Super User

Super User

Friday, 06 January 2023 13:00

Daha bir serial eşqi gerçək eşq oldu

 

Türkiyədə televiziyalarında yayımlanan “Güzel günler" serialında rol alan aktyor Burak Dakakla aktrisa Leyla Tanlar serialdakı kimi real həyatda da eşq yaşamağa başlayıb.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, cütlük birgə fotolarını sosial şəbəkədə paylaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş ilk uşaq animasiya filminə yeni nəfəs verib.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyevdən fikir alan AzərTAC-a istinadən bildirir ki, söhbət hələ 1969-cu ildə çəkilmiş “Cırtdan” adlı filmin müasir üsullarla restavrasiyasından gedir.

Onun sözlərinə görə, bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb, beləliklə, onun digər beynəlxalq film festivallarında da diqqət çəkəcəyi açıq-aşkardır.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası artıq filmi YouTube-da yerləşdirib. Xatırladaq ki, “Cırtdan” (1969) filminin rejissorları Ağanağı Axundov və Yalçın Əfəndiyevdir. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov Qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən – gözəlliyi ilə ad çıxarmış aktrisa Leyla Bədirbəylidir.

 

LEYLA BƏDİRBƏYLİ 

(1920-1999)

***

Bir dəfə “Nizami” kinoteatrının qarşısından keçəndə oğlanlı-qızlı bir-neçə gənc mənə yaxınlaşdı. Kinoteatrın qarşısında böyük afişa asılmışdı. Gənclər məni dövrəyə aldılar.

– Siz Leyla Cavanşirovasız? – qızlardan biri heyrətlə xəbər aldı.

– Bəli, özüdür ki, var, – cavab verdim. 

Sən demə yaxınlıqdakı Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyurmuşlar. Oğlanlardan biri tez çantasını açıb kömür və kağız götürdü. Utanaraq:

– Olar sizin şəklinizi çəkim? – xəbər aldı. Düzünü desəm, çəkilişə tələsirdim, amma gənclərin də xətrinə dəyə bilməzdim. Onlarla aramda 3-4 yaş fərqimiz olardı, etiraz etsəydim, yekəxanalıq kimi çıxardı. Rəssam oğlan tərəddüdümü hiss edib tez əlavə etdi:

– Narahat olmayın, uzağı 10 dəqiqə vaxtınızı alacam.    

Gülümsünərək razılıq verdim.

Dostları gənc rəssamın ətrafına toplaşdılar, qızlar məni araya alıb müxtəlif suallar verirdilər. Təxminən 10-12 dəqiqə sonra oğlan üzərində rəsm çəkdiyi kağızı mənə uzatdı. Alıb baxdım, gözlərimə inanmadım. Məni Gülçöhrə obrazında çəkmişdi.

 

“Ədəbiyyat və incəsənət” 

(06.01.2023) 

 

 

 

Mirsamir Məmmədov yazır

 

 

İsrailin və Yəhudi lobbisinin tarix boyu Azərbaycana böyük dəstəyi olmuşdur. Hər zaman hər yerdə İsrailin və yəhudi xalqının dəstəyini və yardımını gördük. İsrail və Azərbaycan dostluğuna dair xüsusi detalları ardıcıl qeyd edirik. 

 

1. 1992-ci ildə Azərbaycanın müstəqilliyi BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılarkən‚ BMT Təhlükəsizlik Şurasının sədri İsrail idi və Azərbaycanın müstəqilliyi məhz İsrailin təşəbbüskarlığı və can-fəşanlığı ilə BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılaraq qəbul edildi. 

 

2.  BMT Təhlükəsizlik Şurasında ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən  4 hüquqi qətnamənin qəbul edilməsində İsrailin misilsiz rolu vardır. Həmin vaxt Təhlükəsizlik Şurasının sədri məhz İsrail idi və Yəhudi lobbisinin də misilsiz dəstəyi ilə həmin qətnamələri qəbul edən İsrail olub. Qətnamələrdə ermənistan işğalçı adlandırılır və işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb edilir. Ölkəmiz bu gün o qətnamələrə əsaslanaraq işğalçı ölkəyə qarşı hücuma keçdi və öz qanuni torpaqlarımızı BMT Təhlükəsizlik Şurasının məcburi xarakter daşıyan həmin 4 qətnaməsinə əsasən işğaldan azad etdi. Azərbaycan əsgəri həmin 4 qətnaməni alnıaçıq‚ üzüağ şəkildə qəhrəmancasına icra etdi. 

