Super User

Super User

Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film çəkib. Bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özü məlumat verib: “Zəng filmi I Qarabağ müharibəsində şəhid olmuş ataya Qələbə müjdəsi xəbəri verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir.
Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 1990-lar və o illərdə yaşadığım hisslər hələ də mənimlədir. Bu filmdə çalışdım ki, Qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım. Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar”.
Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.
“Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm də filmin prodüseri və rejissoruyam. Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim.
Filmin ərsəyə gəlməsində köməklik göstərən “Bakcell” şirkətinə, aktyorlara və kino komandama dərin minnətdarlığımı bildirirəm.
Baxmayaraq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. “Zəng” filminin tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz mübarək olsun”, - deyə rejissor əlavə edib.
Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarabağ müharibəsi qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad Qarayev və Asif Bəşirovdur.

Ötən gün yazıçı Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı, Arzu Nağıyev, Qüdrət Həsənquliyev, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər iştirak edib.
Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfərin ildönümü qeyd olunur: “Torpaqlar azad olunandan sonra mediada sanki bir yarış vardı ki, Müzəffər Ordumuzdan sonra o torpaqlara ilk səfərləri kim edəcək, o torpaqlara ilk kim ayaq basacaq, oradan təəssüratlarını necə yazacaq. Müharibə bitəndən sonra Azərbaycan azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq qurumlara müraciət etdi. Məqsəd işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin ermənilər tərəfindən hansı vəziyyətə salınması, hansı vəhşiliklərə məruz qalması ilə bağlı monitorinqlərin aparılması idi. Lakin bilirsiniz ki, onlar bu günə qədər də bu ərazilərə gəlməyiblər. Həmin vaxt biz qərara gəldik ki, abidələrimizə qarşı baş verən vandallıqları ayrıca araşdıraq. Bilirdik ki, o ərazilərə səfər etmək təhlükəlidir, xüsusən mina təhlükəsi vardı. Buna baxmayaraq, bu missiyanı yerinə yetirə bildik. Mirmehdi kitabı hazırlayanda qərara gəldik ki, onu şəhidlərimizin və şəhid həmkarlarımız Sirac Abışovla Məhərrəm İbrahimovun xatirəsinə həsr edək. Bu yazıların çox yaxşı bir tərəfi var ki, onlar
APA informasiya agentliyində rus və ingilis dillərində də yayımlanıb. Biz çalışacağıq ki, gələcəkdə də bu missiyanı davam etdirək”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından “Zəfərin izi ilə” kitabı əhəmiyyətlidir.
Sabir Rüstəmxanlı deyib ki, Qarabağın işğaldan azad edilməsindən sonra bu cür kitabların yazılması çox mühüm əhəmiyyət kəsb edir: “Kitab çox ciddi bir kitabdır və çox ciddi bir prosesin başlanğıcıdır. Mirmehdi bizim istedadlı qələm sahiblərindən biridir. Çox kitablar yazılacaq. Mən kitabla tanış olanda onun necə riskli bir yol keçdiyini gördüm”.
Tədbirdə şəhid Sirac Abışovun qardaşı Şirzad Abışov da çıxış edib.
Mirmehdi Ağaoğlu yazıları hazırlayarkən üzləşdiyi çətinliklərdən danışıb. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Azad olunmuş torpaqlara qayıtmağımızın səbəbkarı şəhidlərimiz, qazilərimizdir. Məhz buna görə də kitabı onlara həsr etmişik. Azad edilmiş ərazilərdə bizim üçün ən böyük təhlükə mina təhlükəsi idi. Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmənin vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər”.
Qeyd edək ki, kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.

UNESCO-nun mənzil-qərargahında keçirilən Baş konfransın 41-ci sessiyası işini davam etdirib. 41-ci sessiya çərçivəsində Odri Azule yenidən UNESCO-nun Baş direktoru vəzifəsinə seçilib.
Xatırladaq ki, Baş konfransda ölkəmiz xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Baş konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.

