Super User

Super User

Heykəltəraş Elxan Zeynalov görkəmli ədibimiz Mir Cəlal Paşayevin büstünü hazırlayıb. Bununla bağlı o, şəxsi Facebook səhifəsində paylaşım edib. 

“26 aprel! Mir Cəlal ədəbi təxəllüsü ilə tanınan böyük Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Ənvər Paşayevin doğum günü! 115 illiyi tamam olan ədibimizə Allahdan rəhmət diləyir, əziz xatirəsinə həsr etdiyim büstünü böyük şərəf və qürur hissi ilə təqdim edirəm!" 

 

“Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə Elxan Zeynalovla əlaqə yaradaraq bilgilər alıb. Aldığımız məlumata görə büstün hazırlanması bir ay çəkib. Heykəltəraş deyir:

-Mir Cəlal Paşayevə həsr etdiyim əsər mənə sifariş olunmayıb. Onu öz qəlbimin səsi ilə hazırlamışam. Büstün ucaldıla biləcəyi yeri də özlüyümdə müəyyənləşdirmişəm. Onun ədibimizin ilk dəfə pedaqoji fəaliyyətə başladığı Gədəbəy rayonunda yerləşdirilməsi üçün Gədəbəy rayon icra hakimiyyətinə müraciət etmişəm.

 

Nə deyək. Təki alınsın. Amma büst həqiqətən möhtəşəm alınıb. Ədibin xarakteri cizgilərdə gözəl təcəssüm olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)

Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.

 

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilir. 

Məlumatda qeyd edilir ki, məsələdən xəbər tutan kimi dərhal müvafiq tədbirlər görülüb və qanunsuz aparılan təmir işləri dayandırılıb.

Müdaxilə faktı ilə bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)

Ölkə musiqisevərlərinin diqqəti hazırda Azərbaycan Milli Konservatoriyasına yönəlib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Milli Muğam Müsabiqəsinin seçim turları keçirilir.

Dünən müsabiqənin üçüncü günündə ikinci seçim turunun yekun mərhələsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ikinci seçim turunda birinci turdan keçmiş 8 xanəndənin dinləmələri keçirilib. Əvvəlki turlardan fərqli olaraq bu turda ifaçılara 2 saat vaxt ayrılıb.

Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.

Sonda mediaya açıqlama verən Xalq artisti Səkinə İsmayılova müsabiqə haqqında ümumi məlumat verib. O deyib: "Milli Muğam Müsabiqəsinin artıq 2-ci turu başa çatdı və 1-ci turdan seçilən 8 nəfər xanəndənin ifaları dinlənilib. İnstrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında birinci turdan keçmiş xanəndələrin dinləmələrinə başlanılıb. Burada iştirak edən ifaçılar arasında 2005-ci ildən bu günə kimi keçirdiyimiz Muğam Müsabiqəsinin iştirakçı və qalibləri də yer alır. Milli Muğam Müsabiqəsinin keçirilmə müddəti çox az olduğuna baxmayaraq, müsabiqə iştirakçıları səmərəli hazırlaşırlar və bu müsabiqəyə öz səsinə, sənətinə arxayın olanlar qatılırlar. Vaxt qısa olduğundan ifaçı tam hazır olmalıdır ki, öz bacarıq və istedadını nümayiş etdirə bilsin. Müsabiqənin final mərhələsi aprelin 30-da keçiriləcək və qaliblər orada elan olunacaq”.

Xatırladaq ki, Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər. 

Bəli, aprelin 30-da da bir şey qalmadı.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)

Ölkənin ən stajlı kitab təbliğatı mərkəzi - “Azərkitab” öz fəaliyyətini daha da genişləndirməkdədir. Qurum indi tək kitab təqdimatları keçirmir, tək kitab satmır, həm də kitab nəşr edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı “Azərkitab”ın redaktorlarından biri olan Nadir Cəfərovdan “Azərkitab” Yayınlarının özəlliyi ilə bağlı bilgi alıb. 

“Azərkitab” digər nəşriyyatlardan nə ilə fərqlənir? Mətn redaktəsinin yüksək keyfiyyəti ilə. 

