
Super User
Qulu Ağsəs: “Birdən-birə azad bir adamı, sanki məhbəsə sürüklədilər”.
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bu dəfə sizi məhz elə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə görüşdürürük. Qulu Ağsəs Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalına yeni nəfəs gətirib, onu həddindən artıq oxunaqlı etməklə böyük oxucu auditoriyası toplaya bilib, üstəlik, biz onu lirik, sarı simə toxuna bilən şeirlər müəllifi kimi də tanıyırıq. Qulu həm də doğulduğu yurdun 27 illik işğal tarixinə dözüm gətirməyə məcbur olduqdan sonra onun işğaldan azad olunması sevincini dadan ziyalılarımızdandır. Odur ki, “Görsən üşüyürsən, yandır özünü” deyən şairlə danışmağa çox mövzu var. Görüşə həmişəki kimi əməkdaşımız İntiqam Yaşar bələdçilik edir.
-Salam, Qulu müəllim. Pandemiya dövrünü bir yaradıcı şəxs kimi necə keçirirsiniz?
-Salam. Əlbəttə bunu heç kim gözləmirdi. Hamı kimi mən də şaşırdım. Ağlıma belə gəlməzdi ki, bu hay-küylü, bu qaça-qov dünyada birdən-birə belə bir virus yaranar. Yəni biz bu həyata öyrəşməmişdik və bunu ağlımızın ucundan belə keçirmirdik. Birdən-birə azad bir adamı sanki dörd divar arasına, məhbəsə sürüklədilər. Hamı kimi pandemiyanı mən də ağır keçirirəm. Amma ilk növbədə "pandemiya şeirlərim" yarandı. Pandemiya ilə bağlı bir neçə şeir yazdım. O pandemiya mövzusunda yazdığım şeirlərin birində belə misralar var: "Bir yandan koronavirus, bir yandan da karantinavirus. İlahi, özün bax. Ya balkonda şəhər sal, ya küçələrə qanad tax.” O cümlədən, pandemiya qurbanı olan bir xanıma da şeir həsr eləmişəm. Pandemiya dövründə insanların çölə çıxmamasından ötrü bir gün ağlıma bir ideya gəldi. İnstaqram səhifəsi açmışdılar mənim adıma, hərçənd ki, o səhifənin nə olduğunu bilmirdim, işlətmirdim də. Orada “Ulduzlu qonaqlar” adında bir layihə elədim. Bu səhifədə müxtəlif sənətkarlar, müxtəlif peşə sahibləri hər axşam saat 9-da mənim qonağım oldular. Hətta bir ara bu rubrikanı gündəlik edirdim. Burada xalq yazıçıları, xalq şairləri, xalq artistləri, rəssamlar, rejissorlar “Ulduzlu qonaq” oldular. Eyni vaxtda bir neçə poeziya axşamı təşkil elədim. Bu poeziya axşamları təkcə Azərbaycanla məhdudlaşmırdı. Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa və İrandan müxtəlif qonaqlarım oldu. Paralel, özüm də İnstaqram vasitəsi ilə müxtəlif ölkə istifadəçilərinin qonaqlarına çevrildim. Onlarla müxtəlif diskusiyalar apardıq və bir beynəlxalq poeziya tədbiri də təşkil etdik ki, o artıq İnstaqram üzərindən deyil, ZOOM proqramı üzərindən həyata keçirildi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müxtəlif kitabxanaları ilə görüşlərimiz oldu, oxucularla görüşlər keçirdik. Onların qonağı olduq, suallarını cavablandırdıq. “Ulduz” jurnalı olaraq da müxtəlif layihələr həyata keçirdik. Məsələn, gənc yazarlara təklif elədik, öz şeirlərini səsləndirib video şəklində bizə göndərsinlər və biz onlara tərtibat verərək jurnalın müxtəlif sosial şəbəkə hesablarında paylaşdıq. Bu da kifayət qədər rəğbətlə qarşılandı. Və hətta bizim müəlliflərin göndərdikləri bu videoalar arasında minlərlə izlənmə sayı olanlar da oldu. Onların şeirlərinə öz ifalarında sevilə-sevilə baxıldı. Bu işə həm də bədii qiraətçiləri də cəlb etdik, sağ olsun bədii qiraətçilərimiz, təkcə mənim yox, həm də müxtəlif müəlliflərin şeirlərini səsləndirdilər. Səsləndirdikləri şeirləri həm onlar öz səhiflərində paylaşdılar, həm də biz jurnalın səhifəsində paylaşdıq. Təbii ki, bütün bunlar canlı, real həyatın əvəzini verə bilməz, ümid edirik ki, bu pandemiya yaxın zamanda bitəcək və biz əvvəlki həyatımıza qayıdacağıq.
- “Ulduz” jurnalını gənclərin jurnalı olaraq xarakterizə edirlər. Gənclərlə işləməyin zövqü çoxdur, yoxsa çətinliyi?
-“Ulduz” jurnalı həm gənclik jurnalıdır, həm də gənclər üçün jurnaldır.Yəni, bu iki amili bir-birinə qatmamaq lazımdır. Həm gənclərin jurnalıdır, yəni, birbaşa onların tribunasıdır. Həm də gənclər üçün jurnaldır. Yəni orta və yaşlı nəsildən də öyrənilməli çox şeylər var. O cümlədən, klassiklərdən. Biz indi bu son nömrəmizdə “Nizami Gəncəvi və çağdaş ədəbi gənclik” adlı bir müzakirə saatı qurmuşuq. Bu müzakirə saatında gənclərin Nizami Gəncəvidən nəyi əxz elədiyi, nəyi öyrəndiyi və nəyi öyrənməli olduğu sualları açıq şəkildə qoyulub və gənclər bu suallara öz istədikləri, öz bildikləri cavabları verirlər. O cümlədən, bilirsiniz ki, bu il həm də Dədə Ələsgərin 200 illik yubileyidir. Biz filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından xahiş elədik, Aşıq Ələsgərlə bağlı bir yazı yazdı. Həmin yazı özü də məhz gənclər üçün nəzərdə tutulub. Yəni, “Ulduz” jurnalı təkcə gəncləri çap eləməklə kifayətlənmir, həm də müxtəlif layihələr eləməklə, o cümlədən yaşlı nəsli bu işə cəlb etməklə, gənclər üçün maarifləndirici rol oynamaqdadır. Biz son sayımızda artıq, ustad dərslərinə başlamışıq. Bu, sırf dramaturgiya ilə bağlıdır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi, tanınmış dramaturq Əli Əmirli bu saydan etibarən gənc dramaturqlar üçün ustad dərslərinə başlayır. Biz bunu bir müddət davam edəcəyik. Sonra isə tərcümə kursları açmaq fikrimiz var. Bu kurslarda istəyirik ki, gənc tərcüməçilər oturuşmuş, yaşlı, professional tərcüməçilərdən tərcümə sənətinin sirlərini öyrənsinlər.
