Super User
Uorren Baffet: “Öz vəsaitinizlə yaşayın!”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 qaydadan ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.
Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.
Qayda 10
Çökən müəssisədən vaxtında çıxmağa çalışın!
«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».
Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:
Qayda 11
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Qayda 6
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Qayda 7
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
Qayda 8
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
Qayda 9
Öz vəsaitinizlə yaşayın!
«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital toplayın».
Qayda 10
Qətiyyətli olun!
«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Bir içimlik Musiqi
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Milli Konservatoriyası barədə qeydlər - 1-ci yazı
Azərbaycan - zəngin mədəniyyəti olan istedadlar ölkəsidir. Artıq azad Azərbaycanın azad övladı kimi bunu deyə bilirəm. İncəsənətimizdə fərəh və sevinc duyulmaqdadır. Əvvələr yaranan Vətən həsrətli əsərlər daha qələbə sevinci ilə əvəz olunub.
Azərbaycan özünəməxsus mədəniyyəti ilə dünyaya səs salan bir mədəniyyət ocağıdır. Onun muğamı, musiqisi, musiqi alətləri dünyanın heç bir yerində yoxdur. Sizlərə musiqi diyarı olan Vətənimin bir təhsil ocağı haqqında danışmağı özümə borc bildim. İnsan sevdiyi işlə ucalır, daha düzgün desəm, insan sevdiyi işdə özünü daha çox xoşbəxt sanır. Bu xoşbəxtliyimi sizinlə bölüşürəm. Bu gün söhbət acacağım təhsil və mədəniyyət ocağı Mətbuat Katibi olduğum Azərbaycan Milli Konservatoriyasıdır.
İşə başladığım ilk günü tərəddüd içində idim. Yalnız ətrafdan dost-tanış və təhsil ocağının mehriban rektoru Siyavuş Kərimi "sən bunu bacaraqsan" kimi təkidi sayəsində içimdə olan sözlə ifadəsi olmayan bir hiss geri durmağa mane oldu. Sabah yeni ümid və həyacanla deyilən vaxtda işdə oldum.
SABAHLAR
Azərbaycan Milli Konservatoriyasının özünəməxsus ənənə və ritualları olduğunu bilirdiniz? Konservatoriyanın sabahı dəhlizlərdə səslənən xor və orkestrlərin musiqi sədalarıyla başlayır. Yeddinci mərtəbəyə qalxırıq, kafedra müdirləri, dekanlar və digər idarə heyətiylə bərabər Siyavuş müəllim çox keçmir ki, dəhlizdə bizi salamlayır. İlk olaraq xor kollektiviylə görüşür, tələbələrin davamiyyətini yoxlayır. Orkestr füsünkar ifasıyla nəzər cəlb edir. Sonra bildim ki, bu orkestr Azərbaycan Milli Konservatoriyasının tələbələrdən ibarət olan “Buta” adlı Xalq Calğı Alətləri orkestridir. Siyavuş Kərimi, təhsil işləri üzrə prorektor Malik Quliyev, kafedra müdirləri çox diqqətlə dərsi, tələbələrin davamiyyətini izləyirlər. Alətlərin hansı vəziyyətdə olduğunu belə yoxladıqdan sonra beşinci, dördüncü, ikinci mərtəbələrdə dərslərdə olan xor və orkestr kollektivlərinin dərslərində oluruq. Bəzən bu sabahlarda çoxlu qonaqlarımız da olur. Rektorumuz deyir ki, səfirliklərdən və yaxud musiqi məktəblərindən, liseylərdən gəlmək istəyən qonaqları məhz “sabahlara” təyin edirik. Qoy gəlib Konservatoriyanın günü necə başlamasından xəbərdar olsunlar. Çünki hec yerdə belə bir nümunə yoxdur.
Sabah yoxlanışından sonra rektorumuz, müəllimlər, kafedra müdirləri, hər kəs işinə qayıdır. Gün öz axarıyla davam etməyə başlayır.
AXŞAMLAR
Azərbaycan Milli Konservatoriyasının
axşamları da qeyri adi olur. Çünki gündəlik tədbir və mükafatlandlrmalar, müxtəlif forum və təqdimatlarda iştirak edən Konservatoriyanın yetirmələri haqqında yazmaq üçün bəzən axşam saatlarına qədər işdə qalmağa məcbur oluram. Dəhlizlərdən gələn musiqi sədaları, professional ifalar, istedadlı tələbələr nəzərimi ilk gündən cəlb edir.
Ötən il Azərbaycan Milli Konservatoriyasında olan bütün tədbirlər, hesabat konsertləri Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində nəzərdə tutulmuşdu. Bu səpkidə bir neçə tədbirin şahidi oldum.
HESABAT KONSERTİ
Milli Vokal Kafedrasının “Fikrət Əmirovun yaradıcılığına səyahət” adı altında təqdim olunan hesabat konserti sanki tələbələrin deyil, məşhur opera ifaçılarının konserti kimi görünürdü. Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu, tələbələrin həyəcanı diqqətimi cəlb etdi. İlk əvvəl özümü təqdim etmək üçün müəllim ilə görüşdüm. O, gülər üzlə məni qarşıladı. Bu, Respublikanın əməkdar artisti, Milli Vokal Kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim Zenfira İsmayılovadır. Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu Zenfira xanıma və onun istedadlı tələbələrinə uğur diləyib, zala daxil oluram. İzləyicilər yavaş-yavaş öz yerlərini alırlar. Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sevimli müəllim və tələbələrə uğur diləyib, tədbiri açıq elan edir. Tədbir Fikrət Əmirovun foto görüntüləri fonunda bir-birindən zəngin əsərləriylə davam edir. Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər təhsil alan tələbərin eyni səhnəni yüksək peşəkarlıqla bölüşməsi olur. Tələbələr səhnədə sərbəst, səslərinə və səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər.
Fikrət Əmirovun “Sevil" operasından səslənən Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək. Zeynəb Hüseynova sanki həmin obrazların bütün səhnə keyfiyyətini mənimsəmişdir. Opera səhnəsində bir çox Dilbərlər gördük.