 

3. Dünyanın ən güclü Lobbisi olan Yəhudi Lobbisi ABŞ-daki Azərbaycanları, emənilərin və məkrli erməni lobbisinin fitnəkar siyasətinə qarışı müdafiə edib.

 

4. ABŞ-ın 21 Ştatının "Xocalı Soyqırımını" tanımasında İsrailin çox böyük rolu olmuşdur.

 

5. 1918-dəki soyqırımda 3000-dən artıq yəhudi, ermənilər tərəfindən öldürülmüşdür. Səbəb isə yəhudilərin ermənilər tərəfə keçməməsi olmuşdur.

 

6. 2016-cı ildəki Aprel döyüşlərində və xüsusən 44 günlük müharibədə İsrailin və yəhudilərin Azərbaycana misilsiz dəstəyi olmuşdur.

 

7. 2016-cı ildə İsraildə "Xocalı qurbanlarına" həsr olunmuş memorial açılmış və 613 şəhidə görə 613 ağac əkilmişdir.

 

8. İsrail hökuməti dəfələrlə bəyan etmişdir ki‚ "Biz Türkiyəyə qarşı olan qondarma erməni soyqırımını Azərbaycana görə tanımırıq və tanımayacayıq"

 

9. İsrail Parlamenti Qondarma "Dağlıq Qarabağ Respublikası"sözünün işlədilməsini belə qadağan etmişdir.

 

10. Azərbaycanda olan Quba "Qırmızı Qəsəbə" və Oğuzdakı "Yəhudilər Məhəlləsi" Yəhudilərin  İsraildən sora dünyada yaşadıqı  2 ci kompakt yaşayış məntəqəsidir. 

 

11. Hələ 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən yəhudilərin də dəstəyi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 naziri məhz yəhudi əsilli olmuşdur. Bundan əlavə həmin dövrdə ermənilərin 1915-ci il hadisələrinə dair yalanlarına qarşı Avropada‚ Qərbdə və Amerikada Yəhudi lobbisi Azərbaycanlılara dsətək vermişdir. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq Yəhudi Lobbisi ilə çox sıx və yaxın dostluq əlaqəsi olub. Bu gün isə bu dostluq və qardaşlıq daha da inkişaf etdirilməkdədir. 

 

Bir sözlə‚ İsraillə Azərbaycan hələ qədim tarixi köklərə və genetik qan qohumluğuna əsaslanan qardaş ölkədir və yəhudilərlə‚ Azərbaycanlıların və türk xalqlarının genetik qan qohumluğu vardır. Bütün tarix‚ ötən əsrlər və yüzilliklər bu genetik qardaşlığı sübut edir. Bu gün də Azərbaycanla İsrail həqiqi mənada qardaş ölkələrdir və İsraillə Azərbaycanın qardaşlığı bütün dünyaya nümunə olacaq şəkildədir. Azərbaycan xalqı da hər zaman İsrailə və qardaş yəhudi xalqına dəstəkdir. İsrail və yəhudilər Azərbaycan dövlətinin və Azərbaycan xalqının can dostudur. Bütün Azərbaycan xalqının İsrailə və yəhudi xalqına xüsusi sevgisi və simpatiyası vardır. Azərbaycan və İsrail xalqının dostluğu və qardaşlığı daimi və əbədi olsun!! AMİN. 

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Katoliklik Bakıda “Müqəddəs Məryəmin nuru”nu təqdim edib

 

Azərbaycan həqiqətən də tolerant ölkədir. Burada məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir, başqa dinlərin nümayəndələri rahatlıqla ibadət edirlər. 