Hazırda bir çox yazıçı və şairlər öz yeni kitablarını redaktorsuz nəşr etdirirlər. Ən yaxşı halda redaktor təsisatı formal xarakter daşıyır. Hətta redaktorla korrektora fərq

belə qoyulmur.

Halbuki, bədii əsərin keyfiyyəti bilavasitə peşəkar redaktor faktorundan asılıdır. Ona görə də kitablar satılmır, oxucu qəlbinə yol tapa bilmir. 

Bu problemin çözülməsi üçün ölkənin ən qocaman kitab mərkəzi - “Azərkitab” kitab təbliğatı Mərkəzi köklü tədbirlər həyata  keçirir.  Bunlardan biri yeni fəaliyyətə başlamış “Azərkitab” yayınları vasitəsi ilə  “Renessans” layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində yayın evi yazarların kitablarını ən yaxşı redaktorların və korrektorların hesabına oxucuların sevimlisinə çevirməkdə iddialıdır, yüksək satış faizi təmin etməkdə də həmçinin. 

Unutmayın, təkcə istedad bestseller yazmağa kifayət etmir!

“Azərkitab” kitab təbliğatı mərkəzinin “Azərkitab” yayınları, “Renessans” qrupu Bakı, Atatürk prospekti, Kral Hüseyn küçəsi, 64 A/1. (“Zivella” mebel evinin arxası) ünvanında fəaliyyət göstərir. Əlaqə nömrəsi: +994 51 3047525.

Peşəkar kitabçılar yazarları əməkdaşlığa dəvət edirlər. 

Onu da deyək ki, “Azərkitab”ın kitabları ən yüksək poliqrafik keyfiyyətə malikdir, ASMİR MMC-nin “Məktəbli” poliqrafiya mərkəzində ölkə kitab industriyasının ən nəfis məhsulları çap edilir.

Xatırladaq ki, bu günlərdə “Azərkitab” yayınlarında yazıçı Varisin yeni “Qızıl cib saatı”, eyni zamanda

 ölkədə ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanının 7-ci təkrar nəşri

yeni redaktədə çap olunub. Yayın evi oxuculara digər xoş sürprizlər də hazırlayır.

 

“Ədəbiyyat və incəsənət” 

(27.04.2023)

Wednesday, 26 April 2023 19:00

Cəlilabadda tarixi küp necə qorunur?

Tarixin hər bir izi gözəldir, onu qoruyub saxlamaq vacibdir. Cəlilabadın Musalı kəndinin şimal-şərqində, Talış dağlarının şimal qutaracağında yerləşən Qazanköşkü abidəsinin yaxınlığında tapılan küp uzun illərdir qorunub saxlanılır.

 

Təsadüf nəticəsində aşkarlanan bu küp tapıldığı ərazidən götürülərək Soltan kənd sakini Amil Ağayevin həyətində yerləşdiriblər.

Sakinlərin sözlərinə görə, sözügedən küp 12 il əvvəl su arxından tapılıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı  Baku TV-nin süjetinə əsaslanaraq xəbər verir. Amma hər halda, tarixi qiyməti olan küpü, yaxşı olardı ki, kiminsə həyətində deyil, muzeydə qoruyub saxlasınlar.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

Günün fotosu: Co Bayden öz istəyini açıqlayıb

 

Amerika prezidenti Co Bayden 2024-cü ildə prezident seçkilərində iştirak edəcəyini bəyan edib. 

80 yaşlı prezidentin demokratlar düşərgəsində bircə ciddi rəqibi yoxdur. 

 

Fotonun hüququ: Patrick Semansky/Copyright 2022 The AP. All rights reserved. Euronews 

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

 

Mayın 16-dan 27-dək keçiriləcək 76-cı Kann Film Festivalını təbii ki, bütün kinosevərlər gözləyirlər. Kinofestival rejissor Mayvenin tarixi “Favorit qız” filmi ilə açılacaq. Ən gözlənilən dahi rejissor Martin Skorsezenin “Çiçək Ayın qatılləri” filminin premyerasıdır. 

Ötən gün kinofestival barədə yeni xəbərlər oldu.

