Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
“Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır.”
Mir Cəlal Paşayev
1945-ci ildə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Vladimir Leontieviç Komarov Sovet İttifaqı rəhbərliyinə təqdim etdiyi hesabatda iki tarixi cümlə işlətmişdi: “Yusif Məmmədəliyev kimi bir alimi olan respublika öz akademiyasını qurmağa layiqdir”. “Mir Əsədulla Mirqasımov elmin nüfuzu və vicdanıdır”.
Akademik səviyyəsi, nəzəriyyə və ixtiraları ilə elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən bu qüdrətli alimlərin sırasında yer alanlardan biri də akademik Arif Mir Cəlal oğlu Paşayevdir.
O, bütün varlığı ilə alim, müəllim, ziyalı adına şərəf gətirənlərdən, intellektual potensialı, kübarlığı ilə mövcud olduğu çevrəni zinətləndirən tarixi şəxsiyyətlərimizdən, elmin nüfuzu və vicdanı olan mütəfəkkir alimlərimizdəndir.
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayev 1934-cü il fevralın 15-də Bakıda, üç zirvənin fatehi: yazıçı müəllim, alim Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmişdir.
Dünyanın qüdrətli elmi mərkəzləri tərəfindən fizika, texnika və kosmik tədqiqatlar sahəsində nüfuzlu alim kimi qəbul edilən, əsərləri senzuradan kənar dərc olunan, yarımkeçiricilər fizikası istiqamətində xüsusi nailiyyətlərə imza atan görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim kimi tanınan Arif Paşayev Odessa Elektrotexnika Rabitə İnstitutunda radiofizika ixtisası üzrə ali təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) laborant kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar AMEA-nın Astrofizika sektorunda kiçik elmi işçi, Fizika İnstitutunda kiçik və böyük elmi işçi, Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları və Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki- texniki problemləri laboratoriyalarının müdiri vəzifələrində uzun illər çalışmışdır. 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi, bir neçə il sonra eyni əsaslı doktorluq dissertasiyası ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyətinin əsas istiqamətini yarımkeçiricilər fizikası və yarımkeçirici cihazların tədqiq edilməsi olan akademik Arif Paşayev 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1996-cı ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına rəhbərlik edən akademik Yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılan silindr şəkilli yarımkeçirici hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün “Siqma”, yüksək aşqarlı yarımmetalların kontaktsız tədqiqi üçün “RO”, lövhə və silindirvari nümunələrin qeyri-bircinsliyinin kontaktsız ölçülməsi üçün “BİN” seriyalı cihazlar ölkəmizdə bu istiqamətdə əldə olunan elmi nailiyyətlərin göstəricisi olmaqla yanaşı, dünyanın elmi mərkəzləri tərəfindən də elmi yenilik olaraq qəbul edilmişdir.
Akademik Arif Paşayevin elmi tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənilməsi məsələləri ilə bağlıdır. 1993-1997-ci illərdə ilk dəfə olaraq əldə etdiyi elmi nailiyyətləri bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq edən alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etməklə kifayətlənməmiş, onların parametrlərini hərtərəfli şəkildə araşdırmış, alınan nəticələrə aid elmi məqalələri dünyanın bir çox nüfuzlu elmi nəşrlərində dərc etdirmişdir.
Müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaradan akademik Arif Paşayev elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametrini və dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin diaqnostikası üçün stend ixtira etmiş, yenilikləri, elmi nailiyyətləri ilə elmin ümumbəşəri dəyərlər sisteminə layiqli töhfələr vermiş, Azərbaycanın elmi potensialını, intellekt kapitalını dünyaya nümayiş etdirmişdir. Onun əldə etdiyi nailiyyətlər, ixtiralar, yeni fiziki elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir, həmçinin onlardan yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında tətbiq olunmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir.
Mənalı ömrünün böyük bir mərhələsini, bir qərinəyə yaxın zaman kəsiyini ölkəmizdə mülki aviasiyanın qurulması və inkişafına həsr edən Arif Paşayev 29 ildir Milli Aviasiya Akademiyasının rektoru kimi fəaliyyət göstərir. Bu nüfuzlu elm, tədris mərkəzində qüdrətli elm təşkilatçısının rəhbərliyi ilə tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni, müasir standartlara, tələblərə cavab verən ixtisasların tədrisinə başlanılıb. Mülki Aviasiyanın bütün istiqamətləri üzrə milli kadrların hazırlanması üçün münbit şərait yaradılıb.
