Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günün təqviminə baxsaq, görərik ki, əlamətdar günlərdə bir kasadlıqdır. Ümumdünya məskunlaşma yerlərinin mühafizəsi günü. Vəssalam.

2007-ci ildə Çeçenistanın 4-cü prezidenti Doku Omarov Çimali Qafqazda İmarət Qafqaz İslam Dövlətinin yarandığını elan etdi. Nələr baş verdi, ruslar buna necə reaksiya göstərdi, özünüz təsəvvür edin.

1992-ci ilin 7 oktyabrında Azərbaycan Milli Şurası respublikanın MDB-yə üzv olması əleyhinə səs verdi. Bu, müstəqillik yolunda çox əhəmiyyətli bir addım oldu, biləsiniz. Dağılmış SSRİ-nin uçqunları altından yeni federativ dövlət qurmaq çabalarını ruslar həmin dövrdə imperiya ambisiyalarını gizləmədən nümayiş etdirirdilər. Yalnız millətsevər fədakarlarımız kommunist əqidəli liderlərimizi Kremldən biryolluq üzülüşməyə məcbur etmək istəyirdi. Mürəkkəb və qarışıq bir dövr idi.

1990-ci ildə Səddam Hüseynin İsrailə qaz hücumu hədə-qorxusu nəticəsində İsrail əhalisinə əleyhqazlar paylanılmağa başlanıldı.

1982-ci ildə Nyu-Yorkda Tim Raysın “Pişiklər” müziklının premyerası oldu ki, sonradan bu tamaşa dünya rekordu imzaladı – 2000-ci ilə kimi Brodveydə 7486 dəfə tamaşaya qoyuldu.

1979-cu ildə Türkiyənin Sarıyer bölgəsində Səlcuq Bayraqdar doğulub. Türk iş adamı, Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Ərdoğanın kürəkəni, Türkiyə müdafiə sənayesinin aparıcı isimlərindən biri.  Öz “Bayraqdar”ları ilə 44 günlük müharibəmizin qeyri-rəsmi qəhrəmanı.

1977-ci ildə SSRİ-nin sonuncu – Brejnev Konstitusiyası qəbul olundu.

1952-ci ildə ştrix-kod üçün patent alındı.

1952-ci ilin bu günündə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində bilirsiniz kim doğulub? Vladimir Vladimiroviç Putin – Rusiyanın prezidenti. Tovuzlular dünyanın ərazicə ən böyük dövlətinin prezidentini mehribancasına “Bizim İlhamın (əslən Tovuzdan olan iş adamı İlham Rəhimov –red.) tələbə yoldaşı” adlandırırlar.

1926-cı ildə İtaliyada façist partiyası hakimiyyətə gəldi.

1913-cü ildə dünyada ilk dəfə Detroytda, Ford zavodunda konveyerdə avtomobil istehsalına başlanıldı.

1849-cu uldə Amerika yazıçısı Edqar Allan Po dünyasını dəyişdi.

Unutdum deməyə. Əlamətdar günlərin kasad olması heç də o demək deyil ki, amerikalılar bu gün sakit duracaqlar. Əsla belə deyil. Bu gün onlarda milli frappe günüdür. Üstü köpüklü soyuq kofedir frappe.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Payızın rəngləri necədir? Sarı, qırmızı, qəhvəyi dominantlıq təşkil edir, havalar soyusa da rənglərdə bir istilik duyulur. Bu rənglər xüsusən rəssam fırçasından çıxanda möhtəşəm görüntülər ortaya çıxır. Bu rəssam ustad olanda isə ikiqat gözəllik əldə olunur. 

 

Əməkdar rəssam Rza Avşarın 75 yaşının tamam olması münasibətilə sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi həftənin cümə günü açıldı, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutan sərgi “Payız rəngləri” adlanır.

Açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri, rəssamlar, mədəniyyət xadimləri iştirak edirdilər. 

Prezident Administrasiyasının şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev, Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkilləri Aydın Mirzəzadə, Musa Urud, tanınmış sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı, Əməkdar jurnalist Varis, yazıçı, fəlsəfə doktoru Adəm İsmayıl Bakuvi, tanınmış ictimai xadim Fəzail Ağamalı və digərləri iştirakçılar sırasında idilər. 

