Super User

Super User

Mayın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçirilib. 

 

Maraqla qarşılanan konsertdə bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Solist beynəlxalq müsabiqələr laureatı Cəlal Səmədovun (piano) ifasında V.Adıgözəlovun “Piano və Xalq Çalğı Alətləri Orkestri üçün konsert”, M.Musorqskinin “Sərgidən şəkillər”, “Köhnə qala”, M.Mirzəyevin “Azərbaycan” rəqsi, P.Çaykovskinin “İlin fəsilləri”, “Payız nəğməsi”, F.Əmirovun “Piano və Xalq Çalğı Alətləri Orkestri üçün konsert” səsləndirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Azərbaycan Dövlət Pantomima Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb. 

Və iyunun 3-də “ Yük”, 4-də “Dejevü”, 10-da “İblis” (Yeni tamaş), 11-də isə “Underground” tamaşaları göstəriləcək.

Bundan başqa, iyunun 17-də “Şinel”, 18-də “Manqurt”, 24-də “Son ştrix”, 25-də isə “Ora-bura” tamaşaları nümayiş etdiriləcək. 

Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Wednesday, 31 May 2023 10:00

“Uzaqlara məktub" silsiləsindən...

“Ədəbiyyat və incəsənət” portalı Aysel Xanlarqızı Səfərlinin essesini təqdim edir

 

Bilirsən?

Səninlə danışmağa ele ehtiyacım vardı ki, bu gecə... Başını yastığa qoyar qoymaz yuxuyla qucaqlaşdın... Aldığın nəfəsinin ritmində susmuşam indi ... Ürək döyüntülərinin səsinin fonunda gecəyə yazıram  tənhalığımı.

Özümsə nəfəs almağa belə qorxuram, oyanıb yuxumu niyə böldün deyib hirslənməsin gecə...

 

Nədənsə bu gecə  özümü anlatmaq istəmişdim. Çox çarəsiz olduğumu. Guclə ayaq üstə dayandığımı. Amma danışmağa qorxuram, hirslənərsən, yenə başladı deyərsən .

Uşaq olanda da valideynlərimiz eynisini edərdi bizə. Səbr etməzdilər, danlayıb, məsləhət verib eyni şeyi təkrar etməməyimiz üçün bizə son xəbərdarlığını edərdilər. Bəzən ağrısam da, yaxşı olmasam da yalandan yaxşıyam deyib öz içimdə qovrularaq boyutməyə davam edərdim kicik zədələrimi, travmalarımı.

Rayondakı evimizdə yataq otağımızın pəncərəsi küçəyə baxırdı, gecəyarı küçə itlərinin səs-küyündən qorxub isti yatağımda buza dönərdim, ürəyim ağzımda elə bərk doyunərdi ki, zənn edərdim qopub yerə düşəcək... Cəsarət edib ata-anamın yatağına gedə bilməzdim. Hec vaxt da məni qoynuna almazdılar. Sonra özüm bu qorxuyla baş etməyə çalışdım, oxuduğum kitablardakı diqqətimdə qalanlar köməyimə çatdı, əsər qəhrəmanları kimi güclü olmağa çalışdım, çox uzun zaman sonra bu qorxunu yensəm də, hələ də anidən itlərin hurüşməsini duyanda anlıq da olsa eyni hissləri yaşayıram.

Sovet yeni dağıldıqdan sonra yaşadığım şəhərdə işıqlar da tez - tez sönərdi, mən universitet imtahanlarımı xəfif neft qoxusu verən lampa işığında qazanmışam, bir də böyük mətbəximizdə bir kənarda qurulan odun sobasının içindəki oduncaqların çırtıltısının səsində, sobanın üstündə yorğunsansa dur bir çayımı süz, iç deyən çaydanın fısıltısında...

Gecələr işıqlar anidən sönəndə yuxudan ayılıb hər tərəfi qaranlıq görsəydim böyük qız olmağıma rəğmən qorxub lampanı yandırması üçün anamı çağırardim. O an elə hiss edərdim ki, gözlərim kor olub, ətraf qaranlıqdır .

Hə... Demək istəyirəm ki, mən lap kiciklikdən böyük olmağa çalışmışam, öz ağrılarımı, qorxularımı, travmalarımi kimsə kömək etmədən özbasına həll etməyə alışmışam. 