Milli Aviasiya Akademiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri də tarixi Zəfərə imza atan Vətənimizin təhlükəsizliyinin təmin edilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi kimi mühüm və vacib məsələlərin həllinə təkan vermək olmuşdur. Müharibə dövründə və ondan sonrakı illərdə xüsusi əhəmiyyət kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılması Milli Aviasiya Akademiyasının ən böyük elmi nailiyyətlərdən biridir. İstər ikinci Qarabağ savaşında, Vətən müharibəsində, 44 günlük haqq davasında, istər də ondan sonrakı məsuliyyətli dövrdə mülki aviasiyaya məxsus təyyarə və helikopterlərin, düşmən üstünə göydən qartal kimi şığıyan pilotsuz uçuş aparatlarının, radio texnoloji avadanlıqların idarəetməsində, minaların zərərsizləşdirilməsində Milli Aviasiya Akademiyasının mühüm rolu vardır. Müharibə dövründə son 30 ildə akademiyada yetişdirilən peşəkar kadrların nümayiş etdirdiyi intellektual potensial tarixi Zəfərə Ali Baş Komandan iradəsi ilə imza atan millətin, məmləkətin qüdrətini dünyaya nümayiş etdirdi.
Milli Aviasiya Akademiyasında ölkəmizdə analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması, davamlı islahat proqramlarının həyata keçirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, sağlam elmi-pedaqoji mühitin yaradılması, nüfuzlu elm xadimlərinin və mühəndislərin tədris prosesinə cəlb olunması akademik Arif Paşayevin bir təşkilatçı rəhbər kimi mənəvi əzəmətinin göstəricisidir.
Olur ki, çox böyük müəllim, ixtiraları ilə elm tarixini zənginləşdirən qüdrətli bir alim olur, məşhur imza kimi tanınırsan. Amma adınla bağlı məktəbin olmur. Akademik Arif Paşayev bir rektor, pedaqoq və alim kimi yetirmələri ilə həmişə fəxr edib, qürur duyub, onların əllərindən tutub, dayaq olub, həm də onlara inanıb, arxalanıb. Əl-Biruni, əl-Kindi, əl-Qəzali, əl-Fərabi, İbn Sina kimi öz məktəbini yaradıb. Məhz bu arzuolunan ustad-şəyird münasibətlərinin nəticəsidir ki, Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülüb, Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.
Böyük alimin rəhbərlik etdiyi Azərbaycan Milli Aviasiya Akademiyası “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində də səmərəli işlər görür, mühüm nailiyyətlərə imza atır. Akademiyanın nəzdində olan Pilotların Hazırlıq Mərkəzi Azərbaycanın mülki aviasiya kadrlarının hazırlanması üçün əsas baza hesab olunur. Geniş elmi-praktiki, elmi-təşkilati, pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyəsini daim diqqətdə saxlayan, atası Mir Cəlalın mürşid-mürid ucalığını yaşayan Arif Paşayev hər bir əməkdaşa fərdi, insani münasibət bəsləyir, əsl ziyalıya xas keyfiyyətləri ilə bir nümunəyə çevrilir.
Akademik Arif Mir Cəlal oğlu Paşayevin zərrə-zərrə qurduğu, pillə-pillə ucaltdığı, varlığı ilə qürur duyduğu, şah əsəri hesab etdiyi Azərbaycan Milli Aviasiya Akademiyası Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin idarə edilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görür. Eyni zamanda, burada gənc alimlər üçün “Aviakosmos” istiqaməti üzrə hər il seminarlar və məktəblər təşkil edilir. Bütün həyatını ölkənin elmi potensialının inkişafına, yüksək texnologiyaların sənayedə tətbiqinə, peşəkar aviator, mühəndis kadrların yetişdirilməsinə həsr edən Arif Mir Cəlal oğlu 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adını qazanmışdır. İlk dəfə olaraq funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi məhz akademik Arif Paşayevin elmi məktəbində üzə çıxmış və inkişaf dinamikası ilə dünya alimlərini heyrətləndirmişdir.
500-dən çox elmi əsərin, 30-dan çox kitab və monoqrafiyanın, 60-dan çox ixtira, respublika və beynəlxalq səviyyəli patentin müəllifi olan akademik Arif Paşayevin məsləhətçiliyi və rəhbərliyi ilə onlarla namizədlik və doktorluq dissertasiyaları hazırlanaraq müdafiə olunmuşdur. Bununla yanaşı, Rusiya, Ukrayna, Latviya və Estoniya kimi ciddi elmi mərkəzləri olan ölkələrdə müdafiə olunan doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmiş, elmi yeniliklərə imza atan alimlərə öz ustad xeyir- duası vermişdir.
Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Eller, Beynəlxalq İnformasiyalaşdırma akademiyalarının həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının fəxri üzvü seçilən akademik Arif Mir Cəlal oğlu Paşayev “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri”, Milli Aviasiya Akademiyasında nəşr olunan “Elmi məcmuələr” jurnalının, “Elmi əsərlər” toplusunun, “Səma” beynəlxalq elmi-kütləvi jurnalının baş redaktoru kimi publisistikadan elmi maarifçilik yolunda uğurla istifadə etmişdir.
Şeyx Nizami Gəncəvinin: “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!” nidasını amalına çevirən böyük alimin elm sahəsindəki xidmətləri diqqətdən kənarda qalmamış, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti akademik Mirəsədulla Mirqasimovun tarixi bir kəlamı var: “Həyatdan mükafat gözləməyin, əgər sizin addımlarınız düzgündürsə, gördüyünüz işlər doğrudursa, mükafat sizə veriləcək. Siz mükafatı düşünürsünüzsə, onda onu görməyəcəksiniz. İş görün, düzgün yaşayın, onda mükafat özü sizi tapacaq”. Akademik Arif Paşayev heç bir təşəkkür, mükafat gözləmədən analitik təfəkkürü, ensiklopedik biliyi, intellektual potensialı, dəyişməz xarakteri ilə düz 91 ildir ömür sürür, elmi fəaliyyətini davam etdirir, klassikləşən müasirimiz olaraq tarix yaradır, xalqa, dövlətə, sonsuz məhəbbətlə, sədaqətlə xidmət edir.
Ulu öndər Heydər Əliyevin tarixi bir kəlamı var: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə görə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. Akademik Arif Mir Cəlal oğlu Paşayev məhz belə bir mütəfəkkir alim, qüdrətli ziyalı, nüfuzlu şəxsiyyət, xeyirxaxlıq və yaxşılıq nümunəsi olan Böyük İnsandır!
Akademik Arif Mircəlal oğlu Paşayev mütəfəkkir alim, nüfuzlu ictimai xadim, müdrik şəxsiyyət, eyni zamanda böyük Vətəndaşdır! Onun üçün Vətən millətə, məmləkətə təmənnasız sevgidən ibarətdir. “İnsanları dinləmək, anlamaq, düşüncələrinə hörmətlə yanaşmaq, qayğısına qalmaq gərəkdir”- deyir, həmişə Arif Mir Cəlal oğlu. Onun həyatda ən böyük arzusu sükanı arxasında yetirmələrinin, milli aviatorların dayandığı təyyarələrimizi Qarabağın, Şərqi Zəngəzurun səmasında görmək idi. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, qüdrətli Ordumuzun iradəsi, bir parası Vətən olan Qazilərin, al qanı ilə tarix yazan Şəhidlərin Vətən sevgisi ilə Şuşa qalasında, Murovun zirvəsində, Ağoğlan qəsrində, Xudafərin körpüsündə Azərbaycan Bayrağı dalğalanır! Səmamızın şahinləri, Milli Aviasiya Akademiyasının məzunları Qarabağa, Şərqi Zəngəzura uçuşlar edir. Akademik Arif Paşayevin övladları, nəvələri Torpaq qalan, hər şey yalan-nidası ilə Odlar Yurdu Azərbaycanın ən teni tarixini yaradır.
Ulu Tanrı akademik Arif Paşayevi həm də, bir türk, Azərbaycan kişisi kimi əbədi sevginin imtahanından keçirib. Vaxtsız gedişi ilə doğmalarının əyninə hicran köynəyi biçən Aida xanımdan sonra o, sədaqətin, etibarın nümunəsi kimi canlı heykələ, abidəyə çevrilib. Tanrı Arif Mir Cəlal oğlu Paşayevi həm də, gözəl ailə, bir-birindən qiymətli övladlar, nəvə-nəticələrlə mükafatlandırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva adını milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə həkk edib. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti akademik Nərgiz Arif qızı Paşayeva hər gün babasının, atasının, anasının qalxdığı kürsüləri alim, müəllim, ictimai xadim kimi zinətləndirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Bakı Media Mərkəzinin qurucusu Arzu Əliyevanın, “Yarat” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudovanın, “Nərgiz” dərgisinin təsisçisi və baş redaktoru Ülviyyə Mahmudovanın əldə etdiyi nailiyyətlər onda xoş ovqat və sevinc hissləri yaradır.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)