Sincan toponimi barədə düşüncələr Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Toponimlər tarixin açarıdır. Onlar tariximizə işıq salırlar. Belə toponimlərdən biri də Sincan toponimidir.

Mənbələr göstərir ki, Sincan adlı oykonim dünyanın bir sıra ölkələrində mövcud olub və indi də var. Hazırda Çində bu adda muxtar rayon (Uyğur Muxtar Rayonu) və əyalət, Türkiyədə bölgə və kənd, Ankara şəhərində bir rayon (ilçə) vardır. Hətta Ərəb Əmirliyində Mərva yaxınlığında da Sincan adlı yaşayış məntəqəsi var. Qərbi Azərbaycanda isə vaxtı ilə Sincan etnonimi əsasında formalaşmış xeyli oykonim olmuşdur.

 

 A.Qəhrəmanovanın da yazdığına görə, XIX əsrdə İrəvan quberniyasında və Gürcüstanda Azərbaycan türklərinin yaşadıqları bölgələrdə “Sincan” sözünə bənzər çoxlu toponimlər varmış. Tədqiqatçılar onların Sincan toponiminin təhrif olunmuş forması hesab edirlər. (Elmi-əsərlər-2023-1-1.pdf). İraqdakı “Sincar” adlı şəhər və dağ adları da “Cincan”ın təhrif olunmuş şəkli hesab edilir.

Tarixi faktlardan o da məlum olur ki, orta əsrlərdə hazırkı Azərbaycanın ərazisində də Sincan adlı bir neçə yaşayış məntəqəsi olub. İndi isə ölkəmizin Oğuz rayonunda Sincan, Dəvəçi rayonunda Sincan Boyat adlı kəndlər vardır.

Oğuzdakı Sincan kəndi rayon mərkəzindən 28 km. cənub-şərqdə, Alazan-Əyriçay çökəkliyində, Şəki-Qəbələ şose yolunun solunda yerləşir. Eyni adlı İnzibati Ərazi Dairəsinin mərkəzidir. Kəndin ətrafında aparılmış kəşfiyyat xarakterli qazıntı işləri və 4946 inventar nömrəsi ilə dövlət qeydiyyatına alınmış məscid və minarə buranın qədimdən yaşayış məskəni olduğunu göstərir.

Sincan oykoniminin tarixi çox qədimdir. Mənbələr göstərir ki, hələ qədimdə köçəri türkmənlər içərisində “Sencan” adlı tayfa olmuşdur. Bir türk mənbəyinə görə, Osmanlı dövründə “Sincan, Sincanlı (Sincanlu)” bir əşirətin adı olub. 1577-ci il tarixli bir sənəddə türkmənləri oluşturan Bəydili boyu arasında Sincan obasının adı keçir. Bəydili boyu Oğuz türklərinin Boz-Ox qoluna mənsub Yıldız Xanın oğullarından sayılır. (https://www.sincan.bel.tr/sincan-tarih-kultur-atlasi/files/ basic -html/page518.html)

B.Əhmədov da “Göyçə mahalı keçmişdən bu günə” adlı əsərində orada Sincan qolunun olduğunu bildirməklə, onların oğuzların bəydili tayfasına mənsub olmalarını təsdiq edir.

A.Qəhrəmanova isə “Qafqazda etnogenez məsələsi və Şahbuz bölgəsi əhalisinin tərkibi” adlı məqaləsində yazır ki, Sincan türk tayfasının adı Orta Asiyadakı Sinqan əyalətinin adı ilə də səsləşir…Tayfanın bir qolu Azərbaycanda da məskunlaşmış, bir qolu isə Anodoluya getmiş, ərəb ölkələrinə kimi yayılmış, orada Sincan adı təhrif olunaraq müxtəlif formalara düşmüşdür. Sincan adının qeyri-türk ölkələrində də peyda olması qədim türklərin, o cümlədən Bəydili boyuna mənsub sincanlıların tarixi yürüşlərinin izləri sayılır.

Bəzi mənbələrdə əsassız olaraq bu sözün Çin dilindən (çincə Xinjuan) götürüldüyü və “yeni işğal olunmuş torpaq” anlamına gəldiyi qeyd olunur ki, bu da tamamilə əsassızdır.

Toponim yuxarıda bəhs etdiyimiz səlcuq oğuzlarının Bəydili boyuna aid eyni adlı tayfanın bir qolunun adından yaranmışdır. Tamamilə türk mənşəli bir etnotoponimdir. Oykonimin daha çox türk mənşəli xalqlar üçün istifadə edilməsi və əsasən bu xalqların yayğın olduğu bölgələrdə çox mövcud olması da bunun sübutudur.

