Super User

Super User

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Çölməkdə zingin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Zing sümükləri – 400 qr

§ Duz – 6 qr Xörək əlavəsi:

§ sarımsaq – 2 qr 

 

HAZIRLANMASI:

Bordağ dana və ya kəlçənin (camışın kökəldilmiş balasının) zing sümükləri ətli şəkildə doğranır. Zing – malın maça sümüyü, aşıq sümüklərinin arası deməkdir. Zinglər yuyulub, iri- iri doğranmış halda çölməyə yığılır. Üstünə su tökülüb təndirə sallanır. 3-4 saat keçdikdən sonra təndirdən çıxarıb xaş kimi sarımsaq hazırlayıb üzərinə əlavə olunaraq, süfrəyə verilir. Sarımsaq zing suyu boşqablara çəkildikdən sonra üzərinə gəzdirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Tuesday, 22 October 2024 14:32

Yaşayan Qəhrəman

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

İlham Zəkiyev Sumqayıtda böyüyən və burada həyatının mühüm illərini keçirən bir qəhrəmandır. Hələ kiçik yaşlarından cüdo idmanına maraq göstərən İlham, Sumqayıtda idman sahəsində özünü təsdiqləyərək gələcəkdə böyük uğurlara imza atmağa hazırlaşırdı. Lakin onun həyatı bir gün tamamilə dəyişdi.

 

İlham Zəkiyev Azərbaycanın Milli Ordusunda xidmət edərkən, 1999-cu ilin fevralında Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəldi və görmə qabiliyyətini tamamilə itirdi. Bu, hər kəs üçün böyük bir zərbə olardı, amma İlham ruhdan düşmədi. Bu gənc öz daxilindəki gücü taparaq həyatına yeni bir istiqamət vermək qərarına gəldi. İrəlidə onu böyük uğurlar gözləyirdi.

 

O, görmə qabiliyyətini itirməsinə baxmayaraq, idmanı tərk etmədi və paralimpiya cüdosu üzrə məşqlərə başladı. İlhamın iradəsi və inadı nəticəsində dünya səviyyəsində parlayan bir ulduza çevrildi. 2004-cü ildə Yunanıstanda keçirilən Afina Paralimpiya Oyunlarında qızıl medal qazandı, ardınca isə 2008-ci ildə Pekin Paralimpiya Oyunlarında da bu uğuru təkrarladı. İlham Zəkiyev zaman keçdikcə daha çox dünyada Azərbaycanın qürur simvolu kimi tanınmağa davam edirdi.

İlham Zəkiyev Azərbaycanın idman sahəsində ən yüksək mükafatlarından biri olan "Şöhrət" ordeni ilə təltif olunub.O, həmçinin müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın fəxri adlarını qazanıb və dünya miqyasında idmançı kimi tanınır.

Bu cəsur idmançı hər zaman çətinliklərə qarşı qalxan olmağı bacarıb, idmandan kənarda da motivasiya mənbəyi kimi çıxış edir. İrəli gedən yolu sadəcə qələbələr və mükafatlarla dolu deyil, həm də həyatın gətirdiyi ən böyük sınaqlarla mübarizənin və iradənin hekayəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Atası bayram üçün Nazım Hikmətə bir cüt ayaqqabı almağı qərar verir. O vaxt indiki kimi hazır ayaqqabı satan mağazalar yox idi. Yalnız ayaqqabı tikən çəkməçilər var idi.

 Çəkməçi Nazimin ayağını kartonun üstünə qoyur və ona möhkəm addım atmasını deyir. Sonra ayağının ətrafına qələmi qoyub cızır…

 

Onun ayaqqabıları bayramdan bir gün əvvəl hazır olur. Atası ayaqqabıları götürüb evə gətirir. Nazim həmin gün onları geyinmir. Ayaqqabılarını çarpayısının altına qoyur və vaxtaşırı yoxlamaq üçün onları çıxarır. Həmin gecə yata bilmir. Evdəkilər səhər yuxudan duranda Nazimi ayaqqabı qutusu qucağında stulda oturmuş görürlər…

 

Bundan sonra baş verənləri Nazım Hikmətin ağzından eşitmək sizi daha da təsirləndirəcək. Elə isə gəlin Nazimin bunu necə izah etdiyinə nəzər salaq:

- “Atam ayaqqabılarımı geyindirdi. Ayaqlarıma uyğun deyildi, sıxırdı. Amma bunu atama demədim. O, “ayaqlarını sıxmır ki?” deyə soruşanda, “yox” cavabını verdim. Əgər “dardırlar, ayağımı incidirlər” desəydim, ayaqqabılarım geri gedəcəkdi və o bayram səhəri ayaqqabı ustasının dərhal yeni ayaqqabı tikməsi mümkün deyildi. Bir müddət sonra ağrı dözülməz oldu. Dişlərimi sıxıb bir təhər yeriyirdim. Axsamağa başlamışdım. Soruşanlara da “yıxılmışam” deyirdim. Amma heç kimə demirdim ki, ayaqqabılarım ayağıma dardır. 

Düzünü desəm, həyat elə dar ayaqqabıda gəzmək kimi bir şeydir. Bəzən maaşın az olması, bəzən də xoşagəlməz iş, bəzən düşdüyümüz yer bizim üçün dar ayaqqabıya çevrilir.