Tələbənin ifa etdiyi Dilbər obrazı heç də onlardan geri qalmırdı.
“Laylay" əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıların qəlbini fəth etməyi bacardı. Səhnə professionallığı, sərbəstliyi, ona hakim olmağı sevir.
Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun "Şeyx Sənan" əsərindən Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlığına söz tapa bilmədim.
Tələbələr bir-birindən gözəl ifalar nümayiş etdirdi. Bu, Zenfira İsmayılovanın ucalığı və uğuru idi. Konsert boyu Fikrət Əmirovun video görüntülərini görüb, səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi, bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azərbaycan operasının əsasını təşkil edir. Bir bəstəkarınn böyüklüyü onun insan ruhuna, düşüncəsinə yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır.
VOKALÇILARIN UĞURU
Milli Vokal Kafedrası Vokalçıların III Beynəlxalq Festivalında konsert proqramı ilə çıxış etdi. Bu uğurlu konsert də unudulmaz anlar yaşatdı.
Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocaqdan musiqi sənətinə atılan qığılcımlar daim yaşayacaq. Burada mövcud olan nizam intizam, tələbələrin təlim - tərbiyə və təhsili yüksək səviyyədədir. Tələbələr sənət sevgisiylə yaşayan hər biri ayrılıqda bir istedaddır. Onları dəhlizdə, dərsdə və böyük səhnədə gördüm. Zənnim məni aldatmadı. Onların hər birinin amalı yaradıcılıqdır. Rektor, xalq artisti Siyavuş Kərimi öz çıxışlarında tez-tez vurğulayır ki, ilk öncə yaradıcılıq, sonra nizam-intizam, davamiyyət. Çünki daima təkrarlamaq və öz üzərində çalışmaq yalnız insanı uğura apara bilər.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Emin Ağalarov “DREAM FEST” Beynəlxalq musiqi festivalının keçiriləcəyini elan edib
Dubayda keçirilən “ZHARA FEST” musiqi festivalı zamanı tədbirin təşkilatçısı və təşəbbüskarı Emin Ağalarov iyulun 24-dən 28-dək Sea Breeze Resort kurort şəhərinin səfalı sahilində təşkil olunacaq “DREAM FEST 2024” beynəlxalq festivalına start veriləcəyi ilə bağlı rəsmi açıqlama verib.
Emin Ağalarovun mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, “DREAM FEST” iştirakçılarının coğrafiyası dünya miqyasında təqdim olunacaq: Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri. Tamaşaçılar beş gün ərzində Xəzər dənizinin sahilində açıq havada möhtəşəm, inanılmaz şoudan və 250 artistin çıxışından həzz alacaqlar.
“Yayda “Sea Breeze Resort”da dünya musiqi festivalları tarixində heyranedici hadisə - “DREAM FEST” musiqi festivalı keçiriləcək. Biz festival mədəniyyətinə tamamilə yeni baxış tətbiq etmək istəyirik. “DREAM FEST”də bir çox ölkələrdən musiqiçilər, müxtəlif illərin “Eurovision” ulduzları iştirak edəcəklər. İnanılmaz miqyas və həmişəki kimi nəhəng planlar”, – deyə festivalın təşkilatçısı Emin Ağalarovun şərhində bildirilir.
TV tamaşaçıları da festivalın televiziya versiyasını izləyəcək, özlərini tədbirin birbaşa iştirakçıları kimi hiss edə biləcəklər.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Otel otağı, Nikola Tesla və “Tesla” avtomobili
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
7 yanvar 700-dən çox ixtirasıyla məhşurlaşmış Nikola Teslanın bir otel otağında kimsəsiz öldüyü gün idi. Bu yazım onun barəsindədir.
“Fərz edək ki, mən sizi öldürməyə cürət edirəm. İkincisi isə siz bunu qabaqcadan bilirsiniz. İndi yəni bu yaxşı iş deyil? Başqa hansı proses bütün bu fikirləri əhatə edə bilər ki?"
Bu fikir öz ixtirasını açıqlamağa çalışan Nikola Teslaya məxsusdur. Nikola Tesla müasir dəyişən cərəyanlı elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısıdır.
Tesla 1884-cü ildə ABŞ-nın Nyu-York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O, tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformatoru müşavir kimi Tesla üçün çalışan Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.
Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu-Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektinin qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator generatorları ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.
Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı. Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi. O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu-York otellərində yaşayıb. Tesla 7 yanvar 1943-cü ildə vəfat etdi. Onun yaradıcılığı vəfatından sonra unudulmağa başladı, ancaq 1960-cı ildə Çəki və Ölçülər üzrə Baş Konfrans Beynəlxalq Sistemlərdə onun şərəfinə maqnit induksiyasının vahidini tesla adlandırdı. Teslaya aid hekayələrə 1990-cı illərdən bəri populyar mədəniyyətdə yenidən maraq oyandı.
Və ən nəhayət, dünyanın ən zəngin şəxslərindən biri və birincisi İlon Mask “Tesla” kompaniyasını yaradaraq mərhum alimə ölümsüzlük bəxş etdi.
Yeri gəlmişkən, Bakının küçələrində şütüyən “Tesla” elektrik avtomobillərinin sayı artmaqdadır, diqqət etmisinizmi?
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “İnanmıram…”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb.
İnanmıram
(içimdəki nəğmələrdən)
Yazırsan ki: “Dərdimnən ölürsən” –
inanmıram,
təzə şəkillərində hönkürüb gözlərini
silirsən – inanmıram,
Axıdıb sellərini, tökürsən dillərini,
hey ... üzünə-dizinə çırpırsan əllərini,
yadıma salıb hər an acı əməllərini,
bilirsən – inanmıram,
İnandım hər sözünə, alışdım hər közünə,
verdiyin əzabların dözmüşəm hər üzünə,
duysam da dəli olub sənin özün-özünə
gülürsən – inanmıram,
Axşamlar erkən düşür, isti mənnən gen düşür,
həyətdən səsin gəlir, eyvana kölgən düşür,
bezib yalanlarınnan həsrət məni üşüdür,
gəlirsən – inanmıram...