İndi də yaxşı olmayanda qorxudan yaxşıyam dediyim kimi...

Bilirəm ki, yardım etmək yerinə sən də hirslənəcəksən, anam kimi, atam kimi... Əslində haqlısan, mənim bu axmaq kaprizlərimi çəkmək məcburiyyətində deyilsən ki.

Ən çox nə zaman üzülürəm, bilirsən??

Sənə ehtiyacım olduğu o anda qəzəblənmək yerinə bəzən etdiyin kimi, gəl sarıl mənə, ağıllı qızım ol, desən, bir bilsən ağrılarım necə yüngülləşər. Kövrəlirəm, içimdə güvən ağacı yarpaqlaşır, yaşama həvəsi oyanır, havam günəşli olur, əsl yaz havası kimi.

Səninlə bu gün çox şey danışmaq istəmişdim, bəlkə ən mənasız bir xatirəmdən başlayıb ən duyğusal anıma qədər yol gedəcəkdim yaddaşımda. Bəlkə sənə darıxdırıcı olacaqdı, mövzunu bir başqa şeylə dəyişib yat, deyəcəkdin... Bilmirəm ki...

Nəfəsinin yaratdığı yuxu balladası arasında iki dəfə oyanıb, niyə yatmırsan dedin, bir dəfə də səni sevirəm sözünü... Yuxulu nəfəsindən bal kimi axıb töküldü sözlərin... İxtiyarsız kirpiklərim də tutub saxlaya bilmədiyi bir neçə göz yaşlarımı yanaqlarıma damcılatdı. Bir anlıq, nolar, yatma, oyan, sənə ehtiyacım var demək istədim... Küçə itləri məhəlləmizdə hürüşürlər, yenə işıqlar sönüb, neft lampasını gətirən yoxdu, elə bilirəm gözlərim kor olub, ətrafdakı qaranlıqdan qorxuram, demək istədim...

Bu gün əslində nə qədər sənsiz olduğumu da ayrıca demək istədim, nələr, nələr paylaşmaq istədim ...

Bütün dərdlərimlə sənə yükləndiyim üçün mənə acıqlanma. Mən çox - çox uzun illərdir ki, təkliyimi və ağrılarımı paylaşmaqdan məhrumam. Otağımdakı cansız əşyalar belə halıma acıyacaq durumdadır...

 

May yalqızlığı var gecədə... Sən şirin bir yuxunun qolları arasında bütün bu duyğularımdan xəbərsiz, başqa bir ölkənin saat fərqiylə sabahı qarşılayarkən mən günəşi Allah babanın otağıma gətirdiyi neft lampası kimi qarşılayıb rahat bir nəfəs alacam bəlkə də...

Yəqin ki, mənimçün də yenə sabah açılacaq. Ölüm qoxulu yuxularımı kirpiyimdə yuyub sıxıb yenidən yarım canımla yeni günə  başlayacağam. Bir gün əllərimdən tutub məni özünlə apararsansa neft qoxulu lampanı da, odun sobasının külək əsərkən nəfəsimə doldurduğu o acı tüstünü də, qulağımdakı köpək sürüsünün qorxulu səslərini də, qorxub sübhədək yata bilmədiyim o gecələrdə məni ovudacaq kimsəm olmadığını da qoynunda unuda bilərəm...

 

Nəfəsin çox uzaqlardan qulaqlarıma dolduqca yuxu gözlərimi göynətməyə başlayır...

Hələ də bir ana kimi keşiyini çəkirəm, qəlbimin dərinliklərində oxuduğum layla yastığımı isladır.

Çox gecdir, bir neçə saata səhər açılmalıdır, xəyalına sarılıb yuxulamaga çalışacağam ...

Gecən xeyrə ...

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Növbəti Açıq portfel xəbəri Dövlət Gömrük Komitəsindəndir. 

Yanvar-aprel aylarında Azərbaycandan 9 milyon 235,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 5 milyard 715,4 milyon ABŞ dolları olub.

 

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında ölkədən 9 milyon 481,1 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 6 milyard 544,6 milyon dollar təşkil edib.