Bəzən bir küçə və ya şəhər, bəzən dostlar, ətrafımızdakı insanlar dar ayaqqabılara çevrilir…

Çox acıdır- deyilmi? 

Bəli, yaşamaq dar ayaqqabılarda gəzmək kimi bir şeydir..."

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Tuesday, 22 October 2024 13:00

Ana təbiətin peşmanlığı... - ESSE

Güldərən Vəli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Hər şeyin ayrılığını yaşadı insan. Hər şeyin köhnəldiyini gördü... Hətta özünün də... Güzgülər gözəlliyimizi görməkçün deyil, hər gün  köhnəldiyimizi görməyimiz üçündür, bəlkə də... 

 

Bu köhnələnlər arasında özümüzü təzə saydığımız da çox oldu. Və təzələr köhnələrdən uzaq qaldılar... 

Həmin uzaqlıqda  dönüb olduq payız. 

Ana təbiət deyirik ha, o ananın balalarına zülm edəndə utanırıqmı? Hə, güllər, çiçəklər, ağaclar, bir koma kəklikotu da təbiətin balasıdır. Hər baharda ana təbiət balalarını dünyaya bəxş edir. Güllər olur rəngbərəng, ağaclar çiçəkləyir, kəklikotuların ətri bürüyür dörd yanı. Sonra yay gəlir, ana təbiət övladlarının pardaqlandığının, meyvəsini verməyə tələsdiyinin şahidi olur. Ürəyi açılır, fərəhlənir! 

Və sonra...  Otbiçənlər gülləri eyninə almır, tapdayıb keçirlər yanından... Ağacların məhsullarını yığmağa tələsənlər əl atır, bir meyvə dərir, dişləyir, hələ tam yetişmədiyini görür,  yerə tullayır... Odunçular meşədən quru  ağaclarla yanaşı, ən hamar şüvülləri də kəsirlər ki, dülgərlərə satsınlar. Təbiət ana bunları seyr edir... Kədərlə... Ağrıyla... Və küsür. 

Payız bir ananın küsməsidir, hə... 

Payız balaların analarını anlamamasıdır, hə... 

Yazda - rəngbərəngliyin təzə-tərliyində ana nə desə onu edən övladlar payızda can hövlünə təslim olur, ananı da unudurlar, özlərini də... Hə, özlərini də... Kim olduqlarını, analarının onları dünyaya niyə bəxş etdiyini, onları hansı yüksək missiyanın gözlədiyini görmürlər, təpərini itirməkdən qorxduqları canlarının dərdindən.  Beləcə, sarı-qırmızı yarpaqlar can dərdi atılır budaqlardan. 

Ana təbiət isə “mən deyən olmadı” təəssüfündən, xəyal qırıqlığından çox, “mən bunu bilməliydim” peşmanlığını yaşayır bir daha... Hərçənd, o son ümidlə də sarılır, üzünü tutur balalarına: 

-Mən sizin “inqə” səsinizin ahəngindən anlayırdım nəyə ehtiyacınız olduğunu. Amma siz indi mənim dilimi - öz ana dilinizi anlamırsınız.

Bu da şikayət deyil... Bu da ana təbiətin peşmanlığıdır... 

Hə, payız ana təbiətin peşmanlığıdır. Ondan o yana da deyil, ondan bəri də. “O yana”sı olsaydı, növbəti dəfə çiçək bəxş etməzdi bizə ana təbiət. “Bəri”si isə daha betər olardı! Elə qalardıq payızın ortasındaca-quru yurdda... Hə, şeirlər yazılardı, romantika yaşanardı, mahnılar bəstələnər, rəsmlər çəkilərdi, amma bir yerdə bunlar da tükənər, ümidlər ölərdi. 

Peşmanlıq yaşanmasa, edilənlərin bir mənası qalmazdı. Mənasızlıq isə gözəllikdən uzaqdır. Gözəldir payız! 

Küskünlük olmasa, umulanların bir mənası qalmazdı. Umulmazlıq insanı ətalətə sürükləyərdi. Hərəkətdir, davam etməkdir payız! 

“Son” olmasa, “başlanğıc” olmazdı. Başlamamaq isə diriykən ölü olmaqdır. Yaşamaqdır payız! 

Nəhayət, payızın kövrəkliyi olmasa, yaradıcı insanlar susardı. Şeiriyyətdir payız! 

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Rza Qəffarinin  şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

Rza Qəffari

 

BÜTXANƏDƏN BÜTXANƏYƏ

 

Saldım bu sərxoş könlümü meyxanədən meyxanəyə, 

Atdım bu dünyanın qəmin peymanədən peymanəyə. 

 

Öz özlüyün tapmış hamı, varlıqlara etmiş əməl, 

Mən ortalıqda qalmışam biganədən biganəyə. 

 

Məndən soruşsaz sizlərə mən eşqi təklif eylərəm, 

Axir nə təklif olmalı divanədən divanəyə. 

 

Baş əymərəm hər kəs gəlib bir din ilə, ayin ilə - 

Çəksin məni bunda sora bütxanədən bütxanəyə. 

 

Gizlin qalan gəncinəyəm, məndən xəbərsizdir elim, 

Salmış məni azğın fələk viranədən viranəyə. 

 

 

FƏLƏK

 

Ta sənin qəddini bir sərvi çəman etdi fələk, 

Tir tək qamətini, bükdü kaman etdi fələk. 

 

Bir bucaqda dedim öz gizli qəmim var çəkərəm, 

El içində onu da açdı əyan etdi fələk. 