-Jurnal cəmi 300 tirajla çap olunur. Azərbaycan üçün çox az deyilmi?
-Jurnalın tirajı əlbəttə, hamımzı narahat edir. Xüsusilə, mən öyrənəndə ki, Qazaxıstanda analoji “Jıldız” və Rusiyada “Zvezda” jurnalları kifayət qədər böyük tirajlarla çap olunur, bu mənimçün əlbəttə xoş olmadı. Amma, Rusiyaya əlim çatmasa da, Qazaxıstanda olan dostlardan öyrəndim ki, orada jurnalın yüksək tirajla çap olunmağı həm də onun birbaşa dövlət qayğısı və abunəsi ilə bağlıdır. Yəni, dövlət köhnə qayda ilə ədəbi jurnallara, dərgilərə abunəlik üçün yenə də müxtəlif təşkilatlara müraciət edir və onları bu işə həvəsləndirir. Onlar da sevə-sevə abunə olurlar. Çox təəssüflər olsun ki, bizim bir neçə dəfə xahişimizə baxmayaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sorğumuza cavab vermədi. Baxmayaraq ki, məktublar həm AYB sədri Anar müəllimin adından, həm də mənim adımdan hər iki nazirə təqdim olunmuşdu. 3 il dalbadal ünvanladığımız məktubları onlar götürsələr də heç bir xeyri olmadı. Yəni, bizə ayrılan büdcə artıq, illərdi ki dəyişmir. Ona görə də tirajı artırmaq imkanımız yoxdur. Çünki 20 il bundan əvvəlki büdcə ilə indiki büdcə eyni olmalı deyil. Çap xərcləri artıb, poliqrafiya xərcləri artıb. Ümumiyyətlə, ölkədə hər şeyin qiyməti artıb. Amma “Ulduz” jurnalının büdcəsində nəzərdə tutulan maaşlar da, çap xərcləri də artmayıb. Çap xərclərimizin nə qədər olması sirr deyil. Yəni, bizə bununçün 555 azn ayrılır. Bu da 20 il bundan qabaq necə idisə, indi də həmin puldur. Ona görə də bizim tirajı artırmağa sadəcə vəsaitimiz yoxdur.
- “Ulduz” jurnalının çap keyfiyyəti, mətn keyfiyyəti kifayət qədər yüksəkdir. Bəs problem nədədir? Bəlkə menecerlik işinə yenidən baxmaq lazımdır?
-Əlbəttə, “Ulduz” jurnalının poliqirafiysı və dizaynı yüksək səviyyədədir. Bunun da bir sirri var, çünki biz ölkənin ən yaxşı nəşriyyatlarından birində - “Təhsil” nəşriyyatında çap olunuruq. Bu nəşriyyat olduqca keyfiyyətli və bahalı bir nəşriyyatdır. Hətta bizim vəsaitimiz orada çap olunmağımız üçün kifayət etmir. Sadəcə münasibətlərimiz, bizim əziz və unudulmaz naşirimiz Bəhruz Axundovla olan dostluğumuz imkan verir ki, biz orada çap oluna bilək. İndi də oğlu Tural Axundov bu işi davam etdirir. Ona görə də biz o nəşriyyatda bu səviyyədə çap oluna bilirik. Mən o nəşriyyata bir daha təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, jurnalın bu səviyyədə çapı bizim ürəyimizcədir. Amma daha yaxşı eləmək də olar. Daha yaxşı eləmək yolunda “Ulduz” jurnalının bu dəqiqə ən böyük problemi onun yayım problemidir. Çünki, biz yayımdan demək olar ki, pul ala bilmirik. Yayım şirkətləri1 bəhanələr tapırlar ki, “Ulduz” jurnalının pulunu ödəməsinlər. Deyirlər, jurnalın VÖEN-i yoxdur. Biz onlara AYB-nin VÖEN-ni dəfələrlə təqdim etmişik, amma onlar o pulları köçürməkdən imtina edirlər. Bu yayılan jurnalları da çox vaxt köşklərdə oxuculara təqdim eləmirlər. Şəxsən özüm dəfələrlə reydə çıxmışam, köşklərdən jurnalı soruşmuşam. Cavab veriblər ki, bu jurnaldan bizdə yoxdur. Amma mən onlardan kataloqu tələb edəndən sonra məlum olub ki, jurnal var. Sadəcə olaraq, bizim qəzet köşkləri qəzet-jurnal yox, siqarət satmaqla məşğuldurlar. Ona görə çox istərdim ki, ya Medianın İnkişafı Agentliyinin, ya Azərbaycan Yazıçılar Birliyinin özünün ayrıca bir yayım şirkəti olsun. Elə bizim dərgilər orada satılsın. Onda biz satdığımız jurnalın pulunu alar və daha çox işlər görə bilərik.
-Qulu müəllim, Ağdamda anadan olmuş bir yazar üçün 2020-ci il...
