Psixoloji reabilitasiya - indi çox adamın buna ehtiyacı var: əlaqə nömrələri verəcəyik

Söhbətimiz ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının  barədədir, təşkilatın şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir. 

 

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatın məlumat yayıb və bu məlumatda bildirilir ki, ölkəmizdə müharibə iştirakçılarının, şəhid ailə üzvləri və qazilərin psixoloji reabilitasiyası istiqamətində dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla dövlətimizin bu istiqamətdə gördüyü işlərə yaxından dəstək vermək, yerli mütəxəssislər hazırlamaq məqsədilə ötən ilin mayından həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi çərçivəsində ikinci müalicə növünün təlim proqramına start verilib. 

“PAŞA Sığorta” şirkətinin dəstəyi ilə reallaşan uzunmüddətli layihənin məqsədi şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması, gələcəkdə bu istiqamətdə peşəkar təcrübənin artırılmasıdır. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinin nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən tibb müəssisələrinin klinik psixoloqları üçün təlimlərin növbəti mərhələsinə başlanılıb. 

Qeyd edək ki, ötən ilin oktyabrında posttravmatik stres pozuntusu diaqnozlu xəstələr üçün ən səmərəli iki müalicə üsullarından biri koqnitiv işlənmə terapiyası üzrə 24 psixoloq üçün təlimlər təşkil olunub. 

Bu dəfə isə ikinci müalicə üsulu sayılan Yazılı Ekspozisiya Terapiyası üzrə 17 psixoloq üçün təlim proqramları təşkil edilib. Layihəni uğurla başa çatdıran iştirakçılar arasından yaxın beş il ərzində həm də beynəlxalq təlimçi kimi Azərbaycanda peşəkar psixoloqların hazırlanması istiqamətində fəaliyyət göstərəcək mütəxəssislər hazırlanacaq. 

Dekabrda yazılı ekspozisiya terapiyası üzrə 12 həftəlik ilkin təlimləri uğurla tamamlayan iştirakçılar müvafiq sertifikatlar aldıqdan sonra bu müalicə üsulu üzrə növbəti təlimlərə vəsiqə qazanıblar. 17 klinik psixoloq iki gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin yazılı ekspozisiya terapiyası üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərdə iştirak edəcəklər. Bu mərhələdə pasiyentlərlə individual işlərin aparılması, tapşırıqlar, qiymətləndirmə meyarları və sair istiqamətlər üzrə psixoloqların növbəti mərhələyə hazırlıqları təmin ediləcək. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə - superviziyalara başlayacaqlar. 

Burada iştirakçılara beş sessiyalıq tapşırıqlar veriləcək, həmçinin protokollar üzrə müalicə olunan xəstələrin gedişatını izləmək üçün davamlı qiymətləndirmə (müalicədən əvvəl, ərzində və sonrası) üzrə razılaşdırılmış vahid yanaşmanın tətbiqi, təlim zamanı dörd posttravmatik stres pozuntusu diaqnozlu qazi ilə müalicə kursu keçməsi planlaşdırılır. Yaxın üç ay ərzində ABŞ ekspertləri layihə iştirakçılarına praktiki dəstək göstərəcək. 

Hazırda “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” layihəsi çərçivəsində koqnitiv işlənmə terapiyası və yazılı ekspozisiya terapiyası kitablarının Azərbaycan dilində nəşri, həmçinin Azərbaycan dilində “CPT Coach” ilk psixoloji mobil tətbiqin yaradılması işlərini tamamlamaq üzrədir. 

Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir. 

 

Posttravmatik stres pozuntusundan əziyyət çəkən insanlar (070) 573-06-55 və (070) 528-49-43 telefonları nömrələrinə zəng edib ödənişsiz müalicə kursuna yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.