 

O qocaldıb hamını bir-bir ayaqdan saldı, 

Döndərib gör birini bir də cavan etdi fələk? 

 

Səni bizdən ayırıb özgələrə yar elədi, 

Bizi də bircə görüşçün əl-aman etdi fələk. 

 

Darü-dünyada mənim vəsləti-yar arzum idi, 

Yandırıb hicr oduna bağrımı qan etdi fələk. 

 

Bir kəsik ney kimi səhralar içində buraxıb, 

Gecə-gündüz işimi ahü-fəğan etdi fələk. 

 

Abiru ilə dedik qoy keçinək biz də gülüm, 

Abiru yox məni rüsvayi-cahan etdi fələk. 

 

Quzunun arzusuna dağda yel əsdirdi müdam, 

Qurd üçün hər çölü bir çənli duman etdi fələk. 

 

Sən cahan mülkünə cana deyərəm can kimisən, 

Məni bir cism kimi həsrəti-can etdi fələk. 

 

Eşq sultanıyam ancaq ki, Rza zərrəliyə - 

Gör ki, dərvişi nədəndir Savalan etdi fələk. 

 

 

KÖNÜLSÜZ

 

Vurdum özümü mən dəli tufanə könülsüz, 

Neylər dəli tufan daha insanə könülsüz? 

 

Eşqinlə alışmaqlar alovlanmaq üçündür, 

Şəmin oduna yanmadı pərvanə könülsüz. 

 

Könlüm sənə iman gətirib vurğun olubmuş, 

Ondandır olub din ilə imanə könülsüz. 

 

Sən dərdi könüllərdə oyatmaqda könüllü, 

Mən dərd arayan can kimi dərmanə könülsüz.

 

Hər həlqəsinə bağldı mən aqil ürəkli, 

Zənciri çəkir ardıca divanə könülsüz. 

 

Yox meydə əsər, burda ayıqlar gəzir indi, 

Baxdıqca qalır bunlara meyxanə könülsüz. 

 

Zövq əhli durub məclisi-meydən gedər olsa, 

Aydındı gəzər məclisi peymanə könülsüz. 

 

Olsun ki, göyərməkdədir ancaq nəyə lazım – 

Torpaqlara quylansa da bir danə könülsüz. 

 

Sufi məni təzvir ilə aldatmağa gəlmiş, 

Mən də bu yalan, hiyləli ürfanə könülsüz. 

 

Könlüm qəminə yanmalı olsan da özün yan, 

Yansa, yanacaqdır sənə biganə könülsüz. 

 

Bundan sora məndən də Rzalıq nə umursan, 

Düşdük hamılıqca belə dövranə könülsüz. 

 

 

VƏTƏN TORPAĞI 

 

Təbibim mübtəlayi dərdi eşqəm, xəstədir canım, 

Sızıldar cismi nalanım, çıxar əflakə əfğanım. 

 

Ala gözlər salıbdır bir baxışla canımı dərdə, 

Bu dərdi saxlayar könlüm mənim dərdimdi dərmanım. 

 

Əgər rüsvay olam xəlq içrə, bakım yoxdu danlaqdan, 

Mənə qəlbim verib fətva, əlimdə vardı fərmanım. 

 

Dəlibdir tiri-müjqanın bu dağlı qəlbi min yerdən, 

Amandır tez əlac eylə nahaq yerdə gedir qanım. 

 

Yayın tirlətmə əl saxla günəş sinəmdə gizlənmiş, 

Çəkər dünyanı odlara sökülsə gər giribanım. 

 

Su axdıqca ayağından ucaldar qamətin sərvin, 

Odur kim ağladqca mən gülər sərvi-xuramanım. 

 

Sənə hədsiz gözəlliklər vətən torpağı bəxş etmiş, 

Bu aslanlar elindəndir mənim də şöhrətim-şanım. 

 

Çalış ey cani cananım, sevindir xəstələr canın, 

Bacardıqca fərəhləndir vurulmuşları ceyranım. 

 

 

CANAN TÖRƏDİR 

 

Nəfəsin eyni məsiha dəmidir can törədir, 

Baxışın dildə gəzirkən yenə dəstan törədir. 

 

Ayrılıq dərdi mənim qəlbimə dağlar qalayıb, 

Vəslin amma yenə də özgəyə dərman törədir. 

 

Gizlicə süzmədədir könlümüzə qüssə-kədər, 

Yer salandan sora bu dəryada tufan törədir. 

 

Zülfü küfr ordusu tək qarət edirsə inanım, 

Baxışıyla yenə yol göstərir, iman törədir. 

 

Mərd oğullar vətəni Azərbaycan elidir, 

Cövhərindəndir bu torpaq belə insan törədir. 

 

Baxma orman kimi bu torpağa çökmüşdü sükut, 

Düşmənin qarşısını almağa aslan törədir. 

 

Can fəda eylə Rza, kəsmə gözəl yardan ümid, 

Sevgini, eşqi könüllərdə o canan törədir. 

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Bəzi adamlar özləri dərk edirlər ki, yazıqdırlar - bu faciədir. Bəzi adamlar isə özləri dərk eləmirlər ki, yazıqdırlar - bu artıq komediyadır.

2.

Ədəbiyyat həmişə nəyinsə qırıldığı yerdən başlayır. Düz yerdən ədəbiyyat başlaya bilməz.

