Super User
Albaniyada Azərbaycan mədəniyyəti həftəsi təşkil ediləcək
“Bu, mədəniyyətin xalqları nə dərəcədə yaxınlaşdırdığının təzahürü olacaq...”
Biz dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrimizdə çox xüsusi dinamika yaratmışıq. Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq.
Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Bakıda Albaniya Prezidenti Bayram Beqay ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
Dövlət başçısı ötən il Beynəlxalq Frankofoniya Təşkilatının sammitində Albaniyanın Azərbaycana verdiyi dəstəyi xüsusi qeyd edərək bildirib ki, sammitin yekun sənədinə anti-Azərbaycan mahiyyətli bənd (Fransanın dəstəyi ilə Ermənistanla həmrəyik ifadə olunması – red.) Albaniya tərəfindən bloklanmışdı: “Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq”.
Albaniya rəhbəri ilə görüşdə siyası əməkdaşlıqla bərabər, gündəlikdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarının nəzərdən keçirildiyini deyən İlham Əliyev vurğulayıb ki, Azərbaycan sərmayədarları dost ölkədə turizm, kənd təsərrüfatı və digər sahələrdə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar: “Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və həmçinin münasibətlərimizdə yeni səhifə açılacaq. Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımızda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq”.
Prezident Bayram Beqay bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğunu qeyd edərək bildirib ki, bu əlaqələrdən fərəhlənmək üçün bizim bir çox səbəbimiz var. Ötən il Prezident İlham Əliyevin Albaniyaya ilk dəfə səfər etdiyini deyən Bayram Beqay diqqətə çatdırıb ki, səfərdən qısa müddət sonra Azərbaycan Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Eyni qaydada Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı qərar qəbul edib: “Hər iki qərar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, yüksək səviyyəli siyasi dialoqu daha da gücləndirəcək, eləcə də iqtisadi əməkdaşlığı və digər məsələləri daha da təşviq edəcək”.
İki ölkənin enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlı olduğunu vurğulayan Albaniya rəhbəri ölkəsinin Azərbaycan qazını Avropaya nəql edən TAP layihəsindən (Trans-Adriatik boru xətti) faydalandığını bildirib.
“Ağır dövrdə kömək göstərilməsi xalqlar və dövlətlər tərəfindən unudulmayan jestdir” deyən qonaq 2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya dəstəyinə görə bir daha minnətdarlığını ifadə edib: “Əsl dost dar gündə tanınar”.
Prezident Bayram Beqay Albaniya və Azərbaycan arasında mədəni sahədə də əməkdaşlığı inkişaf etdirmək istədiklərini vurğulayıb: “Albaniyada tezliklə Azərbaycan mədəniyyəti həftəsi təşkil ediləcək. Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyəti həftəsi bayram ab-havasında keçəcəkdir. Bu isə mədəniyyətin xalqları və ölkələri nə dərəcədə yaxınlaşdırdığının təzahürü olacaqdır”.
O, turizmin də hər iki ölkə üçün prioritet sahə olduğunu deyib: “Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır. Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur”.
Albaniya rəhbəri bildirib ki, Azərbaycana səfəri və son dövrdə yüksək səviyyəli dövlət rəsmilərinin həyata keçirdikləri digər səfərlər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə müsbət təkan verir.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
“İpək Yolları gənclərin gözü ilə” adlı beynəlxalq müsabiqə yekunlaşmaq üzrədir
Gənc fotoqraflar üçün keçirilən “İpək Yolları gənclərin gözü ilə” adlı beynəlxalq müsabiqə yekunlaşır.
AzərTAC xəbər verir ki, 14-17 və 18-25 yaş kateqoriyasında keçirilən müsabiqənin builki mövzusu “Memarlıq, abidələr”dir.
Müsabiqəyə maksimum 20 foto göndərmək olar. Müsabiqədə iştirak üçün https://unescosilkroadphotocontest.org/en/node/3 linkə keçid etmək lazımdır.
Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, həmçinin peşəkar fotoalbomda nəşr olunacaq.
Qeyd edək ki, müsabiqə iyulun 31-də yekunlaşacaq. Bu layihə 2018-ci ildə Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılıb və artıq 5-ci ildir ki, təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Musiqili Teatrın kollektivi Şəkidə uğurla çıxış edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə hazırladığı “Sən elə bir zirvəsən!” adlı musiqili-tarixi esseni bu dəfə Şəkidə nümayiş etdirib.