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Aygün Bəylər: “Mәn oxuyanda ürәyimi göstərmәk istəyirəm....”
“Ədəbiyyat və incəsənət” portalı bir müddət öncə oxucularına tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim etdi. Rubrikada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olundu. Bu müsahibələrdən biri – lap sonlarda dərc ediləni Aygün Bəylərdən götürülmüşdü, 1998-ci ilin sentyabrında. Dünən olduqca istedadlı, səsi ilə hamını heyran qoyan Aygün Bəylər vəfat etdi. Görəsən, ölümündən 25 il əvvəl müğənni nə düşünürdü? Ömrünün vaxtsız qırılacağına nə isə bir hissiyyat var idimi onda?
-Aygün xanım, sənətə gәlişiniz necә olub?
-(gülümsəyərək) Әvvәllər toylarda nağara çalardım. Sonra toyda qarmon çalan xalam mәnә mәslәһәt gördü ki, sәnin “slux"un var. Niyә maһnı oxumursan? 13 yaşından etibarәn nağara çalırdım. 19 yaşımdan müğәnni kimi fәaliyyәt göstәrirәm.
-Bәs, televiziyadakı ilk çıxışınız necә oldu?
-Mәnim çıxışım Ramiz Mirişlinin çox xoşuna gәlmişdi. O mәni "Gәl, sәһәrim" verilişinә dәvәt etdi vә bu verilişdәn sonra birdәn-birә bütün respublikada mәşһurlaşdım.
-Demәli, siz musiqi tәһsili almamısınız?
-Bu il Bakı Dövlәt Musiqi Akademiyasının muğam şöbәsinә daxil olmuşam.
-Hәlә dәqiq mәlum deyil. Yәqin ki, İslam Rzayev olacaq.
-Tәһsil almamısınızsa, çox çәtin muğamlarımızı indiyәdәk necә ifa edirdiniz?
-Beş il әrzindә mәn Alim Qasımovun һәtta iyirmi il bundan әvvәl yazılmış “zapis"lәrinә qulaq asmışam. Mәһz bu mәndә muğam oxumağa böyük һәvәs oyatdı.
-Siz oxuyanda eһtiyatda olan bütün sәsinizi sәrf edirsiniz. Müəyyən müddәt keçәndәn sonra sәsinizin korşalaçağından eһtiyat etmirsinizmi?
-Eһtiyat elәmirәm, amma qorxuram. Elә ona görә dә oxumağın texnikasına yiyәlәnmәk üçün Musiqi Akademiyasına daxil olmuşam. Bir dә ki, qadınlarda sәs 40 yaşa qәdәr getdikcә güclәnir. Ağaxan Abdullayev mәnә deyir ki, sәnin sәsin günü-gündən güclənəcək.
-Sənət alәmindә kimi zirvә һesab edirsiniz?
-Zeynәb Xanlarovanı. Zeynab xanımın maһnılarını uşaqlıqdan çox sevirәm. Mәnim fikrimcә, o, ideal müğәnnidir.
-Zeynәb xanımla şәxsәn tanışsınızmı?
-Bәli. Konsert zamanı o, mәnә yaxınlaşdı vә bildirdi ki, mәnim ifamı bәyәnir. Konsertdә Heydәr Әliyev dә iştirak edirdi. Zeynәb xanım mәni Prezidentә tәqdim etdi vә bir yerdә şәkil çәkdirdik.
-Әgәr elәdirsә, niyә daһa çox İbraһim Tatlısәsin maһnılarını oxuyursunuz?
-Bunu mənә һamı deyir. Amma mәn bu fikirlә razı deyilәm. Mәnim öz stilim var. Mәn Azәrbaycan maһnılarını türk maһnılarından daһa çox oxuyuram. Amma nәdәnsә, oxuduğum türk maһnıları xalq arasında daһa çox populyardır. Mәn һәr stildә oxumağı xoşlayıram. Hәtta rus maһnıları da oxuyuram. Ümumiyyәtlә, klassikanı sevirәm.
-Az-az gedirәm. Tanışlar әl çәkmirlәr. Bir də ki, müәyyәn maliyyә problemlәri var. Mәnim öz ansamblım var - “Şövkәt” ansamblı. Onu saxlamaq lazımdır.
-Ailәnizdә sizdәn başqa incәsәnәt adamı varmı?
-Atam vә anam tәqaüdçüdürlәr. Dörd bacım, bir qardaşım var. Bacılarımdan Zümrüd vә Aynurә müğənni kimi formalaşırlar. Zümrüd, ola bilsin ki, gәlәcәkdә mәni ötüb keçsin.
-Şәһәrdә sizi tez-tez maşın sürәn görürük.
-Maşınım “09”-dur. Üç-dörd ay olar ki özüm sürürәm. Tez-tez yol һәrәkәti qaydalarını pozuram (gülür)
-Tanıyırlar vә "çest” verib gedirlәr. “Avtoşkola"nı һәlә bitirmәmişәm. Kәsirim var, diplom ala bilmirәm.
-Ailә qurmaq һaqqında düşünürsünüzmü?
-Hәlә ki, elә bir fikrim yoxdur. Mәndәn balacaları bir yana çıxardım, sonra.
-Bir sәһәr durub görsәniz ki, sәsiniz batıb, nә edәrsiniz?
-(Qulaqlarını çәkir) Oy... Allaһ eləməsin. Bir dә ki, başqa sәnәtim də var - nağaramı çalaram. Royalda da çox gözәl çala bilirәm.
-Heç sizә evlәnmәk tәklif edәn olub?
-Mən özümü elə aparmıram ki, tәklif etsinlәr.
-Arzum budur ki, məni da başqa gənc müğənnilər kimi bayram konsertlərində, rəsmi təntәnәlәrdә oxumağa dәvәt etsinlәr.
-Yox. Cəmi iki dəfә "Xoş gəlmisiniz”ə dәvәt ediblәr.