3.

Mirzə Səfər: “Darvazamızı fələk vurubdu...”

 Ölməz Haqverdiyevin ölməz qəhrəmanı!..

4.

Əsl poeziya o poeziyadır ki, onun misralarını nəsrə çevirib cümlə şəklində vermək mümkün olmasın. Yəni, şeir qafiyələnmiş məqaləyə çevrilməsin.

5.

Vaqif Bayatlı: “Dənizin ortasında bir xəyal...

Ya o sənin gözlərinə görükür, ya sən onun.”

Obraz budur! Bədii-fəlsəfi düşüncə budur!

6.

Bundan daha dərin olmazlıq - müşkül işdir.

7.

Molyerin pyesinin qəhrəmanı Jurden günlərin bir günü xəbər tutur ki, o, bütün ömrü boyu, sən demə, nəsrlə danışırmış. Jurden səmimi-qəlbdən təəccüblənir və yanındakılardan “Nəsr? Bu nədir?” deyə soruşur.

İndi də yavaş-yavaş bəlli olur ki, biz başdan-başa qeyri-səlis düşüncə torunun içində imişik. Dilimizə, təfəkkürümüzə qeyri-səlis məntiq elə daxil olub ki, onsuz artıq mümkün deyil. O zaman riyazi uzlaşmaya görə belə çıxır ki, biz də müasir Jurdenlərik.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                           

 

ELÇİN HÜSEYNBƏYLİ

 

QATARDA

(“Sevgi oyunları”  silsiləsindən hekayə)

 

...Qatarla səyahət etməyi sevirəm.

Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də payızda yola çıxmışdım. Çiskinləyirdi. Axşamüstü dağlardan qopan külək payız yarpaqlarını perronun yanına,  relslərin arasına gətirib yığmışdı...

SV, yəni iki nəfərlik kupeyə bilet götürmüşdüm. Yanımda adam olmasın deyə  ikisinin də pulunu ödəmişdim. Yanımda adam olanda yata bilmirəm. Bəlkə elə ona görə də evlənmirdim.

Vaqon bələdçisinə də öncədən demişdim ki, məni narahat eləməsin, nəsə lazım olsa, özüm çağıracam.

Vaqon bələdçilərini tanımırsınız? Bir az mənə oxşayırlar, danışdırmasalar da özüm danışıram, çağırmasalar da özüm haya gedirəm, başqası üçün narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin otağına yaxın olduğundan birinci onun haray-həşirini eşitdim. Kiminsə üstünə qaşqırır, vaqondan düşməsini tələb edirdi. Məcbur olub çölə çıxdım.

Bələdçi küncdə dayanmış miniatür qamətli,  gözəl  bir xanımdan vaqonu tərk etməyi tələb edirdi.

-Bu saat tərk edin vaqonu!

Qadın ovçudan (vəhşidən) qorxub küncə qısılan dovşan kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən onu zərif göyərçinə də bənzədə bilərdim.

-Nə olub? - deyə bələdçidən soruşdum.

-Nə olacaq? Vaqona bezbilet (biletsiz) minib, öz yerimi təklif edirəm, razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax da.

Qadın ürkək-ürkək və nəzakətlə: -Danışığınıza fikir verin! - dedi.

-Nəyə fikir verim, necə fikir verim!? Düş vaqondan! Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!? İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey kantroldadır!

Yadımda deyil, qadına yazığım gəldi, yoxsa gözəlliyinə heyranlıqdan idi, ya nəydi, bəlkə də ilğım idi, yuxuydu, taleyin oyunu idi. Anidən: -Onun bileti var, - dedim.

Bələdçi nə dediyimi anladı, çünki məsələdən hali idi, biletləri ona vermişdim, qadın isə çaşdı.

-O, mənim kupemdə qalacaq, - dedim.

Qadın: -Sizin? - deyə təəccüblə üzümə baxdı.

-Narahat olmayın, - dedim, - mən öncədən iki bilet almışam. Biri sizin olsun!

Vaqon bələdçisi: -Məllim, birdən yoxlama olsa, nə cavab verəcəm, -soruşdu.

-Sən yox, mən cavab verəcəm, - ötkəmliklə dedim, - buyurun kupeyə, - qadına işarə elədim.

O, yerindən tərpənmədi. Bir mənə, bir də vaqon bələdçisinə baxdı. Sanki bizdən yox, özü-özündən şübhələnirdi:

-Qorxmayın, gəlin, - dedim.

O, çantasını sallaya-sallaya kupeyə tərəf gəldi, yenə də duruxdu. Mən kənara çəkildim və o, içəri keçdi, əl çantasını stolun üstünə qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni, yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə hazırlaşırdı. Mən də sakitcə tamaşa edirdim. 

Sonra yatacağa oturdu. Onun yumşaqlığını, bərkliyini yoxlamaq üçün yerində yırğalandı.

O, yerini rahatlayandan sonra: -Mənim borcum nə qədərdir? - deyə üzümə baxıb soruşdu.

Gözlərinin dərinliyində itmək olardı. Qara bəbəkləri gözlərinin ağında çalxalanırdı.

-Sizin mənə borcunuz yoxdur, - dedim.

-Mən biletin pulunu nəzərdə tuturam.

-Onun pulu ödənilib.

-Yəqin yoldaşınızın yeridir hə. Bəs o özü hanı?

-Mən evli deyiləm, - dedim.

