![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Əməkdar rəssam Əsmər Nərimanbəyova beynəlxalq simpoziumda ölkəmizi təmsil edib
Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova bu yaxınlarda Qazaxıstanda keçirilmiş “Botay – Böyük səhranın mədəniyyəti” II Beynəlxalq Simpoziumda iştirak edib.
AzərTAC xəbər verir ki, simpoziumda dünyanın doqquz ölkəsindən olan 20 rəssam iştirak edib. Rəssamlar regionun tarixi və mədəni irsi ilə tanış olub, yeniyetmələr üçün ustad dərsləri keçib, eləcə də "Botay" Respublika Dövlət Muzey-Qoruğunun və Ayırtau rayonunun Şalkar-İmantau kurort zonasının ərazisində plenerdə iştirak ediblər.
Əsmər Nərimanbəyova simpoziumda iştirakı ilə bağlı AZƏRTAC-a təəssüratlarını danışıb: “Bu çox maraqlı, dolğun tədbir idi. İlk həftə biz təbiətin qoynunda işləyirdik, plenerdə iştirak etməklə təəssürat toplayırdıq, təbiətin gözəlliyi ilə nəfəs alırdıq. İkinci həftə artıq Petropavlovskun özündə, emalatxanalarda işə davam edirdik. On beş gün ərzində mən hesabat sərgisi üçün 6 rəsm əsəri yaratdım. Eyni zamanda, biz uşaq evlərində ustad dərsləri keçdik. Bu çox gözəl, müsbət prosesdir. Uşaqlar rəsm əsərlərini bizimlə birlikdə yaradıblar. Uzun masalarda kağız rulonunu açaraq, birlikdə işləmək mənim ideyam idi. Sonra biz bu təcrübəni vidalaşmadan öncə son gün özümüz təkrar etdik— hazır iş kompozisiyasına elementlərimizi əlavə etdik”.
Simpozium çərçivəsində yüzdən çox rəsm əsəri yaradıldığını deyən rəssam əlavə edib: “Sərginin çox gözəl açılış mərasimi keçirilib, yaradıcılığımız tamaşaçıya təqdim olunub. Çox sayda müxtəlif üslub alınıb. Bu cür simpoziumlar — çox gözəl təşəbbüsdür, çünki dünyanın müxtəlif ölkələrindən olan rəssamlar bir məkanda görüşə, ünsiyyət qura, təcrübə mübadiləsi apara bilərlər. Bundan əvvəl mən Serbiyada olmuşam, orada da forumda iştirak etmişəm. Orada başqa bir mühit var idi, çünki dünyanın digər hissəsindən rəssamlar toplaşmışdı. Bu hər zaman çox maraqlıdır”.
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
BİRİ İKİSİNDƏ – Tanınmış tənqidçi Vaqif Yusifli ilə müsahibə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün müsahibə vaxtıdır, tanınmış tənqidçi Vaqif Yusifli ilə müsahibədir. Müsahibəni Dayandur Sevgin hazırlayıb.
“MƏN ƏDƏBİ GƏNCLİYİN DOSTUYAM”
(Söhbət Filologiya Elmləri doktoru Vaqif Yusiflidən gedir – O Vaqif Yusiflidən ki, bu günlərdə 75 yaşı tamam oldu).
Vaqif Yusiflini “Ulduz” jurnalının oxucularına tanıtmağa heç bir ehtiyac duymuram. Onun bizim jurnalda hər il ədəbi gəncliklə bağlı bir neçə məqaləsi dərc edilir. Vaqif müəllim ilk şeir kitabını çap edirən və ya mətbuatda diqqəti cəlb edən şeir və hekayələri ilə maraq doğuran onlarla istedadlı gənc yazar barədə öz ürək sözlərini ifadə edir. O, 56 yaşlı “Ulduz”umuzun ilk oxucularından biridir, 1967-ci ildən bu vaxta kimi “Ulduz”un hər bir sayının oxucusu olub, evində-ona məxsus iş otağında jurnalımızın iki yüzə yaxın nüsxəsini qoruyub saxlayır.
– Vaqif müəllim, sizi anadan olmağınızın 75 illiyi münasibətilə- başda Qulu Ağsəs olmaqla – bütün “Ulduzçular” adından təbrik edirik. Baharın bu xoş anlarında özünüzü necə hiss edirsiniz?
– Desəm ki, əliyyül-əla, yalan olar. Hər bir insanın həyatında olduğu kimi, mənim də həyatımda uğurlu-sevinc gətirən hadisələr və olaylar baş verib, həmçinin çətinliklər, məyusluqlarla üzləşmişəm. Rəhmətlik Arif Əmrahoğlunun mənim 60 yaşım münasibətilə söylədiyi bir fikri xatırlayıram: “Vaqif Yusifli öz keçmişi üçün qətiyyən xəcalət çəkməyən bir insandır”.
– 75 yaşınız var. Özünüzü qoca hesab edirsinizmi?
