
Super User
Kiyevdə TÜRKSOY təşkilatının nəşr etdiyi “Reading Nizami Ganjavi” adlı art-albom təqdim edilib
Ukrayna Milli Yazıçılar İttifaqında “Reading Nizami Ganjavi” adlı art-albomun təqdimat mərasimi keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən nəşr olunmuş bu albom görkəmli Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilib.
Tədbirin təşkilatçıları qismində TÜRKSOY, Ukrayna Milli Yazıçılar İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Ukraynadakı səfirliyi çıxış edib.
AzərTAC xəbər verir ki, Ukrayna Milli Yazıçılar İttifaqının rəhbəri Mixail Sıdorjevski mərasimi açaraq, TÜRKSOY-un baş katibi Düsen Kasienovun rəhbərlik etdiyi nüfuzlu nümayəndə heyətini Ukrayna Yazıçılar İttifaqının binasında qəbul etməyə, Ukrayna-türk ədəbi layihələrinin inkişafına kömək etməyə şad olduğunu bildirib. Mixail Sıdorjevski deyib: “Nizami dünya miqyaslı dahidir. Bu görkəmli azərbaycanlının xatirəsi Ukrayna cəmiyyətində də ehtiramla yad edilir. Nizaminin əsərlərinin tərcüməçiləri arasında Ukrayna ədəbiyyatının klassikləri Leonid Pervomayski, Vasıl Barka, Vasıl Mısık, Mıkola Miroşniçenko və başqaları, Nizami yaradıcılığının ukraynalı tədqiqatçıları arasında Aqatangel Krımski, Lev Lopatınski, Mıkola Qulak kimi məşhurlar var. Biz Nizami Gəncəvi irsinin Ukraynada populyarlaşdırılmasına öz töhfəmizi verməyə şadıq”.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinov tədbir iştirakçılarını salamlayaraq Ukraynada artıq həyata keçirilmiş tədbirlər barədə məlumat verib, qeyd edib ki, Ukrayna auditoriyasının türk mədəniyyətinə, o cümlədən Azərbaycan mədəniyyətinə maraq göstərməsi çox sevindirici haldır. Düsen Kaseinov deyib: “İngilis dilində nəşr edilmiş “Reading Nizami Ganjavi” adlı art-alboma dahi şair və mütəfəkkirin əsərlərindən ilham almış türk rəssamlar tərəfindən çəkilmiş tablo və miniatürlər daxil edilib. Bu kitab Nizami irsinin Ukrayna cəmiyyətinə hərtərəfli təqdim edilməsinə mühüm töhfə olacaq”.
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova keçən il Xarkovda Nizami Gəncəviyə abidənin açılışı barədə söhbət açıb. Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyevin mərkəzində, Taras Şevşenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin heykəl kompozisiyası qoyulacaq. Elmira Axundovanın sözlərinə görə, Nizaminin beş poemasını hər birindən seçmə parçalar daxil edilmiş “Xəmsə” kitabının Ukrayna dilində nəşri Nizami yaradıcılığının populyarlaşdırılmasına səfirliyin mühüm töhfəsidir.
Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik informasiya şöbəsinin müdiri Tatyana Dobko keçən il aparılmış “Nizami Gəncəvi Ukrayna dilinə tərcümə və araşdırmalarda (1917-2021)” adlı biblioqrafik tədqiqat barədə məlumat verib. O qeyd edib ki, bu tədqiqat Nizami əsərlərinin Ukrayna dilinə tərcümələri, ukraynalı alimlərin Nizami haqqında məqalələri, elmi konfranslar barədə tam və sistemləşdirilmiş informasiyadır.
Ukrayna Milli Elmlər Akademiyasının Aqatangel Krımski adına Şərqşünaslıq İnstitutunun elmi katibi, tarix elmləri namizədi Olqa Mavrina bu institutun Ukrayna-türk layihələrində, o cümlədən Nizami Gəncəvinin ədəbi irsinin tədqiqatına yönəlmiş layihələrdə Şərqşünaslıq İnstitutunun iştirakı barədə məlumat verib. “Kiyev-Mogilyanski Akademiyası” Milli Universitetin professoru Fərhad Turanlı Nizami Gəncəvinin “Xəmsə” kitabının nəşrə hazırlanmasında özünün fəaliyyəti barədə danışıb.
“Yaroslavov Val” nəşriyyatının direktoru Svetlana Koronenko Nizaminin “Leyli və Məcnun” poemasının Ukraynada nəşri və təqdimatı barədə məlumat verib. Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Emiliya Məmişova Nizaminin qəzəllərini Azərbaycan dilində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Darya Ponomarenko Nizaminin “Leyli və Məcnun” poemasından bir parçanı Ukrayna dilində deklamasiya deyib.
