Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycanın qəhrəman oğullarından biri olan və "Gizir Xanı" ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdamın İsmayılbəyli kəndində dünyaya göz açıb. O, ailəlidir və dörd övlad atasıdır.
1992-ci ildə könüllü şəkildə Azərbaycan Ordusunun sıralarına qoşularaq Vətənin müdafiəsinə qalxıb. Döyüşlər zamanı üç dəfə ağır yaralanmasına baxmayaraq, Səyyaf Əhmədov yenidən cəbhəyə dönərək Vətən uğrunda mübarizəsini davam etdirib. Onun göstərdiyi igidlik və şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən ona iki medal təqdim edilib. Bu medallardan biri Vətən uğrunda döyüşlərdəki rəşadətinə, digəri isə hərbi xidmətdə fərqləndiyinə görə verilib. Bundan əlavə, Müdafiə Nazirliyi tərəfindən də beş medal ilə təltif olunub.
Azərbaycan Ordusunda xidmət edən zabitlər və əsgərlər arasında Gizir Xanı xüsusi hörmət və nüfuza malikdir. Onu şəxsən tanımayan hərbçilər belə, adını eşidiblər və onun qəhrəmanlığına şahid olanlar daim ondan böyük ehtiramla danışırlar. Kəşfiyyatçı kimi düşmənə qarşı apardığı uğurlu əməliyyatlar, cəsarətli döyüş taktikaları və göstərdiyi şəxsi şücaət, onu əfsanəvi bir döyüşçü kimi yaddaşlara həkk edib.
Gizir Xanı təkcə müharibə meydanında qəhrəmanlığı ilə deyil, həm də xidmət etdiyi bölmədə əsgərlərə olan münasibəti ilə seçilib. O, tabeliyində olan hərbçilərə təkcə bir zabit kimi deyil, həm də bir ata, əmi və dayı kimi yanaşıb. Döyüş yoldaşları onun qayğıkeşliyi və mərhəmətindən tez-tez bəhs edirlər. O, xidmət etdiyi bölmənin əsgərləri üçün həm rəhbər, həm də yaxın dost olub. Ermənilər Gizir Xanı düşmən tərəfə vurduğu ağır zərbələrə görə xüsusi hədəfə alıblar və onun başına külli miqdarda pul mükafatı təyin ediblər. Buna baxmayaraq, o, düşmən qarşısında əyilməyib və Vətən uğrunda mübarizəsini qətiyyətlə davam etdirib. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi başlayanda da ilk silaha sarılan qəhrəmanlardan biri olub. Onun təcrübəsi və cəsarəti bu döyüşlərdə də ermənilər üçün qorxulu yuxuya çevrilib.
Qəhrəmanlar həmişə bir-birini tanıyır və dəyərləndirirlər. Şəhid polkovnik-leytenant Raquf Orucov da Gizir Xanı haqqında tez-tez danışar, onun qəhrəmanlıqlarından bəhs edərdi. Raquf Orucov uşaqlara, gələcək nəsillərə onun igidliyindən və mərdliyindən örnək kimi danışar, hətta tez-tez onları Xanı ilə tanış etmək üçün onun xidmət etdiyi kəşfiyyat bölüyünə aparardı.
Gizir Xanı Vətəninin və xalqının fəxridir. Onun göstərdiyi igidlik və şücaət gələcək nəsillərə bir örnək olaraq qalacaq. O, sadəcə bir döyüşçü deyil, həm də Azərbaycan tarixinin şanlı səhifələrindən birini yazan əfsanəvi qəhrəmandır.
Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant, "Murov Qartalı" ləqəbli kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova qəhrəman gizir Xanı ilə bağlı bildirib: "Gizir Xanı Raqufla birgə ön xətdə olanda narahat olmurdum. Bilirdim ki, gizir onu həmişə qoruyacaq. Raquf şəhid olanda heç kimdən yox, yalnız Xanı qardaşdan küskünlük etdim. Nə üçün qoruya bilmədin deyə incidim. O gündən Ağdamdakı evimizin qapısı həmişə bu qəhrəman qardaşımıza açıq oldu. Rayona ilk ayaq basanda zəng edib xəbər verdiyimiz insanlardan birincisi oldu. Raqufun itkisindən sonra ordudan tərxis oldu. Döyüşlərdə 3 dəfə yaralansa da, niyə əlillik dərəcəsi almırsan sualıma, "Əlillik alsam, səfərbərlik olsa, müharibə başlasa, məni aparmazlar” deyirdi. Qardaşımın qisasını almalıyam, deyirdi. Vətən Müharibəsinin ilk günlərindən yenə ön xətdə, əsgərlərin yanında yer aldı, Vətən üçün vuruşdu, şəhidlərimizin qisası üçün mübarizə apardı və arzusuna çataraq Ağdama ilk qədəm basanlardan oldu. Xanı qardaş, sənin haqqında pafoslu qəhrəmanlıq sözləri yazmağa ehtiyac yoxdur. Səni bütün Azərbaycan tanıyır. Rütbəcə gizir olsan da, döyüş qabiliyyətin, cəsarətin, mərdliyin bəzi generallardan üstündür. Səni elə cəsarətinə görə çox sevirik. Ağdama ilk daxil olduğun axşam səndən xahiş etdim ki, Raqufun gözüylə, ruhuyla Ağdama bax, şəhid gizir Yasən qardaşımızdan xəbər çatdır Ağdama. Yaxşı ki, varsan. Bizlərə ən böyük təsəlli sizin kimi qəhrəmanların varlığıdır. Səsin həmişə Qarabağın ən uca minarələrindən havalansın".
Qəhrəmanımızla müsahibəmi sizə təqdim edirəm.
-Salam, xoş gördük, Xanı dayı, zəhmət olmasa, özünüzü bizə təqdim edin.
-Mən, Əhmədov Səyyaf Fiqan oğlu Ağdam rayonunun Bağbanlar kəndi ərazisində olan Pirzatlı kəndində 1971-ci il aprel ayının beşi günü anadan olmuşam.Həmin kəndin orta məktəbinə 1977-ci ildə daxil olmuşam, məktəbi bitirmiş 1989-cu ildə Sovet ordusu sıralarına daxil olmuşam. 91-ci ildə sovet ordusu sıralarından qayıtmışam.
-Deməli, biz ağdamlılar, eləcə də bütün qarabağlılar hamısı erməni işğalına qarşı silaha sarıldı, başladıq döyüşməyə. 20 minə yaxın itki verdik, ağır olsa da, məğlub olduq. 94-cü ildə atəşkəs oldu. Sizi məğlub orduda hərbçi olmağa nə vadar elədi?
-92-ci ilin əvvəlləri idi. Rəhmətlik atamla ekranın qarşısında oturmuşduq. Ekranda bir qoca kişi çıxış elədi. Laçından səsləndi ki, gəlin kömək edin, Qarabağ əldən gedir. Çox geniş danışdı. Atam mənə dedi ki, o sənin babandır. Dedim, nə babam? Dedi ki, o sənin Hüseyn babanın dostdur. Mən həmin gündən can atdım ki, mən orduya getməliyəm. Halbuki mənim qardaşım orduda idi, qardaşımı ordudan çıxartmaq üçün çox çalışırdım. Bir sözlə, istəyirdim, qardaşım ordudan çıxsın. Babamın çağırışını görəndən sonra hər kəsə dirəndim ki, mən orduya getməliyəm və Laçın, ya da Naxçıvana. Naxçıvanda da vəziyyət pis idi. Özünümüdafiə dəstələri vardı. Özünümüdafiə dəstələrinə getmək istəmədim. Çünki orada vahid komandan yox idi. Komandir adicə silahı söküb yığmağı bilmirdi. Yəni onun gedib əlinin altında mənim kimi insan xidmət edəcəkdi? Mən də sovet ordusundan təzə gəlmişdim. Mən Sovetin xüsusi təyinatlılarında xidmət edib gəlmişdim. Ona görə çox yüksək döyüş hazırlığım vardı. Günün birində atamla diz- dizə oturdum. Dedim ki, qardaşım ordudan çıxmalıdır, mən getməliyəm. Mən atamla getdim “vayenkomata”, dedim ki, məni ya Laçına, ya Naxçıvana göndərin. Dedim, ordudan gəldiyim beş altı ay olar, çox yüksək dərəcədə döyüş qabiliyyətim var. Aldı, hərbi biletimə baxdı, dedi ki, yox, sən birinci, gedib təlim keçməlisən, neyləməlisən, bir sözlə, məni yola verdi. 