-Yox, yox. Heç vaxt işim düşmәyib. Balaca olanda bir dәfә anam mәnә baxdırdı, "sıqan" dedi ki, gәləcәyin çox parlaq olacaq.
-Hәmişә kişi paltarında oxuyursunuz. Nə üçün?
-Xalq mәni belə tanıyıb vә belә qәbul edib. Başımda papaq olmayanda sәsim çıxmır. Kişinin papağı başında olar (Gülür)
-Niyә çox vaxt retro maһnılara üstünlük verirsiniz?
-“Yandım, elә yandım”, “Qızlar bulağı".,. Ramiz Mirişlinin bu maһnıları, elәcә də, Şәfiqə Axundovanın, Caһangir Caһangirovun və digәr korifeylәrimizin maһnıları imkan verir ki, müğәnni oz ürәyini tam açıb göstәrə bilsin. Mәn oxuyanda ürәyimi göstərmәk istəyirəm.
-Qorxmursunuz? Ürәk yaman şeydir.
-Üç dəfə sәһnədә başım fırlanıb. Tutmuşam stuldan, dayanmışam.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
- (gülür) Mənim üçün һeç burda da pis deyil.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
“Könlündən bahar keçən şair” - ƏDƏBİ TƏNQİD
Təranə Dəmir, “Ədəbiyyat və incəsənət”
Sinəsinə baş qoyduğum,
Hasarına daş qoyduğum,
Ağacına quş qoyduğum
Bağlar məni tanımadı- deyən şair əslində zamanla söz güləşinə çıxır, vaxta barmaq silkələyir. Qazandıqlarının, itirdiklərinin haqq- hesabını çəkir bəlkə də. Heca-heca, misra-misra, sətir-sətir, vərəq-vərəq həm də. Amma bircə şeydən arxayındı ki, sözü də əqidəsi kimi bütövdü, əyilməyib. Sözünə də, özünə də sahib çıxmağı bacarıb. Öyündüyü bir ürəyidi, bir peşəsi, bir də şairliyidi. Bütün bunları bir arada cəm etmək, yaşatmaq və qorumaqsa hər kəsə nəsib olmur.
Bu həyatı dolu-dolu yaşamaq da hər adamın işi deyil. Tanıdıqca kəşf etdiyim, hər gün bir az da tanıdığım, doğmalaşdığım adamlar çox deyil. Ancaq deyərdim ki, hərəsi bir orduya dəyən adamlardı. Ərklə söz verib söz aldıqlarım da bir ovucdu. Bir ovucun içində sözüylə həyat yoluna işıq tutan adam kimi adam, şair kimi şair Fəxrəddin Teyyub da var. Qışın şaxtasında, sazağında dünyaya bahar ətirli şeirlər gətirən, sözündən-söhbətindən doymadığım, sözün nazını sevə-sevə çəkən Fəxrəddin Teyyubdan danışıram. Arada bir fəsil fərqimiz var. Vəssalam. Amma ruhumuz eyni yerdədi. Elə sözümüzün canı da sevgidi, Vətəndi, torpaqdı, daşdı. Sözə sığalımız da oxşardı. Bircə fərq var. O bahara qışdan boylanır, mənsə payızdan. Əsas odu, eyni pəncərədən baxmağı bacarırıq. Ərkimiz də, görkümüz də özümüzədi. Heç kimlə işimiz olmaz. Bircə sözümüzə toxunmasınlar. Onun kimi mən də ürəksiz heç nə yaza bilmirəm. Elə bu yazını da ürəyimin səsiylə yazıram. Daha doğrusu, ürəyim diktə edir. Pafossuz, emosiyasız, sakit, səssiz. Elə qəhrəmanım kimi.
Bu sönən ocağı qalayaq bir də,
Külünün altında köz qalıb axı.
Gələndə nə cığır, nə də yol axtar,
Qəlbimdə həsrətdən iz qalıb axı.
Sevginin haysız, küysüz izharı, həsrətin odu, alovu, ayrılığın göynərtisi şair dilində boyasız, bərsiz, bəzəksiz şeirləşir. Misra-misra hopur duyğularımıza. Amma hardasa bap-balaca, lap iynənin ucu boyda bir ümid var. O ümid yaşadır şair Fəxrəddin Teyyubu .
Məhəbbət qoxuyur hər yaşıl çəmən,
Dərənin yanında, çayın yanında.
Yerdə görüşməkdən utanıram mən,
Gəl gedək görüşək ayın yanında -deyən şair içindəki o gizlin işığı sönməyə qoymur. Söz-söz düşür o işığın dalınca. Bilir ki, hardasa bir işıq gözləyir onu.
Eyni zamanda çox üsyankar tərəfi var şeirlərinin. Haqsızlığa, ədalətsizliyə meydan oxuyan şairdi həmkarım. Həm də bütöv Azərbaycan sevdalısıdı. Vətənini cığır-cığır, hasar-hasar, yol-yol, divar-divar sevən şairdi həm də:
Ürəyim sızlayır, gözüm yaş tökür,
Nə vaxtdı nə göyün, nə də yerinəm.
Bir gözüm Arazdı, bir gözüm də Kür,
Həsrət körpsüyəm, Xudafərinəm....
Çayın da dərdi var, yarası dərin,
Hönkürən dalğalar nə zillət çəkir.
Bir vaxt mənəm deyən müştəbehlərin
Səhvinin ağrısın bu millət çəkir.
Söz danışır, dilləşir dünyayla. Odlu, alovlu olsa da yenə də pafossuz, içdən.
Fəxrəddin Teyyubun şeirlərinin çəkisi ağırdı. Hər ruh çəkə bilməz. Həm də şair dayazda üzməyi sevmir. Dərinə baş vurur. Baş vurduqca da daha qiymətli inciylə, sədəflə dönür oxucusunun yanına.