Qeyd edək ki, neft bitumunun ixracı isə kəskin azalaraq ötən ayın göstəricisi ilə sabit (701 ton) qalıb. İxrac edilən məhsulun dəyəri isə 220 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq aylarında ölkədən 40,7 min tona yaxın neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 10 milyon ABŞ dolları olub.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini diqqətinizə çatdırır. 

 

2021-ci ildə davam edən qlobal iqtisadi bərpa prosesi 2022-də yavaşlama meyilləri ilə müşahidə olunub. Beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada qlobal artım 3,2 faiz qeydə alınıb. 2021-də isə bu göstərici 5,9 faiz olub. Geosiyasi gərginlik və hərbi münaqişələr qiymət artımına, enerji və ərzaq təhlükəsizliyi problemlərinin qabarmasına səbəb olub. Artan inflyasiya dünyanın bütün ölkələrində əhalinin sosial vəziyyətini ağırlaşdırıb, real gəlirlərin xərcləri qarşılamasında çətinliklər yaradıb. İnflyasiyanın cilovlanması üçün faiz dərəcələrinin artırılması müsbət nəticələr versə də, dünyada iqtisadi fəallığı zəiflədib. Qlobal çətinliklər Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib, lakin ötən il makroiqtisadi sabitliyi qoruyub saxlamaq mümkün oldu. 

 

Tarixdə ilk dəfə olaraq ölkəmizdə ÜDM 100 milyard manatı keçərək 133,8 milyard manat təşkil etdi, illik 4,6 faiz artım nümayiş olundu. 2022-ci ildə Azərbaycan üzərindən keçən tranzit daşımaların həcmi və təbii qazın hasilatı ilə ixracı artdı, yaşıl enerji ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə başlanıldı. Həmçinin yuxarı neft qiymətləri də iqtisadi gəlirlərin artmasına müsbət təsir edib. Bu cür iqtisadi mühit fonunda 2022-ci ilin dövlət büdcəsinin icrası uğurla həyata keçirilib. Dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481,8 milyon manat artıq olmaqla 30 milyard 679,6 milyon manat təşkil edib. Büdcə gəlirlərində artıma səbəb əsasən Dövlət Vergi Xidmətinin xətti ilə təmin olunan vergilərin proqnozdan 3,8 milyard manat çox, Dövlət Gömrük Komitəsi xətti ilə təmin olunan gəlirlərin isə 1 milyard 49,6 milyon manat çox olmasıdır. Qeyri-neft sektorundan daxilolmaların artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləğinin 3,6 milyard manat azaldılmasına imkan yaradıb. 

Dövlət büdcəsinin xərcləri son 10 ildə ilk dəfə olaraq 99,3 faiz icra olunaraq 32 milyard 64,6 milyon manat təşkil edib. Xərclərin 36,1 faizi və ya 11,5 milyard manatı sosial xərclərə sərf olunub. Son ildə bu xərclərin həcmi 4,4 milyard manat artırılıb. Müdafiə və təhlükəsizlik xərcləri 5,6 milyard manat olmaqla xərclərin 17,5 faizini təşkil edib. 2022-ci il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 4,3 milyard manat, sahibkarlara dəstək mexanizmləri çərçivəsində isə 146 milyon manat vəsait xərclənilib. Vətən müharibəsində zərər çəkmiş binaların bərpasına büdcədən 14 milyon manat vəsait sərf olunub. 

Görülən tədbirlər nəticəsində xarici dövlət borcunun həcmi 700 milyon dollar azalıb və ÜDM-in 8,5 faizini təşkil edib. Dövlət büdcəsinin kəsiri proqnozlaşdırılan 3,1 milyard əvəzinə 1 milyard 385 milyon olub. 2022-ci ildə əhalinin nominal gəlirləri 20,5 faiz artıb. Orta illik inflyasiya isə 13,9 faiz qeydə alınıb. İnflyasiya 2022-ci ildə bütün dünyada əsas narahatverici iqtisadi amil kimi yadda qalıb. İnflyasiya ilə mübarizə hökumətin prioritetlərindən biri olub. Bütün bu göstəricilər 2022-ci ilin dövlət büdcəsinin dövlət qarşısında duran hədəflərə nail olunmaqda mühüm maliyyə dəstəyini təmin etdiyini göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən yaxşı şeirlərinin dərcini davam etdiririk. Növbədə Sara Nacinin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