Milli Akademik Xalq Çalğı Alətləri orkestrinin banduraçısı Marina Vişnevskaya məşhur “Sarı gəlin” Azərbaycan xalq mahnısının melodiyasını və Fikrət Əmirovun “Noktürn” əsərini bandurada ifa edib.
Ukraynanın Xalq artisti Qurban Abbasov Nizaminin şeirlərinə yazılmış mahnıları ifa edib. Tədbirin moderatoru, Ukrayna-türk layihələrinin kuratoru Marına Qonçaruk Ukraynada Nizami əsərlərinin tərcümələri və araşdırmaları barədə ətraflı məlumat verib, Görkəmli Ukrayna alimi, vaxtilə Bakı Dövlət Universitetinin professoru olmuş, “İskəndərnamə” poemasını hərtərəfli tədqiq etmiş və 1900-cü ildə bu barədə məqalələr yazmış Lev Lopatınskidən sitat gətirib.
Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mükafatlarının təntənəli şəkildə təqdim edilməsi mərasimi də keçirilib. Məşhur Ukrayna şairi, Türk xalqları ədəbiyyatının, o cümlədən Azərbaycan ədəbiyyatının tərcüməçisi Pavel Movçana İmadədin Nəsimi medalı təqdim edilib (medal Yazıçılar İttifaqının rəhbəri vasitəsilə çatdırılıb), Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovaya Nizami Gəncəvi medalı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi, Ukrayna-türk layihələrinin kuratoru Marına Qonçaruka Nizami Gəncəvi medalı təqdim edilib.
Ukrayna Milli Yazıçılar İttifaqının rəhbəri Mixail Sıdorjevskinin ədəbiyyat sahəsində Ukrayna-Türk əməkdaşlığının inkişafına göstərdiyi köməyə görə ona xatirə suvenirləri və təşəkkürnamə təqdim edilib.
Tatyana Dobko, Tatyana Arseyenko, Oleq Kotsarev, Olqa Mavrina, Fərhad Turanlı, Svetlana Koronenko, Qurban Abbasov, Natalya Korolko, Darya Ponomarenko və Emiliya Məmişovaya fəxri fərmanlar təqdim edilib.
Şuşa İli” ilə bağlı dəyirmi masa təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “8 Mart” adına Mədəniyyət evində “Şuşa İli” ilə bağlı dəyirmi masa təşkil olunub.
Baş İdarədən AzərTAC-a bildirilib ki, tədbirdə İlk olaraq “Şuşa İli”nə həsr olunmuş videoçarx təqdim edilib.
Sonra Mədəniyyət evinin metodisti Zəhra Fərzəliyevanın “Şuşa İli” haqqında məruzəsi dinlənilib.
Vurğulanıb ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.
Daha sonra 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı səsləndirilib.
Nyu-York Moda həftəsi stritstayllarının görüntüləri
Cümə günü Nyu-Yorkda öz işinə başlamış Yüksək Moda həftəsi artıq yekunlaşmaq üzrədir.
Dünyaşöhrətli fotoqraf Fil O vaxt itirmədən meqopolisin küçələrindən dalbadal foto-reportajlar etməkdədir və bu foto-reportajlar podiumdakı, defiledəki modellərdən, onların libaslarından əsla az maraq oyatmır.
“Ədəbiyyat və incəsənət” portalı Vogue.com portalına istinadən xəbər verir ki, Fil Onun kamerasının gündüzlər daha çox klassik dama-damalar, neytral çalarlar daha çox gözünə girir, axşamlar isə stritstayl ulduzları lələklərdə, dərilərdə parlayırlar.
Fotoqrafın obyektivinin bəzi fotolarını diqqətinizə çatdırırıq.
Moskvada Azərbaycan kinosunun retrospektivi başa çatdı
Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim etdi. “Ədəbiyyat və incəsənət”portalı Rusiya mətbuatına istinadən xəbər verir ki, fevral ayının 7-də başlayan film nümayişləri bu gün - fevralın 15-də sona çatdı.
Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə çəkilmiş 19 film nümayiş olundu.
Azərbaycan kinosu retrospektivinin açılışına rejissor Fariz Əhmədovun premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutan “Sonuncu” adlı filmi ilə start verildi.
19 filmdən ibarət “Azərbaycan kinosu. Retrospektiv” proqramına 1935-ci ildən bu günə qədər olan dövrü əhatə edən komediya və triller, nağıl və detektiv hekayələr, kinoromanlar, sevgi hekayələri, sosial dramlar və sürreal təmsillər daxil idi. Sovet dövrünün son səssiz filmlərindən biri olan “Dəcəl dəstə”dən tutmuş ilk müstəqil filmlərdən biri olan “Yarasa”ya, müharibədən sonrakı və mülayimləşmə dövrü filmlərindən beynəlxalq festivalları fəth edən müasir müəllif filmlərinə qədər müxtəlif dövrlərə aid proqram Azərbaycan kinematoqrafiyasının geniş janr və üslublarını nümayiş etdirirdi.
