Xaçmaz toponimi haqqında bəzi qeydlər Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Söhbət Xaçmaz rayonundan və Xaçmaz şəhərindən yox, Oğuz (keçmiş Vartaşen) rayonundakı çox qədim və keçməkeşli tarixə malik Xaçmaz kəndindən gedir. Rayon mərkəzindən 40 km. şərqdə, Filfilli kəndindən 10 km cənubda, dəniz səviyyəsindən 760 metr yüksəklikdə Nəzərçayın sağında, Qalaçayın solunda, qədim Alban (Xaçmaz) keçidinin qarşısında yerləşən, eyni adlı İnzabati Ərazi Vahidinin mərkəzi olan Xaçmaz kəndindən. Rayonun ən böyük kəndindən.

 

Kəndinin 2 km. şimal-qərbində, Qalaçayın zirvəsindəki Xaçmaz Gavurqalası (Qız qalası, Xaçmaz qalası da adlanır- VII əsr), 5 km. şimal-şərgində Balaşum yaşayış yeri (XI–XII əsrlər), qədim qəbiristanlıqlar, ölkə və yerli əhəmiyyətli digər arxeoloji abidələr, kəndin adının qədim, həmçinin VII əsrə aid olan mənbələrdə (o cümlədən Herodot və Strabonun əsərlərində) çəkilməsi, kənddəki məsçidlər (XIX əsr) və s. buranın çox-çox qədimdən türk mənşəli tayfaların və xalqların yaşayış məskəni olduğunu sübut edir. Gevond (VIII əsr) özünün “Xəlifələrin tarixi” əsərində Kürün şimal tərəfindəki yaşayış yerlərinin adlarının sırasında indiki Oğuz ərazisindəki “Xozmas” (Xaçmaz) kəndinin də adını çəkmişdi. Xaçmaz uzun illər Şəki qəzasının ən böyük mahallarından biri olub. 1863-cü ildə bu mahalda 48 kənd birləşmişdi.

1       886-cı il siyahıya almasına görə, həmin il Xaçmaz kəndində 4755 nəfər yaşamışdır. Bunlardan bircə nəfər müstəsna olmaqla hamısı azərbaycanlı olmuşdur. 1912-ci il üçün "Qafqaz Təqvimi"nə görə isə, kəndin əhalisi 5995 nəfər olubmuş.

Amma bizim məqsədimiz heç də çox zəngin tarixə malik Xaçmaz kəndinin tarixindən bəhs etmək deyil. Düzü, heç buna iqtidarımız da çatmaz. Biz sadəcə kəndin adı, toponimin tarixi barədə bildiklərimizdən söhbət açacıq.

Bəri başdan deyək ki, alimlər “Xaç” tərkibli toponimlərin Azərbaycanda geniş yayıldığını bildirirlər. Hazırkı Xaçmaz rayonu və oradakı Xaçmaz şəhəri, Oğuzdakı Xaçmaz və Xaçmazqışlaq, Xocalı rayonundakı Xaçmaç(z), Daşkəsəndəki Xaçbulaq (indiki adı Xoşbulaqır), Beyləqandakı Xaçınabad kəndləri və b. bunlara misal ola bilər. Bundan əlavə bu adda Xocavənddə dağ, Qubada çay, Kəlbəcər, Ağdam və Bərdədən keçən bir başqa çay da var. AYB və AJB-nin üzvü, “Oğuz xəbərləri” qəzetinin redaktoru, Prezident təqaüdçüsü, yazar N.Hüseynli özünün “Qədim türk yurdu Xaçmaz kəndi” (2015) kitabında yazır: ”Xaçmaz toponimi Oğuz rayonunda eyni adlı kəndin adı olmaqla bərabər bir çox coğrafi obyektlərin də adıdır. Kəndin kənarından axan Qala çayı həm də Xaçmaz çayı adlanır. Kəndin şimalındakı Qaladağın zirvəsindəki Govurqalaya paralel olaraq Xaçmaz qalası da deyilir. Kənddən şimalda Xaçmaz dərəsi və adına mənbələrdə tez-tez təsadüf olunan Xaçmaz keçidi var. Mənbələrdə kəndin ətrafındakı dağlar və meşələr Xaçmaz dağları, meşələri adlanır…”. Maraq üçün onu da qeyd edək ki, M.F.Axundzadənin məşhur “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının üç şəklində hadisələr məhz bu Xaçmaz dağlarında baş verir.

Digər toponimlər kimi, “Xaç” tərkibli bütün toponimlərin (o cümlədən “Xaçmaz”ın) etimologiyası haqqında da müxtəlif fikir və mülahizələr söylənmiş və söylənməkdədir. Onların sizə də maraqlı ola biləcəyini zənn etdiyim üçün bir neçəsini qeyd edirəm.