SƏNDƏN SONRA

 

Alma budaqlarına dırmaşdım

Və iki quşun tənhalığını gördüm

Və sənin kimi olan buludların hamısı sənin kimi gəzirdilər

Sənin kimi göz yaşlarımı yuyurdular

Hörümcəyə dedim

Mənim üçün sıx iplər toxusunlar

Mən buludlarla getmək istəyirəm

Uşaq olmaq istəyirəm

O ağ anaların mehriban əllərindən asılı

Dallar doludur almaların nostaleji çiçəklərindən

Bəlkə onların arasında doğulmuşam

Ağac səndən sonra məni qucaqlayır

Qarışqalar kraliçasi məni nazlayır

Mən anası qaranquşlarla gedən tənhalığın uşağıyam.

 

 

 “Ədəbiyyat və incəsənət”

(31.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini diqqətinizə çatdırır.

 

 

 

1.Pul çox ucuz satılsaydı, çoxlu alıb varlanmaq olardı.

2.Güzgüdə gördüyün insana etibar etmək məcburiy­yətindəsən.

3.Çata bilmədiyin arzuya uzaqdan da olsa, gülümsə.

4.Rahat ayaqqabı xoşbəxt olmağın vacib şərtidir.

5.Nağıllarla böyüyən insan böyük arzulara çatır.

6.Həqiqət zaman kimidir, bizim onun haqda nə düşündüyümüz onun üçün maraqsızdır.

7.Şair qəlbinin istəklərini qafiyə ilə bəyan edən insandır.

8.Hərə öz fikrində qalır, nəyəsə xatir müvəqqəti razılaşmalar olur. 

9. Səmimilik güclü insana xas xüsusiyyətdir.

10.İnsan həyatını adiləşdirən vərdişlərdir, hər gün yeni­ləşməyə cəhd et.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Wednesday, 31 May 2023 12:15

Niyə banka “tələ” demirsiz?

SABİRLƏ  SÖHBƏT

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Sadiq Qarayevin “Sabirlə söhbət” adlanan yazısını təqdim edir. Yazı dahi şairin ötəngünkü doğum gününə ithaf edilib. 

 

-Çoxları elə bilir ki, ya onlara elə gəlir ki, Hüqo, Dosteyevski, Şekspir, Sədi, Firdovsi fenomenləri, yaradıcılıqlarının mahiyyəti daha böyükdür, "Prestijlidir"... 

- Səs salma, qoy olsun. 

- Ancaq , Sabir həqiqətin özü kimi sadə və böyükdür.

- Müqayisə aparmaq bəlkə də düz deyi, hərəsinin öz yeri var. Qoy olsun... qulaq as, razı deyiləm yatmışları kimsə oyatsın.

- Ancaq, Sabirin cütcüsünün alın tərində ibtidai icma qurluşu dəyişəndən qiyamətə qədərki bəşərəyyətin hər bir əkinçi nümayəndəsinin zəhmət tərinin qarışığı var. Sabirin fəhləsi Marksın fəhləsindən daha çox həqiqətə yaxındır. 

Sabirin bir misralıq həqiqəti, bir romanın həqiqət yükündən ağırdır.

 "Qışda qarı əridib, darı yeyərsən,

zəhər nədir, marı yeyərsən.

*

Fəhlə, sən də özünü insanmı sayırsan,

Axmaq kişi, İnsanlığı asanmı sayırsan

 

Mağardan qiyamətə qədər əkinçinin , fəhlənin əzab -əziyyətinin oğurlanması düsturlarıdır bu sözlər.

 Gülümsəyir... Əlini qoynuna qoyub, gözlərini qıyıb, deyir:

 

-Niyə "bank deyirsiz? Özümüzün gül kimi sadə sözü var, gör necə qəşəy səslənir -Tələ. Tələ deyin, yüngül auralıdır. 

- "Bank" çox ağır gəlir qulağa. 

Faizi ağır gələr on ulağa...