Filmlərin yarıdan çoxu Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik kinolentdən, Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim olunan rəqəmsal nüsxələrdən nümayiş etdirilirdi. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunurdu.
Retrospektiv proqramının kuratorları “İllüzion” kinoteatrının art-direktoru Aleksandra Lavrova və Mədəniyyət Nazirliyiniun Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov idilər.
Festivalın proqramı isə tamamən belə oldu:
7 fevral 19:30 Açılış.
“Sonuncu”
2021. 36 dəq. Rejissor: Fariz Əhmədov. dcp. 12+
8 fevral 19:30
“Dəcəl dəstə”
1937. 55 dəq. Rejissor: Qəmər Salamzadə, Aleksandr Popov. 35 mm. 6+
8 fevral 21:30
“Mavi dənizin sahilində”
1935. 69 dəq. Rejissor: Boris Barnet. 35 mm 12+
9 fevral 19:00
“Sehrli xalat”
1964. 77 dəq. Rejissor: Əlisəttar Atakişiyev. 35 mm 6+
9 fevral 21:30
“Uzaq sahillərdə”
1958. 88 dəq. Rejissor: Tofiq Tağızadə. 35 mm 12+
10 fevral 19:00
“Özgə vaxt”
1996. 85 dəq. Rejissor: Hüseyn Mehdiyev. dcp. 18+
10 fevral 21:30
“Hər şey yaxşılığa doğru”
1997. 36 dəq. Rejissor: Vaqif Mustafayev. dcp. 18+
“Yarasa”
1995. 78 dəq. Rejissor: Ayaz Salayev. dcp. 18+
11 fevral 19:00
“Bir cənub şəhərində”
1969. 82 dəq. Rejissor: Eldar Quliyev. 35 mm. 16+
11 fevral 21:30
“Şərikli çörək”
1969. 65 dəq. Rejissor: Şamil Mahmudbəyov. 35 mm. 12+
12 fevral 16:00
“Bizim Cəbiş müəllim”
1969. 75 dəq. Rejissor: Həsən Seyidbəyli. 35 mm. 12+
12 fevral 18:10
“İstintaq”
1979. 87 dəq. Rejissor: Rüstəm Ocaqov. 35 mm. 12+
12 fevral 20:35
“Şeytan göz qabağında”
1987. 89 dəq. Rejissor: Oktay Mir-Qasım. 35 mm. 12+
13 fevral 19:00
“Qətldən yeddi gün sonra”
1991. 93 dəq. Rejissor: Rasim Ocaqov. 35 mm. 18+
14 fevral 19:00
“Balıqçının qızı”
2019. 88 dəq. Rejissor: İsmayıl Səfərəli. dcp. 12+
14 fevral 21:30
“Səpələnmiş ölümlər arasında”
2020. 88 dəq. Rejissor: Hilal Baydarov. dcp. 18+
15 fevral 19:30 Bağlanış
“Duz, istiot zövqə görə”
2019. 22 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+
“Axşama doğru”
2020. 12 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+
“Daxildəki ada”
2020. 79 dəq. Rejissor: Rüfət Həsənov. dcp. 18+
Show TV-də “Baba” dizisinin premyerası möhtəşəm alınıb
Dünən məşhur aktyorların çəkildiyi, dramatik süjet xəttinə malik "Baba” serialının ilk seriyası Show TV-nin ekranlarına çıxıb.
“Ədəbiyyat və incəsənət” portalı “SonDakika” xəbər ajansına istinadən xəbər verir ki, Türkiyə serial industriyasında nömrə bir olan “Ay yapım” şirkətinin çəkdiyi bu serial baş rolda kifayət qədər nüfuzlu olan atanın - Emin Sarukhanlının ailəsində yer alan münasibətlərə həsr olunub.
Baş rollarda Haluk Bilginer, Tolga Sarıtaş və Özge Yağız kimi ünlü aktyorlar yer alan "Baba" serialının reytinqlərdə ön yeri zəbt edəcəyi heç kəsdə şübhə doğurmur.
Təyyarə qəzası Sarukhanlı ailəsinin taleyini tamamilə dəyişir. Sarukhanlı ailəsi yeni bir həyat başlasa da, Emin ailəsini müdafiə etmək üçün həyatında ən böyük sınaq ilə üzləşir.
Nəfəskəsici bir süjet və möhtəşəm aktyor ifası!
