Müəllimlik etməklə zəngin mənəvi xəzinə topladı – PORTRET CİZGİLƏRİ Featured

Nazim Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvü, Prezident təqaudçüsü, “Oğuz yurdu” qəzetinin redaktoru – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var. Bu, müəllimlikdir. Müəllimlik bütün zamanlarda şərəfli peşə hesab olunub, müəllim isə ən hörmətli şəxs kimi qəbul edilib. Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir. Həm də sadəcə sənət deyil, bir missiyadır. İnsana və insanlığa birbaşa xidmətdir. Dinimizdə bu peşə o qədər müqəddəs tutulur ki, uca Yaradan özü belə müəllimlik edir. (“Bəqərə” surəsi 31-ci ayə). Müəllim hər bir millətin, xalqın inkişafında həlledici sima olub, bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir.   

           

Təəssüf ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. İstəsək də, istəməsək də etiraf etməliyik ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. Əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, buna doğru gedir. Bu, təhlükəli, həm də qorxunc tendensiyadır. Təsadüfi deyildir ki, məşhur alim A.Eynşteyn deyirdi: “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”.

İndi əsas vəzifələrdən biri “itirilmiş ənənənin” bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Bu sahədə digər işlərlə yanaşı, cəmiyyət üzvləri arasında təhsildə və həyatda müəllimin əvəzedilməz rolu geniş təbliğ olunmalıdır.  İçtimaiyyətə, o cümlədən yüzlərlə, minlərlə gənc müəllimə örnək ola biləcək  tanınmış təhsil işçiləri, onların həyat və fəaliyyətləri barədə məlumatlar verilməlidir. Yazımızda belə müəllimlərdən biri, regionun və ölkənin tanınmış təhsil işçilərindən Azərbaycan Respublikasının Əməkdar müəllim İmran Verdiyev haqqında söhbət aşmaq istəyirik.   

Özünün dediyinə görə, onun müəllimliyə lap uşaqlıqdan həvəsi olub. Hələ ibtidai siniflərdə oxuyanda bazar günləri həyətlərində özündən balacaları başına toplayar, daşlardan “parta” düzəldər, həyət darvazasını “yazı taxtası” edər, uşaqları daşların  üstündə oturdub, onlara  yazib-oxumaq öyrədərdi. Sinif müəllimi Mürsəl müəllim kimi. Hətta “dərsində” onun sözlərini də olduğu kimi təkrar edərdi.  Görünür, bu bir uşaq marağı deyilmiş. Bəlkə də, Allah elə o vaxtlardan onun alın yazısını yazırmış. 

Orta məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul imtahanlarına hazırlaşırdı. İxtisas seçimində ailə üzvləri israrla “nüfuzlu” ixtisasları seçməyini istəyirdilər. Lakin o, özümü müəllimlikdən başqa, heç bir peşədə təsəvvür edə bilmirdi. Ona görə də tərəddüd etmədən müəllimliyi seçdi. İndiki ADPU-nun filologiya fakültəsinə qəbul oldu.  

 Müəllim sarıdan həmişə bəxti gətirdi. Qismətindən mükəmməl müəllimləri oldu. Orta məktəbdə Mürsəl müəllim, Heydər müəllim, Həqiqət müəllim, Sayad müəllim, Əbülfət müəllim kimi müəllimlərdən dərs aldı. Ali məktəbdə isə İsmayıl Şıxlı, Afat Qurbanov, Əbdüləzəl Dəmirçizadə, Həsən Mirzəyev, Məmmədsəlim Tahirli kimi tanınmış pedaqoqları oldu.

Müəllimləri onun uğurlu günlərinə gedən yolun mayakı, özgüvən və cəsarət simvolu, ruhunun memarı, sabahını yaradanlar oldular. İlham mələyinə ruh verdilər, ruh halıma xoşbəxlik gətirdilər, gücü, qüvvəti olub, könlündə taxt qurdular.  