Əcnəbi adlar da qoymayın, milli adlar verin tələlərə:

 

Siçan tələsi, dovşan tələsi,

Sərçə tələsi, qaban tələsi..

 

Tələdən qaçmağı asanmı sanırsız,

Tələyə qaçmaqda yarışırsız...

 

Xəstəxana deyib, insanları qorxuzmayın, harda "Həkim" görürürəm qorxuram, aptek görürəm qorxuram. "canbəsərxana", "Cib dostu" deyin, apteklərə "acizxana" deyin. 

 

Market.. Market nədi deyirsiz, adamın göz önünə kəpəkdən qavıt düzəltmək gəlir, "ölü toyuq" qoxusu hiss edirsən, elə bil bulaqdan gölməçə suyu içirsən... Zəhərxana, yox, "səhər-axşamxana" deyin. Həm səhər, həm də axşam mütləq gedirsiz...

 

Sükut.

 

Uzaqlara baxaraq sükutu pozub, deyir:

- Ey yazıçı, alim, sən də özünü "elit" sayırsan,

Elit olanın cipi, cibi gərək olsun,

Atası, ya dayısı nazir, ya bankir, yox e, tələgir olsun.

Dırnağı kirli, beyni dumanlı olsa da onun,

Bir cibi boşalanda, ikisi dolsun..

 

Bir az xətrimə dəyir. Uzaqlara baxıram, düşünürəm. 

-Bəs zəhmət, kitablar, əsərlər, elmi işlər... 

Çönüb baxıram ki, nə cavab verəcək...?

Görə bilmirəm, çıxıb gedibdir...

Biləmmirəm, məni eşitdi ya yox...

 

Ötən gün Şərqin dahi mütəfəkkiri,   öz dövründən əbədiyyətə qədər xalqının, müsəlman aləminin, bütün dünyanın maarifpərvər ziyalısı, ədalətsizliyi,  kapiatal və kapital sahiblərinin münasibətlərini, cahilliyi, "kotana qoşub şumlayan", "fəhləyə insan olmağın çətinliyini anladan", "əkinçiyə qarı əridib içirən", "zəhər nədir, marı yedizdirən" dünyanı ölülər oyanmasın deyə "səs salmamağa" çağıran, öz səsi tarixlərdə yaşayan, zaman karvanının hələ çatmadığı gələcəkdən eşidilən, Sözün həqiqiqət, satira zirvəsindən əlini alnına qoyub, keçmişə və gələcəyə baxıb gülümsəyən böyük bəşər övladı, milli sərvətlərimizdən olan Mirzə Ələkbər Sabirin doğum gününü qeyd etdik. 

ALLAH yerini cənnətdə eyləsin təkrarsız insanın.

 

*

Bu qədər qışqırığa durdu qonum-qonşu tamam,

Dəbərişməz də, veribdir deyəsən can, ölüb əəə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,

Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!

 

*

 

Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!..

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Xəbər verdiyimiz kimi, İspan radiosunda - “Radio Eventos” da dünyanın müxtəlif ölkələrindən olan tanınmış şairlərin şeirləri ispanca tərcümədə Kolumbiyadan olan yazar - Laskiaf Amortegui- nin ifasında səsləndirilib. Və həmin 18 şair arasında Azərbaycan təmsilçisi, istedadlı gənc şair Nigar Arif də olub. Həmyerlimiz “Correr tras la infancia”(“Uşaqlığın dalınca”) şeiri ilə Azərbaycanı radio antalogiyasında təmsil edib.

“Ədəbiyyat və incəsənət” portalı şeiri orijinalda və ispanca tərcümədə diqqətinizə çatdırır.

 

 

CORRER TRAS LA INFANCIA

 

Mis ojos deambulan lentamente y se alejan de mí,

ven todo a través de unas gafas a medida que envejezco.

Mis pies tienen un paso rápido, y se me adelantan corriendo,

porque tienen afán de alcanzar mi infancia.

 

Mi cabello esponjoso busca su tiempo de las trenzas,

se vuelve blanco y desabrigado como este invierno,

el tiempo llama y arruga mi rostro y manos

de camino en camino, así como yo me aburro año tras año

 

Así envejezco, de historia en historia,

mis dolores se convierten en niños pequeños, como mis hijos,

que escuchan mis historias, y mis cuentos de hadas,

y ni siquiera abandonan mis brazos y rodillas.