-Amma...

-Narahat olmayın, - deyə onun sözünü yarımçıq kəsdim.

Qadın oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə başladı.

Mən yerimə uzanıb kitab oxumağa davam elədim, amma fikrim  qadının yanındaydı, daha doğrusu toppuş ayaqlarındaydı və oğrun-oğrun onlara baxırdım. Üzünə baxmağa cəsarət eləmirdim. Bəlkə çox gözəl idi ona görə, bəlkə vurulmaqdan qorxurdum. O, sanki nağıllardan düşüb gəlmişdi, bəlkə su pərisiydi, sudan  indicə çıxmışdı? Gözlərimi yumdum. Sanki yuxu görürdüm...

Mənə görə onun 28-30 yaşı ancaq olardı. Çünki gözlərinin altı  və əlləri mərmər kimi sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi də ona uyğun.

Qadın çantasından güzgü çıxarıb baxdı, dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə çevirdi və güzgünü qaytarıb yerinə qoydu. 

-Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız? - üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən çölə baxdı.

-Hə, - qısaca cavab verdim.

-Heyf ki, mən kitab götürməmişəm. Çünki çemodanımı evdə unutmuşam və düzünü bilmək istəyirsinizsə, mən qatara da təsadüfən minmişəm.

-Növbə ilə oxuyarıq, - gülümsünərək dedim.

-Bilmək olar, oxuduğunuz nədir?

-Öz kitabımdır, -dedim.

-Deməli, yazıçısınız?

-Belə də.

-Birinci dəfədir, öz kitabını oxuyan yazıçı görürəm.

-Çox yazıçı tanıyırsınız ki? - dedim və güldüm. O da mənə baxıb güldü.

-Yox, sözgəlişi dedim, elə bilə. Yəni yazıçılar da öz kitablarını oxuyur?

-Kitablarımı ona görə oxuyuram ki, necə pis yazmamağı öyrənim.

O, daha heç bir sual vermədi. Amma mən ondan gözümü çəkmədim. O da hərdən mənə baxır, nəsə fikirləşirdi. Yəqin məni təftiş edirdi.

-38 yaşım var, - dedim.

-Mən sizdən yaşınızı soruşmadım axı.

-Əzəl-axır soruşacaqdınız, - dedim və yenə də gülümsündüm. -İstəyirsiniz sizin yaşınızı da, peşənizi də deyim.

-Yaşımı çətin tapasınız.

-Əslində onu tapmışam, amma məlum səbəbdən demirəm...

-Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə bilərəm.

-Vacib deyil. Həkimsiniz.

-Tapmadınız, - deyə güldü.

Fikir verdim ki, gözlərindən gülür, ovurdları da çalalanır.

-Müəlliməyəm, - dedi, - ədəbiyyat müəlliməsi. Sizi də tanıdım. Mən sizi tədris edirəm.

Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib oturdum.

-Hə, mənə də dedlər ki, orta məktəbdə tədris olunuram, - bir az yekəxanalandım.

Susduq. Handan-hana o: -Bəlkə bir qədər hündürdən oxuyasınız, - dedi.

-Hündürdən oxumağı sevmirəm. Özü də öz mətnimi başqasına oxuya bilmərəm.

-Onda verin, mən də bir az oxuyum.

Təəccüblə ona baxdım.

-Özünüz demişdiniz axı, növbə ilə oxuyarıq, - dedi və güldü.

Gülüşü cingiltili və əfsunediciydi. Düzü, hələ indiyə kimi məni cəlb edən belə bir qadın olmamışdı. Bəlkə bu yuxuydu, ilğım idi, ya taleyin oyunuydu... Bəlkə vurduğu ətrin rayihəsiydi...

Kitabı ona uzatdım. O, zərif, göyərçin əlləriylə kitabı ehtiyatla məndən aldı, sanki güzgü götürürdü və yerə salmaqdan ehtiyat edirdi.

Mən yenidən yerimə uzandım.

O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah, gülümsünür, gah da qəmlənirdi.

Başını qaldırıb mənə baxdı və: -Yaxşı yazırsınız, - dedi. - Xüsusən də bir fikriniz xoşuma gəldi.

-Nə fikirdi elə? - yenə də dikəldim.

O, cavab vermədi. Yəni cavab verməyə imkanı olmadı. Qapı  döyüldü. Durub açdım. Bələdçiydi, yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi olduğunu dərhal anladım.

Qatar rəisi: -Mənə dedilər ki, sizin kupedə biletsiz sərnişin var, -dedi.

-Bizim kupedə biletsiz sərnişin yoxdur, - dedim, - biletlər bələdçidədir.

-Amma biletlərin hər ikisində sizin adınız yazılıb.

-Düzdür, biletləri mən almışam.

-Amma onun adı olmalıdır, - deyə qadını göstərdi.

-O, mənim arvadımdır, - anidən dedim.

-Kəbin kağızınız var?

-Yox, biz kəbini qatardan düşəndə kəsdirəcəyik.

Qatar rəsi ağzını açıb nəsə demək istəyirdi ki, özümü təqdim eləməyə məcbur oldum. O, qınayıcı nəzərlə bələdçiyə baxdı və sağollaşıb-eləmədən getdi. Mən də qapını bağladım. Onların, yəni qatar rəisinin səsi aydınca eşidilirdi:

-Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə de də!