Günümüzdə Sincan kəlməsi yer, insan və gül adları kimi işlədilir. Türk ölkələrində, (xüsusən Türkiyədə) eləcə də Çində Sincan adlı insan adları çoxdur. Qambatı adlanan çoxillik ot və kol bitkisinin adına da bəzən Sincan deyirlər Amma biz Sincanı daha çox yer adı – toponim kimi təsəvvür edirik.

Yazılı mənbələrdə Sincan toponiminin formalaşması barədə iki əsas fikir movcuddur. Birinci fikrə görə, söz “sin” (kimi, sanki) və “can” (həyat) sözləri ilə yaranıb, “can kimi” anlaşılır.

İkinci fikrə görə, Sincan kəlməsi “sin” və “qan” hissəciklərindən yaranıb. “Sin” ordugah, düşərgə, “qan” isə yer deməkdir. Mənası “düşərgə yeri” anlamındadır.

Digər bir mülahizəyə isə hörmətli yazarımız Rövşən Şərifin çox maraqlı “Sincan” romanında rast gəlirik. Hörmətli Rovşən müəllim (XIX əsrdə S.Peterburqda yaşamış türkoloq alim, çar EA-nın üzvü akademik V.Radlovun "Rodoslovie Turok" adlı əsərinə və bir uyğur dastanına istinadən) özünün həmin romanında yazır ki, Günəş allahı hər səhər öz qızıl arabasına minib göy üzünü səyahətə çıxır. Göyün ortasında bir dəlik vardır. Günəş bu dəliyə yaxınlaşanda yerə işıq çox düşür. Uzaqlaşanda isə qaranlıq olur. Bu dəliyin adı "Sincan”dır.

Bunlar öz yerində. Bizim də Sincan tayfasının adı, eləcə də toponiminin formalaşması barədə bir neçə mülahizəmiz vardır.

İlk mülahizəmizə görə, “Sincan”ın birinci hissəsi olan “sin” qədim hind dilində Ay Allahının adıdır (Q.Bağırov: “Ədəbiyyat dərslikılərində təsadüf olunan çətin sözlərin izahlı lüğəti”, “Maarif”, Bakı-1983, səh:68 və digər mənbələr). Bu söz türk dillərində də çox işlənən söz olub. İndi də türklərin folklorunda və yazılı ədəbiyyatında həmin sözə təsadüf etmək mümkündür. (Məsələn, Azərbaycan ədəbiyyatında Y.V.Çəmənzəminlinin əsərində)

Yazılanlara görə, Şumerlərdə də “Sin” (digər adı “Nanna”) adlı Ay Allahı varmış. Yasin sürəsinin ilk ayəsində keçən "Sin" də ərəblərdə Ay tanrısının adı deməkmiş. (Bir uyğur dastanında və R.Şərifin eyni adlı romanında "Sincan" sözünün göylə, göy cismi ilə əlaqələndirilməsi də diqqət çəkicidir.) Sözün ikinci hissəsi olan “Can” isə dilimizdə əsasən ruh, nəfəs, həyat mənalarını verir. Beləliklə, Sincan sözünün mənası “Tanrının ruh, həyat, nəfəs və can verdiyi” (tayfa) anlamında olub, tayfanın özünün və tayfa üzvlərinin yaşadıqları məkanların adıdır. Yəni Sincan oykonimi etnotoponimdir.

İkinci mülahizəmizdə isə biz də “Sincan” etnotoponiminin “sin” və “qan” hissəciklərindən yaranmasını ehtimal edirik. Amma sözün birinci hissəsinin (“Sin”in) yenə də Tanrı mənasında olmasında israr edirik. İkinci sözün – “qan” sözünün isə “yer” yox, “xan” (“kan/qan”) anlamında olduğunu düşünürük. (Orta Asiyada Sinqan (Sin xan) adlı əyalətin adı da buna haqq qazandıra bilər.) Təxmin edirik ki, qədimdə sözün ilkin forması “Sinqan/Sinkan/Sinxan olub. Sonrakı dövrlərdə “q/k/x” samitləri “c” ilə əvəzlənmiş, söz evfemizmə uğradılaraq “Sincan” şəklinə düşüb. Sonralar dialektal, folklorik, ya da daha poetik bir variant olaraq “Sincan” adı kimi bəyənilib, qəbul olunub, belə də sabitləşib. Beləliklə, sözün mənası “ulu, möhtəşəm, ilahi ədalətə malik xanı olan” (tayfa) anlamında olub, həm həmin tayfanın özünün adı, həm də tayfa üzvlərinin məskunlaşdıqları məkanların adı kimi anlaşılır. Yenə də etnotoponimdir.

Biz ikinci mülahizəmizi reallığa daha yaxın hesab edirik.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

 

 

                                                                                          

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.