Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda ən çox sevilən filmlərdən biri olan “Şərikli çörək”də bu məşhur kəlmələr hamıya tanışdır: “Baden-Badenin mavi gecələr. Fransız xalqı kef eləyir”. Sovet rejiminin qatı senzurası şəraitində Azərbaycan kinematoqrafiyası bu yolla Avropadakı həyat şəraitinin daha üstün olmasını diqqətə çatdırırdı.
Bu gün də Avropada həyat şəraiti postsovet ölkələrindəkindən daha üstündür. Avropada minimal əməkhaqqı əksər Avropa Birliyinə (AB) üzv ölkələr və namizəd ölkələrdə inflyasiyadan daha sürətli artır, bu da bütün regionda real gəlirlərin artmasına səbəb olub. Euronews Business bazar günü bu dəyişiklikləri analiz etdi, biz də bu məlumatları sizlərə əlçatımlı edirik.
Avropanın fərqli-fərqli ölkələrində minimum əməkhaqqı çalışanların həyat səviyyəsinin əhəmiyyətli dərəcədə fərqləndiyinə sübutdur. 2025-ci ilin yanvarı ilə bağlı olaraq, 22 araşdırılan AB ölkəsindən 10-da aylıq minimum əməkhaqqı 1000 avro səviyyəsindən aşağıdır.
Bu fərq alqı-satqı gücü paritetinə (PPP) görə hesablandıqda azalır, amma əhəmiyyətli fərqlər qalır. Məsələn, Almaniyada minimum əməkhaqqı Bolqarıstandan iki dəfə çoxdur.
Bəs Avropada minimum əməkhaqqı göstəricisi ilə insanlar nə qədər qazanır? Hansı ölkələrdə ən yüksək və ən aşağı minimum əməkhaqqı mövcuddur? Nominal əməkhaqqı ilə PPP-yə görə əməkhaqqı müqayisə edildikdə necə dəyişir?
Avropa Statistika Bürosunun məlumatlarına görə, 2025-ci ilin yanvarına qədər AB-də minimum aylıq əməkhaqqı Bolqarıstanda 551 avrodan, Lüksemburqda isə 2638 avroya qədər dəyişir. AB-yə namizəd ölkələri də nəzərə alsaq, onda ən aşağı minimum əməkhaqqı cəmi 285 avro təşkil edən Moldovadadır.
AB-nin 27 üzv dövlətindən 22-də minimum əməkhaqqı mövcuddur, amma Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveçdə minimum əməkhaqqı yoxdur. Buna görə də bu müqayisədə əsasən 22 ölkə və məlumatları olan namizəd ölkələrə diqqət yetirilir.
Avrostat ümumiyyətlə minimum maaşları üç kateqoriyada incələyir:
Qrup 1: Aylıq 1500 avrodan yuxarı
Bu qrupa daxildir: Lüksemburq (2638 avro), İrlandiya (2282 avro), Niderland (2193 avro), Almaniya (2161 avro), Belçika (2070 avro) və Fransa (1802 avro).
Bu qrupda aylıq 1500 avrodan yüksək minimum maaşlar olan ölkələr daxildir, amma yalnız Fransa 2000 avroya çatmır. Digər bütün ölkələr bu həddi keçib ki, bu da fərqin artdığını göstərir. Ən yaxın izləyicisi olan İspaniya isə 1323 avro ilə gəlir, amma onun yenilənmiş göstəricisi hələ açıqlanmayıb.
Qrup 2: 1000-1500 avro arası
İspaniya (1323 avro), Slovenya (1254 avro), Polşa (1091 avro), Litva (1038 avro), Portuqaliya (1015 avro) və Kipr (1000 avro) "orta" qrupdadır. 2024-cü ilin iyulunda burada yalnız iki ölkə var idi, amma minimum əməkhaqqının yaxın zamanda artırılması ilə bu qrup xeyli genişlənib.
Qrup 3: 1000 avrodan aşağı
Bu ən böyük qrupdur və burada AB-nin 10 üzv ölkəsi və bütün namizəd ölkələr daxildir. Bu qrupda Xorvatiya (970 avro), Yunanıstan (968 avro), Malta (961 avro), Estoniya (886 avro), Çexiya (826 avro), Slovakiya (816 avro) və Rumıniya (814 avro) nisbətən yaxşı vəziyyətdədir, onların minimum əməkhaqqı 800 avrodan yuxarıdır.
AB-yə namizəd ölkələr arasında isə ən yüksək minimum əməkhaqqına malik olan Türkiyədir – 708 avro ilə, Türkiyə hətta iki AB üzv ölkəsini – Macarıstanı (707 avro) və Bolqarıstanı (551 avro) belə geridə qoyur.
Xatırladaq ki, Azərbaycanda minimum əməkhaqqı 1 yanvar 2025-ci il tarixindən yüksəldilibdir və hazırda 400 manat təşkil edir. Bu, təqribən 225 avrodur.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)