Onlar təkcə elm öyrətmədilər, həm də əsl müəllimliyin sirlərini öyrətdilər ona. Öyrətdilər ki, millətin gələcək taleyi müəllimin əlindədir. O, hər şeydən əvvəl zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı, yüksək əqidə və amal sahibi, öz peşəsinin vurğunu, maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır. Daim oxuyub öyrənməli, zəngin mədəniyyətə, dərin biliyə, empatiya və erudisiyaya, yüksək nüfuza sahib olmalıdır. Hamıya nümunə olmaq onun borcudur. Çünki müəllim o kəs deyil ki, ancaq öyrədir. Həm də o kəsdir ki, hamı ondan öyrənir, nümunə götürür.        

Nəhayət, tələbəlik illəri başa çatdı, Oğuz rayonundakı Yaqublu kənd orta məktəbində müəllim kimi fəaliyyətə başladı. Bütün ömrü müəllimlik etməklə keçdi. Fəaliyyətinin ilk aylarında çətinlikləri  də oldu. Amma öz müəllimlərinin, həmkar yoldaşlarının və məktəb rəhbərlərinin təklif, tövsiyə və məsləhətlərini nəzərə almaqla qısa müddətdə işləri qaydasına sala bildi. Həm öz işini, həm fənnini, həm də  uşaqları çox sevdi. Bilirdi ki, təlim-tərbiyə şəxsiyyətlərarası münasibətlər vasitəsi ilə başlayır və bitir. Türklər demişkən, "Gönüllere girilmeden kafalara girilmiyor". Ona görə də şagirdləri ilə dost, yoldaş və sirdaş oldu.  

Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsədilməsi ilə yanaşı, xalq və dövlət qarşısında öz məsuliyyətini dərk edən, milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan müasir təfəkkürlü insan yetişdirmək  əsas vəzifəsi oldu.

Ona görə də  çoxillik pedaqoji fəaliyyəti dövründə şagirdlərinə ancaq dərs anlatmadı, onlara həyati dəyərləri, sevgini və insanlığı öyrətdi. Bilikli, həm də milli-mənəvi və ümumbəşəri dəyərlərə sahiblənmiş gənclər böyütməyə səy etdi. Şagirdlərinin həyatına şəfqət, inam və gözəl əxlaq toxumları səpdi. Xalq və Vətən sevgisini hər bir gəncin ürəyinə hopdurdü. Bunu öz borcu saydı.       

Pedaqoji fəaliyyəti ərzində həmişə öyrətməyi sevdi, amma təhsil kurikulumlarının mənimsənilməsini daha yaxşı təmin etmək, şagirdləri əsl vətəndaş kimi formalaşdırmaq üçün yeni pedaqoji texnologiyaları öyrənməyi, özünün peşə-ixtisas və ümumi mədəni səviyyəsini yüksəltməyi də unutmadı.     Beynəlxalq və yerli təcrübələrin, müasir təhsil çağırışlarının öyrənilməsi gündəlik qayğıları oldu. Oxuyub öyrənmədiyi günləri ömründən saymadı.

İmran müəllimlə söhbətimizdən belə anlaşıldı ki, cəmiyyətdə müəllim nüfuzunun artırılması indiki təhsil sisteminin qarşısında duran əsas prioritetlərdən olmalıdır. İlk növbədə müəllimlərin sosial statusu yüksəldilməli, onlara olan sosial təzyiqlər aradan qaldırılmalıdır. Həmsöhbətim onu qeyd etdi ki, indi müəllimlər həddindən artıq yüklənmişlər, tədris standartlarına uyğunlaşma məcburiyyəti, sənədləşmələr, toplantılar, hesabatlar və digər administrativ işlər onların vaxtını çox alır. Öz hazırlıqlarına kifayət qədər vaxt ayıra bilmirlər. Müəllimlərin peşə performansını artırmaq üçün iş yükü azaldılmalı, öz yaradıcı tədris metodlarını tətbiq etməkdə onlara sərbəstlik verilməli, davamlı peşəkar inkişaflarına diqqət və qayğı artırılmalı, müasir təhsilin çağırışlarına cavab verən iş təcrübələrinin öyrənilərək yayılması genişlənməlidir. Yalnız bu şəkildə müəllimlər öz potensiallarını tam olaraq ortaya qoya bilərlər.  