– Yaş öz hökmünü verir. Mən güzgüyə baxıram və deyirəm: “Ey gidi dünya, Vaqif Yusifli də qocalarmış”. Amma baxıram Anar müəllimə, baxıram Elçin müəllimə, deyirəm, yox, qocalmamışam. Anar müəllim də, Elçin müəllim də (onlar mənim çox sevdiyim ustadlardır) qocalmayıblar, əbədi və ədəbi ruh onları tərk etməyib, gözəl əsərlər yaradırlar, o zaman özümə təskinlik verirəm.
– “Ulduz”un son sayında sizin “Gənc şairlər, sözüm sizədir” silsiləsindən yeni məqaləniz dərc edilib, gənc şairlərdən Elvin İntiqamoğlu, Valeh Qoca, Elvin Nuri və Gülay Tahirlinin şeirləri barədə bir yazı ilə çıxış etmisiniz. Ümumiyyətlə, ədəbi gəncliyə münasibətiniz nə vaxtdan formalaşıb?
– Mən ədəbi gəncliyin üç nəsli barədə (səksənincilər, doxsanıncılar və ikiminincilər) söz demişəm, həm müəyyən bir problemlə bağlı düşüncələrimi ifadə etmişəm, ümumiləşdirmələr aparmışam, həm də ayrı-ayrı gənc şair və nasirlərin yaradıcılığına münasibət bildirmişəm. O ədəbiyyat yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir.
Məni nə düşündürüb? Məlumdur ki, hər bir ədəbi nəsil öz gəlişiylə ədəbiyyata təzə SƏS, təzə NƏFƏS gətirir, bunu ədəbiyyatımızın tarixi boyu izləyə bilərik. Səksəninci illərdə də, doxsanıncı illərdə də, indi yeni əsrimizdə də bu prosesi müşahidə etmişik. Gəlin elə “Ulduz” jurnalında son on-on beş ildə haqqında söz açdığım gənc şair və nasirlərə üz tutaq. Aqşin Yenisey, Emin Piri, Qismət, İntiqam Yaşar, Ramil Əhməd, Günel Eyvazlı, Fərid Hüseyn, Şəhriyar Del-Gerani, Xəyal Rza, Vüsal Nuru, Şahanə Müşfiq, mənim fikrimcə, artıq ədəbi aləmdə özlərini tanıdıblar. Ümumiyyətlə, ikimininci illərin ədəbi gəncliyi həm kəmiyyətcə, həm də keyfiyyətcə fərqli xüsusiyyətləri ilə seçilir. Hələ heç bir onillikdə say etibarilə bu qədər gənc ədəbiyyat aləminə qədəm basmamışdı. Amma ədəbiyyata kəmiyyət yox, keyfiyyət anlayışı ilə qiymət vermək lazımdır.
– Sizin fikrinizcə, ikimininci illərin ədəbi gəncliyi hansı xüsusiyyətləri ilə seçilir?
– Mən “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyim “Ədəbi gənclik-ikimininci illər” adlı 4 məqaləmdə bu haqda geniş söz açmışam. Qısaca təkrar edirəm: söhbət gənc şairlərdən gedirsə, deyim ki, onların yaradıcılığında QAYIDIŞ motivləri daha çox diqqəti cəlb edir. Yəni özünə qayıdış-özünü dərk etməyə, gerçəkliyi, dünyanı anlamağa cəhd göstərməyə, “Mən kiməm” sualına cavab verməyə çalışırlar. Daha sonra: onların şeirlərində tənhalıq da, darıxmaq da, hətta olum-ölüm dilemması qarşısında çabalamaq da diqqətdən yayınmır. Təbii, burada onları qınmaq olmaz ki, darıxmayın, ölümdən az danışın, çünki həyatda qaranlıqlar da var, işıq da. Kiməsə, hansı cavan şairəsə sovet dövrünün inzibati tənqid prinsipindən doğan bir hal kimi heç nəyi diktə etmək olmaz. Ölümdən də yazmaq olar, tənhalıqdan da, darıxmaqdan-hər şeydən, TƏKİ ORTADA ŞEİR OLSUN. Ruhumuzu, zövqümüzü oxşayan şeir.
– Vaqif müəllim, siz bir tənqidçi kimi yox, bir oxucu kimi ikimininci illərdə ədəbiyyata gələn hansı gənc şair və nasirlərin yaradıcılığını xoşlayırsınız?
– Şəxsən mənim üçün tənqidçi, ya oxucu kimi bunun heç bir fərqi yoxdur. Amma ən yaxşı oxucu kimi deyə bilərəm ki, həmişə şeir və hekayələrini səbirsizliklə gözlədiyim cavan yazarlar var. Mən Varisin, Xəyal Rzanın, Günel Natiqqızının, Təranə Vahidin hekayələrini, Emin Pirinin, Aybəniz Əliyarın, Ramil Əhmədin, Allahşükür Ağanın, Tural Turanın, İradə Aytelin, Ruslan Dost Əlinin, Günel Şamil qızının, Rəbiqənin, Vasif Əlihüseynin, Aysel adında üç şair qızın, Taleh Mansurun, Müşfiq Cəbinin, İntiqam Yaşarın, Elvin İntiqamoğlunun, Elnur Uğurun şeirlərini maraqla oxuyuram. Şahanə Müşfiqin “525-ci qəzet”dəki məqalələrini də həmçinin. Ən çox Vüsal Nurunun bir romançı kimi püxtələşdiyinin şahidi oluram. Bir cavan tənqidçi var, adı Ülvi Babasoy, onun da yazılarını izləyirəm.