15 gün oldu, bir ay, bir ay oldu, iki ay, iki ay oldu, üç ay, üç ay oldu dörd ay. Nəysə belə mənim adım gəldi. Kənddəki tabora əsgər kimi getdim. Çox bərbad gündə bir bölməyə, çox çətin bir bölməyə. Heç kim bir-birini eşitmək istəmir. Vəziyyət elə yarandı ki, mən posta çıxdım. Gördüm ki, heç kim erməni postunun yerini bilmir. Mən təkbaşına gedib dərinlikdə gəzirdim. Hətta 3 km dərinliyə gedirdim. Bu qaydada bir -iki ay xidmət eləmişdik. Gəldilər ki, kəşfiyyat tağımı yaranır, səni bura məsləhət görürlər. Bu qaydada formada olaraq ilk növbədə 2-3 ay taborda xidmət edəndən sonra, 92-ci ilin noyabr ayları olardı, kəşfiyyat taborun kəşfiyyat tağımına əsgər kimi seçildim. Ondan sonra xidmətim başladı...
-Siz 1992-ci ildə könüllü olaraq orduya qatılıb, 2017-ci ilə kimi xidmət etmisiniz. Bir tərəfdə ailə, bir tərəfdə düşmən tapdağı altında olan Vətən. Elə olubmu ki, ailə ilə peşənizin arasında qalasınız?
-Mən 1999-cu ildə ailə qurmuşam. Mənim maaşımla ailə saxlamaq olmazdı. Rəhmətlik atam mənə həm mənəvi, həm də maddi dəstək olubdur. Hətta mən birinci övladımızı peşəmə qurban vermişəm desək, daha doğru olar. Övladım oldu, ancaq mən işdən vaxt tapıb onu həkimə apara bilmədim deyə rəhmətə getdi. Mən ata kimi, istənilən formada bir hərbçi kimi, deyək ki, ailəmi başının üzərinə çatdıra bilmədim, uşaq getdi. Hərbçi peşəsi çox ağır, məsuliyyətlidir. Nələri isə qurban verməlisən, buna gərək ailən də hazır olsun. Bəli, hərbçi peşəsinə, ailəyə yaxın olmaq çox çətindir. Uzağa getməyək, 2016-cı il aprel hadisələrində qonşudakı kişi mənə zəng elədi ki, bala, hamı ailəsini köçürdüb, aparıb, mən də getmək istəyirəm, amma sənin uşaqlarını qoyub gedə bilmirəm. Təsəvvür edirsiniz? Mən istəsəydim hər kəsdən qabaq aparardım ailəmi. Amma hərbçi olduğum üçün utanırdım. Allah haqqı. Çünki caamat deyəcəkdi ki, Xanı ailəsini, uşağını apardı.
-30 illik hərbi xidmətiniz zamanı düşmən arxasında 100-lərlə tapşırıq həyata keçirmisiniz. Əgər artıq hərbi sirr deyilsə, bunlardan bizə danışa bilərsinizmi?
-93-cü ilin ya dekabrın axırlardır, ya da yanvarın əvvəllərdir belə. Qeyri-qanuni özümüz bir tapışırıq yerinə yetirmişik ki, gedək üstlərinə. Gözümüzün qabağında yurd-yuvamızı söküb aparırlar. Altın üstünə çöndərirlər. Gedək, bir şey eləyək.Gözümüzün qabağında işlətdikləri əsirlərimizi xilas edək. Və bir şey eləyək də axır ki. Üç qardaşı şəhidi olan qrup komandirimiz Zahid Əliyev…
-Allah rəhmət eləsin
-…mən – ümumən dörd nəfər keçdik düşmən arxasına. Çox hərəkətdən sonra vəziyyət elə gətirdi ki, 4 erməni gəldi çıxdı üstümüzə. O vaxt da silahlarda səs boğucusu zad yox idi. Orada dörd erməninin həyatını puç elədik. Sonunda biz uzaqlaşası olduq oradan. Uzaqlaşırıq ərazidən. Bildik ki, bu dəqiqə...