Tədbiri açan Fərhad Xəlilov sərginin keçirilməsinin əhəmiyyətini vurğuladı. O, Rza Avşarın rəsm əsərlərini yüksək qiymətləndirərək qeyd etdi ki, rəssamın yaratdığı əsərlərdə həyat realizminin qaynaqlarının bədii məcmusu aydın nəzərə çarpır. Fərhad Xəlilov, həmçinin, Əməkdar rəssamın həyat yoldaşı İradə Avşarovanın da tanınmış rəssam olduğunu və onların birgə çalışaraq gözəl sənət əsərləri yaratdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Əziz Ələkbərli Rza Avşarın Vətənimizin təbiətini və insanlarını vəsf edən tablolarından söz açdı. Əməkdar rəssamın İcmaya hədiyyə etdiyi İrəvan xanı Rəvanqulu xanın portretini xatırladaraq vurğuladı ki, Qərbi Azərbaycan əsilli rəssamların, habelə Rza Avşarın yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir.

Ədalət Vəliyev Rza Avşarın Azərbaycanın Xalq artisti, istedadlı, tanınmış teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açdığını bildirərək əlavə etdi ki, Avşarlar ailəsinin xəmiri mədəniyyətdən yoğurulub. O, Əməkdar rəssamın kamil bir sənətkar olaraq öz əsərlərində incəsənətimizin zəngin ənənələrini təcəssüm etdirdiyini vurğuladı. Bildirdi ki, Rza Avşarın yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını ifadə edir, yüksək zövq və böyük sənətkarlıqla çəkdiyi portretlərdə isə görkəmli şəxsiyyətlərimizin xarakterini rənglərin dili ilə məharətlə nümayiş etdirir. 

Ziyadxan Əliyev Rza Avşarın özünəməxsus üslubda əsərlər yaratdığından söz açdı, onu Azərbaycan rəssamlığının elitasında gördüyünü bildirdi. 

Sonra qırmızı lent kəsildi və ziyarətçilər rəssamın yaratdığı əsərlərə tamaşa etdilər. Əsasən natürmort, portret və mənzərələrdən ibarət sənət əsərləri heç kəsi  biganə qoya bilməzdi.

Sərgi barədə bir neçə ziyarətçinin fikirlərini də aldıq.

Varis: “Rza Avşar çağdaş Azərbaycan rəngkarlığında kifayət qədər özünü təsdiq etmiş bir rəssamdır. Onun payız rəngləri kifayət qədər zövq oxşayandır. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq aydın nəzərə çarpır. Portretləri isə xüsusən qiymətlidir. Qara Qarayevin portretini, təbiət mənzərələrini çox bəyəndim.”

Adəm İsmayıl Bakuvi: “Rəssam bütün janrlarda fırçasını sınayıb və hamısında da uğura imza atıb, o, hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir. Mən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin portretini xüsusi olaraq qeyd etmək istəyərdim. Qələbə sorağı verən və dəmir yumruğunu nümayiş etdirən prezidentin bütün əzəmətini rəssam həkk etməyi bacarlbdır.”

 

Qeyd edək ki, Bakıda oktyabrın 9-dək davam edəcək sərgi növbəti günlərdə rəssamın doğulduğu Gəncə şəhərində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

Rizvan FİKRƏTOĞLU, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Dünya Gənc Türk Yazarlar Birliyinin yaradılmasının 25 illiyi münasibətilə yubiley törəni keçirilib.

 

Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı forumu" layihəsi çərçivəsində təşkil olunan, mədəniyyət və incəsənət nümayəndələrinin, şair və yazıçıların, müxtəlif ölkələrdən olan qonaqların və ziyalıların toplaşdığı mərasimi birliyinin başqanı, şair İntiqam Yaşar açaraq deyib ki, ötən illərdə bu təşkilat yaradıcı gəncləri bir araya toplayıb, onların ədəbiyyat nümunələrinin tanıdılması üçün məqsədyönlü işlər görüb. Həmin missiya davamlı şəkildə bugünədək uğurla həyata keçirilir.