– Ədəbi gəncliyə sözünüz? Sizi nəsə narahat edirmi?
– Mən özümdən xeyli cavan olan gənc şair və nasirlərə xoşbəxtlik, ədəbi uğurlar arzulayıram. Amma istərdim ki, onlar finişə doğru inamla addımlasınlar. Təkəbbürlü olmasınlar. Bəzən elələri olur ki, özündən əvvəlki ədəbi nəsilləri inkar etməyə çalışır. Lovğalıq, ədabazlıq, özündən xeyli dərəcədə razılıq onların yazılarına da təsirsiz qalmır. Unutmasınlar ki, bu ədəbiyyatda Əli Kərim var, Məmməd Araz var, Vaqif Səmədoğlu var, Ramiz Rövşən var, Vaqif Bayatlı var...
– Vaqif müəllim, bəs “Ulduz” jurnalına nə arzulardınız?
“Ulduz”un baş redaktoru Qulu Ağsəs (o da mənim kimi 20 apreldə doğulub) yaxşı bir tale şeiri yazıb, amma o, şeirdə deyir: “Tüpürüm öz ad günümə” . Amma mən öz ad günümə tüpürmürəm.
“Ulduz” – yenə təkrar edirəm: həmişə mənim sevimli jurnalımdır. Mən özümü bir tənqidçi olaraq “Azərbaycan” jurnalında olduğu kimi, bu jurnalda da rahat hiss etmişəm. Çünki ən gərəkli yazılarım bu iki jurnalda işıq üzü görüb. Nə deyim? Hamınıza can sağlığı, ədəbi uğurlar, hər nömrəni daha sevə-sevə hazırlamağı arzulayıram.
– Sizin “Ulduz”la bağlı gələcək planlarınız?
– Darıxmayın, ədəbi gəncliklə bağlı yeni yazılar gətirəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2023-2024-cü il üzrə yeni teatr mövsümünün açılışı ilə əlaqədar kollektivlə görüş və ümumi iclas təşkil olunub.
Teatrdan yayılan xəbərə görə, teatrın direktoru Naidə İsmayılzadə kollektivi salamlayaraq, onlara ürək sözlərini bildirib. Eyni zamanda növbəti mövsümdə yaradıcı heyətlə görüləcək işlər barədə danışıb, onlara uğurlar arzulayıb.
Sonra teatrın aktrisası, Xalq artisti Naibə Allahverdiyevaya 60 illik yubileyi münasibətilə teatrın fəxri diplomu təqdim olunub.
Bundan başqa teatrın bir qrup yaradıcı heyəti və texniki işçiləri Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev tərəfindən fəxri fərmanla təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Böyük adaşımın ruhuna alqış!
“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının yazısını təqdim edir
Bu il (2023-cü il) Aşıq Əkbər Cəfərovun anadan olmasının 90-cı ildönümü (bu sətirlər yazıldığı avqust ayında isə sənətkarın haqqa yürüməsinin 33-cü ildönümü) tamam olub. Ruhuna alqış!
Sənətkar sağlığında çox alqışlar görüb, çox səhnələrdə çıxış edib, salonları coşdurub, insanları riqqətə gətirib, könüllərə fərəh, üzlərə təbəssüm bəxş edib. O, hələ sağlığında əfsanələşmiş ustadlardan idi. “Sağlığında” deyirik – bəyəm əsil sənətkara ölümmü var? Əsla! Neçə ki sənət var, sənətkar da var. Bir sənətkar ki xatırlanır, undulmur, irsinə üz tutulur, xatirəsi əziz saxlanır – onun haqqında keçmiş zamanda danışmaqdansa, bugünki uğurlarımıza sevinən, sözlərimiz ruhu vasitəsi ilə ona agah olan çağdaşımız, dərddaşımız, uğurdaşımız olaraq danışmaq daha doğru deyilmi?
Tovuz ədəbi mühitinin Azərbaycan ədəbiyyatının inkişafında danılmaz dərəcədə önəmli yeri, rolu vardır. Tovuzda respublika miqyasında, Türk dünyası səviyyəsində yaxşı tanınan, sevilən söz ustadları, o cümlədən, ustad aşıqlar, el şairləri yetişib. Bəli, Tovuz ədəbi mühiti anlayışından da, o mühitdə yetişən aşıq və şairlər haqqında da könül xoşluğu ilə söhbət aça bilərik. İstər Çar, istərsə Sovetlər dönəmində o sənətkarlar bizim ümidlərimizi qoruyub saxlayan aydınlar olaraq çıxış edib.
El aşıq və şairləri xalqın dərdlərini, uğurlarını, ümidlərini dinləyən, dilə gətirən, mətləbə ulaşdırmağa çalışan insanlardı. Həm xalq dərdlərini, uğurlarını, duyğu-düşüncələrini onlara deyib, həm də onlar xalqın dərdlərini, uğurlarını, duyğu-düşüncələrini saza qaldıraraq, yayaraq, öz poetik örnəklərində qoruyublar. Yəni, xalq ruhunun gözəlliklərini, xalqın ümidlərini aydın gələcəyə çatdırıblar – ümidləri inama daşıyaraq...