-Bəri yoxsa o tərəfə?
-O tərəfə. Bəri gəlsək, bizi tapacaqlar, o tərəfə gedirik. Və bildik ki, bu dəqiqə çox sayda erməni hərbçisi töküləcək əraziyə. Pirzaqlı kəndidəyik. Kəndin içərisindən keçəndə birdən düşündüm ki, ay da, mən niyə uşaqlardan birinə demədim əməliyyata gəldiyimizi? Təsəvvür edirsiniz, hansı abı-abı ilə biz əməliyyata getmişik və hansı işi görmüşük. Orda bir erməni güllələdim, çox zırpı bir şey idi, elə biri ki, onu mən ilk görəndə, ondan çəkindim. Ondan bir 10 dəqiqə sonra bir də rastlaşdım onunla. Ona bir güllə vurdum, o nətəri bağırdısa, Mərzili kəndi böyük yerdi, Allaha həmd olsun, Mərzili kəndinin hər tərəfindən onun səsi eşidildi. Orada bizim əsirləri işlədirdilər. Biz də planımız bu idi ki, əsirlərdən götürək. Nəsə.... Orada erməniyə ikinci gülləni vurmaq üçün üstünə şığıdım. Bağırdı, bir üç metrə kimi qaçdı, getdim, ona yaxınlaşdım, silahı tutdum üstünə, mənə baxdı, baxdı, gözləri çox bərələ qaldı, baxdı, baxdı, qəfil boynu düşdü. Gördü ki, atacam, ürək patladı. Allaha and olsun, bax, heç vaxt yadımdan çıxmır. Onda da öz-özümə dedim ki, ayə, biz görün kimə uduzmuşuq. Mən bunun ayağı boyda yoxam, amma bu belə qorxaqdır. İkinci gülləni yenə vurdum ona. Əminəm ki, onun əli onlarla azərbaycanlı qanına batmışdı. Biz orda 4 ermənini məhv etdik və 10 km-ə kimi dərinliyə getdik. Ən gülməlisi bilirisniz nə idi? Bizim güclü bildiyimiz, çox qabiliyyətli bildiyimiz erməni ordusu gəldi həmin əraziyə, başladılar kənardan ərazini artilleriya ilə vurmağa. Təsəvvür edirsiniz. Mən çıxıb bir ağacın başından baxırdım.Yenə düşünürdüm ki, ay da, biz gör kimlərə uduzmuşuq. Doğrudan biz çox zəif düşmənə uduzmuşduq.
-Neçə gündən sonra qayıda bildiniz?
-Üç gündən sonra keçə bildik.
- Kəşfiyyata gedəndə ən çox sizə təsir eləyən hansı səhə olub? Məsələn, nəyi görəndə çox pis olmusunuz ki, ermənilər bunu elədilər. Bəlkə, çox həssas yerlərə toxunuram.