Bakı Xoreoqrafiya Akademiyasının rəqqasələrinin beynəlxalq uğuru
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimi Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın müşayiəti ilə BXA-nın tam orta məktəbinin IX sinif şagirdiləri Liana Bernadina və Leyla Dəmirova 11-14 fevral 2022-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dahi rus balerinası Anna Pavlovanın anadan olmasının 140 illiyinə həsr olunmuş “Klassik və müasir rəqs ifaçılarının Beynəlxalq Konsert-Müsabiqəsi”ndə iştirak ediblər.
Peterhof Yay Sarayında keçirilən müsabiqədə Liana Bernadina “Armida Pavilyonu” və “Əbəs yerə ehtiyatlılıq”, Leyla Dəmirova isə “Yatmış gözəl” baletindən Yasəmən pərisi, “Paxita” baletindən variasiları ifa ediblər. Leyla Dəmirova möhtəşəm çıxışına görə 107 ifaçı və 215 rəqs arasında I dərəcəli laureat, Liana Bernadina isə II dərəcəli laureat adına layiq görülüb.
Qeyd edək ki, layihə böyük rus balerinası Anna Pavlovanın doğum gününə təsadüf etdiyinə görə, mükafatlandırma balerinanın ev-muzeyində həyata keçirilib.
Xatırladaq ki, müsabiqədə 107 ifaçı 215 rəqs ifası ilə çıxış edib. Müsabiqənin missiyası klassik baletin ən yaxşı ənənələrini qoruyub saxlamaq, tələbələrin yaradıcılıq qabiliyyətlərini və ifaçılıq bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaq, ən istedadlı rəqqasları üzə çıxarmaq, dəstəkləmək, o cümlədən yaradıcılıq əlaqələri yaratmaqdan ibarətdir.
Günün fotosu: Rusiya Duması dırnaqarası Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyini tanıdı
Günün fotosu:
Rusiya Duması dırnaqarası Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyini tanıdı
Rusiya Duması bu gün öz plenar iclasında dırnaqarası Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyini tanıyıb. Rusiya Prezidenti Vladimir Putinə təqdim edilən sənədin imzalaması barədə müraciət göndərilib.
Çox üzücü xəbərdir.
Foto: RİA Novosti
Günün fotosu: Benzinin qiymətini azaltmaq Polşanın başına bəla olub
Günün fotosu:
Benzinin qiymətini azaltmaq Polşanın başına bəla olub
Fevralın 1-dən benzinin qiymətinə tətbiq edilən ƏDV-nin 23 faizdən 8 faizə azaldılması, ərzaq məhsulların tətbiq edilən ƏDV-nin isə ləğvi qiymətlərin xeyli ucuzlaşmasına səbəb olub, amma bu, həm də Polşanın başına bəla olub. Belə ki, qonşu Çexiya, Slovakiya və Almaniyadan gələnlər yanacaqdoldurma məntəqələrində və ərzaq mağazalarında böyük növbələr yaradıblar.
Foto: Euronews
“Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi davam edir
Azərbaycan Prezidenti tərəfindən Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı ötən il imzalanan Sərəncamın icrası məqsədilə Mədəniyyət Nazirliyi bir sıra tədbirlər həyata keçirib.
Məlum olduğu kimi, 2021-ci il dekabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi açılıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur. Xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevin rəngarəng sənət duyumunu əks etdirir.
Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi aprelin 30-dək davam edəcək.
“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşa xalçalarına həsr olunub
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa xalça qrupuna həsr olunub.
Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan verib. Arxeoloji tapıntılar və tarixi yazılı abidələr göstərir ki, Azərbaycan ərazisində eramızdan əvvəl II minillikdə insanlar xalça və xalça məmulatı toxuyaraq öz zərifliyi, gözəlliyi ilə seçilən müxtəlif əşyalar hazırlayıblar.
Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. Bu xalçalar öz mükəmməl toxunuşu, iri ölçüləri, rəngarəng çalarları ilə həmişə seçilib. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux (qırmızı, sarı), parlaq və kontrast rənglərdən ibarətdir.
Qarabağ tipinə Şuşa, Qarabağ və Cəbrayıl xalça qrupları aiddir. Şuşa qrupuna aid “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər” və “Nəlbəki gül” xalçaları hündür xovu, əlvan, şux koloriti, çox nazik, incə toxunuşu ilə seçilir.
Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunub. Buna nümunə olaraq, üç-beş hissədən ibarət dəst xalı-gəbələri misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.
“Bulud”, “Bağçada güllər” və “Saxsıda güllər” adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycan-Rusiya arasında mədəni-iqtisadi əlaqələrin yaranmasından sonra başlanılıb. XIX əsrin ikinci yarısından etibarən Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar gətirilirdi. Şuşa sənətkarları həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq bu cür xalçalar toxuyurdular.