Tovuzun şenolmuş Bozalqanlı kəndində doğulub, böyümüş Aşıq Əkbər də, zəngin etnoyaddaşa, epos təfəkkürünə və sarsılmaz ümidlərə malik bir sənətkar kimi yetişib. O, həm zil, orta və bəm köklərdə böyük ustalıq, məharət göstərmiş nadir sənətkar, gözəl saz ifaçısı, dastan söyləyən, dastan yaradan və söz qoşan – aşıq poeziyasının az qala bütün qollarında şeirləri olan sənətkardı. Aşığın “Dedilər” qoşmasını sizlərçün incələmək istərdim. Hesab edirəm ki, bu qoşma onun aşıqlıq missiyasının əsas bəlgələrindədnir:
Gözümü açandan, ağlım kəsəndən,
Oğul, çəkmə çox da qəmi, dedilər.
Doğuldum Kür üstə, gəzdim Kür üstə,
Suyun üzündədi gəmi, dedilər.
Sancıldım yurduma, göyərdim, bitdim,
Böyüdüm, boy atdım, məclisə getdim.
Mən sazı özümə havadar etdim,
Aşıq, bizə çal “Kərəmi”, dedilər.
Qarşıladım neçə-neçə yazları,
Yaş ötdükcə təzələdim sazları;
Dünən “əmi” dediyimin qızları,
Bu gün mənə “Əkbər əmi” dedilər.
Siz fikir verin: əsas mənanı orta bəndə yükləyən ustad sanki təbiətin qanunanuyğunluqlarında olduğu kimi, altdan-üstdən mənanı qoruyur, saxlayır, gələcəyə ötürür... Təbiətdə, kainatda, toplumda... toxumu, cövhəri, mənanı, sirri... belə görmüş, belə bilmiş, belə inanmışıq. Baxın, nə sancılar? – kökü-köməci olmayan. – Ting, çubuq sancılar, elə deyilmi? – Yoxsa, kökü-köməci olanı basdırılar, daha sancmazlar ki. Və sancılan da, hər yerdə bitməz; yalnız münbit torpaqda, ötəndən-keçəndən qorunduğu, zədələnmədiyi halda, iqlim şərtləri uyğunsa, göyərər, böyüyər, boy atar. Sancılan varsa, sancan var, qorunan varsa, qoruyan var, əlbəttə! Bəs məclisə kim gedər? – adam gedər, daha ağac məclisə getməz ki. Demək, sancılan çubuq deyil, ting deyil – sənətkar burada bir metafora işlədib. Bu, ustadın ədəbi priyomu, müəyyən qədər də, sətiraltı anlamları poetik biçimdə ötürməsidir. Anlaşılan, ustad xalqın öz kökündən qoparıldığını, qoparılsa da, yenə ana torpaqda, doğma yurdda mayalandığını, tutduğunu anladır. Həncəri derlər, aşıq “ana südü, dağ çiçəyi” misalı, yaxud xarı-bülbülün Qarabağdan savayı özgə yerlərdə bitməməsi kimi bir havanı, mədəniyyət iqlimini gətirir düşüncəyə... Hətta, xarıbülbül başqa yerlərdə bitirsə də, bitirilə və böyüdülə bilərsə də, xalqın yaddaşı Qarabağdan qıraqdakı al-əlvan bağların içində xarıbülbülün olmaması haqqında poeziyanın anlatdıqlarını həqiqət kimi qəbul edib, o poetik həqiqəti yaraşıqlı bulub... – Beləliklə, bir arif, bir kamil-mürşid, bir bilgə olub, o köksüzü torpağa sancıb – onun mayalanmasına, tutmasına ümidli olub, alqış edib, onu qoruyub, bəsləyib, xalqın dünənini, bu gününü, sabaha boylanışını bilib; xalqın diləklərinin ifadəçisi olub, xalqa, təbiətin nizamına, ondan da ötəsi, kainatın ruhuna inanıb. Və çox düz edib!
Bir də, məclisə getmək var işin içində. Sov.İKP iclasına deyil, “İliç lampalı kolxoz”a deyil, nə bilim, “Lenin guşəsi”nə, “Qırmızı otağ”a və b. yerə deyil, məhz məclisə gedir... Bəs məclis – el məclisi haraydı? – Məclis o totalitar rejimdə də, xəlqiliyin qaldığı, milli ruhun təcalla etdiyi, ideolojidən arınmış bir yeriydi, soydaşların özünüifadə meydanıydı, rəsmiyyətdən, ideolojidən bir qədər uzaq ünvanıydı...