Qurumun Məsləhət Şurasının başqanı, şair Əkbər Qoşalı çıxışında Dünya Gənc Türk Yazarlar Birliyinin keçdiyi tarixi yola nəzər salıb. O, bildirib ki, ötən 25 ildə bir çox təşkilatlar fəaliyyətimizə dəstək olublar. Bu gün qurum yerli və Türk dünyasının gənc yazarları arasında əsl mənəvi körpüdür. Milli Məclisin deputatı Fazil Mustafa isə vurğulayıb ki, türk birliyinin möhkəmlənməsində türkdilli ədəbiyyat da yaxından iştirak edir: “Türk birliyi möhkəmlənməli, genişlənməlidir. Bunun üçün türkdilli yazarlar, şairlər daha sıx birləşməlidirlər. Ortaq Türk Əlifbasının yaradılması da bu məsələdə öz töhfəsini verəcək”.

Gəncliyə Yardım Fondunun prezidenti Əhmət Tecim isə türk-islam mədəniyyətinin sevgi və ədalət üzərində bərqərar olduğunu xatırladıb. O, gənc yazarların bu amal naminə ən aparıcı qüvvə olması zərurətini diqqətə çatdırıb: “Bakıda yaradılmasına baxmayaraq, DGTYB-nin səs-sədası uzaq-uzaq ellərdən gəlir. Bu qurum sözün əsl mənasında sərhəd tanımır”. Arzum budur ki, gənc qələm sahiblərimiz əlbir şəkildə çalışaraq daha da püxtələşsinlər, səsləri daha da ucadan eşidilsin. – Bu fikri isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

Digər natiqlər də təşkilatın cəmiyyətimizdə, türk dünyasında gördüyü işlərdən söz açıblar, gənc türk yazarlarına gələcəkdə daha böyük nailiyyətlər arzulayıblar.

Sonda bir qrup ziyalı Dünya Gənc Türk Yazarlar Birliyinin yubiley medalı ilə mükafatlandırılıb, müxtəlif türk ölkələrindən gələn şairlər  poetik nümunələr səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Beyləqanda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib, bir qrup təhsil işçisi mükafatlandırılıb.

 

4 oktyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” şadlıq sarayında “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun məktəb və bağça direktorları, qabaqcıl müəllimləri, müsabiqə qalibləri olan məzunlar, ağsaqqallar, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, təhsil işçisi olan şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu vurğulayıb. RİH başçısı Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu sahə ilə bağlı uğurlu siyasətin Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini, yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görüldüyünü diqqətə çatdırıb.

RİH başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində bu şərəfli peşə sahiblərinin də xüsusi rolunun olduğunu vurğulayaraq, müəllimlərimizin təkcə dərs otaqlarında yox, müharibə meydanında da dərs keçdiyini, müharibədə əldə olunan Şanlı Qələbənin səbəbkarlarının da müəllimlərin yetirmələri olduğunu bildirib.

Beyləqan RİH başçısı daha sonra peşə bayramlarına görə rayon üzrə bir qrup təhsil işçisini Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif edib.

Rayon Təhsil sektorunun müdiri Elvin Abbasov və rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxış edərək ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı, müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində keçirilən islahatlardan danışıb, müəllimləri təbrik edərək, cari təhsil ilində işlərində uğurlar arzulayıb. 

Tədbirdə, həmçinin təhsil sahəsində fəaliyyət göstərən şəhid ailə üzvləri və Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları da çıxış edib.

Şəhid kapitan Həmid Həmidlinin anası, ingilis dili müəlliməsi Könül Vəliyeva, şəhid İlyas Nəsirovun həyat yoldaşı, tarix müəllimi Aytəkin Əliyeva və Kəbirli kənd M.Fərzəliyev adına orta məktəbin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Əlisafa Şəfiyev də çıxış edərək müəllimlərin yeni dövrün çağırışlarına uyğun, savadlı, vətənpərvər gənc nəsil yetişdirmək yolunda çətin və şərəfli əməyindən danışıb, bu günki tədbirin həm müəllim peşəsinə, həm də təhsil işçisi olan şəhid ailə üzvləri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər. 

