədbir məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunmuşdu. Festivala yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Litva və Belarusdan olan musiqi qrupları da qatılmışdı. Konsertlər Cıdır düzündə keçirilmişdi. 

1990-cı ildə "Xarıbülbül" festivalı beynəlxalq status almış, festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olmuşdu. 

1991-ci ildə keçirilən III "Xarıbülbül" festivalına isə artıq 25 ölkədən nümayəndələr qatılmışdı. Hətta tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri Ağdam şəhər stadionunda keçirilmişdi. 

Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Hətta bu məqsədlə dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Amma həmin ilin 8 mayında Qarabağın döyünən ürəyi Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi. Çünki xarıbülbülün yurdu Şuşasız artıq bu festivalın əhəmiyyəti qalmamışdı.

Şuşa çal-çağırlı günlərinə qayıtmaq üçün uzun illər hərbi-siyasi əsarət altında gözləməli oldu. 30 ilə yaxın Ermənistanın işğalı altında qalsa da, doğma yurdumuz öz milliliyini, azərbaycanlı ruhunu itirmədi. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə vermədi. Şuşa öz əzəmətini, möhtəşəmliyini, tarixi simasını saxladı. İşğaldan azad olunduqdan sonra Prezidentimiz tarixi qərar verərək Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bunun ardınca isə "Xarıbülbül" festivalının keçiriləcəyinin, Vaqif Poeziya günlərinin bərpa olunacağının anonsunu verdi. Çox gözləmək lazım gəlmədi. Zəfər günündən altı ay sonra Cıdır düzündən yüksələn muğam, musiqi sədaları bütün dünyaya yayıldı. Bu, Qarabağın əsl sahiblərinin kim olduğunu əyani surətdə nümayiş etdirdi. "Xarıbülbül" festivalı da yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. 12 may 2021-ci il tarixində doğma Şuşada illər əvvəl olduğu kimi Qarabağ şikəstəsi səsləndirildi. Cənab İlham Əliyevin festivalın açılışındakı çıxışı hər kəsə unudulmaz təsir bağışladı. Dövlətimizin başçısının dediyi kimi, bu, ölkəmizin tarixində çox əlamətdar bir gün idi: "Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək".

 

2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olundu. Azərbaycanın müxtəlif regionlarını təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, müxtəlif illərdə Şuşada lentə alınmış xanəndələrimizin ifalarından ibarət videoçarxlar nümayiş etdirildi. Festivalın birinci günü Azərbaycanda yaşayan azsaylı xalqların musiqinə xüsusi yer verildi. Bu, böyük rəmzi məna daşıyırdı. Çünki Vətən müharibəsində respublikamızda yaşayan bütün xalqların nümayəndələri misilsiz fədakarlıqlar göstərmişdilər. Festivalın Azərbaycanda yaşayan bütün xalqları əhatə etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır", - deyə vurğulamışdı. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olundu. Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış etdilər. Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik" fikirlərini və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözlərini əks etdirən videoçarx təqdim edildi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı incəsənət xadimlərinin birgə ifasında "Azərbaycan" mahnısı ilə yekunlaşdı. Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə "Qarabağ Azərbaycandır!" söylədi.

Yer üzündə Şuşanın, Cıdır düzünün bənzəri olmadığı kimi, "Xarıbülbül"ə bənzər musiqi festivalı da yoxdur. Ümumiyyətlə, Qarabağ Zəfərinin davamı olan "Xarıbülbül" musiqi festivalı daha bir möhtəşəm uğur hekayəsidir. 

Hər ötən il beynəlxalq statuslu tədbirin miqyasının genişlənməsi isə ona işarə edir ki, bundan sonra doğma diyarımızda bayram bayrama qarışacaq.

 

Şəkillərdə: “Xarıbülbül" musiqi festivalı 1989, 2021 və 2025-ci illərdə. 

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.