Super User
“Kişinin kişi səsi olar” - Xalq artisti Zaur Rzayev dəb müğənnilərini tənqid edib
“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə moderator.az-a müsahibə verən xalq artisti, sevilən müğənni Zaur Rzayevdən seçmələri diqqətinizə çatdırır.
“Elə müğənnilər var ki, onların səsi oxumaq səsi deyil. Yadımdadır ki, Firudin Şuşinskinin bir kitabı çıxmışdı. Bir sənətkar haqda yazmışdı ki, "onun oxumağından qadın iyi gəlir". Kişinin kişi səsi olar, kişi kişi kimi oxumalıdır. Kişi bass, bariton və tenorda oxumalıdır. İndiki səslər hamısı bir-birinin təkrarıdır. Ona görə də heç birini ayırd etmək olmur, bir-birinə oxşayır. Rəşid Behbudovun, Bülbülün səsi 100 səsin içindən seçilir".
"Bu gün Mirələm, Ehtiram, Təyyarın oxumağına qulaq asıram. Onların səsləri gözəldir. Bəzi səslər var ki, insanların zövqünü korlayır. Gözəl səsləri də kölgədə qoyur. Bəzən youTube sosial şəbəkəsinə baxıram. Görürəm ki, Rəşid Behbudovun mahnısı 1 milyon, oradakı uşaqın mahnısı 100 milyon baxış toplayıb. Bunun özü böyük bir fəlakətdir. Müğənnilərin nəinki səsləri, geyimləri də kasaddır. Saqqal saxlayır, gözünə eynək taxır və tanınmaq istəyirlər. O eynəkdə səni axı kim tanıyar?! İndi oxumaq üçün səhnəyə çıxmırlar ki. Fikirləşirlər ki, qoy məni görüb tanısınlar, ora-bura çağırsınlar, geyimlərini göstərirlər. Çünki sənət yoxdur, səs yoxdur! Bəzi müğənnilər də efirlə yas mərasimlərini səhv salıblar. Yas mərasimlərində oxuduqlarını efirdə oxuyurlar".
“Zabitlər evi"-ndə 22 il sərasər dayanmadan, qüsursuz çalışmışam. O vaxtı təşəbbüs irəli sürdüm ki, cəbhəyə konsertlərə gedək. Bir çox torpaqlarda olmuşuq. Avobusu ərzaqla doldurub gedirdik. O vaxt ordumuz da natamam idi, amma buna baxmayaraq vətənpərvər oğullarımız çox idi. Sonra mənə dedilər ki, gəl elə Zabitlər evində işlə. 1994-cü ildən Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblına qəbul oldum. Ayda bir dəfə bir böyük sənətkarı həbçilərlə görüşdürürdüm, görüş keçirirdim, onları hərbi hissələrə aparırdım".
Aktrisa vəfat edib
Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” APA-ya istinadən məlumat verir.
Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.
O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə ("Gözlə məni" (1980-Gülgəz), "Gümüşü furqon" (1982-qarayanız qız), "Qaladan tapılan mücrü"(1982-qaraçı), "Tilsim" (2005-Pakizə), "İki yad adam" (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının ("Silah" (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini ("Qarğa balası və özgə yuvası" (2005), "Ayna (II) (2006), "Siçan və pişik" (2007), "Cəsur təyyarə" (2009), "Ultionis (2011), "Cırtdan və Təpəgöz" (2012), "Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Allah rəhmət eləsin!
Burak Özçiviti tənqid etdilər: “Qaş çatmaqla aktyor olmurlar"
Yeşilçam" aktyoru Sərdar Gökhan "Daşkənd film festivalı"nda aktrisa Nurgül Yeşilçayla aktyor Burak Özçivitin ona qarşı hörmətsizlik etdiyini açıqlayıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə "2 sayfa" verilişinə danışıb:
"12 aktyor idik, səhnədə masalarda əyləşirdik. İçəridən səslər gəlirdi ki, mən gəlmirəm, çıxmıram. Pulsuz addım atmır, alıb ya almayıb bilmirəm. Nurgül barədə heç nə demirəm, kişi dost barədə danışıram. Guya onu qısqanırmışam, qulağımın tükü qədər üstümdə əməyi yoxdur. Qaş çatmaqla aktyor olmurlar, getsin öyrənsin".