O, yeni işə başlayan onlarla gənc müəllimin himayəçisi oldu. Öz iş təcrübəsini həmkarları ilə bölüşdü, məsləhət və tövsiyələrini onlardan əsirgəmədi. Bir müddət keçmiş ADPU-ninŞəki filialının təşkil etdiyi ixtisasartırma kurslarında mühazirəçi və kurikulum təlimçisi kimi fəaliyyət göstərdi. İşləyən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün əlindən gələni etdi.

Təhsil Nazirliyinin qrifi ilə metodik tövsiyələri işıq üzü gördü. Çoxu pedaqoji mövzuda olan 200-dən çox məqaləsi dərc edildi. Dörd kitabından birincisi – “Yaqublu  məktəbi” kitabı 125 yaşlı doğma məktəbinin tarixinə, burada formalaşmış müsbət və mütərəqqi iş təcrübəsinin ümumiləşdirilməsinə və yayılmasına həsr edildi.     

Azərbaycan Respublikası ETN-nin sərəncamı ilə təcrübəsi öyrənilərək ölkə miqyasında yayıldı. Pedaqoji iş təcrübəsi barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc olundu, kitablarda məlumatlar verildi.

O, öz müəllimlik missiyasını həyata keçirmək üçün uzun bir yol keçdi. Düz 45 il müəllimlik etdi. Bu illər ərzində fəailiyyəti təkcə məktəblə məhdudlaşmadı. Regionun, eləcədə ölkənin içtimai həyatında fəal iştirak etdi. Azərbaycan müəllimlərinin qurultaylarından tutmuş respublika səviyyəli digər çoxsaylı pedaqoji tədbirlərin fəal iştirakçılarından biri oldu.

İmran müəllim həm də I-XI siniflər üzrə “Azərbaycan Respublikasının ümümtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu)”nın həmmüəlliflərindən biridir.   

“İlin ən yaxşı müəllimi” müsabiqəsinin, pedaqoji mühazirələrin respublika turunun, müxtəlif layihələrin, digər çoxsaylı müsabiqə və baxışların da  qalibi oldu. Çoxlu təltiflərə, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görüldü. Səmərəli fəaliyyəti  və uğurları Azərbaycan Respublikası ETN-nin kollegiya qərarlarında qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Sərəncamı ilə 2004-cü ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərimə görə "Əməkdar müəllim" fəxri  adına  layiq  görüldü.

İndi geri dönüb baxanda görür ki, kənddə təhsilin inkişafında, müasir tələblərə cavab verən məktəb binasının tikilməsində, yüzlərlə gəncin yetişməsində, Vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında onun da az payı olmayıb.  Bununla fəxr edir və sevinir.

Bu illərdə yaşı sinifdən-sinfə adlayan şagirdlərinin yaşı ilə birgə artdı. Həyatdakı ən qiymətli hədiyyəsi şagirdlərimin uğurları, ən gözəl bayramı onların uğurlarına sevindiyi günlər oldu. Ruhu onların sevgisi ilə qidalandı. 

Müəllimlik etməklə zəngin mənəvi xəzinə topladı. Şagirdlərinin uğurları, Vətən müharibəsi qəhrəmanları, şəhid və qazi şagirdləri, el-oba arasında qazandığı hörmət, sayılıb-seçilməyi, ölkənin tanınmış müəllimlərindən olmağı, şagirdlərinin sevgisi, dövlət təltifləri və s. bu xəzinənin ən qiymətli inciləridir. Bu elə bir xəzinədir ki, onu heç bir şahın xəzinəsi əvəz edə bilməz.  

İndi öz keçmiş şagirdlərinin yaddaşında yaşayır. Şagirdlərinin yaddaşında onun müəllimlik illəri, onun yaddaşında isə indi 40-45 yaşlarına çatmış şagirdlərinin  uşaqlıq və gənclik çağları daşlaşıb qalıb.

Bu gün İmran müəllim ömrünün 68-ci baharını yaşayır. Əvvəlki kimi yenə də müəllimlərdən öz tövsiyələrini, gənclərdən məsləhətlərini əsirgəmir, el-obanın içtimai-mədəni həyatında fəal iştirak edir. Tez-tez mətbuat səhifələrində maraqlı yazılarla çıxış edir. Yazımızın sonunda İmran müəllimə - tanınmış təhsil fədaisinə sağlıqlı uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Qapaq şəklində: İmran Verdiyev

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.