“Türk dünyası” adlı sərginin açılış mərasimi olub Featured

Yanvarın 31-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Xalq rəssamı Əşrəf Heybətinin “Türk dünyası” adlı sərgisinin açılış mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova sərgidə yer alan əsərlərin çoxfiqurlu və poetik kompozisiyaları ilə türk xalqlarının ruhunu, ənənələrini və yaşayış tərzini əks etdirdiyini bildirib.

Fondun bu cür layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd edən A.Raimkulova deyib: “Əsərlər Türk dünyasının tarixinin və eposlarının görkəmli nümayəndələri – Dədə Qorqud, Şah İsmayıl, Atilla və başqalarının obrazlarını canlandırır. Onların rəngarəngliyi və incə işlənmiş detallar ziyarətçilərə türk mədəni irsini fərqli prizmadan tanıdır. Sərgi yalnız incəsənət həvəskarlarını deyil, həm də türk tarixinin, mədəniyyətinin və irsinin dəyərini anlamaq istəyən hər kəsi özünə valeh edir. Məqsədimiz mədəniyyətimizi qorumaq və beynəlxalq arenada təbliğ etməkdir”.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) prezidenti, professor Fuad Məmmədov vurğulayıb ki, bu sərgi bizi birləşdirən möhtəşəm bir rəmzdir. 

“Əşrəf Heybəti Türk dünyasına dəyərli töhfələr vermiş görkəmli sənətkardır. O, gözəl yaradıcılığı ilə təkcə Azərbaycan mədəniyyətini və incəsənətini deyil, həm də bütün türk xalqlarını dünyaya tanıdır. Rəssamın yaradıcılığı rəngarəng və dərin məna daşıyan türk rəmzləri ilə zəngindir”,- deyə F.Məmmədov əlavə edib.

Sərginin müəllifi Əşrəf Heybəti rəssam kimi missiyasının türk mədəniyyətini dünyada layiqincə təbliğ etmək olduğunu söyləyib.

Əşrəf Heybəti Fondun prezidenti Aktotı Raimkulova tərəfindən zəngin türk mədəni irsini öz əsərlərində yüksək səviyyədə əks etdirdiyinə və “Türk dünyası” sərgisini uğurla təşkil etdiyinə görə təltif olunub.

Xalq rəssamı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna əsərini hədiyyə edib.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.