-2020-ci il çox təlatümlü il oldu. Əvvəl pandemiya, sonra Tovuz döyüşləri, sonra isə Vətən müharibəsi və 27 illik həsrətə son. Ona görə 2021-ci il əlbəttə bizim üçün qayıdış ilidir. İlk dəfədir ki, biz bu rayonların işğal gününü yox, qayıdış gününü qeyd edəcəyik. İşğal günləri artıq geridə qaldı. Çox böyük bir qələbədir, çox böyük bir tarixdir.Azərbaycan ordusu inanılmaz bir zəfərə imza atdı. Bu zəfər naminə biz “Ulduz” jurnalı olaraq 3 xüsusi nömrə çap elədik: “Qarabağ hekayələri”, “Vətən poeziyası” və “Qarabağ esseləri”. Bu da bizim vətənə eləyə biləcəyimiz xidmət idi. Əlbəttə ki, bununla iş bitmir. Jurnalın hər sayında biz şəhidlərimizi, qazilərimizi və Qarabağ müharibəsini anacağıq. Xüsusi bir layihəmiz də var “Doqquzluq” adlı. Müharibə, ədəbiyyat və müharibə ədəbiyyatı… Bununla bağlı bizim ədəbiyyatın ən görkəmli nümayəndələri fikirlərini bölüşüblər və bu, hələ də davam edir.
-Ağdama dünyadan köçmüş hansı məşhur ağdamlı şəxsiyyətlə getmək arzunuz olub?
-Əlbəttə ki, istərdim rayona Xudu müəllimlə gedim – böyük Azərbaycan alimi Xudu Məmmədovla. Düzdür, o özü işğalı görməmişdi, 1988-ci ildə rəhmətə getmişdi, onun yaddaşında Ağdam elə bizdə idi. Əlbəttə, Xudu müəllim və torpaqlarımız uğrunda şəhid olanlarımzın ailələri ilə getmək istərdim.
- Ağdamı əvvəlki abu-havası ilə görmək, yaşamaq üçün çoxmu zaman lazım olacaq, sizcə?
-Çox və ya az, amma zaman tələb olunur. Əvvəlki Ağdamı qurmaq üçün zaman mütləq lazımdır. Amma onun çox və ya az olmağını zaman özü göstərəcək. Buraya qədər dözmüşük, gəlin, bundan sonra da tələsməyək.
-Ağdamda nəyi görməməkdən qorxmusunuz?
-Nəyi görməməkdən qorxmuşam? Axı orada nə qalıb ki?! Ağdamda artıq görüləsi heç nə qalmayıb.
-Yeni Ağdamda nə görmək istərdiniz bir ziyalı kimi?
-Mən Ağdamı Qarabağın paytaxtı görmək istəyirəm. Qarabağ iqtisadi rayonunun paytaxtı kimi. Mədəniyyət paytaxtımız Şuşadır, Qarabağın da paytaxtı istəyirəm ki, Ağdam olsun.
-Yaradıcılığınızda Ağdama həsr etdiyiniz çox gözəl şeirlər var. Bundan sonrakı yaradıcılığınız haqqında da bir az danışaq. Nə kimi planlarınız var?
-Qarabağa, müharibəyə həsr elədiyim şeirlər çox sevinirəm ki, təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da sevilə-sevilə oxunuldu, izlənildi, dillər əzbəri oldu. Müxtəlif sosial şəbəkələrdə ən müxtəlif izləyicilərin, tanınmış şəxslərin dilindən bu şeirlər səsləndi. Günay Yelmarqızı, Rəşad Məcid, Mənsum İbrahimov, Azad Şükürov, Ağalar Bayramov, Ramiz Quliyev, Nəzakət Teymurova, Anar Adil, Xəzər Süleymanlı və digərləri - onlarla adam bu Qarabağ şeirlərini səsləndirdi. O cümlədən, mən eşitdim ki, Güney Azərbaycanda bu şeiri Ağdam işğaldan azad olunandan sonra əslən qarabağlı olan Səxavət bəy gedib anasının məzarı başında oxuyub. Buna çox mütəəsir oldum, çox. Yəni, yazmağa davam. Qarabağ, vətən mövzusunda yazmağa davam. Yeni yazılar var, inşallah onları da təqdim edəcəyəm.
- Mən həmişə ədəbi müzakirələrdə deyirəm ki, Qulu Ağsəsin publisistikası şeiri qədər güclüdür. Qulu Ağsəs özü bu haqda hansı fikirdədir?
-Mənim yaradıcılığımda hər şeyin başında poeziya dayanır. Ona görə istər esse olsun, istər publisistika olsun, istər lap müsahibə götürüm, jurnalist kimi, nə olursa olsun, poeziya həmişə ön cərgədədir. Poeziya hamısına əl gəzdirir, publisistikaya da, məqaləyə də, esseistikaya da və nəsrə də. Sevə-sevə yazıram və heç vaxt mətləbi uzatmıram. Ona görə publisistikam da, esseistikam da mənə elə gəlir ki, poeziyamla qoşadırlar.
-Gənclərin jurnalının baş redaktorunun ədəbi gəncliyə münasibəti, gözləntisi, tələbi...
-Gənclərə sözüm odur ki, çox pis vaxta gəlib düşdünüz. Azərbaycanda yazıçıların sayı oxucuların sayını keçməkdədir. Belə bir vaxtda yazıb-yaratmaq olduqca çətindir. 50-60 il bundan qabaq yazıçılar barmaqla sayılırdı, oxucular milyonlarla idi. İndi əksinə bir dövrdür. Belə bir vaxtda yazmaq, yaratmaq, tanınmaq bir qəhrəmanlıqdır. Həm də indiki dövrdə şeirdə pul yoxdur, ədəbiyyatda pul yoxdur, deməli yazan adamlar pul olmadan, şan-şöhrət olmadan yazıb-yaradırlarsa, bu onların könül işidir. Hər şey könüllərincə olsun.
-Başqa demək istədikləriniz...
-Başqa demək istədiyim odur ki, ilahi kəlamlar var, kitablar var, onlar göy üzünün yer üzünə olan ismarıclarıdır, mesajlarıdır. Biz də çalışaq, yer üzündəki sözü göy üzünə qaldıraq. O sözün altına girmək üçün, onu qaldırmaq üçün hamımıza təpər arzulayıram.