Bələdçi də özünə bəraət qzandırırdı:

-Rəis, mən hardan bilim e.

-Canına azardan!

Onların səsi kəsiləndən sonra qadın: -Siz niyə elə dediniz? - deyə təəccüblə üzümə baxdı. Mənə elə gəldi ki, onun  gözləri yaşarıb.

-Nə bilim. Nəsə özümdən uydurmalıydım da.

-Amma mənim xoşuma gəldi, - dedi və gülümsündü.

-Doğrudan?! - deyə qəhqəhə çəkdim, - zarafat edirdim də.

Deyəsən kədərləndi. Çiynini çəkdi. Kitabı qatlayıb özümə qaytardı və yenidən pəncərədən çölə baxdı.

-Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə də bu, heç zarafat deyil...

O, üzünü mənə tərəf çevirdi və güldü...

Kefim durulmuşdu. Özümdən asılı olmayaraq dil qəfəsə qoymadan danışırdım. Heç o da məndən geri qalmırdı...

Yatmaq vaxtı gələndə çölə çıxdım. O, yerini rahatlayandan sona qapını döyüb içəri girdim.

Gənc xanım mənm də yerimi açmış və öz yerinə girmişdi.

-Nə əziyyət çəkirdiniz? - dedim.

Gülümsündü. Bəlkə də bayaqkı ər-arvad sözümə işarə vururdu...

Səhər yuxudan oyandıq, daha doğrusu o oyandı. Mən yatmamışdım ki. Səhərə kimi ona baxmışdım. O da səksəkəliydi. O tərəf-bu tərəfə çevrilir, hərdən ədyal üstündən sürüşür, bədəninin bir hissəsi açıq qalır və çöldən düşən işıqların haləsində cəzbedici görünürdü. Düzü, bunu qəsdən edirdi, ya yox, bilmədim...

Birinci o çölə çıxdı, əl-üzünü yuyub qayıtdı. Makiyajsız da gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən gələnə qədər özünə sığal vermişdi və qapıya tərəf baxırdı, sanki məni gözləyirdi, üzü gülür, gözləri parıldayırdı.

Qəfildən: -Növbəti dayanacaq mənimdir, - dedi.

Təəccübləndim və nə edəcəyimi bilmədim.

-Elə bilirdim ki, siz də mənim kimi sona qədər gedəcəksiniz, - təəssüflə dedim.

-Mən də elə bilirdim, amma düşməliyəm. Sevgilim hardasa buralarda məni gözləməlidir, - sevinclə dedi.

“Sevgili” sözünü eşidəndə çaşdım. Beynimdə o qədər xəyallar qurmuşdum ki.

-Niyə fikrə getdiniz? - yenə də gülümsündü.

-Sevgilinizi qısqandım, - mən də özümü o yerə qoymayıb gülümsündüm. Amma gülüşlərimiz fərqliydi: onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin ironiyası...

O, heç nə demədən, gülümsünə-gülümsünə sağollaşdı, çantasını əlinə alıb qatardan düşdü və sanki özüylə ruhumu apardı...

Səfər ərzində bircə dəqiqə də onu unutmadım. Onun gülüşü, qara gözləri, alaqaranlıqda parlayan dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu, ilğım idi, ya taleyin oyunuydu, bilmədim?

Səfərim başa çatdı və geri döndüm. Yenə də çiskinləyirdi. Yenə də külək payız yarpaqlarını ətrafa səpələmişdi...

...Birdən onu gördüm. Yağışın altında dayanıb mənə baxırdı. Çətirsiz-filansız. Üst-başı əməllicə islanmışdı. Bir-birimizi aralıdan tanıdıq. O, mənə tərəf yüyürdü və qarşımda dayanıb gülümsündü. Saçlarından yağış damırdı...

-Bu siziniz? - deyə təəccüblə soruşdum. O da gülə-gülə başı ilə təsdiqlədi. - Sevgilinizi qarşılamağa gəlmisiniz?

-Hə!

-Bəs sevgiliniz hanı?

-O, mənim qarşımdadır, - dedi.

Çaşdım.

-Bəs...

-Mən onu axtarmağa çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız? “İnsanlar xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir...”

-Bu nədir, taledir? - deyə məşhur pritçanın sözlərini pıçıldadım.

O da eyni pritçadakı cavabı verdi:

-Yox, bu sevgidir, - dedi.

Mən onun qara gözlərinə uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

Rusiya Mədəniyyət Nazirliyi və Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə Vokalçıların Mixail Qlinka adına XXVII Beynəlxalq Müsabiqəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Əyyub Quliyev müsabiqənin münsiflər heyətində təmsil olunub.

Moskvanın məşhur “Zaryadye” konsert zalında keçirilən müsabiqə bu il görkəmli rus bəstəkarı Mixail İvanoviç Qlinkanın (1804-1857) 220 və adıçəkilən müsabiqənin münsiflər heyətinə uzun illər rəhbərlik etmiş tanınmış opera müğənnisi İrina Arxipovanın (1925-2010) 100 illik yubileylərinə həsr edilib.

Müsabiqənin açılış mərasimində dünyaşöhrətli dirijor, Moskva Böyük Teatrının baş direktoru Valeri Gergiyev və Qlinka adına müsabiqənin keçmiş qaliblərinin iştirakı ilə qala konsert təşkil olunub. 