Ötən gün “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi”ndə “Müqəddəs Məryəmin nuru” adlı rəsm əsərin təqdimatı olub. Əsərin müəllifi rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayevadır. Rəssamın əsas fəaliyyət istiqaməti bədii toxuculuqdur. Yaradıcılığında ənənəvi janr və texnikaların sintezinə meyilli olan Salayevanın əsərləri Azərbaycanda və digər ölkələrdə nümayiş olunur.

 

İndi qayıdaq təqdimat mərasiminə. Mərasimdə ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər. 

Gülarə Salayeva Müqəddəs Məryəmin təsviri olan əsəri kilsəyə hədiyyə edilib. Əsərin üzərində mavi geyimli və incə qatlarla verilən baş örtüyünün fonunda 12 şüalı günəşli tac, həmçinin onu əhatə edən eyni saylı qızıl ulduzlar vurğulanır. 

Rəssam qeyd edib ki, Müqəddəs Məryəm obrazı bəşəriyyət tarixi-ictimai düşüncəsində mühüm və əhəmiyyətli yerə malikdir. İdeallıq haqqında təsəvvürləri öz surətində ifadə edən bu universal obraz xristianlıq tarixində dəqiq qanunlara əsaslanaraq müvafiq tərzdə vizuallaşıb. 

Mərasimdə çıxış edənlər tolerantlıq nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşıldığını vurğulayıblar. Bildiriblər ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Ölkədə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

İrpen şəhərinin sakinləri dağıdılmış körpünün altında sığınacaq taparaq şəhərdən çıxarılmalarını gözləyirlər. Foto: Emilio Morenatti/AP Photo

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin alman dilinə tərcümə edilmiş “Hər kəsdən çox”, “Uşaqlar və hərflər” və “Gül düzəldirəm adamlardan” şeirlərinin yayımına başlayıb.

 

Tərcümə Mərkəzinin açıqlamasına görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas alimi Kerstin Krapsdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Ayn Rend. «Atlant çiyinlərini düzəltdi»

Ayn Rendin bu kitabını, təsadüfi deyil ki, hətta Qərbdə «İncir» kitabı ilə eyni səviyyəyə qaldırmaq tendensiyası müşahidə edilməkdədir. Çünki yüz minlərlə sahibkarlar öz sahibkarlıq fəaliyyətinə məhz bu 200 səhifəlik kitabı oxumaqla başlayıblar. Bu kitab dünyagörüşünü dəyişir, insan həyatının əsl anlamını açıb göstərir, sahibkarlığın əlifbasını öyrədir. Və həm də bu kitab cəsarətli, güclü və qətiyyətli olmağa da bir çağırışdır.

Əsl adı Alisa Rozenbaum olan bu xanım insanlara öyrətmək istəyir ki:

 - İnsan düşüşünün yeganə forması məqsədi itirməkdir.

 - «Mən səni sevirəm» söyləmək üçün ilk öncə «Mən» söyləməyi öyrənməlisən.

 - İnsan yumor hissini itirəndə hər şeyini itirir.

 - Öz qəlb məbədində insan tənhadır.

 - Xüsusi adlardan başqa hər bir söz abstraktdır.

Ayn Rend yazır ki, özü nə istədiyini bilməyən adam üçün pul xoşbəxtlik gətirə bilməz. Yazır ki, öz yolunu gözübağlı seçən şəxsə pul məqsədi göstərə bilməz. Ayn Rendə görə, pulla səfeh özünə ağıl, ağıllı özünə şərəf, naqis özünə hörmət ala bilməz.

O yazır ki, əgər siz pul vasitəsilə özünüzü reklam edib özünüzdən yüksəkdə duran və özünüzdən ağıllı olan adamlarla əhatələnmək istəyirsinizsə və bununla nüfuz qazanacağınızı düşünürsünüzsə, onda əmin olun ki, sizdən aşağıda duranların qurbanına çevriləcəksiniz. Zira, ziyalılar dərhal sizdən üz döndərəcək, fırıldaqçı və oğrularsa pulunuzun işığına əhatənizə toplaşacaqlar ki, sizdən bir şeylər qopartsınlar. «İnsan heç vaxt öz pulunun həcmindən kiçik olmamalıdır. Əks halda, onu taptalayarlar».