Hər il keçirilən və sayca 34-cü olan Tokio Beynəlxalq Kinofestivalına bazar ertəsi yekun vuruldu. Sanki dünən festivala start verilmişdi, öncə
ulduzlar və qonaqlar ənənəvi qırmızı xalça üzərindən keçmiş, sonra rəsmi açılış mərasimi olmuşdu. Hər iki tədbirin, (eləcə də bağlanış gecəsinin) yayımı YouTube-dakı festival kanalı ilə nümayiş edilmişdi. “Ədəbiyyat və incəsənət” portalı qərb mətbuatına istinadən bildirir ki, açılış törəninə Yaponiyanın Baş naziri Fumio Kisida da qatılmışdı.
"Biz bu il festivalı keçirə biləcəyimizdən çox narahat idik. Ancaq koronavirus ilə bağlı vəziyyət yaxşılaşıb və biz bu festivalı tamaşaçılarla birlikdə keçiririk. Bu il biz əsas meydançamızı dəyişdik və indi festivalı Hibiya və Yurakut rayonlarındakı kinoteatrlarda keçiririk ki bu rayonlar da tarixən kinematoqrafla bağlıdır. Ümid edirəm, yaxın on gün kinoşünaslar üçün bol emosiyalı, maraqlı və zəngin təəssüratlı olacaq", - deyə açılış mərasimində kinofestivalın sədri Hiroyasu Ando bildirmişdi.
Yaponiyanın Baş naziri Fumio Kisida isə öz növbəsində tədbirin koronavirusa qarşı davam edən mübarizə dövründə keçirildiyini, festivalın özünün də həm adi formatı, həm də onlayn formatı özündə birləşdirdiyini vurğulamışdı. Hökumət başçısı həmçinin Yapon filmlərinin və animelərinin nümayişlərinin xarici auditoriyaya yaxşı təsir göstərəcəyinə ümid etdiyini bildirmişdi.
Şənbə axşamı gecə saatlarında "Kişi göz yaşları" (Cry Macho, 2021) böyük anşlaqla nümayiş olunmuşdu. Amerika rejissoru Klin İstvudun çəkdiyi bu filmdə əsas rolu da o özü oynayır. Noyabrın 8-də isə amerikalı rejissor və yazıçı Stiven Çboskinin çəkdiyi "Əziz Evan Hansen" (Dear Evan Hansen, 2021) müziklinin nümayişi ilə kinofestival bağlandı.
Proqramın özündə əvvəllər olduğundan daha çox dünya premyerası təqdim olunmuşdu, bunu mütləq qeyd etməliyik. Bu, əsasən Asiya filmlərinə aid idi. Tokioda kinoteatrlara gəliş üçün məhdudiyyətlər tamaşaçılar üçün işləmirdi, lakin dəvət olunmuş xarici qonaqlar və kino ulduzları festivalda iştirak etmirdilər, çünki Yaponiya indi, demək olar ki, yeni giriş vizaları vermir. Bu iştirak yalnız onlayn formatda idi.
Pandemiyanın əsas nominasiyasından imtina etmək qərarına gəlinmiş ötən ildən fərqli olaraq bu il müsabiqə proqramı bərpa olunmuşdu. Onun çərçivəsində 15 film nümayiş olunurdu. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilmişdi. Festivalın münsiflər heyətinə məşhur aktrisa İzabel Yupper rəhbərlik edirdi.
Biz azərbaycanlılar üçün sevindirici bir fakt o idi ki, TASS agentliyinin kino mütəxəssisləri festivaldakı ab-havaya istinadən əsas mükafata iddiaçılar arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Durna fənəri" (Crane Lantern, 2021) filminin də adını çəkirdilər. Film hüquq fakültəsinin tələbəsi olan bir qızdan və dörd qadının oğurlanması səbəbiylə həbsə alınan bir kişinin münasibətlərindən bəhs edir.
Həmçinin izləmənin əsas mükafatı üçün Qazaxıstandan olan rejissor Darejan Omirbayevin "Şair" (Poet, 2021) filminin adı çəkilirdi. Film XIX əsrdə yaşamış və hakimiyyət tərəfindən edam edilmiş Didar adlı tanınmamış şairin həyat hekayəsini izah edir. Bundan başqa, əsas proqrama Çindən, Cənubi Koreyadan, Yaponiyadan, Albaniyadan, İrandan olan rejissorların əsərləri daxil edilmişdi.
Ənənəvi olaraq, Tokio kinofestivalında müasir yapon filmləri və animelər, eləcə də klassik filmlər təqdim olunurdu. Bu il həmin klassik bölməyə bir neçə film daxil edilmişdi, buraya yapon kult aktrisası Kinue Tanakanın rejissor ampluasında çıxış etdiyi, 50-ci, 60-cı illərdə şəkilmiş 3 film də daxil edilmişdi. Bunlar "Hələ ay çıxmadı" (Tsuki vay noborinu, 1955), "Avara şahzadə" (Ruten no ohi, 1960) və  "O-Gin-sama" (Ogin-sama, 1962) filmləri idi. Rejissor
Katirina Krasniçidən və Kosovo kinosundan əsla danışan yox idi, bunu da qeyd edək.
Məlum olduğu kimi, Azərbaycan rejissoru Hilal Baydarovun “Durna çırağı” filmi festivalın “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görüldü. Mükafatların təqdim edilməsi mərasiminə onlayn formatda qatılan azərbaycanlı rejissor mükafata görə təşəkkürünü bildirdi. Öz filmi haqqında isə bunları dedi: “İlk dəfə mən filmimi anama göstərdikdə o bildirdi ki, filmin nə süjeti, nə də aktyor oyunu yüksək səviyyədə deyil, amma onun böyük ruhu var. Düşünürəm ki, əsas məsələ də budur. Belə ki, əməli cəhətdən ruhun əks olunduğu üç rejissor işi tapmaq mümkün deyil”.
Qeyd edək ki, “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və digər aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Tokio Beynəlxalq Film Festivalının əsas mükafatına gözlənilmədən kosovalı rejissor Kaltrina Krasniçinin “Vera dənizi arzulayır” filmi layiq görüldü. Film qumarda evini girov qoyaraq uduzan və buna görə özünə qəsd edən kişinin həyat yoldaşının qarşılaşdığı çətinliklərdən bəhs edir.
Festivalın “Ən yaxşı rejissor işi” mükafatına isə qazaxıstanlı Darecan Omirbayevin “Şair” filmi layiq görüldü.
Bu cür nüfuzlu festivalda Azərbaycan filminin belə səs-küy qoparması, mükafatlandırılması kinomuzun inkişafından xəbər verir.
Çox sevindirici haldır. İnşallah, tezliklə baş mükafatlar da ölkəmizə gələr.