Teatrdan verilən məlumata görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şəki Dövlət Dram Teatrında həyata keçirilən bu layihədə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.
Teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallının, həmçinin teatrın xor və balet heyətinin üzvlərinin maraqlı çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tamaşanın bədii rəhbəri, teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi mükafatla təltif edib və tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Tamaşanın ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Xatırladaq ki, bu tamaşa ilə Musiqili Teatrın yaradıcı heyəti Gəncə şəhərində də qastrol səfərində olub.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
“Kar insana başqasının yaxşı eşitməyini tərifləmək əbəsdir” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır.
2.İnsana qulaq as ki, onunla danışıb-danışmamağa qərar verə biləsən.
3.Bu dünyanı cənnət sayanlar sevinc, cəhənnəm sayanlar kədər içində yaşayarlar.
4.Paxıllıq öskürək kimidir, istəməsən də, üzə çıxır.
5.Sevgi olmasaydı, insanın bu dünyaya gəlməyinin heç bir mənası olmazdı.
6.Kar insana başqasının yaxşı eşitməyini tərifləmək əbəsdir.
7.Buzlaşmış qəlb yalnız isti nəfəslə açılar.
8.İnsan sevincini tutub saxlaya bilsəydi, qəfəs qurub onunla birlikdə yaşayardı.
9.Axmaqların yaratdığı səs-küydə sakitcə öz qəlbini dinləyə bilən müdrikdir.
10.Yalan danışanların içində susan insan həqiqətə dəstək olur.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu davam edir
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir. Müraciətlər üçün ən son tarix iyulun 1-dir.
Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.
Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:
• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.
• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
• Tamaşaçı rəğbəti mükafatı.
• Tərəfdaşların xüsusi mükafatları.
Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin
50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.
“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
XTNS-dəki “Azərbaycan” pavilyonunda “Azad bülbül” sərgisi açılacaq
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) azərbaycanlı rəssam Nərmin Nəcəfin “Azad bülbül” adlı sərgisinin açılışı olacaq.
Qeyd edək ki, çoxjanrlı əsərlər yaradan Nərmin Nəcəf Beynəlxalq İncəsənət Assosiasiyasının (Türkiyə) üzvü və UNESCO-nun nəzdində fəaliyyət göstərən rəssamdır. Onun İstanbul, Minsk və Bakıda şəxsi yaradıcılıq sərgiləri təşkil olunub. Rəssamın tabloları başqa fırça ustaları ilə birlikdə Avropadakı sərgilərdə də nümayiş etdirilib.
Nərmin Nəcəfzadənin əsərləri, həmçinin “Rüyalar” (Türkiyə), “Seven springs of Azerbaijan” (Bakı) və “Həyat bayramı” (Bakı) kimi bir sıra mötəbər sərgilərdə sənətsevərlərə təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Respublika Gənclər Kitabxanası “Kitabxanaların Birlik Təhsil Əməkdaşlığı” layihəsinə dəvət alıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Müstəqil Dövlətlər Birliyi və Rusiya Dövlət Kitabxanası, Müstəqil Dövlətlər Birliyi üzrə Federal Agentliyin “Yeni nəsil” xarici dövlətlərin siyasi, ictimai, elmi və işgüzar dairələrinin gənc nümayəndələrinin Rusiya Federasiyasına qısamüddətli tədris səfərləri proqramı çərçivəsində “Kitabxanaların Birlik Təhsil Əməkdaşlığı” birgə layihəsinə dəvət alıb.
Kitabxanadan verilən məlumata görə, Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nubar Cəlilova layihədə iştirak edərək, 14 günlük distant tədrisə cəlb olunub. Rəqəmsal texnologiyalar, elektron resurslar, müasir avtomatlaşdırılmış kitabxana informasiya sistemləri kimi mövzuları əhatə edən tədris proqramı iki mərhələdə - distant və əyani formada keçirilir. Artıq geridə qalan distant mərhələnin sonunda yüksək göstəricilər nümayiş etmiş Gənclər Kitabxanasının əməkdaşı sertifikat ilə qiymətləndirilib.
Sertifikatların təqdimat mərasimi Moskva şəhərində keçiriləcək layihənin ikinci mərhələsində baş tutacaq.