-Təşəkkür edirəm maraqlı söhbət üçün.
-Mən də təşəkkür edirəm, uğurlar olsun.
Şair Əkbər Ooşalı Özbəkistanda uğura imza atdı
Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetinin Özbəkistanın Dövlət müstəqilliyinin 30 illiyi ilə bağlı keçirdiyi beynəlxalq poeziya müsabiqəsinə yekun vurulub. Müsabiqədə azərbaycanlı şair Əkbər Qoşalı və vyetnamlı May Van Fan müsabiqənin qalibləri elan edilib.
Əkbər Qoşalıdan aldığımız məlumata görə, müsabiqənin münsiflər heyətinin tərkibində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da olub.
Qaliblərin şeirlərini özbək dilinə Raxmat Babajon və Mansur Jumayev tərcümə edib.
14 və 15 avqustda Pakistanın müstəqillik günü, Valter Skottun 250 illik yubileyi və lixtenşteynli olmaq xoşbəxtliyi
Varisin 11-20 avqustun təqvimi yazısından seçmələr
14 avqust. Pakistanın Müstəqillik Günü
44 günlük müharibə zamanı hamının əlində Azərbaycan və Türkiyənin bayrağından başqa həm də Pakistanın bayrağını görmək olardı. Niyə? Çünki Pakistan siyasi, geosiyası, strateji baxımdan Azərbaycana Türkiyədən sonra ikinci ən yaxın olan ölkədir. Pakistanlılarda Azərbaycana müdhiş bir sevgi var. Bu sevgi bilirsinizmi haradan qaynaqlanır? Ötən əsrin əvvəllərində bir yandan müstəmləkəçilik, bir yandan yoluxucu xəstəliklər yoxsul Pakistanı tam əldən salanda, əhali kütləvi qırılanda azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev müsəlman qardaşlarının köməyinə yetib, onlara böyük miqdarda maddi köməklik göstərib. Bax bunun əvəzidir ki, yüz ildir pakistanlılar özlərini bizlərə borclu hesab edirlər. (Yeri gəlmişkən, hazırda milyardlar xərcləyib, kürü yedirdib lobbiləşdirmək istədiyimiz əcnəbilər isə kürünü həzm edib qurtaran kimi doxsan dərəcə əks tərəfə meyillənirlər).
1947-ci ilin 14 avqust günündə dost ölkə müstəqilliyini əldə edib. Ona kimi isə Pakistan Böyük Britaniyanın əsarəti altında idi. Bu ölkənin bəzi özəlliklərini qeyd edim. Pakistan nüvə silahına malik tək-tük ölkələrdən biridir. Dünyadakı futbol toplarının yarıdan çoxu bu ölkədə istehsal olunur. Pakistanlı qız Malala Yusufzay dünyada Nobel mükafatına layiq görülən ən gənc insandır. Pakistanlı vunderkinq Şofan Txobani 8 yaşından Microsoft korporasiyasının sertifikatlı mütəxəssi olmaqla dünyanın ən azyaşlı qulluqçusu hesab olunur. Dünyada ən hündürdə yerləşən avtomagistral da bu ölkənin ərazisindədir. Bu, Xuncerab aşırımından keçən Karakorum şossesidir. Onu qədim İpək Yolu marşrutunun üzərində salıblar.
Hazırda Pakistanda 187 milyon insan yaşayır. Pakistanlılar xoşbəxtdirlərmi? Əfsus ki yox. Ölkədə həyat səviyyəsi çox aşağıdır, yoxsulluq həddi yüksəkdir. Ölkə korrupsiyadan, terrorizmdən, narkotranzit mövqeyindən əziyyət çəkir. Büdcənin böyük əksəriyyəti xalqın rifahına deyil, lazımsız nüvə silahı xərclərinə yönəlib. Və sair və illaxır. Allah bu qardaş xalqa kömək olsun!
15 avqust. Görkəmli şotland yazıçısı Valter Skottun 250 illiyi
Kitab qurdları və ədəbiyyatçılar bir yana, digərləri ən azından, “Kventin Dorvard” romanının adını ki eşidiblər? Onu yazan Valter Skott 1771-ci il avqust ayının 15-də İngiltərənin Şotlandiya vilayətində anadan olmuşdur. 1785-ci ildə Edinburq kollecinə qəbul olunmuş, tələbəlik dövründən çoxlu mütaliə etmiş, antik dövrün ədəbiyyatı və Şotlandiya poeziyası, alman dili və alman yazıçılarının əsərləri ilə maraqlanmış, tələbə yoldaşları ilə birgə “Poetik cəmiyyət” dərnəyi təşkil etmişdir. 1792-ci ildə Edinburq Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. Yaradıcılığa XVIII əsrin 90-cı illərində poeziya ilə başlamış 1800-cü ildən etibarən bir neçə il ərzində Şotlandiyanın ucqar yerlərini gəzərək topladığı xalq nəğmələrini 1802-ci ildə “Şotlandiyanın sərhəd nəğmələri” adı ilə ikicilddə çap etdirmişdir. Bu topluya daxil edilmiş xalq şeirinin əsl nümunələrində Şotlandiya tarixinə aid çox zəngin materiallar vardır. Bu topludan sonra yazıçı dalbadal “Sonuncu menestrelin mahnısı”, “Marmion”, “Göl qızı”, “Rokbi” adlı romantik poemalarını yazmışdır. Xüsusən, “Sonuncu menestrelin mahnısı” (1805) əsəri qədim Şotlandiyanı çox gözəl təsvir etdiyinə görə müəllifə böyük şöhrət qazandırmışdır. Tarixi roman janrının yaradıcısı məhz Skottdur. O, otuzdan çox roman və povestin müəllifidir. Romanlarını gizli imzalarla dərc etdirmiş, müəllifliyini yalnız 1829-cu ildə, əsərlərinin tam külliyatının nəşri ilə əlaqədar açıq elan etmişdir. Mühüm sosial-tarixi konfliktlərin təsiri, xalqın və dövlətin taleyi, cəmiyyətin inkişafı, sosial ədalətsizlik, milli və sinfi mübarizə problemləri ilə bağlılıq Skottun tarixi romanlarının əsas xüsusiyyətləridir. “Ueverli” (ilk romanı, 1814), “Puritanlar” (1816), “Rob Roy” (1818), “Edinburq məhbəsi” (1818),“Ayvenqo” (1819), “Abbat” (1820), “Kenilvord” (1821), “Vudstok” (1826) və s. romanları İngiltərə, “Kventin Dorvard” (1823), “Parisli qraf Robert” (1832) və s. romanları Avropa ölkələrinin tarixindən bəhs edir. “Napoleon Bonapartın həyatı” (1827), “Şotlandiyanın tarixi” (1829- 1830), “Lord Bayronun ölümü” (1824), “Romançıların həyatı” (1821-1824) və s. tarixi-ədəbi əsərləri məşhurdur. Valter Skottun yaradıcılığı Avropa və Amerika ədəbiyyatında sosial roman janrının inkişafına güclü təsir göstərmiş, Stendal onu “bizim ümumi atamız” adlandırmış, Balzak, Puşkin, Belinski onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Valter Skott 1832-ci il sentyabr ayının 21-də Abbotsford şəhərində vəfat etmişdir. Xristianlara Allah rəhməti düşmürmü, düşür.