-Xeyr, yaxşı sual verirsiniz. Həqiqətən, mənim atam çox zəhmətkeş kişi olmuşdu. Allah rəhmət eləsin. Atamın əlləri qabar-qabar olurdu. O vaxt çoxumuzun valideyni elə idi. Mən ömrü boyu unuda bilmirəm. Çox çətinliklə gözəl bir şərait yaratmışdı. İki dəfə gedib baxmışdım. Evimizi yandırmamışdılar. Üçüncü səfər gedirdim, 13 gün idi ki, kəndimiz alınmışdı. Gecə saat 12 ola bilərdi, 1-də ola bilərdi. Və qrupla gəldik, yuxarı çıxmalıydıq. Elə dedim, dönək, bir bizim evə baxaq. İkinci səfər gələndə, görmüşdüm, əşyalardan bir az aparıblar, poldan da bir az söküblər. Üçüncü səfər gəldim ki, ev yanır. Elə yanırdı, elə bil benzin tökmüsən, elə bil barıt çəlləyidir. Evdəki yanan əşyaların qoxusu gəldi burnuma. Təsəvvür edin ki, 30 ildən artıq keçibdi. Harada əski yanırsa, yun yanırsa, pambıq yanırsa, həmən qoxu gəlir burnuma, həmən gün gəlib durur gözümün qabağında. Darvazadan boylananda gördüm, ev elə bir yağ boçqasıdır. Nə qədər çalışdım, yeriyə bilmədim. Yanımda yoldaşlar vardı, qoluma girdilər, oturtdular məni. Həqiqətən, çətin bir an oldu. Ondan çox-çox çətin vəziyyətlər yaşadım orduda. Orduda elə dostlar itirmişəm, elə yoldaş itirmişəm ki, ev yox ee, milyardlar o uşaqların dırnağı eləməzdi... Sadəcə olaraq, bax, o an heç vaxt yadımdan çıxmır və özümə bağışlamıram ki, mən bu evi nətər qoydum getdim ki, atam bunu zülümlə tikmişdi. Bunu bir dılğır erməni yandırdı.
Bir də, ermənilərin bəzi vəhşiliklərini gördüm. 95-96-cı illərdə gördüm, qəbiristanlıqlarda qəbirlərin baş tərəfini qazıb kəlləni çıxartmışdılar. Çox güman ki, qızıl diş axtarırdılar. Bu da mənə çox pis təsir eləmişdi.
-Növbəti sualım belədir: bilirik ki, sizin adınız, Səyyafdır, bu Xanı ləqəbi hardan yaranıb? Əgər mümkünsə məlumat verəsiniz.
-Onu bir neçə dəfə demişəm, mənim, həqiqətən, məlahətli səsim olubdur. Uşaq vaxtı Ağdama Murad müəllimin yanında ikinci səs gedirdim. Bu mənim üçün ən gözəl və unudulmaz xatirələrdir. Qarabağdan-Ağdamdan çıxan əksər sənət adamlarının müəllimi Murad müəllim olubdur. Hə, yaxşı səsimə görə anam məni Xan Şuşinskiyə bənzətdiyi üçün mənə Xanı deyirdi. Ondan sonra kəndə bu ləqəb yayıldı. Doğrusu, özümün də xoşuma gəlirdi. Xan kimi oxumaq istəyirdim. Sonralar orduda tez- tez zümzümə eləyirdim. Ondan sonra hamının yaddaşında Xan kimi qaldım. Kim səsimi eşidirdi, deyirdi ki, bu kişi yaxşı oxuyur, bu oğlan yaxşı oxudu. Təsəvvür edirsiz, hospitalda yaralı yatıram. Səsi olan adam üçün çətindir. Özüm üçün zümzümə edirəm, yaralı əsgər yoldaşlarım, həkimlər gəlib deyirlər ki, bir ana seygahı oxu... Bir dəfə bir əməliyyatdayıq, beşinci gündür qayıtmalıyıq. Beşinci gün qayıdanda keçid alınmadı. Yolun yarısını qayıtdıq geriyə, Kosalar kəndinə girmiş bir erməni səhər tezdən heyvanı gətirib otarmağa. Səhər saat 11 olar. Biz dərin arxda gizlənmişik, başımızın üstündə heyvan otlayır. Mən də yanımdakı yoldaşla zarafat etmək istədim. Rəisimiz yatmışdı. Dedim ki, oxumaq istəyirəm, məndən asılı deyil, ilhamım gələndə tez oxumaq istəyirəm, indi də gəlibdir, odur ki, başlayıb zümzümə edəcəyəm. Yoldaş tez komandiri oyatdı ki, qoyma, bu oxumaq istəyir, yerimizi biləcəklər. O da yuxudan durdu, üzümə baxdı, sonra dedi ki, istəyir, qoy oxusun...
İndi səsim bir az korlanıb. Daha çox ona görə ki, güllə ağzımdan girib, qulağımın yanından çıxıbdır.
