“Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir!”

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu öndər çıxışlarının birində: “Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur? Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir” - demişdi.

 

Ulu Öndər haqqında uşaqlar üçün saysız-hesabsız şeirlər yazılsa da, hekayə janrına müraciət olunmamışdı. Zahirə Dadaşova uşaqlar üçün bu zəruriyyəti dərk edərək ulu öndərin 100 illik yubileyinə “Böyük Azərbaycanlı” kitabını yazaraq töhfə verdi. Dahi şəxsiyyət haqqında yazılan hekayələr real tarixi hadisələrə əsaslanmaqla onun şanlı həyat yolunu oxuculara daha yaxından tanıdacaq, ümummilli liderin şəxsiyyəti və ömür yolu nümunəsi əsasında uğurlar əldə etməyə imkan verəcəkdir.

2023-cü il Heydər Əliyev İlində, təqvimin son ayında kitabın təqdimatı təkcə F.Köçərli adına Respublika Uşaq kitabxanasında deyil, liseylərdə və Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Qazax, Sabirabad Mərkəzi Kitabxanalarının oxucuları üçün də keçirildi.

Keçirilən təqdimatlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbirdə mədəniyyət işçiləri, məktəblilər, fəal oxucular və kitabxana əməkdaşları iştirak ediblər. Uşaqlar ssenari üzrə kitabdakı hekayələr əsasında kitabdan hekayələri səsləndirib, ulu öndərə həsr olunmuş şeirlər və mahnılar oxuyublar. Sonda müəllif çıxış edərək, kitabı yazmaqda məqsədinin ulu öndərin keçdiyi həyat yolunu bir nümunə olaraq uşaqlara göstərmək, milli mənəvi dəyərlərimizin qoruyucusu kimi ən yüksək keyfiyyətlərini təqdim etmək olduğunu bildirmişdir. Təqdimat ulu öndərə həsr olunmuş “Heydər zirvəsi” hekayəsi əsasında hazırlanmış slaydın nümayişi və xatirə şəkillərinin çəkilişi ilə başa çatmışdır. Kitabxanaçı – oxucu münasibətində kitabxanaların devizi budur: Gəin oxuyaq, özümüzü, dünyamızı, tariximizi kəşf edək.

Qeyd etmək istərdim ki, hekayələr ilk dəfə bizim “Ədəbiyyat və incəsənət” portalında yayımlanaraq çoxlu oxucu qazanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.