Bu gün İtaliyada “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi açılır Featured

24-25 may 2025-ci il tarixində İtaliyanın Cassine şəhərində yerləşən “Palazzo Guerrina” Mədəniyyət Mərkəzində “Qarabağdan İtaliyaya: Azərbaycan xalçası” adlı sərgi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış tədqiqatçı Elnarə Rəsulovanın şəxsi kolleksiyasına daxil olan Qarabağ xalçaları bu tədbirdə ilk dəfə İtaliya ictimaiyyətinə təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əsrlərin dərinliklərindən süzülərək gələn Qarabağ xalçaları sərgidə yalnız sənət əsəri kimi deyil, həm də mədəniyyətin daşıyıcısı və yaddaşın qoruyucusu kimi təqdim olunacaq.  Rənglərin, naxışların və ilmələrin dili ilə danışan bu nadir eksponatlar Azərbaycan xalqının tarixinin və ruhunun inikasıdır. Eyni zamanda, Azərbaycan mədəni irsinin sərhədləri aşaraq qlobal miqyasda təqdim olunması istiqamətində atılan mühüm addımdır.

Sərgi Azərbaycan Diasporuna Dəstək Fondu, Cassine Bələdiyyəsi və bir sıra özəl şirkətlərin dəstəyi ilə gerçəkləşəcək.

Sərginin açılışı bu gün - 24 may tarixində saat 11:00-da baş tutacaq. Ziyarətçilər 2 gün ərzində saat 11:00-dan 17:00-a qədər sərgi ilə tanış ola biləcəklər.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin, o cümlədən xalçaçılığının təbliği, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca faydalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.