Yaxşı, o “kökündən qoparılmış” ana torpağa sancıldı, göyərdi, bəsləndi, böyüdü, məclisə getdi də, sonra nə oldu? – Sonra sazı özünə havadar etdi, məhz sazı! – Leninin kitablarını, Marksın, Engelsin əsərlərini deyil, Kommunist Partiyasının Nizamnaməsini deyil, plenum qərarlarını və s. deyil! – Tanrı kömək olsun, şair Niyaz Nəsir demiş, bax, bu xalis xalq ruhunun cəsarətiydi! – Ancaq bilgələr bilirdi: hələ qəm-kədər dövrü bitməyib, hələ azadlıq üfüqlərinə yetişməyə xeyli zaman vardı... – O zaman, “Aşıq, bizə çal “Kərəmi” dedilər”. – “Kərəmi”ni – kədərin havasını! – O zaman – hələ müstəqil olmadığımız dönəmə məhz o hava uyğundu... Ancaq kədər əbədi deyil, qara bulud Günəşin qarşısında ilmüdam dura bilməzdi və həqiqət Günəşi, əlbəttə parlayacaqdı. Parladı da!..
Beləliklə, ustad aşıq 3 bəndlik bir qoşmada, o qoşmanın da bir bəndindəcə doğma xalqın gerçəkliyini anladıb, bütöv bir dönəmin ictimai-siyasi portretini canlandıra bilib...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Səməd Vurğunun şeirləri İspaniyanın elektron ədəbiyyat jurnalında dərc edilib
İspaniyanın populyar “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Səməd Vurğunun ispan dilinə tərcümə olunmuş “Şair, nə tez qocaldın sən?”, “Mən tələsmirəm...” şeirlərinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – tanınmış ispan tərcüməçisi Raul Poggi Alexandro və ispan dili mütəxəssisi Tutuxanım Yunusovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq, öz səhifələrində İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi dünya korifeylərinin yaradıcılığını işıqlandırır.
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Onun acı taleyi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaxın gəlin dostlar, bu dəfə sizə nağıl danışmaq istəyirəm. Elə bir nağıl ki, sizə Səyavuş Aslanı xatırladacaq, yadınıza o, düşəcək, amma göydən alma düşməyəcək.
Hə, nağıllar necə başlayırdı? “Biri var idi, biri yox”-la. Bəli, bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi.
Deyirdi ki;- “Mən teatr aləminin ən xoşbəxt aktyoru olmuşam. Gülüş ustası Lütfəli Abdullayevi həmişə özümə müəllim bilmişəm. Doğrudur, o, mənə heç zaman dərs keçməyib, amma mənəvi ustadım olub. Bu yaşıma kimi çox sayda rol oynamışam. Artıq qocaldığımı etiraf edirəm. Bu yaşdan sonra özümə ancaq can sağlığı arzulayıram. Amma görürəm ki, Türkiyəlilər qocaman sənət adamlarının sənətlərini də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər. Bizdə isə aktyoru çərlədib yorğan-döşəyə salırlar.”
Bir az müdrik, bir az çılğın, bir az da əhlikeyf idi. Onun teatr və kino sənətimizin ayaqda qalmasında xidmətləri, tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub. Yaratdığı obrazlarla diqqət mərkəzində olan unudulmaz sənətkar dövrünün eybəcərliklərini ustalıqla ifşa edərək, tamaşaçının yaddaşına həkk etdirə bilib...
Bir vaxtlar onunla eyni kollektivdə çalışan Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov deyirdi;- “Səyavuş Aslanla münasibətlərimiz çox gözəl olub, mən onu kifayət qədər çox istəyirəm. Səyavuş müəllim çox yaxın adamım olub. Sadəcə olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu. Mən həmişə onun nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir. Məcbur olub, Səyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət qədər çıxıb mənim haqqımda danışdı. Bu, onun öz fikirləridir. Səyavuş Aslan Azərbaycan teatrının çox mötəbər aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...”
Səyavuş Aslan insan kimi kəskin təzadlı xarakterə malik olub. O, özü qədər sevdiyi qadın üçün göz yaşları tökməyi də, onu dəlixanaya saldırmağı da bacarırdı. Hətta bəzi brend mağazalardan bir kostyum istəməkdən belə utanmırdı, həm də cəsarət göstərib ölkə rəhbərindən özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edə də bilirdi. Şan-şöhrət, uğur, ailə xoşbəxtliyi eyni vaxtda gəldiyi kimi, bir-bir əldən çıxa da bilərmiş. Və bir gün Səyavuş Aslanın da başına bu olaylar gəldi. O, heç bir qadının fitnəsinə uymazdı, Ofeliya Aslan onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrətinə heyran olan qadınlar vardı ki, ona rahatlıq vermirdilər. Bəlkə də onun xoşbəxtliyinə elə haqqında yayılan şayiələr son qoydu. Bu şayiələrdən usanan həyat yoldaşında psixoloji problemlər baş qaldırdı. Elədir, o da ailəsini sevirdi, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmağı bacarmırdı...
Bəli, biri var idi, biri yox. Bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi. Taleyinə yazılan ömrü son saniyəsinədək yaşayıb sonda Bərzəxə köçdü. Bu dünyada çox mükafatlar almışdı- Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Sinəsini "Şöhrət" və "Şərəf" ordenləri bəzəyirdi. Amma Allahın ona o dünyada mükafatı olacaqmı, deyə bilmərəm. Köməçkçisi olan Sədaqət xanım aktyorun ömrünün finalını bir vaxtlar belə təsvir edirdi: “İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Siyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Siyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Adam görəndə çox sevinir. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş müəllim üçün böyük şeydir.