 

 “Ədəbiyyat və incəsənət”

(06.01.2023)

 

 

Sevilən müğənni Zamiq Hüseynov qonaq olduğu "Xəzər axşamı" verilişində bildirib ki, geyinmədiyi köhnə geyimlərini maddi vəziyyəti aşağı olan qohumlarına verir.

O deyib: 

"Qohumlar arasında çox kasıb insanlar var. Bir çox geyimlərimi hər uç, dörd aydan bir onlara bağışlayıram.

Deyirlər ki, güya geyimləri kiməsə verəndə öz enerjini onlara verirsən. Amma mən bu deyimlərə inanmıram. İllərdir ki, geyimlərimi qohumlarıma verirəm. Hansı qohumum mənimlə eyni ölçüdədirsə, ayaqqabılarımı, pencəklərimi və sairə əşyalarımı bağışlayıram".

İlk baxışda bir insanın humanizmi barədə xəbərdir. Amma iş ondadır ki, bunca xəbərlər günümüzə basqı etməkdədir. Heç bir vəclə insan etdiyi nəcib hərəkəti bunca reklam etməməlidir. Bizim xalq axı gözəl deyib: “Balığı tutub at dəryaya. Balıq bilməsə də xaliq biləcək”

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Ədəbiyyatımızın cəfakeşi və fədaisi Məti Osmanoğlunun 65 yaşı tamam oldu

 

Elman Eldaroğlu yazır

 

Qələmə aldığı hər bir yazıda fikirlərini elə məntiqlə izah edir ki, bu dəsti-xəttin arxasında gizlənən səmimiyyəti, tükənməz eşqi, böyük ürəyi duyub, bəsirət gözləri ilə görməyə bilmirsən. Hiss olunur ki, halal adamdır- qərəzdən, paxıllıqdan, məkrdən çox uzaq... 

 

Deyir ki,- “Son zamanlar şeirin, nəsrin, publisistikanın vəziyyəti necədirsə, ədəbi tənqidin vəziyyəti də elədir: ədəbi tənqid bədii sözdən nə bir addım daldadır, nə bir addım öndə. Əlbəttə, ədəbiyyatımızın ümumi səviyyəsinin daha yüksək, ictimai fikrə daha ciddi təsir göstərmək gücündə olmasını arzu edərdim. O ki qaldı "ədəbi tənqidin aktuallığını itirməsi” təsəvvürünün yaranmasına, məncə, bu, tənqidə uzun müddət bəslənilmiş münasibətdən qaynaqlanır. Ədəbi tənqidə tənzimləyici qüvvə kimi yanaşırıq: bizdə belə bir fikir formalaşıb ki, ədəbiyyatda nə çatmırsa, buna tənqid cavabdehdir. Mən belə hesab edirəm ki, tənqid adlandırdığımız sahənin çatışmazlıqları olduğu kimi, uğurları da var. Məsələn, İradə Musayeva aktual tənqidin maraqlı nümunələrini yaradır, ədəbiyyatımızın yeni hadisələrini təhlil edərək ictimaiyyətə təqdim etməklə yanaşı, çatışmazlıqlara qarşı da prinsipial mövqe nümayiş etdirir. Rüstəm Kamalın ədəbi fikrimiz üçün yeni hadisə olan esseləri həm filoloji, həm də bədii fikirdə ciddi əks-səda yaradır. Cavanşir Yusifli dünya estetik fikri ilə Azərbaycan bədii düşüncəsi arasında filoloji baxımdan maraq doğuran paralellər qurur. Elnarə Akimovanın, Nərgiz Cabbarlının, Ülvi Babasoyun yazıları maraqla oxunur. Bunlar az deyil ki...”

 

Azərbaycan jurnalistikasında özündən öncəki fenomenlərin yolunu ləyaqətlə davam etdirən, professor Qulu Məhərrəmli onun adı çəkiləndə həm bir insan və həm də bir qələm adamı kimi, barəsində elə xoş sözlər söyləyir ki, istər-istəməz şəxsiyyətinə məftun olursan. Sevinirsən ki, xalqımızın arasında belə gözəl aydınlarımız var...

