Super User

Super User

 

Valideynlər uşaqlarına uşaqlıqdan biliyə sevgi aşılamağa çalışırlar. Onlar hesab edirlər ki, uşaqlar nə qədər çox bilik əldə etsələr, onlara məqsədlərinə nail olmaq o qədər asan olacaq. Yüksək intellektli insanların karyera pillələri üzrə qalxmağı daha asandır, onlar iş yerlərində rəhbərlik arasında populyardırlar, ümumən, tanınma və müvəffəqiyyət insanı xoşbəxt edir. Lakin intellektin yüksək əmsalı təəssüf ki, həmişə öz sahibinə rifah bəxş etmir. Bu, həmişə  xoşbəxtlik və böyük nailiyyətlərin açarı deyil, bəzən hətta əksinə, insanı bədbəxtliyə sürükləyir. Parlaq nümunə Uilyam Saydiş adlı oğlandır.

 

“Ədəbiyyat və incəsənət” portalı “Mediasol”a istinadən bu şəxsin taleyi barədə sizlərə danışmaq istəyir.

 

Uilyam 1898-ci ildə Amerikada, yəhudi miqrantlarının ailəsində anadan olub. Onun valideynləri Boris və Sara yüksək tibbi təhsilə malik idilər. Valideyinlər  hesab edirdilər ki, əsl dahini böyüdə biləcəklər, buna görə körpənin tərbiyəsini xüsusi metodika üzrə aparırdılar. Artıq 2,5 yaşında uşaq həmyaşıdları arasında fərqlənməyə başlamışdı, o, yazıb-oxumağı öyrənmişdi, hətta son xəbərləri qəzetdən rahatca oxuya bilirdi. Uşağın şöhrəti aləmə yayılmışdı. 8 yaşında o, 4 şəxsi kitabın müəllifi idi və onun IQ göstəricisini mütəxəssislər 260 balla qiymətləndirdilər ki, bu da onu yalnız yaşadığı dövrdə deyil, bütün tarix boyu mütləq rekordçu etmişdi. Müqayisə üçün deyək ki, Albert Eynşteyndə bu göstərici 160 baldan çox olmayıb. Hazırda dünyada ən yüksək IQ göstəricisinə malik şəxsin -  Ginnesin rekordlar kitabına düşmüş Amerika yazıçısı və dramaturqu, xanım Merilin Savantın göstəricisi isə 230-a bərabərdir.

 

IQ – 260!  Çox az adamın haqqında eşitdiyi, Yer kürəsinin ən ağıllı bir adamı və onun faciəli taleyi. Təzaddır başdan ayağa.

 

Ümumilikdə, Uilyam 20-dən çox dil bilirdi və hətta özü yeni bir dil yaratmışdı. 7 yaşında valideynləri onu Harvard Universitetində oxutmağa çalışdılar, lakin çox balaca olduğu üçün Uilyamsa gözləmək təvəqqe olundu, yalnız 11 yaşında o, Harvard tələbəsi ola bildi. Harvardda onun riyaziyyat sahəsindəki bilikləri bütün müəllimləri dərhal təəccübləndirdi və hətta onu universitetdəki riyaziyyat klubunda mühazirələr oxumağa dəvət etdilər. O, unikal bir alim karyerasına doğru irəliləmək amacında idi, amma müvəffəqiyyət zirvələri onun üçün deyilmiş. Məsələ ondadır ki, Uilyamsın sosial həyatı başqalarının və cəmiyyətin normalarına uyğun gəlmirdi. Onunla birlikdə oxuyan tələbələr onlara daim nümunə kimi göstərilən “bu uşağa” qarşı yalnız mənfi hisslər keçirirdilər, bəzən hətta onu  hədələyirdilər. Qonşu uşaqlar da bu vunderkini görmək istəmir, onun ağıllı mülahizələrindən qıcıq keçirirdilər. Hər şeyin düz, ədalətli olmasına can atan Uilyamsı əyriliyə alışmış ətraf qəbul edə bilmirdi.