 

Los años de vejez, como puntos blancos y negros,

vienen y se quedan en las fichas del dominó.

Pierdo a propósito todas las partidas con mi nieto,

a mi edad avanzada – en mis años de “infancia”.

 

 

UŞAQLIĞIN DALINCA

 

Uzaqlaşıb gözlərim yavaş-yavaş,

Eynəyimdən baxır yaşa dolunca,

Ayaqlarım məndən əvvəl yüyürür,

Qaçıb gedir uşaqlığın dalınca.

 

Gur saçlarım gəzir hörük vaxtını,

Bu qış kimi çılpaqlaşıb ağarır.

Darıxdıqca üzümə, əllərimə,

Zaman yol-yol qırışları çağırır.

 

Nağıl-nağıl qocalıram beləcə,

Nağıl-nağıl söhbətimdən, sözümdən,

Ağrılarım körpələşir balam tək,

Düşmür bir an qucağımdan, dizimdən.

 

Köhnə illər ağ-qara nöqtə kimi,

Gəlib durur domino daşlarında

Hər oyunda uduzuram nəvəmə,

Bilə-bilə bu "uşaq" yaşlarımda.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Mayın 31-i Oqtay Zülfüqarovun 94 illiyidir...

 

 

“Ədəbiyyat və incəsənət” portalının daimi yazarı Elman Eldaroğlunun növbəti ad günü yazısını təqdim edirik. 

 

Bizim məhəllənin uşaqları çox nadinc idilər. İndi yazıçı kimi şöhrət qazanan Varis Yolçuyev də bizim məhəllədə böyüyüb, Allah şahididir. Heç vaxt dinc oturmazdıq, hər gün bir məcara, hər gün bir hoqqa çıxarardıq. O vaxtlar hamı ermənilərlə mehriban dolananda, biz, yaşadığımız Sumqayıtın 8-ci mikrorayonundakı 10-cu binanın qarşısında ermənilərə göz verib, işıq vermirdik. İndi sakit, təmkinli olmağımıza baxmayın, o vaxt çox dalaşqan uşaqlar idik. Erməni dığalarına qan uddururduq. Yaxşı yadımdadır, ermənilər bir halda məhəllədə rahat gəzirdilər: elə ki televizorda “Tumurcuq” verilişi başlayırdı, biz hamımız çəkilirdik evlərə, düz yarım saat həmin verilişə baxırdıq. Sonra da yenə də həmin koordinat, həmin dalğa...

 

Demək olar ki, bütün məhəllə uşaqları Oqtay Zülfüqarovun pərəstişkarları idi. “Tumurcuğa” xüsusi zövqlə baxır, həyətə düşüb verilişi müzakirə edirdik. Oqtay Zülfüqarov uşaqlar üçün silsilə mahnılar yaradıb, bu verilişdə nümaiş etdirirdi. O dövrün ən gözəl uşaq verilişi də elə “Tumurcuq” idi. Oqtay müəllimin yaradıcılığı bununla bitmirdi. Onun “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da izləmişdik. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediyasından da xəbərimiz var idi. Bilirdik ki, böyük simfonik orkestr üçün yaratdığı “Şənlən mənim xalqım” uvertürası Moskvada laureat adına layiq görülmüşdü...

 

Heç şübhəsiz ki, Oqtay müəllim böyük insan idi. O, ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etdi. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşdığından, zaman-zaman azyaşlılar üçün şən, gözəl mahnı nümunələri yaratmağı bacardı və neçə-neçə nəsil bu mahnılarla böyüb. Bəli, Oqtay Zülfüqarov Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi adını tarixə yaza bildi. O, 31 avqust 2016-cı ildə 87 yaşında ikən vəfat etdi. Unutmamışıq, onu bu xidmətlərinə görə II Fəxri Xiyabanda dəfn etdilər.

Yaşasaydı mayın 31-də 94 yaşı tamam olacaqdı. Biz- bir vaxtlar eyni məhəllədə böyüyən “Tumurcuq” sevərlər indi də onu xatırlayır, ehtiramla yad edirik. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.