Məsələn, bəzilərinə görə, “Xaç”–“od, atəş, Günəş” anlamındadır (Ə. Fərzəli) “Maz”–“maq”ın dəyişilmiş formasıdır. “Maq”– tayfa adıdır, leksik mənası “bərkimiş od” dur. Belə də Xaçmaz və xaçmataqlar (heçmetaqlar) - “Od nişanlı maqlar, od nişanı qəbul etmiş oğuzlar, indiki azərbaycanlılar” kimi düşünülməlidir”.

“Xaç” sözünün türk dilində ““dörd guşəli”, “maz/mas”ın isə “böyük” demək olduğunu söyləyənlər də var.

Bir başqaları “Xaçmaz” sözünü “xaçpərəst xalq” kimi izah edirlər ki, bunun da ciddi sübuta ehtiyacı vardır.

“Xaçmaz” toponimini “xaç + asmaz”, (ikinci komponent qeyri-qəti gələcək zamanın inkarlıq bildirən -maz şəkilçisi ilə) yəni xaç asmayanlar kimi də izah edənlər vardır. Guya onlar Albaniya dövlətində dövlət dini kimi mövcud olan xristianlığı qəbul etməmiş, qədim atəşpərəstlik dininə ibadət etməyə davam etmişlər. Hətta Ş.Sədiyevin “Dil haqqında hekayələr” əsərində göstərilir ki, xaçdan (xristianlıqdan) qurtulmaq istəyən xaçmazlılar kənddən indiki Xaçmaz (bəlkə də Quba) rayonuna qaçmış və bura sığınmışlar. (Onu da qeyd edək ki, bəzən bu əhvalatı əksinə təsvir edənlər də vardır.) Ona görə də, “Xaçmaz” “xaç sındıran”, “xaçı qəbul etməyən” və “xaç asmayanlar” deməkdir. Bu iddianın elmi sübutu yoxdur.

Bəzi “ağıllılar” da heç bir məntiqi əsas olmadan “Xaçmaz” sözünü "xaçamaz qoz" kimi tat sözü (qoz ağacı) ilə də əlaqələndirlər. Guya bu ərazidə qoz ağacı çox olduğuna görə, kənd də qozlu kənd (“xaçamaz qoz”) adlandırılıb. Açığı, bu “tat mənşəli versiya” həm gülünç, həm də absurdur. Ona görə də bu barədə söhbəti uzatmağa heç bir ehtiyac da yoxdur. Rəvayət və nağıldan başqa bir şey deyil.

Qeyd edək ki, “Xaçmaz” toponiminin yaranması barədə ən geniş yayılmış versiya tayfa adı olması versiyasıdır. Toponim qədim Hun və ya Alban (xeçmatek/xaçmatak/heçmatiq…) tayfalarının adı ilə bağlanır. Tanınmış və görkəmli alimlərimizdən M.Seyidov, Z. Bünyadov, M.İsmayılov, S.Aşurbəyli və digərləri də bu fikirdədirlər.

Türkoloq V. A. Juçkeviç Xaçmaz sözünün Qafqaz köklü olduğunu bildirmişdi. Tarixi qaynaqlarda Xaçmaz bir tayfa adı olaraq kecır. V əsrdə yaşamış Bizans tarixçisi Fövst Bizand Xeçmatek yerinin adını vermişdir. Ərəb coğrafiyacı İbn Hövgel isə öz xəritəsində Xeçmateklərin yerleşdikleri yeri də göstərmişdir... Gösterilen sübutlar, burada “Xaçmaz”ın Xeçmatek oymağıyla ilişkisini sübut edir. Çağdaş araşdırmalarda da Xaçmaz sözcüyünün Xeçmatek oymağından geldiği vurgulanır. Y.Yusufov da Xaçmaz adının Xeçmatek oymağının adından geldiyini qeyd etmişdir”. (https://dergipark.org. tr/tr/download/article-file/16707)

Filologiya elmləri doktoru, professor N.Xudiyev də özünün “Xaçmaz” əsərində (“Təhsil” EİM, Bakı-2010, səh: 11) yazır: “Düşünmək olar ki, Xaçmaz toponimi eyni adlı tayfanın adı ilə bağlıdır. Son dövrlərdə bəzi tədqiqatçıların əsərlərində Xaçmaz toponiminin yaradılması massaget mənşəli "xəz” və "mas” sözlərinin birləşməsindən və ya alban tayfalarından biri olan "heçmatek"/ "xeçmatek" tayfalarının adından ibarət olması qeyd olunur”. Bu baxımdan Xaçmaz etnotoponimdir.