Şəkildə: İzabel Yupper qran-prini Yaponiyadakı Kosovo səfirliyinin nümayəndəsi Arber Mehmetiyə təqdim edir. Fotonu festivalın mətbuat katibliyi yayıb.

Uraza Trevelllaroğlu, Ekin Koç, Aslıxan Malbora, Nursultan Koses kimi məşhur aktyorların, eləcə də həmyerlimiz Nəsrin Cavadzadənin çəkildiyi "Üç qəpik" serialından RTÜK-ə şikayətləniblər. Serialın Roman vətəndaşlarını qarşı ayrı-seçkilyə və alçaldıcı ritorikaya məruz qoyması gündəmə gəlib.
Son dakika xəbər ajansı məlumat verir ki, Marmara regionunun Roman Assosiasiyaları Federasiyasının, Anadolu və Çepni Assosiasiyaları Federasiyasının, Roman Baş Assosiasiyaları Federasiyasının nümayəndələrinin, həmçinin İzmir millət vəkilləri Kani Beko, Atila Sertel və Özkan Purçanın iştirakı ilə keçirilən mətbuat konfransında, habelə TRT və RTÜK qarşısında düzənlənən piketdə romanlılar serialın qapadılmasına nail olmayınca mübarizədən əl götürməyəcəklərini bəyan ediblər.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Zəfər Gününə həsr olunmuş uşaq və gənclər arasında hərbi yaradıcılıq kollektivlərinin “Azərbaycanın Zəfəri” adlı Respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi və qala-konsert keçirilib.
AzərTAC xəbər verir ki, festivala Bakı şəhəri və respublikamızın regionlarından solo, duet, kollektiv olmaqla vokal, xor, xoreoqrafiya, hərbi ansambl nominasiyaları üzrə 500-ə yaxın iştirakçı müraciət edib. Ümumilikdə, əsasnamədə qeyd olunan texniki tələblərə cavab verən 104 videoçarx finala vəsiqə qazanıb. Göndərilən 104 videoçarx arasından 40-ı münsiflər heyəti tərəfindən seçilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən qala-konsertdə Bakı şəhəri və regionlardan 152 nəfərdən ibarət 12 kollektiv – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən “Cücələrim” ansamblının Qavaldaş nağara ritm qrupu, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Bakı şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının vokal qrupu, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbi, Ağdam şəhər Xan Şuşinski adına Uşaq Musiqi Məktəbi, Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi, Samux Uşaq İncəsənət Məktəbi çıxış ediblər.
Qala-konsert 200-ə yaxın festival iştirakçılarının və qonaqların iştirakı ilə keçirilib.

Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi təşkil edəcək.
AzərTAC xəbər verir ki, sərgi noyabrın 17-dən dekabrın 1-dək XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında “Şirin hamam” kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir.
Qasım bəy hamamı son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir işlərinin aparılacağı gözlənilir. Giriş dəhlizi, qarderob, hamam otaqları, hovuz və qazanxananın daxil olduğu bu hamam kompleksi ənənəvi dizayna malikdir. Soyunma və hovuz otaqlarında xaçvarı günbəzlər var. Bu otaqlar bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilib. Su təchizatı və istilik sistemi üçün keramik borular divarların içində və döşəmənin altında yerləşdirilib. 1970-ci ildə hamamda yenidənqurma işləri aparılıb və bundan sonra 90-cı illərə qədər burada fəaliyyət göstərən “Yaşıl aptek” adı ilə tanınan əczaxanaya çevrilib.
Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “Şərq irsi” sərgisi Əqdəs Bağırzadə (Azərbaycan), Andreas Lanq (Almaniya), Andre Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.

Zəfər Günü münasibətilə Bakı Uşaq və Gənclər Teatrı iki rayonda rəsmilərin, şəhid ailələri və qazilərin iştirakı ilə “Cənnətə bilet” tamaşasını nümayiş etdirib.
İdarədən AzərTAC-a bildirilib ki, tamaşanın ilk premyerası Suraxanı rayonunda keçirilib.
Daha sonra tamaşa Sabunçu rayonunda nümayiş olunub. Tamaşadan əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar şöbəsinin müdiri Ədalət Teymurov, Milli Məclisin deputatları Rauf Əliyev və Vüqar İskəndərov çıxış edib. Tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır. Tamaşa torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunub.
Tamaşada II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb.
Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidiblər. Amma uşaq təfəkkürləri ilə “bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünüblər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığıblar. Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğullarımız üçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb. Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunub.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynlidir. Rollarda Mehman Piriyev, Flora Hüseynova, Qurban Əhmədov (II Qarabağ müharibəsi iştirakçısı), Gülnar Əlizadə, Rəhimə Abdinova və Əli Babayev çıxış edib.

Yüz əlli cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti ikicildlik – dünya şöhrətli alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün “Seçilmiş əsərləri” işıq üzü görüb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, kitabın I cildinə yazıçının “Ağır günün sevgisi”, “Etiraf”, “Təzə körpü”, “Çörəyin dadı”, “Oxucu sorağında”, “Axşam”, “Kişisiz ev” kimi məşhur roman və hekayələri, müasirlərinin Haynrix Böll haqqında fikir və mülahizələri toplanıb.
İkinci cild sənətkarın “…Və bircə kəlmə də demədi”, “Bir təlxəyin düşüncələri” və “O illərin çörəyi” romanlarını, tanınmış filoloq-alim, professor Rüstəm Kamalın “Haynrix Böllün insana həmdərd olan sənəti” adlı “Son söz”ü ilə təqdim edir.
Əsərlərin böyük əksəriyyəti tanınmış tərcüməçilər Vilayət Hacıyev və Çərkəz Qurbanlı tərəfindən orijinaldan tərcümə edilib.

Lənkəranın UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi ilə bağlı Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış namizədlik sənədi UNESCO Katibliyinə təqdim edilmişdi.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
Məlumat üçün bildiririk ki, 49 şəhər UNESCO-nun Baş Direktoru Audrey Azulenin qərarı ilə Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) qoşulub. Hazırda şəbəkə 90 ölkədən 295 şəhəri əhatə edir.
Mədəniyyət Nazirliyi namizədlik sənədinin hazırlanmasındakı dəstəyə görə UNESCO yanında daimi nümayəndəliyə və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təşəkkürünü bildirib.
Xatırladaq ki, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən iş aparılır. İnanırıq ki, tezliklə Şuşamız da xüsusi imtiyazlı şəhərlər statusunu əldə edəcək.
Lənkəranlıları isə səmimi qəlbdən təbrik edirik!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.