-Bu necə olmuşdu? Dəfələrlə yaralanmısınız, necə olub, əgər mümkünsə, bizə danışın.
-Biz kəşfiyyatda olanda erməni Qaradağlı kəndinə basqına keçmişdi. 94-cü ilin aprel ayı idi. Nizami ordu təzə qurulurdu. Geri qayıtdıq və orduya kömək üçün təmas xəttinə getdik.
Kökəltmə məntəqəsi tərəfdə böyük evlər var idi. Çatanda gördük ki,ermənilər artıq evlərə giribdir. Biz açıq döyüşə girməməli idik. Amma bu müharibədir və hər şey həmişə sən istidiyin kimi olmur. Başladım ermənilərə çığırmağa ki, “Bilirəm, sizin çoxunuz qarabağlısınız. Azərbaycan bura çoxlu əfqan döyüşçü gətiribdir, sizi qəsdən irəli buraxıblar ki, mühasirəyə alıb qırsınlar”. Başqa variantım yox idi. Biz 15-20 nəfər idik. Arxada isə Qaradağlı camaatı qaçmamışdı. Mən körpə uşaqlarımızı gördüm. And olsun Allaha... Qorxurdum ki, kəndi əsir götürələr, ona görə erməniləri aldatmağa çalışırdım. Bu körpələr qalacaqdı ayaq altında. Yenidən başladım ermənilərə ki, "mən bilirəm, sizin çoxunuz qarabağlısınız, mənim sizə yazığım gəlir, mən də qarabağlıyam, qayıdın, qaçın burdan, sizə pusqu qurublar, bura əfqanlar gətiriblər, sizi mühasirəyə salıb qıracaqlar." Guya bunlara canım yanırdı. Sonra daha dözəmmədim, onlara tərəf başladım güllə atdım, söyüş elədim. Çox həyəcanlıydım. Mülki adamların əsir düşməsi qorxusu məni dəli etmişdi. Özümü idarə eləyə bilmirdim. Müharibə çətin şeydir. O qədər müharibədən danışan var ki, elə bil film danışır, amma müharibə çətindi. Mən orda şəxsən özümü idarə eləyə bilmədim. Həm çox həyəcanlandım, həm çox əsəbləşmişdim. Bir erməni mənim ağzımdan atdı. Məndən bir az arxada rəhmətlik Şamil idi, Şamildən də arxada Sultanlı kəndindən olan Sübhan var, o idi. Güllə ağzımdan girib qulağımın yanından çıxdı. Bircə o yadımdadır ki, əlimi tutdum boynuma, yerimdə başladım fırlanmağa. Rəhmətlik Şamil özünü çatdırdı. Başımı qoydu dizinin üstünə. Gözüm gedirdi, qan aparırdı. Başımı qaldırdım, bir kəlmə rəhmətliyə dedim ki, Şamil, sabah bacımın toyudur, ölsəm, məni üç gündən sonra apararsan evə, qoy toyu eləsinlər.
Şamil məni Hacıməmməd kəndinə tərəf xeyli gətirdi. Yolda iki dəfə dedim ki, Şamil qoy məni yerə.Qoymadı. Üçüncüdə xeyli gəldik hardasa 500 metrə kimi, dedim ki, Şamil, deyəsən ,ölürəm, qoy məni yerə. Rəhmətlik yavaşca məni qoydu yerə. Qəfildən bizim olduğumuz yerə artileriya mərmisi düşdü. Şamil özünü atdı mənim üstümə, mənə tərəf gələn bütün qəlpələr doldu Şamilin bədəninə..... Yaxşı yadımdadır ki, döş hissəsinin bir tərəfindən qan güclü fışqırırdı, yıxılıb qaldı, özüm ölümcül idim, ona necə kömək edəydim. Sonra bizimkilər gəldi. Kim Şamilə kömək üçün yaxınlaşırdısa, deyidiri ki, Xanını həkimə çatıdırın, məni buraxın...
(gözləri dolur, danışa bilmir...)