Tədbir rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

 

Oktyabrın 5-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində 5 oktyabr Beynəlxalq Musiqi Günü münasibətilə silsilə tədbirlər keçirilib.

 

Keçirilən tədbirlərdə, məktəb müəllimlərinin ifalarında müxtəlif janrlarda musiqilər səsləndirilib, çıxış edənlər bu günun yaranma tarxindən və müəllimlik peşəsinin nə qədər çətin olsa da bir o qədər şərəfli peşə olmasından bəhs ediblər. 

Eyni zamanda, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində şagirdlər arasında bilik yarışı keçirilib, 1-ci, 2-ci, 3-cü yerlərin qaliblərinə müxtəlif hədiyyələr verilib.

Məktəblər Şəki-Zaqatala RMİ-i tərəfindən səmərəli fəaliyyətlərinə görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərmanla təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Cəbrayılda ilk şəhər günü keçirilib. Oktyabrın 4-də. Həmin günün böyük anlamı var. 

Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.

 

Bir o günləri xatırlayaq. Hər kəs həyəcanla, ümidlə Prezident, Ali Baş Komandan İlham Əliyevdən televiziyada xoş müjdə gözləyirdi. 

Dörd il öncə bu gün İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib.

Bununla da Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri olub. Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub torpaqlarımızı azad edib. Xatırlayırsınızsa, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

Bəs Cəbrayılın ilk şəhər günü necə keçirilib? Bayram törəninin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi idi. 

İndi isə təfsilat. 

Cəbrayıl şəhərində keçirilən bayram tədbirində mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurda qovuşmuş bir qrup Cəbrayıl sakini və media nümayəndələri iştirak ediblər. 

Əvvəlcə tədbir iştirakçları şəhərin yenidən qurulan mərkəzi meydanında bir neçə hissədən ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə hazırlanan "Zamanın qanadlarında. Cəbrayıl" adlı fotosərgidə Cəbrayılın fotoarxivdə qorunan təsvirləri ilə yanaşı, müasir mühiti, dirçələn həyatı əks olunub. "Yurdum. Cəbrayıl" adlı rəngkarlıq sərgisində Cəbrayıla ezam olunan rəssamların, həmçinin yerli rəssamların yaratdığı əsərlər nümayiş yer alıb. Burada Cəbrayılın mənzərələri, abidələri müəllif həllində verilib. Cəbrayıl xalça məktəbinin nümunələrindən ibarət sərgidə Milli Xalça Muzeyinin daimi kolleksiyasından ənənəvi üsulla toxunan xalçalar və xalça məmulatları təqdim olunur. Burada Cəbrayılın ənənəvi "Qasımuşağı", "Qaraqoyunlu", "Bəhmənli" və s. xalçaları nümayiş etdirilir. "İrsimiz. Ruhumuz. Xudafərin" adlı sərgi xüsusilə maraq doğurur. Cəbrayılın rəmzi olan Xudafərin körpüləri əsrlər boyu Arazın iki sahilini birləşdirən mühüm ticari, iqtisadi əhəmiyyətə malik abidədir. Körpülər Orta əsr Azərbaycan memarlığının mühüm elementlərini əks etdirir.

Sərgi boyu 11 aşırımlı Xudafərin körpüsünün kiçik modeli rəssamlar tərəfindən işlənir. Körpünün qədim tarixinin əks olunması ilə yanaşı, burada iştirakçı rəssamların özünəməxsus üslubu və tərzi də nümayiş olunur. 11 aşırım modelini qırmızı xətt qismində birləşdirən ümumi motiv Azərbaycan kəlağayısıdır.

Bu seqment milli irsimizin incə nümunəsini göstərməklə bərabər, tarixi İpək Yolunun inkişafında Xudafərin körpülərinin əhəmiyyətini də vurğulayır. Eyni zamanda sərgi məkanında qurulmuş xüsusi guşədə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin katibi şair-dramaturq İlqar Fəhminin ssenari müəllifi olduğu kompozisiyada, əsasən, Cəbrayıl rayonundan olan yazarların əsərlərindən istifadə edilib. Sərgilərlə tanışlıqdan sonra geniş konsert proqramı təqdim olunub.