15 avqust. Lixtenşteyn Krallığının Milli Günü
Cırtdan ölkələrə kim həsəd aparmır ki? Barmaqhesabı əhalisi olan, bu başından o başına yarım saata gedə biləcəyin bax bu Farerlərdə, Vatikanlarda, Andorralarda, San-Marinolarda, Lüksemburqlarda, Lixtenşteynlərdə həyat səviyyəsi o qədər yüksəkdir, insan faktoru o qədər dəyərlidir ki, həsəd aparmayıb neynəyəsən?
1940-cı ildən Şahzadə II Frans İosifin doğum günü -15 avqust milli gün kimi Lixtenşteyndə qeyd edilir. Həmin gün atəşfəşanlıq olur, yarmarkalar, kütləvi şənliklər keçirilir. İnanmazsınız, ölkə başçısı - Şahzadə II-ci Hans-Adams və onun oğlu əhaliyə paytaxt Vadusun qəsrində pivə qonaqlığı verirlər.
Cəmi 62 kvadrat kilometrlik ərazidə cəmi 37 min əhalisi ilə mövcud olan Lixtenşteynin paytaxtı Vadusda 5425 adam yaşayır, bizim məhəlləmizdəkindən azı 2 dəfə az. Amma bu cırtdan ölkədə inkişaf etmiş iqtisadiyyat da var (söhbət kağız üzərindəki yalançı inkişafdan getmir). Məsələn, Şaan şəhərindəki diş protezləri kombinatı bu siqmentdə dünyada liderdir, belə ki, bütün dünyada istehsal olunan diş protezlərinin 20 faizi bu kombinatın payına düşür. Hər il burada 60 milyon komplekt protez istehsal olunur. Tək elə bu protezin gəliri ilə ölkə əhalisinə adambaşı ayda 3 min dollar əməkhaqqı vermək olar. (Sağ əlləri zəngin ehtiyatları olan, böyük əraziləri və insan resursları olan, amma əhalisinə gün ağlamayan ölkələrin başına).
Demək, dünyada ən az cinayət hadisəsi qeydə alınan ölkələr siyahısındadır Lixtenşteyn. Burada son qətl hadisəsi uzaq 1997-ci ildə qeydə alınıb. Oğurluq yoxdur deyə insanlar qapılarını belə bağlamırlar. Bu ölkədə çox maraqlı və təkrarsız qanunlar var. Əhaliyə böyük azadlıqlar verilsə də ölkənin rəsmi nahar fasiləsi vaxtında – saat 12-dən 13.30-dək, bir də axşam yuxusuna dalma müddətində - saat 23-dən səhər 6-yadək səs-küy, qışqır-bağır salmaq rəsmən qadağandır. Daha bir qadağa qazon üzərinə çıxmağadır. Qardaş, həmin vaxtlar səs salma, bir də qazonun üstünə çıxma, yaşa da özün üçün. İşləməsən belə ayda 4-5 min avro paranı al, şellən. İşləsən milyonçu ol. İstedadlısansa, tutalım, mədəniyyət, idman, elm sahələrində fırtına qopara bilirsənsə, dünyaya səs sala bilirsənsə onda sənə ümumiyyətlə zaval yoxdur, möhtərəm Hans-Adams cənabları səni ovcunun içində saxlayacaq. Daha nə lazımdır ki, xoşbəxt olmaq üçün?
“Maşa və ayı” multserialı növbəti seriyasını Azərbaycana həsr edib
Rusiyada, o cümlədən bizim ölkədə də məşhur olan “Maşa və ayı” multserialı növbəti seriyasını Azərbaycana həsr edib.
“Animakkord” studiyasının istehsalı olan cizgi filminin növbəti seriyasında Maşa oyuncaqlarına Azərbaycan nağıllarının qəhrəmanı Cırtdanın sərgüzəştlərindən söhbət açır. Cizgi filmində hadisələr Qobustanda baş verir. Maşa filmdə həm də oyuncaqlarına Azərbaycan şirniyyatı – paxlava və şəkərbura “yedirdir”.
Bu barədə AzərTAC-ın Moskva müxbiri məlumat verir.
“Maşa və ayı” cizgi filmi uşaqlar arasında çox sevilir. Hazırda serial “Parrot Analytics” uşaq şouları dünya reytinqində birinci yerdədir.
Cizgi filminə serialın yutub kanalında aşağıdakı linkə daxil olaraq baxmaq mümkündür: (https://www.youtube.com/channel/UCRv76wLBC73jiP7LX4C3l8Q).
Plasido Dominqo İtaliyanın Bellini opera mükafatına layiq görüldü
Müğənni vurğuladı ki, musiqi onun üçün hər şeydir!