…Bir maşın da gəldi, bizi qoydular maşına, hospitala kimi səsini eşitdim. Qan axını çox idi. Koridorda məni Zirəddin əməliyyat edirdi, amma ağlım başımda idi, gördüm ki, Şamili təkərli nasılkada gətirirlər. O tərəfdən bəri bir dəfə yerimdən dedim: -Şamil! Dillənmədi, lap yanıma çatanda bir də dedim, dillənmədi, üçüncüdə bərk qışqırmışam, ondan da özümdən getmişəm. Bir də o vaxt ayıldım ki, vertolyota mindirirlər məni. Şamilin qardaşı da burda məni yola salırdı. Dedim, Şamil necədir, dedilər ki, Şamilin ciddi bir şeyi yoxdur, Olsa, onu da, göndərərdilər, sən ağırsan ki, səni göndərirlər. Sağalandan sonra eşitdim, rəhmətə gedib. Mən Şamillə birlikdə hər şeyimi itirmişəm. Dostumu, sirdaşımı, silahdaşımı, güvən yerimi...
(yenə gözləri dolur...)
Bir dəfə də Pusquya düşdük. Başımızı qaldırmağa imkan yox idi. Təsəvvür edin, güllə kürəyimdən girdi, üzr istəyirəm,yanımdan çıxdı... Orda komandirim-Zahid bəy Xızır İlyas kimi yetişdi və bizi pusqudan çıxardı... 2016-cı ildə istekamçı, rəhmətlik Toğrul Məmmədov şəhid olan gecə, çox çətinlik çəkdik. Erməni snayperlə mənim qolumu qırdı. Bir güllə də bədənimə dəydi. Amma Allah saxlayanda bəndə heç kimdir. Bronijilet məni ölümdən xilas elədi...
-Sizin çox silahdaşınız olub, Allah şəhid olanlara, rəhmət eləsin. Qazilərə də can sağlığı versin. Raquf Orucovu necə xatırlayırsınız?
-Biz böyük bir kişini, komandiri, oğulu itirdik... İndiki kimi yadımdadır. Köhnə hərbi hissə komandiri bizi tanış elədi... Sonra mənə dedi ki, Xanı, bütün tədbirlərdə səni kürəyimin arxasında görmək istəyirəm. Düzü, utandım, fikirləşdim ki, deyəcəklər ki, Xanı hərbi hissə komndirinə yaltaqlanır... Nəsə... Səhərisi özü məni yığdı ki, niyə gəlmədin? Məni özünə sığışdırmadın? Çox utandım. İndi hər dəfə onun televiziyada çıxışını görəndə öz-özümə deyirəm ki, kaş onun arxasında olaydım. Onu qoruya biləydim...
(gözləri dolur)
…Ondan sonra hər dəfə məni çağırırdı ki, Xanı gəl gedək... Bilirsən, hara gedirdik? Ancaq səngər, post... Hər dəfə postdan Ağdama həsrətlə baxırdı...Çox pis olurdum. Sonra öyrəndim ki, anası şəhid olubdur. Ağdama elə həsrət və nisgillə baxırdı ki, elə bil anasına baxırdı. Bölüklə birlikdə yığışmışdıq, yoldaşlar dedi ki, Raqub Orucov deyir ki, bir ana seygahı oxusun. Onda öyrəndim. Allah and olsun, o rütbəyə qalxmış insan olsa da, inan ki, hər kəsə eyni qayğı və tələbkarlıqla yanaşırdı... Əsgərlərə öz övladı kimi yanaşırdı. Həm də çox tələbkar idi. Bu adam mənimlə dost idi. Amma bizim bölüyə gələndə mənim kaptyorkamı yoxlayırdı. Mən də həmişə səliqəli saxlayırdım ki, fikirləşməsin ki, yaxınlığımızdan istifadə edirəm... Bir dəfə məni çağırdı ki, gəl qərargaha gedək. Elə qərargaha çatmışdım ki, bir gizir mənə yaxınlaşdı ki, bəs məzuniyyətə gedirəm, komadirdən xahiş elə, kağızımı imzalasın... Dedim ki, gedirəm otağına, məndən bir 5 dəqiqə sonra gəl... Getdim, qapını açan kimi rəhmətlik dedi ki, gəldin, Xanı? Gedək.