Oğlu Çingiz Siyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O, xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir”.
Yaşasaydı sentyabrın 5-də 88 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!
Gözləməyinə dəyməz, axı demişdim ki, göydən alma düşməyəcək...
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Şuşa Teatrı “Göyçək Fatma”nı nümayiş etdirəcək
“Göyçək Fatma” yenidən Şuşa Teatrının səhnəsində! Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Azərbaycan xalq nağılı “Göyçək Fatma”nın motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Qeyd edək ki, tamaşada bütün hadisələr Fatmanın anası öldükdən sonra baş verir. Ögey ana yetim Fatmanı sevib əzizləmək əvəzinə onu amansız şəkildə istismar edir.
Fatma isə saflığından və sadəliyindən əl çəkmir. Sonda Fatma heç ağlına da gəlmədiyi bir anda ölkə şahzadəsi ilə ailə qurur. Şifahi xalq ədəbiyyatı nümunələrindən biri olan “Göyçək Fatma” nağılının da insanlara vermək istədiyi mesaj ondan ibarətdir ki, dünyada heç vaxt pislər qalib gəlmir. İnsanın qəlbinin təmizliyi isə onu ən uca və ali təbəqələrə qaldırır.
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
“Azərbaycan mədəniyyət həftəsi” Albaniyada böyük coşqu ilə qarşılandı
31 avqust - 3 sentyabr tarixlərində Tirana şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın zəngin mədəniyyəti, kulinariyası və incəsənət inciləri Albaniya ictimaiyətinə təqdim olundu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin ilk günündə Tirana Milli Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərginin açılışı olmuş və Ümummilli liderin şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi ziyarətçilərə təqdim edildi. Həmçinin, Heydər Əliyev Fondunun “Tərəqqinin memarı” adlı fotosərgisi, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlarımızın əsərləri və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsrarəngiz xalçalar nümayiş olundu. Burada ziyarətçilər üçün VR - virtual reallıq qurğuları vasitəsilə Azərbaycanla virtual tanışlıq imkanı yaradılmışdı.
Eyni gündə Tirana şəhərinin İsgəndərbəy Meydanında Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova və İbrahim Babayevin ifasında milli musiqimizin inciləri tamaşaçılara təqdim olundu. Albaniya mədəniyyət naziri xanım Elva Margariti, Albaniyada akkreditə olunan xarici ölkə səfirləri və digər rəsmilər konserti izləyənlər arasında yer almışdılar.
Növbəti gün “Natiq” ritm qrupu və “Mirvari” rəqs ansamblı rəngarəng proqramla çıxış etdilər. “Qavaldaş”, “Qarabağ”, “Yanardağ”, “Mehriban”, “Sarı gəlin” və s. kompozisiyalarını yerli auditoriya böyük coşqu ilə qarşıladı, rəqslərə qoşuldu. Musiqi və rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, İçərişəhər, Şuşa və Cıdır düzünün görüntüləri izləyicilərin böyük marağına səbəb olurdu.
Tədbirin son günündə Tirananın Reja The Could pavilyonunda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş və Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin mərkəzi olan “Hollywood”da rəngli formatda bərpa olunmuş "Arşın mal alan" filmi nümayiş etdirildi.
2 sentyabr tarixində Tirananın İtaliya meydanında Azərbaycan Respublikası Xalq artisti Ənvər Sadığov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi Buta qrupunun etno-caz konserti baş tutdu. Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa etdi.
Azərbaycan mədəniyyət həftəsi çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə İsgəndərbəy meydanında yerli sakinlərə ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat-nəşr materialları təqdim olundu.
Mədəniyyət günləri çərçivəsində Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Margariti, Tirana şəhər meri Erion Veliac və Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdi.
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Niyə?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Xalq artisti Yasin Qarayev öz feyzbuk səhifəsində işlədiyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına indiyədək niyə "Milli" və ya "Akademik" statusunun verilməməsindən gileylənib.
Xalq artistinin sözlərini olduğu kimi sizə çatdırırıq. İnanırıq ki, Mədəniyyət nazirliyi Yasin Qarayevi narahat edən sualları tezliklə cavablandıracaq:
"Keçən mövsüm Mehriban xanım Ələkbərzadənin bizim teatrda hazırladığı "V.X.A." tamaşasınin məşqləri fasiləsiz, naharsız 8, bəzən də 10 saata yaxın davam edirdi. Düzdür, nəticə çox uğurlu və ürəkaçan oldu. Və tamaşaçılar dörd saatdan artıq davam edən tamasanı çox rahat və sevərək qarşıladılar. Bu öz yerində. Məni bir şey narahat edir. Çox çətin və gərgin iş rejimində işləyən və uğurlar qazanan bu teatrın hələ də heç bir statüsü yoxdur. Məsələn, "Milli", "Akademik" və s..
Görəsən axı niyə yoxdur? İş ordadır ki, niyəsini heç mən də bilmirəm."