Dünya incəsənətində bəzən elə hadisələr baş verir ki, sərhədləri aşır, əhəmiyyətinə görə lap başda dayanır. Ötən gün dünya opera sənətində olduqca möhtəşəm bir hadisə baş verdi, özü də İtaliyada, bu sənətin Məkkəsində!
Tanınmış ispan tenoru Plasido Dominqo "Bellini d 'oro" ("Qızıl Bellini") adlanan nüfuzlu Opera mükafatına layiq görüldü. Müğənninin mətbuat xidmətinə istinadən bu xəbəri cümə axşamı TASS agentliyi yaydı.
Xəbərdə qeyd edilir ki, mükafatlandırma İtaliya bəstəkarının vətəni Siciliyada, Dominqonun Cüzeppe Verdinin “Riqoletto”suna dirijorluq etdiyi Taormində keçirilib.
"Mən bu etimad üçün minnətdaram. Mükafat Vincenzo Bellininin adınadır ki, o da inanılmaz nüfuzedici musiqi yaradırdı və bir çox böyük bəstəkarlara, xüsusilə Verdiyə yol açdı", deyə Dominqo bildirdi.
O, həmçinin 80 ilində hələ də gücünü hiss etdiyini və səsinin onu tərk etmədiyini dilə gətirdi. "İndi bəlkə soruşduğum hər şeyi etmirəm, amma işə davam etmək üçün səsim hələ var. 70 faiz oxuyuram, 30 faiz dirijorluq edirəm. Bəlkə də gələcəkdə daha çox və daha az dirijorluq edəcəyəm, amma hələ ki, səsim məni tərk etmir və mən xoşbəxtəm", - deyə ifaçı bildirdi və etiraf etdi ki, musiqi onun üçün hər şeydir. "Bu su və qida kimidir, musiqi olmadan yaşaya bilmərəm" dedi Dominqo.
Bildirək ki, Bellini mükafatı 1968-ci ildə dahi bəstəkarın doğma şəhəri olan Kataniyada musiqi Dostları Cəmiyyəti tərəfindən təsis edilmişdir. Müxtəlif illərdə Dominqonun dostları Rikkardo Muti və Luçano Pavarotti də bu mükafa layiq görülmüşlər. Corriere della Sera qəzetinə verdiyi müsahibədə İspan tenoru Pavarotti ilə dost, həmkar, eyni zamanda rəqib olduğunu etiraf etdi. "Mən ona heyran idim, amma rəqabət də var idi. Biz əməkdaşlıqdan həzz alırdıq və indi onun yeri görünür", - deyə Dominqo kədərlə bildirdi.
Azərbaycanlılara həqarət edənə azərbaycanlılardan on minlərlə “like”!
YouTube platformasında Shorts qısa paylaşımlar guşəsində azərbaycanlı Elçin Mürsəlov adlı birisinin paylaşımı trenddədir, qısa müddətdə 365 min baxış, 11 min “like” toplayıb. “Azərbaycanlı olduğunu demədən göstər” adlanan süjetdə qiz sinəsinin ətir qoxusunu oğlana qoxuladır. Sonra oğlan sinəsini qıza tərəf tutur ki, bu dəfə qız qoxulasın. Qız gözünü yumub qoxulayanda oğlan sinəsini çəkib qolunun altını qızın burnuna tutur. Kəsif qoxudan gözünü açan qız qəzəblə oğlana təpik atır. Bu da, guya ki, izləyicidə gülüş doğurmağa hesablanıb.
Nə demək istəyir süjet müəllifi? Bunu bir zarafat sanır, bir yumor sanır yəqin ki. Amma kökündən yanılır. “Azərbaycanlı olduğunu demədən göstərmək” məhz qıza qoltuğunun altını ilətdirmək kimi tərbiyəsizliyi, murdarlığı, qanacaqsızlığı, ləyaqətsizliyi özündə ehtiva edirsə, demək, bizim xalqın aparıcı xüsusiyyətləri bunlardır?
İndi sosial şəbəkələrdə hər cür savadsız, hətta anlaqsız insan görmək olar. Belələri düşük və şit, bəzən vulqar və pozğun tərzdə özlərinə izləyici yığır, “like” sevdasına çıxır. Zövqsüzlük aşılayırlar, cəhənməmə, bir təhər dözmək olar. Tərbiyəsizlik aşılayırlar, yenə cəhənnəmə, zəmanə pozulub deyərək buna da birtəhər dözmək olar. Amma xalqı bu cür təhqir etmək satqınlıqdır, xainlikdir, cinayət məsuliyyətidir.
Mental xüsusiyyətinə görə dünyanın ən tərbiyəvi xalqlarından biri sayılan, adət-ənənələrinə, böyüklə kiçik arasındakı, kişiylə qadın arasındakı qarşılıqlı hörmətə digər xalqların həsəd apardığı Azərbaycan xalqına bu cür ləkə yaxmaq olarmı? Özü də bunu hansısa Jirinovski, hansısa Petrosyan eləmir, bunu öz azərbaycanlımız eləyir. Hanı bəs ən azı ictimai qınaq?
Bu cür hallara dərhal son qoymaq, xalqın mənliyinin keşiyində durmaq lazımdır.
Dərhal!
13 avqust Solaxaylar Günüdür, Atatürkün prezident seçilməsinin, xərçəng virusunun kəşf edilməsinin, yəhudilərin Fələstinə köçürülməsinin ildönümü, Elmira Rəhimovanın 80 illik yubileyidir
Varisin “11-20 avqustun təqvimi” yazısından bu gün üçün seçmələr
13 avqust. Ümumdünya Solaxaylar Günü
İnternational Left-handers. Planetdəki insanların 10-11 faizi solaxaydır. Ehtimal olunur ki, aparıcı əlin müəyyənləşdirilməsində 40 gen rol oynayır. BBC-nin yazdığına görə, Belfast Universitetindən tədqiqatçı Piter Hepper səs şüası ilə uşağın ana bətnində hərəkətlərini izləyib, müəyyənləşdirib ki, hər 10 embriondan 9-u sağ əlinin böyük baş barmağını ağzına soxmağa vərdiş edir. Doğulandan sonra həmin o yerdə qalan bir körpə solaxay olur. Nə gizlədim, uşaqlıqda mən də solaxay idim, sol əllə rəsmlər çəkir, yazı yazırdım. Evdə anam, məktəbdə ibtidai sinif müəllimim biri nəzakətlə, digəri xətkeşlə məni sol əllə yazmaqdan çəkindirdilər.