“Ədəbiyyat və incəsənət” portalı festivalın saytına istinadən xəbər verir ki, festivalın posteri təsdiqlənib. Təsdiqlənən poster üçün dünyaşöhrətli fransız aktrisasına müraciət edilib. Bəli, 76-cı Kann Film Festivalının posteri üçün fransız aktrisa Katerin Dönöv seçilib. Yəqin bu ad kinosevərlərin əksəriyyətinə tanışdır. Gözəllik rəmzi olan, gəncliyində məlaikə, büt adlanan bu xanım yenidən gündəmdə olacaq.

Ağ və qara rəngli poster Artland Vila tərəfindən Alen Kavalyenin “La Chamade” filminin çəkiliş meydançasında Cek Qarofalonun çəkdiyi foto əsasında hazırlanıb. 

Katerin Dönöv Kann Film festivalında uzun müddət iştirak edib, xüsusilə də, 1994-cü ildə Klint İstvudun prezidenti olduğu münsiflər heyətinin vitse-prezidenti olub və 2005-ci ildə “Qızıl Palma” mükafatına layiq görülüb. Onu da qeyd edək ki, aktrisanın qızı Çiara Mastroianni Kann Festivalının aparıcısı olacaq.

Yeri gəlmişkən, bu il - oktyabrın 22-də ünlü aktrisanın 80 yaşı tamam olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

 

Niderland Krallığındakı Azərbaycan səfirliyinin və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və bu ölkədəki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Rotterdam şəhərində yaşayan şair Yasəmən Qaranın şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimova həsr etdiyi “Əfsanəvi General” adlı kitabının təqdimat mərasimi keçirilib. 

 

AzərTAC xəbər verir ki, mərasimdə Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan təşkilatçı “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva Polad Həşimova həsr edilmiş kitabın Niderlandda təqdimatının keçirilməsinin qürurverici olduğunu vurğulayıb. 

Kitabın müəllifi Yasəmən Qara kitabı yazarkən keçirdiyi hisslərdən, general Polad Həşimovdan danışıb, düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb. 

Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, müavini Sima Cəfərova, Beynəlxalq qadınlar Klubunun sədri Kəmalə Cəlilova, Azərbaycan–Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvü Nemətağa Əliyev çıxış edərək, general Polad Həşimovla bağlı ürək sözlərini söyləyib, kitabın müəllifinin diaspor fəaliyyətinə toxunublar. 

Türk icmasının üzvləri Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar, Ümit Akbulu da çıxışları zamanı 44 günlük Qarabağ müharibəsi dövründə keçirdikləri hisslərini bölüşüb, Milli Qəhrəman general Polad Həşimovun əziz xatirəsini ehtiramla anıblar.

General Polad Həşimovun anası Səmayə Həşimova tədbirə videobağlantı vasitəsilə qoşularaq oğlu haqqında danışıb, tədbir iştirakçılarına təşəkkür edib. Şəhid Elman Əliyevin də anası tədbirə videokkonfrans vasitəsilə qoşulub və ürək sözlərini söyləyib. 

Tədbir Opera və Balet Teatrının solisti, I Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabir, Cavid Səlimov (tar), Azərbaycanın Əməkdar artisti Xəyyam Məmmədov (kamança), İlkin Əlizadə (piano) və Bəxtiyar Eybaliyevin ifasında musiqi proqramı ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

Wednesday, 26 April 2023 17:30

“Netflix” strategiyasını dəyişir

 

Dünya kino industriyasının əsas söz sahibi olan “Netflix” şirkəti yaxın dövr üçün öz strategiyasını açıqlayıb. Və deməzsənmiş, əsas sərmayə Hollivud fiımlərinə, dünya kino ulduzları sayılan rejissorların şedevrlərinə deyil, Cənubi Koreya kinematoqrafına ayrılır. 

 

“Squid Game”, “Triumph” və digər bu kimi serialların uğuru sayəsində “Netflix” Koreya filmlərinə çəkiləcək xərcləri ikiqat artırıb. “Ədəbiyyat və incəsənət” portalı netflix.com saytına istinadən xəbər verir ki, qarşıdakı dörd il ərzində “Netflix” Cənubi Koreyada Koreya film və seriallarının hazırlanması üçün 2,5 milyard dollar sərmayə qoyacaq.