Tədqiqatçılar arasında Xaçmaz sözünün əsli-orjinalı hesab olunan “(xeçmatek/xeçmatak/ heçmatiq” sözünün mürəkkəb olmaqla üç hissədən ibarət olması barədə fikirlər vardır. Biz isə həmin sözü iki hissəli hesab edirik: xaç + matek.

“Xaç” sözünün günəşi, odu, alovu bildirdiyi söylənilir. Görkəmli mifoloq-folklorşünas, Əməkdar elm xadimi M.Seyidov özünün “Azərbaycan xalqının soykökünü düşünərkən” (1989) adlı əsərində “xaç” barədə belə yazır: “...Biz təbii bir hadisəni yada salmaq istəyirik. Günəş şüası–yaruqu gözdə, suda, şüşədə, aynada xaç– artar (bir çox türk dillərində) kimi əks olunur. Əski oğuzlar və bir çox türkdilli qəbiləbirləşmələri bu təbii hadisəni müşahidə etmiş, onu özlərinin Günəş, sonralar təktanrılıq, sonsuzluq inamları ilə bağlamışlar. Deməli, artar – xaç xristianlıqdan qabaq mifik təfəkkürdə olmuşdur və Günəşin, odun bəlgəsidir”. (http://mireli-seyidov.com/kitablar/Mireli-Seyidov-pdf.pdf, səh:385)

B.Məmmədov isə özünün “Kuzeydoğu Azerbaycandaki bazı toponimlər üzerine” (türkcə) əsərində bu barədə belə izah verir: “Xaçmaz sözcüğündeki “xaç” ne demektir? Araştırmacılar bu sözcükteki xaç hecesinin, hristiyanlığın simgesi olan “haç” ile eşleştirmektedirler. Bizce, bu sözler arasında hiçbir bağlantı yoktur”. O, davamında öz fikrini əlavə edərək bildirir ki, “Bize göre Xaçmaz sözcüğündeki “xaç” hecesi, Hazar boyunun adındaki haz (xaz) hecesinin ses değişikliğine uğramış biçimidir. Tarihe bakacak olursak, kuzeydoğu Azerbaycan topraklarında Hazarlar egemenlik sürmüşlerdir. Bu bakımdan bu son açıklama akla en çok yatandır”. (https://dergipark.org.tr/tr/download/article-file/16707). (Yeri gəlmişkən əlavə edək ki, akademik N.Vəlixanlının “Azərbaycan ərəb xilafətinin tərkibində (VII əsrin ortaları – IX əsrin I yarısı” məqaləsində yazdığına görə, hətta 763/764-cü ildə Xəzər qoşunları digər ərazilərlə yanaşı, Xoz(ç)ması (Xaçmazı) da tutmuşdular.)

Biz “xaç” sözü ilə bağlı görkəmli mifoloq M.Seyidovun fikrinə tərəfdarıq.

Sözün ikinci hissəsinin (matek/matak/matiq…) isə birbaşa tayfanın konkret adını bildirdiyini fikirləşirik. Bu adda tayfanın varlığını professor, dr. Soltanğa Ataniyazovun “Türkmən boylarının keçmişi, yayılışı bugünkü durumu və gələcəyi” adlı əsərində də (səh:28) görürük. Orada Matek tayfasının Ersarı boyunun Günəş bölümündə Omar uruğunun Qızılqoyun tirəsinə daxil edildiyinin şahidi oluruq. “Mate/matek”lərin hunların yaratdığı Mazqut və ya Masqut adlı dövlətin, eləcə də qəhrəman hun xanı Mete xanın adlarına fonetik cəhətən az-çox dərəcədə bənzərliyi də maraq doğurur. Yəni deformasiya və transformasiya məsələlərini nəzərdən tuturuq.

Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru S.Aşurbəyli “Şirvanşahlar dövləti” əsərində yazır ki, “...VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, XEÇMATAKLAR, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar...Xaçmataki, Xozmas toponimi, ehtimal ki, Oğuz (keçmiş Vartaşen) rayonunda, yaxınlığındakı Qaladağın zirvəsində Govurqala adlandırılan əlçatmaz Xaçmaz qalasının yerləşdiyi indiki Xaçmaz kəndi ilə lokallaşır...Xeçmataklar tayfasının adı Vartaşen (indiki Oğuz - S.A.) rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır”.

Bəli, indiki Xaçmaz kəndinin ərazisinə gəlib çatanların içində burda adı çəkilən “xeçmataklar”/”xaçmataklar da olmuşlar. Sonralar tayfanın, oymağın adı tarixən deyişmiş, transformasiyaya uğramış ve Xaçmaz şəklinə dönüşmüşdür.

Bizcə, indiki “Xaçmaz” toponiminin mənasını cəld, igid, od tək qaynar, od nişanlı “matek”/“matak”/matiq... tayfasına aid olan insanların kəndinin adı kimi anlamalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.