 

Bəli, bu gün sizə 1958-ci ildə Qazax rayonunun Sadıxlı kəndində zəhmətkeş bir kişinin süfrəsində halal ruzi ilə böyüyüb boya-başa çatan Məti Osmanoğlu haqqında danışmaq istəyirəm. O, 1975-ci ildə orta təhsilini doğulduğu Sadıqlı kənd orta məktəbində başa vurandan sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Universiteti bitirəndən sonra bir müddət Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalının redaksiyasında işləməyə başlayıb. Sonra 1987-ci ildə yeni təsis edilmiş “Gənclik”-“Molodost” jurnalının ilk əməkdaşlarından biri olub. 1989-cu ldə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin “Demokratik Azərbaycan” fraksiyasının “Müxalifət” qəzetində çalışıb və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə “Uşaq, gənclər və maarifçilik” studiyasının baş direktoru vəzifəsinə dəvət olunub. AzTv-də işlədiyi dövrdə Fransa Dövlət Televiziyasında ixtisasartırma təcrübəsi keçib.

1996-cı ildə “Nəbatinin lirikası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb və Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirir. Hazırda həmin kafedranın dosentidir. Eyni zamanda “Yol qəzeti”nin baş redktorudur...

 

“Böyük ədəbiyyatın başlıca missiyası insanların zövqünü və düşüncəsini təzələmək, belə demək mümkündürsə, insanların zövq və düşüncəsini "öz tərəfinə çəkmək” uğrunda mübarizə aparmaqdır. Ona görə də cəmiyyətlə ədəbiyyat arasında daimi bir müxaliflik var. Cəmiyyət ədəbiyyatda öz istədiyini, zövqünün vərdiş elədiklərini görmək, ədəbiyyat isə cəmiyyəti vərdişdən, ətalətdən azad etmək istəyir. Görünür, ədəbiyyatın cəmiyyətdə həmişə birmənalı qarşılanmamasının başlıca səbəbi də budur. Söz adamının əsas özəlliyi isə ondadır ki, bütün çətinliklərə sinə gərib, əzəli mübarizəsini davam etdirir, oxucunun üstünə gedir. Həsən bəy Zərdabinin dedikləri burada lap yerinə düşür: "Hər kəsi çağırıram - gəlmir; göstərirəm- görmür; deyirəm-qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdə heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdə o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus doğru söz”. Cəlil Məmmədquluzadə isə bu fikri ironiya ilə belə tamamlayırdı: "Çünki hükəmalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”. Söz sənətinin ölçüyə sığmayan sirli tərəfi də var. Həmin tərəfdən yanaşdıqda yeni əsərlərini cəmiyyətin səbirsizliklə gözlədiyi söz adamları da var. Məsələn, yaxın keçmişimizdə Səməd Vurğunun hər bir əsəri maraqla qarşılanar, dildə-ağızda gəzərdi. Məmməd Arazın, Hüseyn Arifin şeirləri ən elitar salonlarda da, ucqar bir kənddəki aşıq məclislərində də eyni sevgi və hərarətlə qarşılanardı...”- söyləyir.

 