“Peşəsi: ssenarist” layihəsinin müsahibə mərhələsi yekunlaşıb
Azərbaycan Kinematoqrafçılar İttifaqı, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihəsinin müsahibə mərhələsi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, yazıçı, ssenarist, redaktor, ssenari ixtisası üzrə təhsil almış gənc ssenaristlər və digər ixtisaslara sahib olan qadın müraciətçilərdən 12 nəfər 2-ci mərhələdə iştirak haqqı qazanıb. Ümumilikdə layihəyə 25 müraciət qəbul olunub. Bunlardan yalnız 8-i layihədə iştirak haqqı qazanacaq. İştirakçılar və onların yaradıcılığı haqqında məlumatı yaxın günlərdə paylaşılacaq.
Qeyd edək ki, layihə ssenari barədə daha dərin biliklər öyrənmək istəyən qadın müəlliflər üçün nəzərdə tutulub. Bu layihə Azərbaycan Kinematoqrafçılar İttifaqının sayca 4-cü layihəsidir. Bundan öncə ittifaqın şəxsi təşəbbüsü ilə “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “A-dan Z-yə” kino istehsalı intensiv kinorejissorluq kursları və “ASAN Könüllüləri” təşkilatı ilə birgə “Gənc kinematoqrafçılar” layihələri həyata keçirilib.
Bu gün Bakıda Miqloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçiriləcək
Bu gün - sentyabrın 23-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar şairi Miqloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili bədii gecə, eləcə də ədibin Fond tərəfindən Azərbaycan dilində çap olunan “Çiçəklərin nəfəsi” adlı şeirlər toplusundan ibarət kitabın təqdimat mərasimi keçiriləcək.
Tədbirin rəsmi hissəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın və Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovarinin giriş sözləri ilə açılacaq. Tədbirdə rəsmilər, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də digər ölkələrin səfir və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Musiqili bədii gecədə Əməkdar artist Nicat Kazımovun bədii rəhbərliyi ilə Miqloş Radnotinin şeirləri səsləndiriləcək, macar xalq mahnıları ifa olunacaq.
VI DokuBaku Beynəlxalq Film Festivalı davam edir
VI DokuBaku Beynəlxalq Film Festivalının açılış mərasimi ötən gün olub, bu günsə festival film nümayişləri ilə davam edir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festivalın direktoru İmam Həsənovun təbriki ilə başlayan mərasim avstriyalı kinorejissor Mariya Arlamovskinin “Robolove” filminin nümayişi ilə davam edib.
Bu il festivalda 33 müxtəlif ölkədən 60-dan çox sənədli film nümayiş etdiriləcək. Bütün filmlər 6 kateqoriyada təqdim olunur - “Ən yaxşı tammetrajlı sənədli film”, “No main”, “Ən yaxşı beynəlxalq və yerli qısa sənədli film”, “Müsabiqədənkənar”, “DokuKids” və “DokuUA”.
Bütün filmlər festivalın “Təkamülə qarşı inqilab” adlı mövzusuna həsr olunub. Mərasimdə beynəlxalq və yerli münsiflər heyəti təqdim edilib. Onların arasında çoxsaylı beynəlxalq mükafatlar laureatı, rejissor Sergey Dvortsevoy, azərbaycanlı yazıçı, dramaturq və rejissor İsmayıl İman, “Fipadoc”un idarəedici və bədii rəhbəri Kristin Kamdessus, azərbaycanlı prodüser Leyla Dostalizadə, rumın yazıçısı və rejissoru Boqdan Mureşanu, azərbaycanlı rejissor və ssenarist Asif Rüstəmov, iranlı kinorejissor Reza Siami, bolqar jurnalist, ssenarist və rejissor Emil Spahiyski, Azərbaycanda müstəqil kino təbliğatçısı Rəşad Şirinov, həmçinin Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov yer alır.
Açılış mərasimində festival ərzində öz filmlərini təqdim edəcək bir çox beynəlxalq, eləcə də yerli kinorejissor və prodüserlərdən Pavel Lozinski, Helmut Dosantos, Aqneşka Mankieviç, Mətləb Muxtarov, Nihad İsa, Amil Amal və İlkin Yusif də iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 25-də Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi təşkil olunacaq.
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsində Şuşa qalası
Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir. Layihə çərçivəsində təqdimatlardan biri Şuşa qalasına həsr olunub.
Alınmazlıq simvolu olan Şuşa qalası - Şuşa şəhərini əhatə edən qala divarlarıdır. 1751-ci ildə sərt, əlçatmaz qayalarla əhatə olunmuş və təbii qala olan Şuşa ovalığında Pənahəli xanın göstərişi ilə Pənahabad qalasının inşasına başlanılır. 1756-cı ildə xanlığın paytaxtı Pənahabada köçürülür. Bir müddət sonra xalq qalanı Şuşa qalası adlandırır. Bu ad yerləşdiyi ərazinin təbii formasına uyğun olub, qədim türk dilində "yayla, şiş qaya, piramida" mənasını daşıyır.
