“Asif, Vasif, Ağasif”in qəhrəmanları çəkildikləri filmi uşaqlarla birlikdə izləyiblər
Elə filmlər var ki, tariximizdə qalıblar. O cümlədən də “Asif, Vasif, Ağasif” filmi. Milli Kino Günündə bu film bir daha xatırlandı. Özü də necə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən ənənəvi “Kino həftəsi” layihəsi bu dəfə 2 avqust-Azərbaycan Kinosu Gününə həsr olunmuşdu. Layihə çərçivəsində milli kinomuzda özünəməxsus iz buraxan və adını yuxarıda çəkdiyimiz “Asif, Vasif, Ağasif” filmi nümayiş etdirildi. Tamaşaçılara milli kinomuzun yaranması və bu günün təsis olunması tarixi ilə bağlı məlumat verildi. Eləcə də adı çəkilən filmin.
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükugə Yusupova və Leyla Bədəlbəyli ifa edirlər.
Filmin əsas rollarında çəkilən-Asif rolunun ifaçısı Emil Pənahov və Ağasif rolunun ifaçısı Hökümə Cəlilova Mərkəzin qonağı idilər. Qonaqlar filmin təqdimatından əvvəl tamaşaçılara çəkiliş meydançasında baş verən maraqlı hadisələrdən danışdılar. Hazırda fəaliyyətlərini fərqli sahədə davam etdirən film qəhrəmanları rejissor Rasim İsmayılovun 1983-cü ildə ekranlaşdırdığı əsərin kadrarxası məqamları ilə bağlı təəssüratlarını bölüşdülər. Sonra filmin qəhrəmanlarını canlandıran aktyorlar tamaşaçılarla birgə filmi izlədilər.
Layihəyə ümumilikdə sosial cəhətdən həssas əhali qruplarına aid 70 nəfərədək uşaq və yeniyetmə, onların valideynləri və qəyyumları cəlb olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)