Tanınmış ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnara Akimova onun haqqında ağız dolusu danışaraq, xüsusi qeyd edir ki,- “Məti Osmanoğlu araşdırmaçı kimi ciddi alimdir. O, elmi-nəzəri inkişafın hər mərhələsində milli ədəbi keçmişi nəzərdən keçirməyi vacib hesab edir. Ədəbiyyat tariximizin, onun müxtəlif dövrləri və məsələlərinin ciddi elmi əsaslarla öyrənilməsi alimin araşdırmalarının nəzəri, xronoloji hüdudlarını şərtləndirir. İctimai-ədəbi fikrimizin müəyyən inkişaf prosesindəki yerini və rolunu müəyyənləşdirən bu yazılarla Məti Osmanoğlu fərqli bir yol qət edir. Bu məqalələrdə sağlam nəzəri baxış, irsə məhəbbət və bələdlik var, ədəbi hadisələrə həssas və incə yanaşma hakimdir. Ədəbi-fəlsəfi fikri, milli-mənəvi , vətəndaşlıq tarixini təmsil edən əksər imzalar kitabdakı məqalələrdən keçir. Milli ədəbi-bədii fikrin tarixi inkişafına xas ümumi qanunauyğunluqlar Məti Osmanoğlunun nəzəri yanaşmasında şərhini daha da dərinləşdirir. Alimin "Aldanmış kəvakibdə ironiya", "Əvvəlinci qəzetimiz", "Əkinçi"də şeir davası", "Faciə əsrimizin müqəddiməsi", "Əhməd Həmdi bəy və Mirzə Feyzulla" və s. bu kimi yazıları bir çox nəzəri problemlərin öyrənilməsi istiqamətində müəyyən mərhələyə metodoloji yekunlar vuran və yeni mərhələ üçün nəzəri prespektiv açan məqalələr kimi dəyərlidir”.

 

Ümumiyyətlə, onun yaradıcılığına müxtəlif bucaqlardan boylananda beş əsas amil xüsusi nəzərə çarpır:

1) Elmi və publisistik yaradıcılığa tələbəlik illərində başlayıb. “Cəfər Cabbarlının ədəbi-nəzəri görüşləri” adlandırdığı ilk məqaləsini universitet qəzetində nəşr etdirib. 1978-ci ildən Azərbaycan Dövlət Radiosunun uşaqlar üçün proqramlar hazırlayan redaksiyası ilə əməkdaşlıq edib. Balakən rayonunda müəllim işləyərkən, bu redaksiyanın ştatdankənar müxbiri kimi fəaliyyətini davam etdirib. 1983-cü ildən “Ulduz” jurnalında ədəbi-tənqidi məqalələrlə çıxış etməyə başlayıb, jurnalın tənqid şöbəsinin fəaliyyətinin yeniləşməsində böyük xidmətləri olub. O vaxt həmin jurnalda təşkil etdiyi “dəyirmi masa”dakı müzakirə və dialoqlar ciddi ictimai rezonans doğurub və həmin yazıların əksəriyyəti müasir elektron mediada yenidən nəşr olunub. 

2) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışarkən bir sıra əsərləri dilimizə tərcümə edib. Tarixi sənəd olan “Teymur tüzükləri” nin (“Əmir Teymurun vəsiyyətləri” adı ilə) özbəkcədən tərcümə edərək nəşr etdirdiyi ilk kitabı olub. Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, Qazaxıstanda yaşayan rus yazıçısı Moris Simaşkonun “Sultan Bəybars” povestləri oxucular tərəfindən rəğbətlə qarşılanıb və bu əsərlər bədii tərcümə sənətinin layiqli nümunələri hesab olunur. Onun tərcüməsində “Çingiz xanın ağ buludu” İranda, “Teymur tüzükləri” isə İranda nəşr edilib.

3) AzTv-də çalışdığı dövrdə isə bir sıra layihələr həyata keçirib, o vaxt çox populyar olan “Dövrə” proqramının müəllifi və aparıcısı olub. Bu, Azərbaycan televiziyasında ilk “tok-şou” proqramı idi. 

4) “BP” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışarkən “Pablik rileyşnz” (“İctimaiyyətlə əlaqələr”) adlı kitabın tərtibçilərindən biri olub. Bu, PR sahəsində ölkəmizdə nəşr edilmiş ilk kitabdır.

 

5) Onun ədəbiyyatşünaslığa dair yüzdən çox elmi və elmi-publisistik məqaləsi nəşr edilib. “Azərbaycan realist poeziyasının təkamülü” adlı kitabı bu mövzuda apardığı axtarışların başlanğıcı kimi maraq doğurur. Hazırda XIX əsr Azərbaycan poeziyasının təkamülü” mövzusunda təqdiqat aparır...

 

Yanvarın 5-də Məti Osmanoğlunun 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Allahdan möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirik.

Çox yaşayın, Məti müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.