 

Universiteti dəyişmək, başqa şəhərə köçmək bu problemləri həll etmədi – yenə bir müddətdən sonra Uilyam təqiblərə məruz qaldı. Ümumiyyətlə, gəncin həyatı heç şirin deyildi: həmyaşıdları onun qeyri-adiliyini lağa qoyurdular, jurnalistlər isə hər addımda təqib edirdilər. Paparatsi təqibləri Uilyamsı əsilcə bezdirməkdəydi. Üstəlik, bəzən tay-tuşlarından kötək də alırdı.

 

Həddən artıq ağıllı olmaq onun əks cinsin nümayəndələri ilə münasibət qurmasına da əngəl törədirdi. O, qadınlarla bütün münasibətlərdən imtina etmişdi və özünə qapanaraq həyatını intellektual inkişafına həsr edəcək bir robota çevrilməkdəydi.

 

1919-cu ildə Uilyamın həyatında ağlına sığışdırmayacağı bir hadisə baş verdi. O, tələbələrin Boston nümayişinə qoşuldu, nümayişdə iştirak etdiyinə görə həbs edildi. Valideynlər ona cəza verilməsinin qarşısını almaq üçün hər cür səy göstərdilər. Onlar tanışlıq və pul vasitəsi ilə ona xəstəlik kağızı düzəltdilər, onun sanatoriyaya göndərilməsinə, məcburi klinik müayinə və müalicələrə cəlb olunmasına səbəb oldular. Həbsxanada və qapalı müalicəxanada keçən günlər, oradakı dəhşətlər Uilyamsın ruhunu xeyli qırmış, onu xeyli sarsıtmış oldu.

 

Bu ağır mərhələdən sonra gənc dahi heç nəyə baxmadan elmi axtarışlar, kəşflər naminə yenidən özünü riyaziyyata həsr edəcəyinə qərar verdi, amma ağsaqqal, əsa ilə gəzən, gözülupalı babalar – elmi elita onu intriqalara cəlb etməklə təbdən çıxarmaqda, ruhdan salmaqda idi. O, nəyə əl atırdısa min dənə qəmbərqulu çıxarırdılar. Həmkarlarının bu cür yaramazlıqları da bir yandan Uilyama əzab verirdi.

 

Nəhayət, dahi kölgəyə çəkilməyə qərar verdi. O, fenomenal qabiliyyətlərini bir kənara qoyub növbəti dəfə yaşayış yerini dəyişərək sadə mühasib kimi işləməyə başladı, orada da rahatlıq tapa bilmədi, şarlatan və ikiüzlü cəmiyyət ona dəyişmək, çirkaba, riyaya bulaşmaq mesajı verdi. Bir neçə iş yerini dəyişməli olan Uilyam ailə belə qurmadan, dərddən xəstəlik tapmış ata-anasına qulluq etməklə, nimdaş geyim-kecimdə yoxsul bir həyat yaşadı. 1944-cü ildə də beyninə qan sızmasından vəfat etdi.

 

Cəmiyyət özündən olmayan birisini beləcə qəbul etməyərək məhvə sürüklədi.

 

Bu əhvalat çox ibrətamizdir. Onu bilməyinizə dəyərdi, əziz oxucularımız.

 

 

 

Dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Respublikasının Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində konsertlər keçiriləcək.
Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.
Dekabrın 8-də bəstəkarın fortepiano və tar üçün yazılmış əsərlərindən ibarət konserti keçiriləcək. Konsertdə Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadənin solo ifası və Sevinc Kərimovanın müşayiəti ilə bəstəkarın əsərləri təqdim olunacaq.

 

Əfqan telekanallarına qadınların oynadığı film və serialların göstərilməsi qadağan edildi, bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. Efirdən, həmçinin, şəriət əleyhinə olan, dindarların hisslərini təhqir edən, "yad mədəni dəyərləri" təbliğ edən filmlər və əyləncəli proqramlar da çıxarılacaq.