Layihə 25 yaşdan 35 yaşa qədər olan gənc kitabxana mütəxəssisləri arasında keçirilir. Birinci mərhələdə distant təhsil texnologiyalarından istifadə etməklə virtual formatda
“Kitabxanaların rəqəmsal transformasiyası” təhsil proqramı tədris edilib, ikinci mərhələnin isə 14-20 avqust tarixlərində Moskva şəhərində keçirilməsi planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
YARAT-da “Özünü kəşf et” layihəsində növbəti ustad dərsi olacaq
YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir.
YARAT-dan verilən məlumata görə, layihənin növbəti ustad dərsi iyulun 26-da “Qadın portreti” mövzusuna həsr olunacaq.
Ustad dərsində iştirakçılar kollaj texnikasından istifadə edərək rəngli kağızdan qadın portreti yaradacaqlar.
Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.
Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Fəqət, möcüzələrə inanıram...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Hər bir bölgənin parlaq istedadlı adamları olur. El onlara dayaq duranda, meydan verəndə, yol açanda üzləşdikləri sədləri aşa bilirlər. Nəticədə hamının tanıdığı məşhurlara çevrilirlər. Vay o gündən ki, bu amansız dünyada hər yerdə təkbaşına- yalqız qalasan. İrəlilədikcə məkrli əllər sinəndən vurub, səni dayandırsın. Dəyanət Səlimxanlı da bizim ata-baba yurdumuz- Yardımlının yalqız qalan şairlərindən biridir. Necə deyərlər, nə arxası var, nə də bahalı çuxası...
Bu gün sizə şair, publisist Dəyanət Səlimxanlıdan söhbət açmaq istəyirəm. O, Dəyanətdən ki, 1960-cı ilin iyul ayının 1-də Yardımlı rayonunun Çanaxbulaq kəndində dünyaya gəlib. Doğma kənddə yeddiillik məktəbi bitirdikdən sonra qonşu Bərcan kəndində tam orta təhsilə yiyələnib. 1983-1989-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. 1990-cı ildə əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlayıb. Bir il orada çalışıb. Sonra qismətinə "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmək düşüb. Daha sonra bir müddət fərdi yaradıcılıqla məşğul olub...
Onu görəndə həmişə Əbdülrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin adı yadıma düşür. 2009-cu ildə Təbrizə üz tutur. Düşünür ki, yeni yazacağı kitab ona uğur gətirəcək. O da kasıblığın daşını atıb ev-eşik sahibi olacaq. Və...
Deyir ki:- “Əndəbil Təbrizin VIII əsrlik tarixə malik olan və əsasən də seyidlər yaşayan qədim tiklilər və abidələrlə zəngin turizim kəndidir. Bu kəndlə tanışlığımızın tarixi 2009-cu ilin iyun ayından başlayır. İsti bir yay günündə kəndə ilk səfərimiz oldu. Kənd camaatı bizim qardaş Azərbaycandan gəlişimizi böyük sevinclə qarşıladılar. Gəlişimizin məqsədini biləndə, bu kəndin görkəmli Azərbaycan yazıçısı, böyük ədəbiyyatşunas alim Mircəlal Mirəliəşrəf oğlu Paşayevin ata yurdu olduğunu bildirdilər. Onların yaşadığı Əliəşrəf dərbəndini bizə göstərdilər. Evin qapısını üzümüzə doğma ocağın sakini olan Mirhüseyn Cavanmərd açdı. Mirhüseyn Mirmaqsud oğlu Cavanmərd görkəmli yazıçı Mircəlal Paşayevin bacısı nəvəsidir. Nənəsi Rüqəyya xanım Mircəlal Paşayevin bacısıdır. Mirhüseyn Cavanmərd o vaxt Cənubi Azərbaycanın “Zərrin- Jarin, Marina” şirkətinin Təbriz-Urmiya, Ərdəbil-Zəncan üzrə satış müdiri işləyirdi. Eyni zamanda Təbrizdə topdan satış yağ ticarəti ilə məşğul olurdu...”