Aparıcılar Vətən müharibəsi haqqında məlumat verib, 44 gündə qazanılan şanlı Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Sonra söz musiqiyə verilib. Ana yurdun tərənnümü əsasında qurulan proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı "Qarabağ”  rəqsini,  Xalq Çalğı Alətləri Orkestri Vasif Adıgözəlovun “Bayram süitası”nı, Əməkdar artist Yaqut Abdullayeva Bəhram Nəsibovun “Qarabağ” mahnısını, Əməkdar artist İlkin Əhmədov “Azərbaycan maralı” xalq mahnısını, aşıq Aqşin Tarıyeloğlu “Ovşarı” saz havasını, xanəndələr Vüsal Zamanov, Güllü Muradova və Rəvanə Qurbanova “Qarabağ şikəstəsi”ni, Əməkdar artistlər Gülüstan Əliyeva Məmmədbağır Bağırzadənin “Cəbrayıl”, Zahid Quliyev İbrahim Topçubaşovun "Dağlarda duman gözəldir” mahnılarını ifa ediblər. Konsertdə həmçinin müğənni Taleh Hüseynli Elnur Şahmarovun “Cəbrayılım”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Xalq artisti Azər Zeynalov Fikrət  Əlizadənin “Vətənim”, Sona Əzizova “El bilir ki, sən mənimsən”, "Sazəndə” aşıqlar qrupu Dirili Qurbaninin “Bayatı-şikəstə”, Xalq artisti Samir Cəfərov Cavanşir Quliyev “Bura vətəndir”,  “Renesans” uşaq xoru Rauf Hacıyevin “Azərbaycan”, Azərbaycan Dövlət Rəqs Ansamblı "Zəngəzur yallısı" rəqsini təqdim ediblər.  Konsert proqramına Xalq artisti Mələkxanım Əyyubovanın ifasında Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnısı ilə yekun vurulub. Bütün ifalar alqışlarla qarşılanıb. Günün ikinci yarısında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "Qaraca qız", Azərbaycan Dövlət Akademik Musiqili Teatrı isə "Arşın mal alan" tamaşaları nümayiş etdiriblər.

Cəbrayıl Şəhəri Günü tədbirləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

Təqdim olunan konsert və tamaşalar doğma yurdda yenicə məskunlaşan Cəbrayıl sakinləri və digər qonaqların könlünü oxşayıb.

Cəbrayıl estafeti digər rayonlara ötürür. İndi sıra ilə işğaldan azad edilən şəhərlərin şəhər gününü təntənə ilə qeyd edəcəyik.

 

 “Ədəbiyyat və incəsənət”

(07.10.2024)

Azərbaycan Milli Kitabxanasında Asiya Hekayəçilik Komitəsinin növbəti iclası keçirilib. 

 

AzərTAC xəbər verir ki, iclasa üzv dövlətlər – Koreya, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan və Tacikistandan mədəniyyət nazirliklərinin nümayəndələri qatılıblar.

Asiya Hekayəçilik Komitəsi Koreya tərəfinin təşəbbüsü ilə 2009-cu ildə Mərkəzi Asiya ölkələrinin mədəniyyət nazirlikləri ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Komitə Koreya Respublikasının Asiya Mədəniyyət Mərkəzinin vasitəçiliyi ilə bu günə qədər Asiya xalqlarının mədəni irsini əks etdirən birgə nəşrlərin hazırlanması, sərgilər, tamaşalar, festivallar və s. mədəni tədbirlərin həyata keçirilməsini təmin edib.

Komitə tərəfindən Azərbaycanla bağlı nağıllardan ibarət iki kitab Koreya dilində çap olunub və Azərbaycan xalça sənətinin tanıdılması ilə bağlı işlər görülüb. Azərbaycan mədəni irsini əks etdirən növbəti kitab çapa hazırlanıb.

İclasın açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi qonaqları salamlayıb və Asiya ölkələrinin mədəni irsinin öyrənilməsi və təbliğində Komitənin rolunun vacibliyini vurğulayıb.