 

Sentyabrın ortalarında "Taliban" hərəkatı tərəfindən Qadınların işi üzrə nazirliyin yerinə yaradılmış Nöqsanların qarşısının alınması və ləyaqətin təbliği üzrə nazirliyin son Sərəncamı bu məhdudiyyətlərlə bağlıdır. Ötən həftə ehtimal kimi ortaya atılmış bu aksiya bu dəfə sərəncamla tənzimləndi. Qadın jurnalistlərə və qadın diktorlara ekranda yalnız başı örtülü olmaq da tapşırılıb.

 

Şərhçilər qeyd edirlər ki, ilk dəfə olaraq ləyaqətin təbliği və qüsurların qarşısının alınması ilə məşğul olan nazirlik KİV-in işinə müdaxilə edir.

 

Çərşənbə axşamı əfqanıstanlı jurnalistlərin və QHT-lərin Human Rights Watch təsisatı tərəfindən dəstəklənən bəyanatlarında bildirilir ki, yeni hakimiyyətin qadınlara qarşı davamlı təhdid və təzyiqlərlə yanaşı, Əfqanıstanda baş verənləri tənqid edən və ya sərbəst şəkildə ifadə edən hər kəsi "susdurmaq" üçün yeni cəhdi də göz qabağındadır.

 

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2021–ci ili “Nizami Gəncəvi İli” elan etməsi, dahi şairin 880 illiyi, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Əlişir Nəvainin 580 illiyinin geniş qeyd olunması haqqında” sərəncamı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə dekabrın 1-dən 3-dək Özbəkistanda “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” keçiriləcək.
AzərTAC xəbər verir ki, tədbirlərə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir.
Əvvəl Daşkənddəki “Turan” kitabxanasında hər iki şairin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılacaq. Kitabxanaya Nizami Gəncəviyə dair nəşrlər hədiyyə olunacaq, AMM-nin təşəbbüsü ilə çəkilən Azərbaycan və özbək xalqlarının dostluğuna həsr olunmuş “Qızıl körpü” sənədli filmi nümayiş etdiriləcək.
Həmin gün Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin rəsmi açılış mərasimi keçiriləcək, AMM-nin hər iki şairin yaradıcılığına həsr etdiyi müsabiqədə özbək alimləri öz monoqrafiyaları ilə iştirak edəcək.
Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası təqdim olunacaq, habelə “SOQDİANA” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanmış konsert keçiriləcək.
Dekabrın 2-də Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi baş tutacaq.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycanda və Türkiyədə əldə olunan surətləri tədbirdə Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun kitabxanasına hədiyyə ediləcək.
Bundan başqa, tədbir çərçivəsində ilk dəfə olaraq Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”sinin və Əlişir Nəvainin Azərbaycan dilinə tərcümə edilmiş “Xəmsə”sinin təqdimatı da nəzərdə tutulub.
Dekabrın 3-də Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans öz işinə başlayacaq. Özbəkistan, Azərbaycan, Türkiyə alimlərinin qatılacağı konfransda hər iki şairin yaradıcılığı, onların irsinin araşdırılmasına dair məruzələr oxunacaq, fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Özbəkistanın aparıcı kitabxanalarına Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, habelə şairin yaradıcılığına dair nəşrlər hədiyyə ediləcək.

 

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci il noyabrın 30-dan qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompüter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə “Morris soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirilirdi. “Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladı. 1988-ci ildə Kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan etdi. İnformasiya Təhlükəsizliyi Günü çoxdan istifadə olunan parolların yeniləşdirilməsi, sistemdə virusların mövcudluğunun yoxlanması, arxivləşdirilmə işləri, lazımsız informasiyanın silinməsi, vacib informasiyaların mühafizə səviyyəsinin auditi, kompleks təhlükəsizliyin və digər bu kimi tədbirlərin həyata keçirilməsi, icti­maiyyətin diqqətinin artırılması, müvafiq qurumların və mütəxəssislərin məsuliyyətinin xatırlanması və ümu­miyyətlə, bir monitorinq günüdür.