Builki müsabiqədə iştirakla bağlı təşkilat komitəsinə 500-ə yaxın müraciət daxil olub. Onların arasından 12 ölkədən 63 iştirakçı müsabiqə proqramında yarışmaq hüququ qazanıb.

Yarışmanın yekun turunda finalçıları Ə.Quliyevin rəhbərliyi ilə Moskva Dövlət Simfonik Orkestri (baş dirijor və bədii rəhbər İvan Rudin) müşayiət edib. 

Münsiflər heyətinin qərarına əsasən, I yerə Yekaterina Lukaş (Stanislavski Opera Teatrı), Otabek Nazirov (Özbəkistan), II yerə Yekaterina Bequnoviç (Novosibirsk Opera), Konstantin Fedotov (Novaya Opera), III yerə Yekaterina Savinkova (Mariinski Teatrı) və İvan Borodulin layiq görülüblər. 

Müsabiqənin bağlanış mərasimindən sonra laureatlar M.Qlinkanın ana yurdu Smolensk şəhərinə gedərək sənətkara ithaf konserti ilə çıxış ediblər.

Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan M.Qlinka adına müsabiqənin Azərbaycanla bağlı xüsusi tarixçəsi var. 1987-ci ildə müsabiqə görkəmli müğənni İrina Arxipovanın rəhbərliyi ilə Bakıda keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Tuesday, 22 October 2024 11:33

“Həyat ağlamaq qədər çətindir..."

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Həyat ağlamaq qədər çətindir..."  Bəli, bəzən bəzi insanlar üçün ağlamaq eyni ilə yaşadıqları həyat qədər çətin olur. Şairin də dediyi kimi: "Təkcə gücsüzlüyündən yıxılmır atam balası, arada gücündən yıxılır adam."  

 

Bu gün sizlərə məktublarında "Kimsəyə salam söyləməyin", "Hamı yalançıdır"-, yazan, həyatdan nakam və küskün köçən 

Ərtoğrul Cavid haqqında danışmaq istəyirəm.

Şair-dramaturq, filoloq-alim, ədəbiyyatşunas, folklorşunas, musiqişunas, bəstəkar, tərcüməçi, rəssam - ilk dəfə onun haqqında, onun çoxcəhətli fəaliyyəti haqqında oxuyanda çox heyrətlənmişdim. Yuxarıda sadaladığım bu fəaliyyətlər sanki 24 deyil də, 60-70 yaşlı bir insana aiddir elə deyilmi?

Lakin bir çox insanın 60-70 illik ömürdə belə edə bilmədiklərini o, sadəcə 24 illik qısacıq ömrünə sığdıra bilmişdi.

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuşdur.

Tələbə ikən təhsil və mütaliə ilə yanaşı o, çoxlu araşdırmalar aparmış, tərcümələr etmiş, bədii əsərlər yazmış və rəsmlər çəkmişdi.

Xalq artisti Bülbülün rəhbərlik etdiyi xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqi Elmi Tədqiqat Kabinetində çalışmış, 50-dən artıq folklor nümunəsinə elmi rəy yazmış, bəzi el sənətkarlarının dilindən çoxlu şeir nümunəsini, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, çoxlu xalq musiqi örnəklərini -  "Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” kimi məşhur xalq mahnılarını isə nota almışdır. Dünya və rus klassik bəstəkarlarının mətnlərinin tərcüməsini etmişdir. 

Ərtoğrul Cavid həmçinin 200-dən artıq el havasını və xalq mahnısını da toplayıb çapa hazırlayıbmış. Lakin onlar işıq üzü görməyib. Məlum məsələdir ki, xalq düşmənin oğlu olduğu üçün Ərtoğrulun adı çap materiallarından bilərək çıxarılmış, unudulmuşdur. 

O, M.Dilbazinin “Layla”, N.Rəfibəylinin “Eşq olsun” şeirlərinə musiqi bəstələmişdir. 

Ərtoğrulun ilk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya” olmuşdur ki, bunu da o, müəllimi Üzeyir Hacıbəyova ithaf etmişdi. 

Onun əsərləri içərisində Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Türkmən xalq şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin "Səninlə olaydım" şeirinə yazdığı romanslar da mövcuddur.

Hətta Ərtoğrulun günümüzə qədər gəlib çıxmış 4-5 dəqiqədən ibarət bir səs yazısı da var ki, o bu yazıda "Leylanın vəsfi, sözləri Türkmən xalq şairi Kəminənindir. Musiqisi Ərtoğrul, çalır Ərtoğrul"-, söyləyərək çalmağa başlayır və bu ifasını səs yazma cihazı vasitəsi ilə vala yazır.

 

https://youtu.be/C8o76KMbxFs?si=AjUhvHXtyj3uxIOC

 

Qeyd etdiyim linkə keçid edərək siz həmin səs yazısını dinləyə bilərsiz.

Ərtoğrul məharətini sadəcə musiqidə deyil, rəssamlıq və ədəbiiyyatda da danışdırmış, "Ağlayan uşaq", "Spripkaçı", "Qızılgül", "Mələklər", "Atlı", "Antik heykəl", "Bethoven" adlı rəsm əsərləri çəkmiş, "Eqoistin taleyi" adlı pyes və “Bahar”, “Borjom”, “Gövərçinin naləsi”, “Sönük həyat”, “Dalğa”, “Ay”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla”, “Sənsən” kim  bir çox şeir qələmə almışdır.