Yaxşı, solaxaylıq göz önündə olan şeydir, bu barədə hamı məlumatlıdır, demək, insanların 10-11 faizi soləllidir. Bəs siz bilirsinizmi, başqa bilmədiyimiz, əhəmiyyət vermədiyimiz nüanslar da var? Solayaqlılıq, solqulaqlılıq və solgözlülük. Bəli, bəli. Necə ki, sağ əl sola nisbətən dominantdır, ayaqda, gözdə, qulaqda da eynəndir. Amma onlarda da istisnalar olur. Özü də daha böyük miqyasda. Demək, insanların 40 faizi solqulaqlı, 30 faizi solgözlü, 20 faizi isə solayaqlıdır. Bəli, eynən beləcə.
13 avqust. Xalq Artisti Elmira Rəhimovanın 80 illik yubileyi
İndi yaşına görə oxumur, gənclər də, yəqin ki, onu tanımazlar. Amma bir vaxtlar çox adam onu tanıyırdı, ölkəmizdə hind kinosu alüdəçiliyi dövrləri idi, hind kino musiqisinin heyranları yüz minlərləydi, Elmira Rəhimova da hind mahnıları oxuyaraq populyarlaşmışdı.
Elmira Allahverdi qızı Rəhimova 1941-ci il avqust ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildən Müslüm Maqomayev adına Mahnı və Rəqs ansamblının, 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 1965-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. Texnikumda Seyid Şuşinskidən dərs almışdır. 1970-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. 1957-ci ildə Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə getmiş, üç il orada klassik hind rəqs sənətini mənimsəmiş, hind mahnıları oxumağı öyrənmişdir. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış etmişdir. Onun ifasında xüsusilə “Tələbəlik illəri”, “Ana laylası”, “Mən anayam”, “Küsüb məndən”, “Sənin gülüşlərin” və digər mahnılar şöhrət qazanmışdır. Müğənni 1967-ci ildə Respublikanın “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olmuş, müxtəlif illərdə bir çox medal və yüksək səviyyəli fəxri fərmanlara layiq görülmüşdür. O, dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olmuşdur. Elmira Rəhimova 2002-ci il iyun ayının 11-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
13 avqust. Atatürkün Türkiyənin ilk prezidenti seçilməsinin ildönümü
Bu hadisə 1923-cü ildə baş verib. Böyük gündür, Türkiyəni parçalanmaqdan, imperialist Avropa ölkələrinin və Amerikanın arasında bölüşdürülməsindən xilas edən tarixi gündür. Bu gün böyük Mustafa Kamal Atatürkü anmamaq qəbahətdir. Atatürkün qurduğu dost, qardaş müasir Türkiyə biz azərbaycanlıların dünyada ən böyük dayağıdır.
Ayrıca bu nəhs gün barədə nə demək olar? Bəlkə onu deyək ki, 1990-cı ilin bu günündə SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov 1920-50-ci illərdə repressiyaya uğrayanların hüquqlarının bərpası barədə qərar imzalamışdır? Bu qərardan sonra bizim Azərbaycanda da arxivlər açılmış, xüsusən 1937-ci il qurbanı olan məşhur ziyalıların taleyinə işıq salınmışdır. (Təkcə 1937-ci ildə Azərbaycanda “troyka” deyilən 3 alçaq insandan ibarət cəza aparatı 2792 nəfəri güllələtmiş, 4425 nəfəri isə həbs və sürgün etdirmişdir). Siyahıda elə isimlər var ki, adam onların ruhu qarşısında baş əyməyə bilmir: Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümtaz, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, daha kimlər, daha kimlər...
1964-cü ilin bu günündə Böyük Briyaniyada son ölüm cəzası həyata keçirilib, 1966-ci ildə Tunisdə qıza, qadına gödək ətək geyinmək yasaq edilib. 1947-ci ildə Laxorda qəzəbli kütlə Mxatma Qandinin evini daşa basıb. 1945-ci ildə Ümumdünya Sionist Konqresi milyon yəhudinin Fələstinə köçməsinə razılıq ala bilib. 1946-ci ilin bu günündə - tam 75 il əvvəl məşhur ingilis fantastı Herbert Uells dünyadan köçüb. 1932-ci ildə Romada Quqlielmo Markone ilk qısadalğalı radionu işə salıb. 1912-ci ildə fransalı həkim Q.Odin xərçəng virusunu kəşf edib. 1907-ci ildə Nyu-Yorkda ilk taksilər peyda olublar. 1899-cu ildə amerikalı ixtiraçı Uilyam Qree telefon-avtomatı patentləşdirib. 1822-ci ildə rus imperatoru 1-ci Aleksandr masson lojasının fəaliyyətinə qadağa qoyub. Və ən nəhayət, siz bu nəhs günə niyə elə-belə baxırsınız ki, baxmayın. Mayya hindu təqviminə görə məhz eramızdan əvvəl 3113-cü ilin 13 avqust günündə dünya təşəkkül tapıb.
İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenova “Şərəf” ordenini təqdim etdi
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul etdi.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən məlumat verir ki, Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirdi və qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.
Görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini dedi.
Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlətimizin başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirdi, Heydər Əliyevin Oljas Süleymenova həm istedadı, həm də ictimai fəaliyyətinə görə hörmət bəslədiyini qeyd etdi.
Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını dedi.
Dövlətimizin başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırlatdı, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirdi və ordeni görkəmli qazax şairinə təqdim etdi.
Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını məmnunluqla vurğuladı və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd etdi. Görkəmli qazax şairi bildirdi ki, bu Qələbə bütün türk dünyasının çox böyük növbəti uğurudur və o, tarixdə qalacaq.
Oljas Süleymenov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini də məmnunluqla vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi.
Türkiyədə Maestro Niyazi barədə kitab işıq üzü görüb
Türkiyənin “Net Kitaplık” nəşriyyatında gənc musiqişünas Ecem Tuğçe Akbulutun “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyası türk dilində nəşr olunub.
Kitab gənc tədqiqatçının eyni mövzuya həsr olunmuş İstanbul Universiteti Humanitar Elmlər İnstitutunda uğurla müdafiə etdiyi magistratura dissertasiyası işi əsasında hazırlanıb.
AzərTAC-ın məlumatına görə, zəngin mənbələr və sənədlər əsasında yazılmış və üç fəsildən ibarət olan bu monoqrafiyanın birinci fəsli “Mədəni diplomatiya anlayışı və SSRİ dövründə Türkiyə-Azərbaycan mədəni münasibətləri”nə həsr edilib. Bu fəsildə mədəni diplomatiyanın nəzəri –konseptual əsasları tədqiq olunur, keçmiş sovet dövründə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin əhəmiyyətli məqamları çoxsaylı mənbələr əsasında tədqiq edilir.
Niyazinin həyat və yaradıcılığına həsr olunmuş ikinci fəsildə maestronun uşaqlıq və gənclik illəri, yaradıcılıq dövrü, dirijorluq sənətinə aparan yol nəzərdən keçirilir. Həmçinin Niyazinin bir sənətkar kimi yetişməsində ölkənin musiqi elitasına məxsus ailəsinin yaratdığı sənət mühitinin əhəmiyyətli rolu, xüsusilə əmisi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin rolu bir yarımfəsildə ayrıca olaraq araşdırılır. Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyətinin musiqişünaslıq nöqteyi- nəzərdən geniş şəkildə tədqiq olunduğu bu fəsildə, həm də Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin dahi sənətkarın musiqi mirasına və xatirəsinə verdiyi əməli qiymət konkret faktlarla xüsusi olaraq nəzərə çatdırılır.
Monoqrafiyanın üçüncü fəsli Niyazinin 1960 və 1980-ci illər arasında Türkiyədə yaradıcılıq fəaliyyətinə həsr olunub. Bu fəsildə Niyazinin Türkiyədə çalışdığı dövr ərzində dirijorluq etdiyi musiqi əsərləri haqqında məlumat verilir, onun Nazim Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey, İdil Biret kimi türk ziyalıları və incəsənət xadimləri ilə münasibətləri xüsusi şəkildə təhlil edilir. Müəllif tərəfindən Niyazinin Türkiyədəki yaradıcılığı həm türk simfonik musiqisinin inkişafı kontekstində, həm də ideoloji buxovların hakim olduğu sovet dövründə Azərbaycan-Türkiyə mədəni münasibətlərində oynadığı əhəmiyyətli rol baxımından dəyərləndirilir.
192 səhifədən ibarət kitabın sonunda tədqiqatın mahiyyətini ifadə edən geniş nəticə, ədəbiyyat siyahısı və Niyazinin Türkiyədəki fəaliyyət dövrünü əks etdirən fotosalnamə oxuculara təqdim edilir.
Vogue təqdim edir: 2021 Payız-qış mövsümünün əsas trendləri
“Ədəbiyyat və incəsənət” portalı Vogue nəşrinə istinadən qarşıdan gələn payız-qış mövsümünün əsas trendlərini təqdim edir. Öncəliklə isə, oxucularımıza ümumən 2021-ci ilin dəb trendlərini xatırlatmaq istəyərdik:
1 - rahat trikotaj
Uzun qollu hörmə paltarlara nəzər salın - onlar bütün il boyu aktual olacaq, sonradan onlara trikotaj pantalonlar, 1960-cı illərin ruhunda kiçik platyalar və polo top-ları da əlavə olunacaq.
2 - seplər
Moda nümayişlərinin əhəmiyyətli tendensiyalarından biri metaldan kütləsi böyük seplərdir. Onlar hər yerdə olacaq — geyim və aksessuarların dekorunda, qolda, boyunda, kəmərlərdə.
İndi isə vəd etdiyimiz payız-qış mövsümünün trendlərinə keçək.
1 - alidən ibtidaiyə
Biz uzun müddətdir ki, kətan, ipək üslubunda, yüngül platyalara alışmışıq, qış paltolarında da bu xammallara yun əlavəsi ilə (məsələn, kaşemir) üstünlük verilir, lakin bu qış dizaynerlər bizə alternativini təklif edirlər - sırıqlı paltarlar, kürklər, plaşlar və uşaq adyallarına bənzər paltolar seçmək. Bu qış bütün dünya bu tərzdə geyməyə üstünlük verəcək.
2 - Ofis dress kodu
İşə ciddi yun pencəyinizi dəri kəmərlə geyin, bir də dizdən aşağı, ətəyi yüksək yan kəsiklə ətək geyinin. Dəbdirsə, demək, soyuq olmayacaq.
3 - Parıltılı “heykəllər"
Qış ziyafətləri üçün ən yaxşı material — maksimum qapalı paltardır, lakin bu paltar tamamilə zərli xırda fiqurlarla səpələnməlidir. Gözqamaşdırıcı parıltı ilə birləşən təvazökarlıq - əsl moda silahıdır.
4 - Ağlasığmaz qış uyğunluğu
Aktuallığın zirvəsində1980-ci illərin başgicəllədən rəngləri cövlan edəcək: zümrüd rəngi ilə badımcan rəngi, yəsamən rəngi ilə karamel rəngi və qəhvəyi rənglə bənövşəyi rəng.
5 - Başgicəlləndirici printlər
Seçiminiz mürəkkəb incəsənət izləri ilə zəngin olmalıdır, böyük damalı dama-dama paltar, psixodelik “qaz pəncələri”, təzadlı, əksli kompozisiya. Geyim əsl incəsənət əsəri olmalıdır.