Daha sonra Asiya Mədəniyyət Mərkəzinin nümayəndələri cari ildə görülmüş işlər haqqında hesabatla çıxış ediblər. Həmçinin üzv dövlətlərin nümayəndələri tərəfindən növbəti il üçün birgə əməkdaşlığa dair təkliflər səsləndirilib.

Fasilədən sonra iclasın protokolu bir daha nəzərdən keçirilib. Protokolda Asiya xalqlarının maddi-mədəni irs nümunələrinin nümayiş olunduğu “İpək Yolu” sərgisinin təşkili, birgə “Uşaq Kitabları Mükafatı”nın təsis edilməsi, qayaüstü təsvirləri əks etdirən birgə layihənin hazırlanması, komitənin 17-ci iclasının növbəti ildə Monqolustanda keçirilməsi və s. məsələlər əksini tapıb.

Protokol üzvlər tərəfindən imzalanıb və iclas işini yekunlaşdırıb.

Asiya Hekayəçilik Komitəsinin üzvləri, həmçinin oktyabrın 6-da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edib və Azərbaycan kitab sənayesi ilə yaxından tanış olublar.

 

Foto: APA-nındır.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

​Son dönəmdə istər valideynlər, istərsə də müəllimlər uşaqların  teatrdan uzaq düşməsi ilə bağlı narahatlıqlarını dilə gətirirlər.  Problemin həlli bu iki suala cavab tapılmasındadır: “Uşaqların teatrdan uzaq düşməsi kimin günahıdır?”, “Uşaqları teatra qaytarmaq üçün hansı tədbirlər görülür?”  Birinci sualın cavabını pedaqoqlar, uşaq psixoloqları axtarıb-tapmalıdırlar. Amma  ikinci sual hamımıza ünvanlanıb...

​04 oktyabr 2024-cü ildə Qəbələ rayon  Mədəniyyət Mərkəzində “Səhnəmizin balaca ulduzları” adlı tamaşanın nümayiş olunmasının məqsədlərindən biri də  məhz uşaqların teatra marağının artırılması idi. Tamaşa Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl bəy Qutqaşınlı adına Qəbələ Xalq Teatrının dram dərnəyinin üzvləri və Qəbələ  rayon 1 saylı klub tərəfindən  hazırlanıb. Xalq Teatrının inkişafına təkan vermək, gənc aktyorları teatrın səhnəsinə cəlb etmək də  “Səhnəmizin balaca ulduzları”nın məqsədlərindən idi.

Gənclərin Molla Nəsrəddin lətifələrinin motivləri əsasında, həmçinin, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndən “Kərpickəsən kişinin dastanı” şeirinin əsasında  hazırladığı səhnəciklər tamaşaçıların marağına səbəb olub. Tamaşanın təşkilatçısı, dram dərnəyinin rəhbəri Nihad Cəlilzadə teatrın inkişafında gənc aktyorların müstəsna rolundan danışarkən xüsusi vurğulayıb ki, uşaqları teatra cəlb etməyin ən gözəl yolu onlar üçün maraqlı tamaşalar hazırlamaqdır.

Tamaşanın sonunda İ.B.Qutqaşınlı adına Qəbələ Xalq teatrının rejissor, aktyor heyəti gənc aktyorları təbrik edib, onlara  irad və məsləhətlərini bildiriblər. Daha sonra iştirakçılar Qəbələ rayon Mədəniyyət Mərkəzi adından Fəxri Fərmanla təltif olunublar.

 

 “Ədəbiyyat və incəsənət”

(05.10.2024)

 

Azərbaycan Nəşriyyatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılması qərarına etiraz bəyanatı ünvanlayıblar. 

“Ədəbiyyat və incəsənət” portalı bəyanatın mətnini təqdim edir:

 

Azərbaycan Nəşriyyatlarının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılmasına etiraz Bəyanatı

Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.

Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məhsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; “Dövlət satınalmaları haqqında” qanun özü bunu qadağan edir.

Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.

Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik. 

Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.

Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik.