Şairin sözü azaddı, buxovlanmayıb. Onun şeirlərində hər kəs özünü tapa bilər. Şair hər kəsin diliylə danışmağı bacarır. Ona görə də şeirləri hamının ruhuna hopur. Bir sözlə, Fəxrəddin Teyyub sözünə arxalanan, sözü özünə qalxan edən şairdi. Sözüylə dağ yaran, qaya çapan, susuz səhraları gülüstana çevirən söz fədaisidi. Fəxrəddin Teyyub sözün əlindən tutub yeriyən şairdi həm də. Onun sözü yalanı, riyanı, boyanı sevmir. Söz ona, o da sözünə söykənir. Heç kimə deyə bilmədiklərini varaqlara pıçıldayan şair ürəyinin yanğısını, ağrısını qələmlə birgə çəkir. Odunu qıraqdan hiss edirsən bu alovun. Yaxınlaşmağa qorxursan. Elə uzaqdan uzağa vurulursan bu günəşə. Şairin ovqatını yazılarından duyursan. Hansı havaya kökləndiyini də... Onun susmağı da şeirdi... Susqunluğunda da qəribə amiranəlik var. Oxucu sözünün hökmündən tanıyır Fəxrəddin Teyyubu. Zamana meydan oxuyan şair bəzən səhvini də elə gözəl ört-basdır edir ki, adamın bu səhvi onun üzünə vurmağa da dili gəlmir. Dumduru fikirlərdə yuyunub təmizlənir bu əyər-əksiklər də. Bu da özünəməxsusluğun təntənəsidi. Əsas odu ki, bütün şeirlərində şair özüdü, öz düşüncəsi, öz fikri, öz ovqatıdı.
Görmüsünüz bir kimsəyə baş əyəm?
Haqqa qulam, nə ağayam, nə bəyəm,
Yükünüzü daşımağa dəvəyəm,
Mən olmasam neylərsiniz, balalar?-
deyən şairin bir ata nigarançılığı da var. Onlarçun həm ata, həm də şair kimi narahatdı. Bu da ki, ikiqat məsuliyyətdi. Amma bu yükün ağırlığından da usanmır, bezmir şair. Sevə-sevə, həvəslə daşıyır bu ilahi sevgini .
Fəxrəddin Teyyub sözün ucundan tutub ucuzluğa getməyi də sevmir. Konkretliyə, müxtəsərliyə, yığcamlığa öyrədib qələmini . Bu da bir ayrı məharətdi şairçün, məncə.
Hansı tərəfə baxırsa ordan bir şeir çıxır. Külək də, yağış da, bağ da, dağ da, qış da, bahar da asanlıqla şeirləşə bilir şairin ruhunda. Şair təbiətə vurğundu həm də. Özü də dəlicəsinə. Ağacın, çiçəyin, otun, kolun, daşın, torpağın diliylə danışmağı yaxşı bacarır. Təsvirləri canlıdı. Şeirlər adamla dialoqa girir sanki:
Deyəsən sözün var mənə , ay ürək,
Minib yanıma gəl köhlən atını.
Vaxt tapıb bir küncə çəkiləm gərək,
Dinləyəm qəlbimin hesabatını.
Burda şair ürəyindən nigarandı. Bu boyda ruhun qarşısında ürək salamat qalarmı? . Zaman öz işini görür. Elə şair də dinc durmur, daim axtarışdadı. Hər gün bir şeir doğulur Fəxrəddin Teyyubun düşüncələrindən. Bir-birindən gözəl, təp-təzə, qatı açılmamış fikirləri cilalayıb şeirə çevirən Fəxrəddin Teyyub yazmayanda darıxır. Yolda da yazır, toyda da, yasda da, yuxuda da, gerçəkdə də. Yazır sadəcə. Əcəb də edir. Oxucunu öyrədib şeirə. Yazmayanda özünü günahkar hiss edir sözün qarşısında. Elə oxucunun da. Bu məhsuldarlığına görə də bir ayrı alqışı haqq edir şair. Fəxrəddin Teyyubun dili zəngin, yaradıcılığı çoxşaxəlidi. Əsas odu ki, bütün şeirlərində özünü anladır. Poeziyada öz cığırı, öz yolu var. Sözün qarşısında alnıaçıqdı.
Tanrım, istəyimi, arzumu göndər,
Göylər də, yerlər də əmrinə möhtac.
Gəl məni bir anlıq ağaca döndər,
Görüm kəsiləndə nə çəkir ağac - deyən şair kökünə, soyuna bağlı olduğunu hayqırır. Onu bu torpaqdan, yurddan, yuvadan qoparmaq olmaz. O bu torpağın bir parçası olduğunu dəfələrlə isbat edib. Bu sarıdan da xoşbəxt şairdi.
Eyni zamanda şairin yoluna daş qoyanlara, sözünə göz dikənlərə, xəbislərə, nadanlara da veriləcək bir cavabı var:
Çörək tapmaz bir gün üzə ağ olan,
Bəxtəvərdi arxasında dağ olan,
Uğurumun ümmanında boğulan
Bədxahlarım, paxıllarım, var olun!
Demək bədxahlar özləri də bilmədən uğura gedən yolda şairə əməllicə kömək ediblər. Şair bir az da coşub, ümidləri, arzuları qol -budaq atıb, köklənib. Oxucu ömrünün sazaq çağında şairin cəsarətinə də heyran qalır. Ürəyindən keçənləri sözə çevirmək cəsarətini deyirəm.
Alın yazısıymış səni görməyim,
Elə görən kimi vurulmağım da.
Eşqin dərəsində çəni görməyim,
Sel kimi çağlayıb durulmağım da.
Əsdi ürəyimdə gənclik küləyi,
Ağaran saçımı unutdum niyə?
Yerin yaraşığı, göyün mələyi,
Mən necə göz yumum bu gözəlliyə?....