"Hüseyn Cavid" mükafatı laureatı, tənqidçi, publisist Azər Turanın sözlərinə görə Ərtoğrul Cavid sərbəst şeirin ilk örnəklərini yaratmış, kinossenari və balet librettosu da yazmışdır. 

O, eyni zamanda çox gözəl şahmat da oynayırmış və şahmat oynayarkən partiyalarının belə hamısını qeydə alırmış. 

Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən  cərimə (fəhlə) batalyonuna işləməyə göndərilmişdi. Orada ağır işlərdə çalışdırıldığına görə ağciyər xəstəliyinə - vərəmə yoluxan Ərtoğrul Cavid bir müddət xəstəxanada müalicə almışdır.

Hospitalda müalicə aldığı günlərdə sadəcə anası bir dəfə çətinliklə də olsa onun yanına gedə bilir. 

Ərtoğrul bu dövrdə ailəsinə və sevimli müəllimləri Bülbül və Üzeyir bəyə yazdığı məktublarda küskünlük dolu sətirlər qələmə almışdır.

Bu məktublarda o, gəlib onu aparmadıqları üçün qohumlarından şikayətlənir, Üzeyir bəyə yazdığı məktubda anası Mişkinaz xanım və bacısı Turan Caviddən nigaran olduğunu söyləyir. Üzeyir bəydən onları işə düzəltməsini istəyir. 

Bülbülə ünvanladığı məktublardan birinin mətni belədir:

"Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş: "Həyat insanlardan da insafsızdır"-, doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt- üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq  və dincəlməkdir. Bəlkə kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlıyaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Qızdırmam səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm, yerimdə otura bilmirəm. Doktur yazmağa yol vermir, məktubu gizli uzandığım halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq gizli bir mənbə daima mənə qüvvət verir. Məni yaşadan bu qüvvə sarsılmaz iradə və möhkəm inamdır. Mən öz məqsədimə, idealıma çatacam, bu musiqidir. Anam salamat gəlib çatdı, Üzeyir bəyin sizin və konservatoriyanın mənə yardım elədiklərini söyləyincə gözlərim yaşardı. Demək, mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun, heç bir yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər şey var, nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə kabineti maraqlandıran materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Eliyə bilsəz cavab yazın. Yardımınıza görə yenə dönə-dönə təşəkkür edirəm. Məndən hamıya kabinetin əməkdaşlarına müəllimlərinə, xatırlayanların hamısına salamlar, əllərinizi sıxıram. Sizin Ərtoğrul Cavid." 26 aprel 1943-cü il.  

 

Bacısı Turan Cavidə göndərdiyi məktublarda isə o, belə yazırdı:

"Əziz bacım Turan... Məni ən çox düşündürən səni əhatə edən mühitdir - yoldaşların, sənin xarakter inkişafındır. Hər addımda çox ehtiyatlı ol, hamı yalançıdır. Qardaşın Ərtoğrull"  

 

"Turan!.. Çalış familəmizin saflığını, ucalığını qoru. Möhkəm ol - qırıl, lakin əyilmə: yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı. Ərtoğrul"  

 

"Qohumlarımdan məktub almadığım üçün məni heç yerə buraxmırlar, deyirlər yalan söyləyirsən, qohumun olsa, yanına gələr, heç olmasa məktub yazar. Doğru da deyirlər... Nə olacağını özüm də bilmirəm. Bir adam dalımca gəlsəydi, dərhal buraxardılar, təəssüf ki, heç cavab da yazmırlar".  

 

"Əgər Naxçıvandakılar vaxtında yemək yardımı göstərsəydi, çoxdan ayağa qalxmışdım".  

 

"Əgər bir qohum mənim buraxılmağımı, daha doğrusu, komissiyadan keçməmi tələb etsəydi, günlərlə burada qalsaydı, əlləşsəydi, düzələrdi. Eyb etməz, özüm düzəldərəm".  

 

"Kimsəyə salam söyləməyin..." 

 

Tərxis olunmağı bir müddət ləngidilən Ərtoğrul Cavid 1943-cü ilin sentyabrında, nəhayət  ordudan tərxis edilib Əziz Şərifin vasitəçiliyi ilə Naxçıvana gətirilir.

Gənc dahi 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir və  Hüseyn Cavidin Naxçıvandakı  məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yana  dəfn olunmuşdur.

Məktublarında "Kimsəyə salam söyləməyin", "Hamı yalançıdır"-, yazan həyatdan nakam və küskün köçən  Ərtoğrulun gördüyü bir çox işlər, yazdığı əlyazmalar təəssüfki yarım qalmışdır. 

Lakin o sadəcə tələbəlik dövründə belə musiqi, ədəbiyyat və rəssamlıq sahəsində yaratdığı bir çox gözəl əsərlər və qısa olsa da şərəfli və nümunəvi həyat yolu ilə daim bu xalqın gənclərinə örnək olacaqdır. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli  112s saylı sərəncamı ilə Ərtoğrul Cavidin Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan elmi tədqiqatlarından və fundamental araşdırmalarından ibarət olan materialları toplanaraq qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid adı altında 13 cilldə nəşr olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın "Arazım", "İlk sevgi", "Qızlar bulağı", "Dedi tələsmə", "Küsüb məndən", "Doğma diyarım", "Həyat söylə sən kiminsən", "Bir könül sındırmışam", "Azərbaycan dünyam mənim"  mahnılarını səsləndiriblər. 

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.