Sözügedən investisiya planları Vaşinqtona rəsmi səfərə gələn Cənubi Koreya prezidenti Yoon Sok-Yeol ilə “Netflix”-in rəhbərlərindən biri Ted Sarandos arasında keçirilən görüş zamanı açıqlanıb.

Hollivuda yönəldiləcək məbləğsə vur-tut 1,7 milyard dollar olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

Bu gün yazıçı, alim, pedaqoq Mir Cəlalın anadan olmasının 115-ci ildönümü tamam olur

  

Bəzi yazıçılar var ki, ömürləri boyu yüzlərlə roman yazırlar, di gəl, sonradan bu romanlardan heç biri da olsun, müntəxabatlarda qalsa belə yaddaşlarda qalmır. Amma elələri də var ki, bircə romanla adlarını həm ədəbiyyat tarixinə, həm də qəlblərə həkk etdirirlər. Mir Cəlal kimi!

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 115-ci ildönümü tamam olur.

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb.

Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən bu oğlanı izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə onun adı ilə bağlıdır. Mir Cəlal Paşayev ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.

Tam əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən bu sənətkarın yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

Yazıçının ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Akademik Məmməd Arif bu əsər haqqında yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də çap edilib. “Bir gəncin manifesti” bu gün də könüllərə yanğı salır, qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Mir Cəlalın “Dirilən adam”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Qüdrətli nasirin bədii yaradıcılıq nümunələri dəfələrlə çap edilib. Onun “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və digər kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı işıq üzü görüb.

XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən olan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də xüsusi yer tutub. Filologiya fakültəsi tələbələrinin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olub. Böyük pedaqoq 1936–cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” dissertasiyasına görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru elmi dərəcələrini alıb. Füzuli poeziyasını dərindən duyan, klassik ədəbiyyata qəlbən bağlı olan görkəmli alim 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov bu monoqrafiyanı Füzuli ədəbi irsinin öyrənilməsində, mənimsənilməsində və dərk edilməsində elmi açar kimi dəyərləndirir. Təsadüfi deyil ki, əsər 1994-cü ildə yenidən işıq üzü görüb.

“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyllərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparıb, əhatəli elmi nəticələr çıxarıb.

Ədəbiyyatşünas alimin tanınmış tədqiqatçı Firudin Hüseynov ilə birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərdə dərslik kimi istifadə olunur. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər tam dolğunluğu ilə əksini tapıb.

Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də zirvələrə ucalıb, əsl şəxsiyyət kimi müdrikləşib.

Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin XX əsr ədəbiyyatında, ədəbiyyatşünaslıq tarixində açdığı cığır çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.

Müdriklər deyiblər ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, həm də özündən sonra gələn nəsillərə örnəkdir.

Mir Cəlal bütün yaradıcılığı boyu oxucuları ilə həmişə səmimi söhbət aparıb. Elə buna görə də görkəmli ədibin həyat və yaradıcılığı bu gün nəinki Azərbaycanda, onun sərhədlərindən kənarda da geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.

Azərbaycan Respublikası Prezidentinin “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

Xatırladaq ki, 2014-cü ildə böyük ədibin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimatı olub. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çapdan çıxmış beşcildliyin tərtibçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, redaktoru Şəmsəddin Axundov, rəssamı isə Nüsrət Süleymanoğludur. Uzun illərdən sonra ədibin əsərlərinin ardıcıllıqla, vahid toplu halında işıq üzü görməsi əslində ədəbi hadisədir.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq!

Ruhu şad olsun!

 

Sonda Özbəkistan EA Nəvai adına Dil-Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsinin baş elmi işçisi, iki dildə yazıb-yaradan tanınmış şair Akif Azalpın məşhur “Azərbaycan” şeirindən bir bəndi xatırlatmaq yerinə düşər:

 

... Hər xalçanın ərzi gəzən sədasında 

Alqışlayıb sonaların kamalını, 

Sən diriltdin Mir Cəlalın nidasında 

“İtə atar, yada satmaz!” amalını. 

Tüğyanların ümman-ümman, Azərbaycan! 

Dünya bir yan, sən bir yansan, Azərbaycan!

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.