Su kimi içirsən bu misraları. Sevgiyə təşnə könüllərə sərinlik yağır bu sətirlərdən. Cəsarətlənir fəsillər Fəxrəddin Teyyub düşüncələrində. Çiynindən dağ götürülür həsrətin. Ayrılığa söz atan şair söz altında qalmır heç vaxt. Bu da bir istedaddı. Şairin fikirləri ipə, sapa yatmır. Duyğuları həmişə oyaqdı. Ruhu yerlə göyün arasında didərgindi . Gah Ayla, gah Günəşlə, gah ulduzla, gah gecəylə, gah səhərlə dərdləşir şair. Bir yerdə qərar tuta bilmir. Şairlik də bu deyilmi?
Mənim bir taxtım var sevgi dağında,
Qismətim üzümə gülənə kimi.
Sevmək günah deyil ahıl çağında,
Şair sevməlidi ölənə kimi.
Kimin gücü çatar bu ağırlıqda yükün altında yol getməyə. Bu boyda etirafın qarşısında nə deyəsən axı ? Heçnə. Susmaqdan başqa əlindən nə gəlir? Sual verməyə də çəkinirsən. Cavabından qorxursan. Həqiqətləri eşitməkdən qaçırsan bəlkə də.. Amma, məncə, elə ən gözəl cavabdı bu etiraf.
Şanlı qələbəmizi doya-doya yaşayan şair xalqına, Vətəninə də ürəyindən gələn duyğularıyla gözaydınlığı verməyi unutmayıb, nəhayətsiz bir sevinclə:
Ana, gözün aydın, şad xəbərim var,
Daha qarlı qış da bahardı bizə.
Qəhrəman oğullar, igid oğullar
Aldı Qarabağı, qaytardı bizə.
Həyəcanın, sevginin, sevincin parıltısı ruhumuzu qamaşdırır. Səmimiyyətdən, məhəbbətdən, eyni zamanda həsrətdən yoğrulmuş misralar yaramıza sığal çəkir. Qürurlanırıq. 30 ilin ağrısı çıxır canımızdan. Çiynimizdən yük götürülür. Azadlığın yeli vurur adamı.
Şair özüylə dostdu. Ərki də, görkü də özünədi. Qarışqanı belə incitməyə ürəyi gəlməz. İnciyəndə də çəkilər öz könül hücrəsinə. Hirsini sözdən çıxar:
Bilməmişəm ürəyimin qədrini,
Xərcləmişəm gedənimin yolunda.
Qalamışam ocağını vədəsiz
Ölənimin, itənimin yolunda.
Eyni zamanda, özündən narazı şairdi mənim bu balaca yazımın qəhrəmanı. Tərifi sevmir, qondarmalardan uzaqdı. Heç tünlüyü də sevmir. Sakitliyə can atır.
Şairin gözəl bənzətmələri, təşbehləri, təsvirləri yazdığı şeirləri bir az da oxunaqlı edir:
Ay göyün üzündə ocaqdı, oddu,
Salar işığını dağlar belinə.
Zirvə elə bil ki, Dədə Qorquddu,
Şəlalə kəmərin bağlar belinə.
Onun yaradıcılığından belə yüzlərlə nümunə gətirmək olar. Yorulmadan, usanmadan həm də.
Şair sözlə oynamağı bacarır. Eyni zamanda sözə sığal çəkməkdə də mahirdi. Fəxrəddin Teyyubun sözündə qəribə bir əminlik var. Bəziləri bunu lap özündənrazılıq kimi qiymətləndirir. Amma sözü tanıyan hər kəs bilir ki, bu güvəndi, arxayınçılıqdı, eqo deyil. Axı şair sözünə güvənməsə yaza bilərmi? Sözü incitdinsə qaçacaq. Ələ düşməyəcək bir də. Sözə balan kimi baxmağı bacarasan gərək. İstidən, soyuqdan, küləkdən, yağışdan qoruyasan. Bu sarıdan Fəxrəddin Teyyub xoşbəxt şairdi. Sözdən yarıyıb həm də. Yaşının payız çağında da diqqət mərkəzindədi və sevilir. Dünyanı sözünün süzgəcindən keçirən şair hələ misra-misra yol gedir ruhunun uçduğu yerə. Səbrlə, sevgi və həyəcanla. Hələ ki, sözünün ocağına yığışanlar biz bildiyimizdən də çoxdu. Elə öz bildiyindən də. Sirrini, sözünüsə bir kağız bilir, bir də qələm. Fikri gah dərədə, gah dağda gəzən şairin ürəyi baharda qalıb hələ.
Tanrı ürəyinə görə versin, Fəxrəddin Teyyub.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
BİRİ İKİSİNDƏ - Xəyalə Sevilin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Xəyalə Sevilin şeirləri təqdim edilir.
SƏNƏ BİR SÖZ DEYƏCƏM
Sənə bir söz deyəcəm,
Amma sən qulaq asma.
Xatirəni şəkil kimi böyüdüb
Gözlərimdən asmışam.
Həm özümü qınayıram,
Həm də səni bu axşam.
Çərçivəyə salınmış
Şəkil azadlığıdı mənimki.
Eh! Qarayanız bir gecə
Və şeirdi qəminki.
Mən indi anlayıram,
Ayrılıqlar oxşardı.
Bizim də sevgimiz vardı,
Sevdik, sevdik qurtardı.
Hamı bir-birinin eyni,
Görən kimi tanıyıram –
Odu bu.
Başqa film,
Eyni ssenaridi bu.
Sənə bir söz deyəcəm,
Amma sən qulaq asma.
Sənsiz az darıxıram,
Lap az, çox az, lap çox az.
Unutmağı öyrənir
O vəfalı qızcığaz.
TA BİLMƏDİM MƏNDƏN SONRA NƏ OLDU
Ta bilmədim məndən sonra nə oldu,
O ki qoçaq idi, tez unutdumu?
Mənim ürəyimdən keçənlər belə,
Gözümdən oxunan sirrdi, tutdumu?
Yalnızlığın hər üzünü öyrəndim,
Öyrəndim, əməyi boşa getmədi.
...Sayılan, seçilən, bilinən adım
Onun ki adıyla qoşa getmədi.
Hər yandan azalan həvəsdi, nədi?
Mən niyə yarımam, hamı birdisə.