Qala dəniz səviyyəsindən 1300 - 1600 metr hündürlükdə yerləşən və dərin uçurumlarla əhatə edilən dağ yaylasında yerləşir. Əlçatmaz zirvədə yerləşən qalanın üstünlüklərindən biri də buradan bütün ətraf ərazilərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı.
Arran memarlıq məktəbi üslubunda inşa edilmiş Şuşa qalasının tikintisində yerli daş və əhəng məhlulundan istifadə olunub.
Qala divarlarının hündürlüyü 8 metrədək, eni isə 2,2 metrdir. Hər 50 metrdən bir dairəvi mühafizə bürclərinə malikdir.
Qalanın dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncə qapısı adlanırdı. İrəvan qapısı qalanı qərb bölgələr ilə birləşdirirdi. Digər iki qapı Şuşa ətrafı dağ kəndləri ilə əlaqələr üçün nəzərdə tutulmuşdu.
“Göz yaşı göznən oynayır”
“Ədəbiyyat və incəsənət” portalı şair Əlizadə Nurinin “Allah, bu nə oynamaqdı” şeirini təqdim edir.
Şah oynayır taxt- tacıyla,
Qul da kəniznən oynayır.
O dalğalar bu sahillə,
Yoxsa dəniznən oynayır?
Bu ömür- çətin səfərdi,
Yol yoldaşı edib dərdi.
O nəğmə də bəxtəvərdi
Bir gözəl qıznan oynayır.
Yağmır, amma damır bu dam…
Gül bağında mən bir otam.
Bəxtiylə oynayan adam
Elə bil köznən oynayır.
Hamı ölüb… torpaq sağdı,
Mən ağsağam, yol axsaqdı?
Allah, bu nə oynamaqdı-
Göz yaşı göznən oynayır?!
Göyü sevdim, o da uzaq,
Oynamamış gəl uduzaq.
… Üstünü çırpan bir uşaq
Oturub toznan oynayır…
Ən çox oxunan: Qrindlərin kütləvi intiharı
Tasmaniyada 200-ə yaxın delfin özünü sahilə ataraq həlak olmuşdur
Tasmaniyada ekoloqlar və könüllülər sahilə atılmış qara delfinləri - qrindləri xilas etməyə çalışırlar. 230 delfin özlərini Makkuari körfəzinin çimərliyinə ataraq, bir növ, intihar ediblər. Onların əksəriyyəti ölmüş, cəmi 35-i sağ qalmışdır. Bu barədə “Ədəbiyyat və incəsənət” Euronews-a istinadən xəbər verir.
Mütəxəssislər bildirir ki, delfinləri dənizə qaytarmaq çox çətindir. Körfəz çox dayaz və ensizdir.
Ötən il elə bu ərazidə Avstraliya tarixində ən böyük delfin faciəsi yaşanmışdı. Onda 470 qrind özünü sahilə atmışdı və onlardan yalnız 111-ni xilas etmək mümkün olmuşdu.
Yeri gəlmişkən, eyni yerdə delfinlərin sahilə atılması sirrini açmaq hələ də heç kəsə müyəssər olmayıb.
Qara delfinlər niyə axı intihar etsinlər? Bəlkə bu, təbiəti, su hövzələrini çirkləndirən, murdarlayan insanlara qarşı bir üsyandır?
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” müsabiqəsini keçirir
Qarabağın tarixi ilə bağlı bu ən yaxşı videoçarx müsabiqəsini keçirməkdə məqsəd regionun qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.
“Ədəbiyyat və incəsənət” portalı Müsabiqənin qəbul şərtlərini təqdim edir:
Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.
Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər.
İştirakçının yaş məhdudiyyəti yoxdur.
Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)
Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır.
Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.
Tələb olunan sənədlər:
Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;
Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)
Sənədlərin qəbulu 20 oktyabr 2022-ci il tarixinədək elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) This email address is being protected from spambots. You need JavaScript enabled to view it. poçt ünvanı vasitəsilə aparılır.
Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.
Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.
Müsabiqənin qaliblərinin adları 2022-ci il noyabr ayının 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az / www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.
Əlavə məlumat üçün:
Telefon: (012) 498-18-26;
Həftənin iş günləri saat 10:00-17:00-dək;
E-poçt: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Peşəkarlar və həvəskarlar, gənclər, gücünüzü sınamağa dəyər.