 

 

 

 

 

Tuesday, 30 November 2021 11:45

Conatan Sviftin Qulliveri

 

Bu günə təsadüf edən tarixi hadisələri “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır:

 

Ev heyvanları günü

 

Antuan de Sent-Ekzüperi deyib ki, “Əhlilləşdirdiklərin üçün cavabdehsən”. Yəni ki, insan oğlu, vəhşi təbiətdə özü üçün azad yaşayırdı da heyvanlar, quşlar, onları gətirib həyət-bacana salıb özünə köməkçi etməmisənmi, eləmisən. Birinə yük daşıdıb, birinə qapını qorumağı tapşırıb, birindən süd, birindən yumurta, birindən yun alıb, o birilərini kəsib ətini yemək üçün sıraya düzməmisənmi, düzmüsən. Di zəhmət çək, onların əziyyətini da çək, yeməyini, suyunu ver, isti damla, tövlə ilə təmin elə, azarlayanda dava-dərmanlarını kəsmə. Hətta bu gün, onların bayramında onları işlətməkdən vaz keçmək, onlara desert yedizdirmək də olar.

 

Beynəlxaq “Şəhərlər yaşamaq tərəfdarlarıdırlar” günü

 

1786-cı ilin bu günündə Toskan hersoqluğunun (hazırkı Cənubi İtaliya ərazisində yerləşən birvaxtkı dövlət) kralı Petr Leapold Qabsburq tarixdə ilk dəfə Avropa ölkəsində ölüm hökmünü ləğv edib. Məhz buna görə də bu gün “ölüm yox, yaşamaq” şüarının bərqərar edilməsinə bir işarədir.

 

Mikrofon, top, kinoaparat

 

Beynəlxalq ətək günü. Geyim dizaynerlərinin bayramıdır. Xanımları onlar yeni ətəklərlə sevindirəcəklər, xanımlar da bu ətəklərdən geyəcəklər. İtaliyada regional Toskana festivalı, Dubayda xatirə, Ukraynada silahlı qüvvələr, Benində milli dövlət, ABŞ-da milli mussa (təbii ki, yemək növüdür) günüdür.

 

“Mən səni çox sevdim” mahnısını dönə-dönə dinləyən sevən gənclər, 1980-ci ilin bu günündə bu mahnını oxuyan məşhur türk müğənnisi  Cem Adrian doğulub; Futbolumuz bərbad gündə olsa belə tarixdə elə futbolçularımız var ki, onları xatırlamamaq cinayət sayılar. Məsələn, Professor təxəllüslü Musa Qurbanovu. O Musa Qurbanovu ki, pley-meyker kimi heç də Zidandan, Del Pyerodan, Platinidən geri qalmırdı, sadəcə, Azərbaycan futbolunda batıb qalmışdı deyə həmin səviyyəyə yüksələ bilməmişdi. 1964-cü ilin bu günündə doğulub Musa Qurbanov; 1939-cu ilin bu günündə SSRİ Finlandiyaya hücum edib. 1939-cu ildə alman ixtiraçısı, kino çəkmək üçün qurğunu kəşf edən Maks Skladovski vəfat edib. 1936-cı ildə amansız yanğın Londondakı ümumdünya əhəmiyyətli Büllür sarayı yandırıb kül edib. 1874-cü ildə Britaniyanın ən məşhur dövlər xadimlərindən biri –Uinston Çörçil doğulub. 1767-ci ildə Qulliver obrazının yaradıcısı, irland yazıçı Conatan Svift dünyaya gəlib. 1508-ci ildə Qərb sivilizasiyası tarixindəki ən nüfuzlu memar hesab edilən Andrea Palladio doğulub. 

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunub. Həmin təqdim olunan səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb.
Bundan başqa, səhnə əsərində digər rolları teatrın aparıcı solistlərindən Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), Əliəhməd İbrahimov (Təlxək), Mahir Tağızadə (Ehsan paşa) və başqaları ifa edib.
Operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edib.
Qeyd edək ki, “Koroğlu” - Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyli tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəylinin yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. “Koroğlu” operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub.

UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, komitə sədri dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan vətəndaşlığı alan Xalq rəssamı Avropanın aparıcı dövlətlərindən olan Almaniyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında əvəzsiz rol oynayır, əsərlərində xalqımızın adət-ənənəsinə geniş yer verir, doğma Azərbaycana həsr etdiyi əsərləri ilə digər xalq və millətlər arasında vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.
Təsadüfi deyil ki, zəngin yaradıcılıq bioqrafiyası olan Ə.Heybətovun əsərlərinin toplandığı “Qarabağa gedən 44 günlük yol”, “Xocalı faciəsi” jurnal-kataloqlar və “Almaniyadan 100 rəsm” adlı kitab, eləcə də rəssamın ərsəyə gətirdiyi Vətən müharibəsində zəfəri tərənnüm edən genişmiqyaslı panno böyük marağa səbəb olub.
Azərbaycan vətəndaşlığı almasından böyük sevinc hissi ilə danışan rəssam ölkə başçısına minnətdarlığını ifadə edib, bundan sonra da yaradıcı gücünü Azərbaycan naminə sərf edəcəyini, ölkəmizi layiqincə təmsil edəcəyini diqqətə çatdırıb.
Ə.Heybətovun Azərbaycan vətəndaşlığı alması bilgi sahibi və daşıyıcısı olan insanlarımızın bilik və təcrübələrini, intellektual potensiallarını həm də Ana Vətənlə bölüşmələrinin ən gözəl nümunələrindən biridir.

Monday, 29 November 2021 10:49

Birinci Gəncə Kitab Sərgisi başa çatdı

Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə keçirilən I Gəncə Kitab Sərgisi bazar günü öz işini başa vurub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil edilən sərgi “Nizami Gəncəvi İli”nə həsr olunmuşdu. Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edirdi. Sərgidə kitablara 50 faizədək endirim tətbiq olunurdu, həmçinin məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları təşkil edilmişdi, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi nümayiş olunurdu və bədii proqramlar keçirilirdi.
Sərginin sonuncu günü yazıçılar Varis Yolçiyevlə və Əlibala Məhərrəmzadə ilə görüş təşkil olunub. Görüşdə yazıçılar müvafiq olaraq “Qırmızı ləçəklər” və “Ev tapşırıqları” kitablarını gəncəlilər üçün təqdim ediblər, yaradıcılıq planlarından danışıblar, kitabları imzalayıblar. Daha sonra gəncəlilər detektiv romanlar yazarı Elxan Elatlı ilə görüşüblər.
Maraqlı keçən görüşlər xüsusən gənc oxucularda mütaliəyə həvəsi daha da artırıb.
Ümumiyyətlə, Gəncə Kitab Sərgisinin Nizami yurduna bir bayram ovqatı, bayram təntənəsi gətirdiyi aşkardır. Gəncəlilərə bu cür bayramı yaşadan təşkilatçılar alqışlara layiqdirlər.
 “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin sədri Şəmil Sadiq Sumqayıtdan sonra Gəncədə belə izdihamlı kitab bayramı təşkil etməklə kifayətlənməyəcəklərini, bölgələrdə kitabla bağlı sərgi və yarmarkalar keçirilməsini bir ənənə halına salacaqlarını bildirib.

«Vogue» dərgisi günümüzün ən populyar müğənnisi Ledi Qaqa ilə müsahibə yayınlayıb.
“Ədəbiyyat və incəsənət” portalı həmin müsahibəyə iqtibas edərək bildirir ki, özünün ən parlaq obrazlarından danışarkən müğənni «Mən yumurtada üç gün oturmuşam» deyir. Söhbət dünyaşöhrətli türk dizayneri Hüseyn Çağlayanın tikdiyi yumurtayabənzər ekstravaqant geyimdən gedir ki, Ledi qaqamız həmin libasda 2011-ci ildə «Qremmi» mükafatlandırma mərasimində iştirak etmişdi.
Amma Ledi Qaqanın özünün nömrə bir adlandırdığı qiyafə heç də bu deyil. 2021-ci ilin 5 noyabrında Co Baydenin innaqurasiya mərasimində müğənninin geydiyi ecazkar Schiaparelli platyasıdır onun nömrə bir adlandırdığı libası. Bu libas zirehlidir, gülləkeçirməzdir.
Pop diva da demək, həyatına təhlükə duyurmuş.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.