Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
17 dekabr görkəmli alim, mətbuat tarixçisi və ideoloji sahənin ustad tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) professoru, həm də unudulmaz müəllimimiz Şirməmməd Hüsəynovun 100 illik yubileyidir.
Bu tarixi gündə, o dahi alimə dörd bir yanı sevgi, ehtiram və minnətdarlıq hissi bürüyüb. O, hələ sağılığında ölməzlik qazanmış nadir şəxsiyyətlərdən idi.
1924-cü ilin qədim Şəki torpağında dünyaya göz açan Şirməmməd Hüseynov öz maarif yoluna Şəki Müəllimlər Institutunda başlamış, daha sonra jurnalistika sahəsində zirvələrə yüksəlmək üçün uzun və məşəqqətli bir yol qət etmişdir. Gənc çağlarında öz ölkəsinin maariflənməsi və maarifçiliyi uğrunda çalışaraq, Zaqatala və Şəkidə müəllimlik etdi, müəllimlərin fədakar mayaqı oldu.
1945-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil olaraq, burada böyük ədəbi-ictimai fəaliyyətə başladı. O, sadəcə elm tələbəsi deyildi, həm də Cümhuriyyət dəyərlərini qorumaq üçün səylə çalışan bir azad fikirli ziyalı idi. Həyatını həmşə təhsilə, tədqiqatlara və milli irsin qorunmasına həsr etmiş Şirəmməd müəllim 1954-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, elmi uğurlarla dolu bir karyera başladı. O, uzun illər boyunca Bakı Dövlət Universitetinin jurnalistika sahəsində çoxlu vəzifələrdə çalışaraq tələbələrə böyük bilik və dəyərlər təqdim etdi. 1971-ci ildə jurnalistika fakültəsinin dekanı təyin olunduqdan sonra bu sahənin əsas sütunlarından birinə çevrildi. Eyni zamanda, mətbuat tarixini tədqiq etməklə milli irsi öyrənən və gələcək nəsillərə çatdıran böyük araşdırmaçıya çevrildi.
Onun elmi yaradıcılığı sadəcə rəqəmlərə sığışmaz. Şirməmməd Hüseynov 30-dan çox kitab, monoqrafiya, 800-dən artıq elmi məqalə yazmış, özəlliklə Həsən bəy Zərdabi, Cümhuriyyət qurucuları Əli bəy Hüsəynzadə və Məhəmməd Əmin Rəsulzadənin irsini öyrənmək üçün yorulmazcasına çalışmış və bu dəyərləri xalqına çatdırmışdır. “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri”, “Milli haqq və Ədalət axtarışında” kimi kitabları onun elmi irsinin parlaq nümunələridir.
Şirməmməd müəllinin həyat və fəaliyyəti istər, sovet dövründə, istərsə də müstəqilliyimiz dövründə yüksək qiymətləndirilmiş, müxtəlif təltiflərə layiq görülmüşdür:1948 — "Nizami təqaüdü", 1966–1972: "Qızıl qələm" mükafatı, 1988 — "Əməkdar jurnalist" fəxri adı, 1991 — Zərdabi adına mükafat, 1992 — Y. Məmmədəliyev adına mükafat, 1998 — Məhəmməd Əmin Rəsulzadə adına mükafat, nəhayət, 2014 Cənab prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni!
Filosoflardan biri deyir: 'Kim adamları tanıyırsa – arifdir. Özünü tanıyırsa – aqildir. Adamlara qalib gəlirsə – güclüdür. Özünə qalib gəlirsə – qüdrətlidir. Biliyi çoxdursa – dövlətlidir. İnadkardırsa – iradəsi var. Təbiətini dəyişirsə – uzunömürlüdür. Öləndən sonra unudulmursa – deməli, ölməzdir."
Bəli, Şirməmməd Hüseynov şəxsiyyət kimi əbədiyaşarlıq qazanaraq hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş elm adamı idi. O, təkcə müdrik elm adamı deyil, həm də güclü mənəviyyat adamı idi. Bugünkü – müstəqil Azərbaycan Respublikasının müasir tarixini yazan və dünənki – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənən, araşdıran Şirməmməd Hüseynova Tanrıdan rəhmət diləyirik.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)