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Taleyinə böyük missiya, həyatına yarımçıq ömür yazılmış Aygün Vəkilova
“Ədəbiyyat və incəsənət” portalı Fizika elmləri doktoru, dosent Yusif Alıyevin yazısını təqdim edir
Orta məktəbin dördüncü sinfində oxuyurdum. Novruz bayramının təntənəsini yaşayan kənd sakinləri üçün əlavə bir bayram da dahi Azərbaycan şairi Səməd Vurğunun anadan olduğu gün idi. Hər il olduğu kimi bu il də dahi Vurğunun doğum günü Qazaxda, doğma kəndi Yuxarı Salahlıda böyük təntənə ilə qeyd olunurdu. Salahlılar üçün bu bayramın xüsusi özəlliklərindən biri də məhz hər il Səməd Vurğun adına Poeziya evində təşkil edilən ümumrespublika səviyyəli Vurğun gününün keçirilməsi idi. Həmin gün Respublikanın və keçmiş SSRİ-nin tanınmış şair, yazıçı, sənət insanlarını, dövlət xadimlərini və digər təşrif buyurub gələn insanları görməyə el axışıb gələrdi...
...Axşamdan mən də Poeziya evinə getməyə hazırlaşırdım. Amma səhər tezdən atamın örüşə yeni çıxan quzularımızı qardaşımla birgə aparıb Kür çayının sahilində otarmağı tapşırması bütün arzularımı az qala məhv edəcəkdi. Tapşırığa qarşı bir söz deyə bilməsəm də plan axtarmağa çalışdım. Tez qaçıb axşamdan səliqə ilə stolun başına asdığım məktəb şalvarımı, köynəyimi və tər-təmiz təmizlədiyim ayaqqabılarımı gizlincə götürdüm. Yemək qoyulmuş çantanı boşaldıb paltarlarımı və ayaqqabılarımı ora qoydum. Quzuları qova-qova tez örüşə apardıq və otarmağı balaca qardaşıma tapşırıb yaxınlıqdakı “qırmızı ev”ə gedib əynimi dəyişdim. Sonra gizlin yollarla qaçıb Poeziya evinə çatdım. İnsan izdihamından iynə atsan yerə düşməzdi. Artıq qonaqlar gəlmişdi. Dahi rus şairi Puşkinin nəticəsi Qriqoriy Puşkin də Vurğunun yurdunda qonaq idi. Tribunada İsmayıl Şıxlı danışırdı. Mərhum atam İmrayıl müəllimin də çıxışı olacaqdır deyə o da məruzəçilər sırasında dayanmışdı. Atam məni görməsin deyə, qorxudan camaatın arasından xəlvətcə sivişib Poeziya evinə girdim. Səməd Vurğunun ruhu dolaşan bu məkanı ziyarət etməkdən doymadığımızdan, yenə də onun şəkillərinə, kitablarına və şəxsi əşyalarına diqqətlə baxırdım....
... – Səməd Vurğunu çoxmu sevirsən? Anidən verilən sualın mənə ünvanlandığını hiss edərək arxaya döndüm. Hündür boylu, gülər üzlü, xoş təbəssümlü bir xanımın mənə baxdığını gördüm.
– Bəli! Səməd Vurğunu bizim kənddə hamı sevir. O hamımızın doğmasıdır.
– Onun hansı şeirini bilirsən?
– Çox şeirini bilirəm.
–Ən çox sevdiyin şeirdən bir bənd deyə bilərsənmi?
Mərhum əmimin lap kiçik yaşlarımdan əzbərlətdiyi
Vətən yurdu, doğma ocaq! Bəxtiyar insan!
Sənin qartal qanadınla mən uçacağam.
Həyat üçün doğulmuşam yaranışımdan,
Şeir, sənət aləminə nur saçacağam! -
şeirini ilhamla söylədim. Şeiri bitirən kimi həmin xanım məni qucaqlayıb üzümdən öpüb: – Halal olsun sənə, gəl bu şeiri hamının qarşısında tribunada de. Səni anamla da tanış edəcəm - dedi, əlimdən tutub binadan çıxdıq.
Çöldə yaşlı bir şairlə söhbət edən zabitəli xanıma yaxınlaşaraq dedi:
– Ana, bilirsən bu uşaq nədir?
– Nə olub, qızım? Nə edib?
– Səməd Vurğundan bir şeir dedi ki, mat qaldım. İndi istəyirəm tribunada oxusun.
– Ay oğul de görüm hansı şeirdi dediyin. Mənə danış sonra gedib, tribunada deyərsən.
Bayaq söylədiyim şeiri bir də söylədim. Həmin xanım məni dinlədikdən sonra: – Pis demir, apar Tofiq müəllimə təqdim et, - söylədi.
Bu sözləri dedikdən sonra həmin gülərüz xanım məni birbaşa səhnəyə tərəf aparırdı. Amma qara qorxu canımı almışdı. Atama görə tribunaya getməkdən çox qorxurdum. Çünki atam məni quzu otarmağa göndərdiyindən, bura icazəsiz gəldiyimi bilər və sonra məni cəzalandırardı. Ona görə də qorxudan dartınıb xahiş etdim ki, “məni ora aparmayın”. Utandığımı düşünərək gülümsəyib, üzümün ətini barmaqları arasında yüngülcə sıxaraq dedi:
– Yaxşı, deyəsən utanırsan. Amma şeiri desən yaxşı olardı. Hamının xoşuna gələrdi. Heyif!