Bu dünyaya öz küncümdən baxıram,
O da belə – nə qədər görünürsə...
İÇİ CANDI, ÇÖLÜ RUH
İçi candı, çölü ruh,
İlahi, mən bu bədənin
Çölündəyəm, ya içində?
Öz yerimi tapammıram
Bu boyda dünya içində.
Dağılan fikirlərimi
Sahmana qoya bilmirəm.
Böyütdüm uşaqlığımı,
Bir yana qoya bilmirəm.
İndi ömrün bu yaşında
Nəyi qoyum, nə danışım?
İlahi, səndən başladı
Mənim ilk aldanışım
AND İÇİB... SƏRXOŞ OLDUM
Yadıma yadlığın düşdü,
Soyudum, lap qış oldum.
Sonra səni unutmağa
And içib... sərxoş oldum.
Çəkdim səndən baxışımı,
Gözümdəm yerə qoydum.
Xatirəni, həsrətini, ağrını
Həzin bir şeirə qoydum.
...Ürəyimin ağ yerinə
Yığdım, yığışdırdım səni...
Bağışla, vaxtını aldım,
Sevdim, sevdim... yordum səni.
AYRILIQ ƏZRAYILDI
Sənə bağlanmağın da
İpini kəsdim axır.
Deyənlər düz deyiblər:
Həvəsdi, bəsdi, axır.
Çətindi səni sevmək,
Mən nə ürəklə sevdim?
Ürəyimdən ağlıma
Səs gəldi, vəhylə sevdim.
Yanağımın üzünə
Su çilədim, ayıldım.
Gözlərim yas yeridi,
Ayrılıq Əzrayıldı.
HƏSRƏTİMİN ŞƏR VAXTI
Nə ürəyim, nə ağlım
Səndən əlini üzdü.
Təkliyə düşən kimi
Darıxdığım da düzdü.
Baxma səsim hüznlü,
Baxma gözlərim yaşdı.
Ah, səni xatırlamaq,
Bilirsən, necə xoşdu?
Hamı bir az təsəlli,
Hamı könül boşluğu.
Hamı zaman israfı,
Unutmaq sərxoşluğu.
Sən duyğumun sərsəri,
Ruhumun hürr vaxtısan.
Həsrətimin şər vaxtı,
Arzumun hər vaxtısan.
GÜNDƏLİK
Üstümdə
Müharibədən qalib çıxmış
Döyüşçü yorğunluğu.
İçimdə
Məzmunsuz bir boşluq.
Ağlımda
"Dəydimi bu müharibəyə?" sualı,
– Yox.
İnsanın ən təhlükəli vaxtı
Məsumiyyətini itirdiyi vaxtdı.
İndi durub düşünürəm,
Öldürməsəydim məhəbbətini,
Neçə yaşı olacaqdı?
Unutmaq da öyrənilən bir şeydi –
Zaman lazımmış.
Səni niyyət tutub
Döydüyüm qapıdan
Gələn bəd xəbər
Alın yazımmış...
Darıxıram, İlahi,
Yoxluqdu, təklikdi.
Bunun adı bir gün deyil,
Bunun adı gündəlikdi.
AXIRINCI YOL
İnsanın ən axırıncı yoludu
Kişi çiyninin üstü.
Bu ölümlü dünyada
Təkcə ölüm ölümsüzdü.
Hansı dünya qorxuludu?-
Bir can ki öz bədənindən
Qurxub əsə-əsə çıxır.
Torpağın qanına
Bulaşan ömürlər var orda-
Yaşanmamış, köhnəlməmiş,
Göy üzünə təzə çıxır.
Harda qaldı torpaq haqqı?
Andımızı, ahımızı
Cəsəd-cəsəd sərib torpaq.
...Kim bilir,
Bəlkə, elə xəcalətindən
Ölüb yerə girib torpaq.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Akademik Milli Dram Teatrı Yeni ilin ilk tamaşasını yanvarın 12-də nümayiş etdirəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni ildə ilk tamaşanı ayın 12-də nümayiş etdirəcək. Teatrın repertuarını təqdim edirik:
12 yanvar - “Xanuma”
13 yanvar - “Dantenin yubileyi”
14 yanvar - “Ölülər”
19 yanvar - “Xurşidbanu Natəvan”
20 yanvar - “Qarabağnamə”
21 yanvar - “Buzlar ölkəsi”, “Şükriyyə”
26 yanvar - “Qətibə inanc”
27 yanvar - “Sənsiz”
28 yanvar - “Xurşidbanu Natəvan”, “Ah, bu uzun sevda yolu”
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)
Leyla Bədəlbəyli, Metro və Poeziya Günü
Varis, “Ədəbiyyat və incəsənət”
Bu günə - yanvarın 8-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.
Metro günü
Əlbəttə ki, metroya sahib şəhərlərdən biri kimi Bakı da bu günü qeyd etməlidir. Özü də, Bakı metrosunun Nizami stansiyası öz təribatına, divar freskalarına görə dünya metrosu özəllikləri sırasında yer alır.
Bildiyiniz kimi, dünyada ilk metro xətti İngiltərədə - Londonda istifadəyə verilib, 1863-cü ildə yeraltı tunellə ilk buxar qatarı hərəkət edib. Bu fəaliyyəti Metropolitan Railway kompaniyası həyata keçirib ki, metro adı da buradan götürülüb. İlk yeraltı xəttin uzunluğu 3,6 kilometr olub. Dünyada ən dərində yerləşən metro stansiyası isə Kiyevdədir, “Arsenalnaya” stansiyası 105,5 metr dərinlikdədir.
Metro sözünü işlədəndə nədənsə hər bir azərbaycanlı üçün bu sözün sinonimi kimi Tağı Əhmədovun da adı xatırlanır. Görəniniz olsa, onu da metro günü münasibəti ilə təbrik edin. Nə olsun ki, eksdir. Axtarsan, bəlkə də hər stansiyanın divarına, hər qatar vaqonunun oturacağına onun – Bakı metropoliteninə 16 il krallıq etmiş şəxsin adı cızılıb.