Bu zaman həmin gizir özünü çatdırdı. Raquf Orucov soruşdu ki, kimsən? Gizir özünü təqdim etdi.S onra gəlməyinin səbəbini soruşdu... Raquf bildi ki, mən buna demişəm. Yoxsa giziri bura kimi buraxmazdılar. Mənə baxıb gülümsədi, dedi ki, yoldaş gizir, sənə bir sual verim, cavablasan, kağızını imzalayacam. Tağımındakı əsgərlərin adını və soyadını, ata adını de görüm.
Gizir yarsını dedi, həyəcandan, bu sualı gözləmədiyindən yarısını unutdu.
Rəhmətlik gördü ki, gizir özünü itirib, soruşdu ki, evlisən?
Gizir: Bəli,yoldaş,komandir, -dedi.
-Heç olmasa,qayınatanın adını bilirsənmi?
-Bəli, bəli yoldaş komandir-deyib gülümsədi, məni də gülmək tutdu, giziri də. Rəhmətlik özü də güldü və dedi ki, qaynatanın adını bilirsənsə, sənə ölüm yoxdur. Başın salamat olacaq.
Sənədi imzaladı, yola saldı. Bunu deməkdə məqsədim odur ki, Raqufun həm də yüksək dərəcədə yumor hissi var idi... Ruhu şad olsun, kaş Ağdamın azad olmasını görə biləydi....
-Nəhayət, Ağdamımız, doğma şəhərimiz azad olundu. Təbii ki, ora daxil olan ilk bölmələrdən biri də sizin bölmə idi....Kəşfiyyatçı kimi Ağdama dəfələrlə getmişdiniz. Amma işğalda olan zaman... Bu dəfə isə Azad Ağdama gedirdiniz, nə hislər keçirdiniz?
-Deməli, 20 noyabr 2020-ci il gecə saat 12-dən sonra Ağdama girməli olduq. Zahid müəllimin qrupu daxil oldu. Biz gözləyəsi olduq. Dayana bilmədim. Yoldaşlara dedim ki, mən getdim. Düz Əfətli postundan Ağdamın məscidinə kimi oxuya-oxuya getdim. 30 ildə qısaraq oxuduğum Qarabağ şikəstəsini gur səslə oxuyurdum. Mən fiziki olaraq tək gedirdim, amma hiss edirdim ki, mənimlə birgə neçə şəhid də Ağdama doğru gedir. Sevincdən, kədərdən gözlərim dolurdu. Amma başım dik, alnı açıq, oxuya-oxuya məscidə kimi getdim. Çıxdım məscidin qülləsinə, ordan da oxudum....Çox şükür bu günə, bu yolda çox canlar qurban verdik. Məqsədimizə nail olduq. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu, xalqımızı və Ali Baş Komandanımızı qorusun....
-Xanı əmi, sonda öz övladlarınızın timsalında gənclərə nə arzulayırsınız? Övladlarınızın hərbçi olmasını, sizin yolunuzu getməyini istərdinizmi?
-Vətəni sevin, bu vətən bizə canını fəda edən şəhidlərimizin yadigari və əmanətidir...Vətəni sevmək kifayət etmir. Onu qorumaq və inkşaf etdirmək lazımdır. Bunun üçün gərək yaxşı təhsil alasan, öz işində peşəkar, vicdanlı və əqidəli kadr olasan. Vətənə təkcə silahla xidmət etmirlər. Bu gün dünyanı ağıl və elm idarə edir. Mən gənclərimizə ağıllı, elmli və əxlaqlı olmağı arzulayıram. Mənim bioloji olaraq 4 övladım var. Mənəvi olaraq isə bütün Azərbaycan gəncliyi mənim övladımdır. Qızım və oğlum ali təhsil alırlar. Əgər onların istəyi və bacarığı olarsa, təbii ki,istəyərəm ki, hərbçi olsunlar. Ancaq Xanının oğlu və ya qızı olduqları üçün yox, bacarıqları varsa, qəbul edilsinlər. Mən bütün işlərə belə yanaşıram.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)