Dəyanət bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. "Qayıt ata" adlı ilk şeiri 1983-cü ildə "Azərbaycan qadını" jurnalında işıq üzü görüb. Bəstəkar Ələsgər Abbasovun bu şeirə bəstələdiyi mahnı Bakıda keçirilən "Odlar yurdu - 90" festivalında üçüncü yerə, 1991-ci ildə Orta Asiyada keçirilən "Ümumşərq xalqlarının musiqisi" festivalında isə birinci yerə layiq görülüb və o dövrün "Komsomolskaya pravda" qəzetinin diplomu ilə mükafatlandırılıb. Onun “Anam dua oxumasa” adında ilk kitabı 1992-ci ildə dərc olunub. “Qayıt ata” kitabı isə 2002-ci ilə təsadüf edir. Səhv etmirəmsə, sonradan daha iki kitabı da işıq üzü görüb...
Dəyanət sözünü davam etdirərək:- “Mirhüseyn Cavanmərd bizi baba və dayılarının məskunlaşdığı kəndin qədim tarixi ilə tanış etdi. Dayısı Mircəlal Paşayevin təhsil almaq üçün 1920-ci ildə Şimali Azərbaycana getməsi ilə bağlı nənəsi Rüqəyya xanımın xatirələrini danışdı: “Nənəmin 6 qardaşı olub. Biri cavan dünyasını dəyişib. Digərləri isə ali təhsil alaraq, elm aləminə böyük naliyyətlər bəxş ediblər. Dayım Mircəlal və Mirxəlil isə Şimali Azərbaycanda yaşayıb orada da dünyalarını dəyişiblər. Yaxşı yadımdadır 2004 və 2005-ci illərdə Mircəlal dayımın oğlu Hafiz Paşayev ata yurdunda qonaq oldu. Birinci səfərində yarım saat, ikinci səfərində isə bir saat istirahət edib nənə və babalarının ruhunu yad etsi. Bu doğma yurd, bu doğma ocaq bizim üçün əzizdir. Mən baba yurdumu dayım Mircəlalın yaşadığı evi təmir etdirib, ona yeni bir görkəm, yeni bir ruh vermişəm. Belə bir fikrim var ki, yaxın gələcək üçün evin bir mənzilində Mircəlal dayımın ev müzeyini yaradım.” Mirhüseyn Cavanmərd Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu taylı qardaş Azərbaycana bir neçə dəfə qonaq gəlib. Və hər gəlişində də dayısının ikinci fəxri xiyabanda olan məzarını ziyarət edib, ruhuna dualar oxuyub.”- söyləyir.
Dəyanət Səlimxanlı ömrünün böyük bir hissəsini arxada qoysa da, hələ də keçmiş partiya məktəbinin yataqxanasında oğlu, iki bacısı və bacısı uşaqları ilə kirayədə qalır. Min cür əziyyətlərə sinə gərsə də ümidini Allahdan üzmür. İnanır ki, nə vaxtsa taleyi üzünə güləcək...
Bu ayın əvvəli onun 63 yaşı tamam oldu. Nəzərə alanda ki, Napoleon 30 yaşından o boyda Fransiyaya rəhbərlik edirdi və eləcə də Həzi Aslanov 33 yaşında artıq general idi, onda Dəyanətin taleyinə təəssüflənməmək olmur. Belə məsəlləri uzatmaq da olardı, amma nə fayda? El arasında deyildiyi kimi- “Artıq qatar gedib.” Fəqət möcüzələrə inanıram...
Yeri gəlmişkən, Dəyanətdən bir bənd:
Baş yastığın gözlərimin bəbəyi,
Kipriklərim gül üzünün örpəyi.
Gecələsən, gözlərimdə gecələ,
Bəlkə onda gözlərim də dincələ...
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Dadlı yay salatı
Rubrikanı Aysel Qarayeva aparır.
İstəkli “Ədəbiyyat və incəsənət” izləyiciləri. Bu gün sizinlə dadlı və çox asan hazırlana biləcək bir salat resepti bölüşəcəyik. Əsl yay malıdır.
Hazırlanması üçün lazım olan ərzaqlar :
2 ədəd toyuq filesi
100 qr qoz
Zövqə uyğun mayonez
2-3 kök
Zövqə görə 1-2 diş sarımsaq və duz, istiot...
Gerisi isə yəqin aydındır. Toyuq filesini qaynadıb xırda-xırda doğrayıb çəkilmiş qoza və xırdalanmış kökə qarışdırır, ədvanı əlavə edirsiniz! Sonra isə mayonezdə yaxşı-yaxşı qarışdırırsınız.
Bəyənəcəyinizə əminik!
Nuş olsun !!!
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)