Arqayl günü
Bu gün bekar olan, asudə vaxt tapan insanlar rəngbərəng romblardan, yaxud kvadratlardan paralel və diaqonal xətlərdə naxışlar quracaqlar, bu da olacaq Arqayl gününə bir töhfə. İlk dəfə bu cür naxışları Şotlandiyanın Arqayl qraflığında Kampbel klanı həyata keçirib.
Yer kürəsinin fırlanması günü
Əminəm ki, Arqayl günü münasibəti ilə heç biriniz naxış-filan çəkəsi deyilsiniz, amma bu gün ən azından Yerin necə dövrə vurması barədə fikir izhar edəcəyinizə isə inanıram. 1851-ci ildə fransız fiziki Leon Fuko Parisdəki Panteon yüksəkliyindən içinə qurğuşun doldurulmuş latun kürəciyi asaraq hamını onun fırlanmasına tamaşa etməyə dəvət edib, bu, Yer kürəsinin öz oxu boyunca fırlanmasının əyani nümayişi sayılıb.
İşdə gözəllik və poeziya günü
Deyim ki, çox romantik bir bayramdır. Bu cümə günündə iş yerində icra etdiyiniz işin gözəlliyini və poetikliyini duymanız vacibdir. Mən çörəkpulu üçün zibilxanalardan zibil yığmaq məcburiyyətində qalmış həmyerlilərimizi, bir də işi qanun pozucularını tutmaq olan, zora və gücə arxalanan polisləri çıxıram, neynəsələr də onlar öz işlərində gözəllik və poeziya tapa bilməyəcəklər, digər zümrələrdən olanları isə axtarışlara dəvət edirəm.
Yeri gəlmişkən, bu gün kənar gözəlliklər də aktualdır, nahar fasiləsində, məsələn, internetdən gözəl mənzərələr tapıb baxmaq olar, gözəl xanımları seyr etmək olar, üstəlik, tək işin poeziyası ilə kifayətlənməyib, tutalım, əsil poeziyaya da pənah aparmaq olar. Gözəl şairlərimiz var, onların şeirlərindən niyə də feyziyab olmayasınız ki?
“Zolotoy klyuçik”
Qoruqçu günü. Bütün obyekt qoruqçularını (indi onlara mühafizəşi deyilir) təbrik edək, amma cangüdənləri yox, onların qoruduqları canlı obyektlər bu sıraya aid deyil. Bu gün bolqarlar, ruslar və belaruslar Babyi kaşi gününə sevinirlər, bu, süd anaları günü sayılır. Tailandlılar uşaq gününü, malayziyalılar sürətli mətnyığma gününü, yunanlar Ginenokratiya – Qadın gününü qeyd edirlər. O ki qaldı amerikalılara, onlarda Milli iris konfeti günüdür. Bildiniz də hansı konfetdir bu. Sorulan iris konfetləri uşaqlığımızdan xoş xatirədir. Adı da “Kis-kis” və “Zoloyoy klyuçik” idi, xatirinizdədrimi?
Azərbaycan SSR-in ən gözəl xanımı
Sovet dövründə canlı əfsanə olan qəhrəmanlar yaratmaq bir dəb idi, belə bir qəhrəman da salyanlı pambıqçı Qüdrət Səmədov idi, 1972-ci ilin 8 yanvarında dünyasını dəyişib o. 1961-ci ilin bu günündə fransız xalqı humanizm göstərərək referendumda müstəmləkələri olan Əlcəzairin müstəqilliyinə səs verib. 1957-ci ilin bu günündə 14 yaşlı Bobbi Fişer ABŞ çempionu olmaqla şahmat epoxasının yeni Fişer dövrünü yaratmış olub. 1935-ci ildə əfsanəvi Amerika müğənnisi Elvis Presli dünyaya gəlib. 1920-ci ildə tarixdə Sovet Azərbaycanının ən gözəl xanımı kimi qalan aktrisa Leyla Bədəlbəyli dünyaya gəlib. Deyələnə görə, hətta SSRİ başbiləni İosif Stalin də Leyla xanıma vurğun imiş.
1896-cı ildə ədəbi impressionizm və simvolizmin banisi olan fransız şairi Pol Verlen dünyadan köçüb. 1889-cu ildə Nyu-Yorklu alim Qerman Hollerit tablolaşdıran maşın ixtira edib ki, onun köməyi ilə də ölkədə əhalinin siyahıyaalınması həyata keçirilib. 1861-ci ildə çoxunuzun sevdiyiniz “Vokruq sveta” jurnalının ilk sayı çıxıb. Diqqət. Mətbuat işçiləri, eşidin. 1656-cı ildə Hollandiyanın Harlem şəhərində “Harlem xəbərləri” qəzeti işıq üzü görüb. Və bu qəzet...Təəccüblənməyin, günü bu gün də çıxmaqdadır, 366 yaşı olan qəzet dünyada dövriyyədə olan ən qədim qəzet adını daşıyır.
1642-ci ildə italyan astronomu, fiziki, mütəfəkkiri Qalileo Qaliley, 1324-cü ildə isə dünyaşöhrətli Venesiya səyyahı Marko Polo dünyadan köçüblər.
Və ən nəhayət...
Bu gün həm də Öz iş günün barədə danışmaq günüdür. Hərə öz keçirdiyi iş gününün təfərrüatları barədə evdə ailəsinə, küçədə dost-tanışına danışır bu gün. Təsəvvür edin, Qərb insanı həvəslə bunu edir. Yorulmadan, usanmadan, dil boğaza qoymadan danışır. Lətifəsi bizdən uzaq. Bizdə hər kəsin işi başqaları üçün gizlin qalmalıdır nədənsə, ortada şəffaflıq olmamalıdır. Amma təki olaydı. Təki bizdə də qara buxalteriyalar, gizli missiyalar qəhətə çıxaydı, işverənlik, sözgəzdirənlik, aşna, məşuqə vəzifələri ləğv ediləydi. Bilirsiniz, necə gözəl olardı onda?
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)