 

Amin Orucov, Simurq Nəşriyyatı 

Arzu Bəylərli, Audiokitab

Bəhram Oruclu, Çinar nəşriyyatı 

Elçin Sadiqov, Fidan Nəşriyyat və Dağıtım 

Əli Eynəliyev, Dastan Yayımları 

Əsəd Süleymanov, MİMTA Yayımları 

Fatimə Alxaz, Ağıllı Bala Nəşriyyatı 

Günel Tağıyeva, Kibu yayımları 

Hafiz Eyyubov, Qələm Nəşriyyatı 

Həsən Kərimov, Kitabçı Nəşriyyat evi 

İlkin Abdulla, Strauss Press 

İlkin Abdullayev, Çardaq və Kosmo nəşriyyatı 

Misir Aslanov, Zəka Print 

Mübariz Həsənov, Alfacin Nəşriyyatı 

Muxtar Abbasov, RM Nəşriyyatı 

Nemət Əliyev, Everest Nəşriyyat evi 

Nicat İbrahimov, TEAS Press Nəşriyyat Evi 

Nigar Köçərli, Əli-Nino nışriyyatı

Nurman Şahmərdanov, Parlaq İmzalar nəşriyyatı

Orxan Bəyov, İZƏ Nəşriyyatı 

Rafiq İsmayılov, Altun Kitab nəşriyyatı 

Rasim Qaraca, Alatoran nəşriyyatı

Ramiz Məmmədov, İpəkyolu Nəşriyyatı 

Sadıq Babazadə, Mayak Nəşriyyatı 

Səbinə Əli, Səbat Nəşriyyatı 

Səbuhi Zeynalov, XAN Nəşriyyatı 

Şahbaz Xuduoğlu, Qanun nəşriyyatı 

Şəmil Sadiq, Hədəf Nəşrləri 

Şöhlət Səlimov, Qədim Qala Nəşriyyatı

Tural Axundov, Təhsil nəşriyyatı 

Ülvi Ağa, İdiot Yayınları 

Ülvi Cabbarov, Gündüz Yayınları 

Veysəl Məmmədov, Libra Kitab 

Yusif İlhamoğlu, Çapar Yayınları

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Bu gün mənim üçün çox ağır bir gündür.

Ustadım, ana dili müəllimim və mənəvi valideynim Tahir Xəlilzadə müəllimin peşə bayramıdır, amma o, cismən mənim yanımda deyil. Ruhu isə mənimlədir, hər addımda, hər uğurumda hiss edirəm. Möhkəm mənəvi bağlarımız var. Kəlbəcərdən, Qamışlı kəndindən məcburi köçkün idi. 30 il Vətən həsrəti ilə yaşadı, hər cür sıxıntıya baxmayaraq, şagirdlərinə bunu hiss etdirmədi. Mənim kimi 100-lə şagirdin həyatında gözəl izlər qoydu. 

Sonuncu dəfə  Haqqa qovuşmadan 1 ay əvvəl görüşdük. Gözləri tamam zəifləmişdi. Xeyli dərdləşdik. Görə bilmədiyi üçün çox səbirsiz olmuşdu. Mütaliə etməyi sevən bir adam kitab oxuya bilmirdi. 

Dedi ki,müəllim oxuya bilmirsə, elə çoxdan ölüb.

Sonra əlavə elədi ki, bilirəm, vaxta az qalıb, bəlkə, bir də görüşmədik. Sənə haqqımı halal edirəm. Sən də haqqını halal elə... 

Çox pis oldum, kövrəldim.

 - Ağlama, Nəimi Nəsimiyə necə deyirdi: “Gedən cismimdir,  ruhum səninlə olacaq"-dedi və gülmsədi... Bircə xahişim var, məni məzara özün qoyarsan...

Əziz insan, sən mənə Vətəni, milləti, ana dilini sevməyi, şərəfli, vicdanlı vətəndaş olmağı, alnıaçıq, üzüağ yaşamağı, ƏSL MÜƏLLİM OLMAĞI öyrətdin...

Bütün bunları sözlərlə yox, əməlinlə öyrətdin...

Nə qədər ki yaşayıram, adını şərəflə daşımağa, yolunu davam etdirməyə söz verirəm...

Ruhun şad olsun, Ustad...

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.