Həmin şirindil, nəzakətli xanımdan aralanan kimi, birbaşa gəldiyim yolla da quzuların yanına getdim. Bu xanımın kim olduğunu bir neçə il bilmədim. Əlamətlərini kimə söyləyirdimsə, hərə bir ad deyirdi. Atamdan isə soruşmağa cürət etmirdim. Bir neçə il sonra dayım bizə, atama aid olan bir neçə fotoşəkil gətirdi. Şəkillərə baxan kimi üç il öncə mənimlə ünsiyyət quran o gülərüz xanımı tanıyıb atamdan soruşdum:
– Dədə, bu xanım kimdir?
– Aygündür, Səməd Vurğunun nəvəsi, Aybəniz xanımın qızı.
– Nəyə görə soruşdun ki, ay oğul? Tanıyırsan?
– Yox, elə belə soruşdum.
Öz-özümə düşündüm ki, demək ki, çöldə şeir danışdığım o zabitəli xanım da Aybəniz xanım imiş...
İllər sonra tələbə oldum və Bakıya gəldim. Bir gün ilk dəfə dahi Səməd Vurğunun Ev muzeyinə getmişdim. Qonaq otağında ayaq üstə dayanmış iki xanımı tanıdım: Aybəniz Vəkilova və Aygün Vəkilova idilər. Onların məni tanımasını öyrənmək üçün o vaxt söylədiyim həmin bir bənd şeiri intonasiyalı şəkildə dedim. Aybəniz xanım heç nəyin fərqində olmadan: “Sağ ol, ay oğul, səsinlə yaman kövrəltdin məni”, - desə də yanında dayanan Aygün xanım şeirin fərqində idi. Sifət ifadəsi dəyişərək, sanki üzündən də sezmək olurdu ki, xəyal onu 10 il öncəyə aparmışdı.
Birdən: – Aaaa, dayan, dayan, yoxsa sən o vaxt Salahlıda Poeziya evində bu şeiri deyən balaca qara oğlansan?! – soruşdu.
-Bəli, mənəm! Yusif İmrayıl oğlu.
Balaca uşaq kimi boynumu qucaqlayıb üzümdən öpərək gözləri yaşaran Aygün xanımla tanışlığımız buradan başladı...
Hər dəfə Səməd Vurğunla bağlı istənilən bir müzakirə olardısa hökmən mənim fikrimi öyrənmək üçün zəng edərdi. Məlahətli səsi, nəzakətli danışığı, məntiqli sualları ilə mənimlə qısa bir polemika aparardı. Məsələyə özü istədiyi kimi aydınlıq gəldikdən sonra: “Arada görsən, gəl-get buralara” deyərək sağollaşardıq.
Həmişə yazdığım yeni məqalələri göndərərdim oxuyardı. Gərgin anlarında, amansız xəstəlikdən ağrıyan vaxtlarında şirin Qazax ləhcəsi ilə lətifələr danışıb güldürərdim onu. Amma o, üzdən gülərdi, sadəcə...
Dəfələrlə muzeyə gedərkən yaraşıqlı oğlu, anadangəlmə fitri istedada malik Vurğun Vəkilovun royal arxasındakı ifasına qulaq asmaqdan doymazdıq.
Oğlanlarım Nadirlə Atabəyi muzeyə apararkən onlara: “Bax siz də böyüyəndə Vurğun kimi oğul olun”, - deyərdi.
Heyif ki, həyatını həsr etdiyi Vurğunun möhtəşəm uğurlarının davamını görmədi. Qısa zaman kəsiyində münasibətimiz olsa da bir ömür boyu danışılacaq xatirələri yaşayır yaddaşımda.
Bir gün dəyərli elqızım Dürdanə xanım Vəkilova Səməd Vurğun irsinin öyrənilməsi və təbliği ilə bağlı yazdığım bütün yazıları, məqalələri və sosial şəbəkələrdəki status və rəyləri bir yerə toplayaraq Aygün xanıma təqdim edir. Aygün xanım da bundan çox sevinərək niyə bu haqda gec xəbər tutduğuna görə özünü qınayır. Elə həmin il, 2013-cü ildə mənə Səməd Vurğun Fondu adından “Səməd Vurğun mükafatı”nı təqdim etdi. Həyatımın ən dəyərli təqdimatı oldu, Səməd Vurğun mükafatı laureatı olmaq…
Aygün xanım çox böyük sevgi və məhəbbətlə bu mükafatı mənə təqdim edərkən: “Yusif, bu mükafat elə belə mükafat deyil. Gərək sona kimi daim Səməd Vurğun dünyasında olasan. İnşallah, səninlə birgə çox layihələr həyata keçirəcəm”, – dedi. Amma sən saydığını say, gör fələk nə sayır...
Taleyinə böyük missiya, həyatına isə yarımçıq ömür yazılmış Aygün xanımı 2015-ci ilin yazında qəfil ölüm bizdən alıb apardı. Bütün hər şey başladığı yerdə donub qaldı...
Məkanın cənnət olsun, əziz bacım, dəyərli insan, sevimli dost!
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)