İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davam olaraq, noyabrın 27-də “Qərb” sarayında möhtəşəm bayram şənliyi təşkil olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycanın Dövlət Himni səsləndirilib. Sumqayıtın 75 illik dövrünü əhatə edən film maraqla qarşılanıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Sumqayıt sakinlərinə təbrikini çatdırıb.
Şəhər rəhbəri bildirib ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı şəhərimiz üçün xüsusilə əlamətdar olmuşdur. Bu dövrdə xalqımızın əbədiyaşar oğlu Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşamışdır. Çünki Ulu Öndər Sumqayıta xüsusi qayğı və məhəbbət bəsləyirdi. Qədirbilən sumqayıtlılar da Ümummilli Liderimizin Sumqayıtla bağlı qayğılarını son dərəcə yüksək qiymətləndirirlər. İndi ikinci həyatını yaşayan, yenidən cavanlaşan və hər qarış torpağı canlanan 75 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərin arzuladığı bir şəhər olmuşdur.
Zakir Fərəcov həmçinin qeyd edib ki, müasir şəhər nümunəsini özündə yaşadan Sumqayıt möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində ən gözəl, abad, müasir bir diyara çevrilib. Son iyirmi bir ildə ölkə başçısının hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, şəhərin tərəqqisində və inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur.
Eyni zamanda vurğulanıb ki, şəhər infrastrukturunun yenidən qurulması, küçə və məhəllələrin asfaltlanması, abadlaşdırılması və genişləndirilməsi, əhaliyə göstərilən müasir, rahat nəqliyyat xidmətinin, lift təsərrüfatı xidmətinin yaxşılaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının artırılması və digər işlər böyük coşqu ilə həyata keçirilmişdir. Hazırda bu işlər davam etdirilir. “Bu gün Sumqayıt çox gözəldir, inanırıq ki, sabahı bundan da gözəl olacaq” deyərək Z.Fərəcov çıxışını yekunlaşdırıb.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, müxtəlif illərdə Sumqayıta rəhbərlik etmiş Rasim Eminbəyli, Eldar İsmayılov və Şakir Abuşov şəhər sakinlərini təbrik ediblər, Sumqayıtın uğurlarından danışıblar.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen, Polşanın Belostok şəhərlərindən gələn nümayəndələr çıxışa qatılaraq təbriklərini çatdırıblar. Şənliyin möhtəşəm şəkildə təşkil edildiyini və onların yaddaşında xoş izlər buraxacağını bildiriblər.
Prezidentin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəlli, şair-publisist Əvəz Mahmud Lələdağ, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun anası Emma Şükürova, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva da öz təbriklərini səsləndirərək Sumqayıtın sürətli inkişafından qürur duyduqlarını ifadə ediblər. Onlar Sumqayıtın Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyini vurğulayıblar.
Sonda respublikanın tanınmış incəsənət nümayəndələri maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)