Ankarada “Azerbaycan rüzgarı” adlı tədbir-konsert proqramı keçirilib.

Ankara şəhərində Gənclik Parkının Mədəniyyət Mərkəzində “Ankara`da Azərbaycan Gecəsi” adlı konsert proqramı keçirilib. Tədbir Azərbaycanın Türkiyə Respublikasındakı  səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə təşkil edilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalına mərkəzdən verilən məlumata görə, tədbirdə çoxsaylı qonaqlar, diplomatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

 

“Azərbaycan gecəsi” tədbirini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb, Türkiyə və Azərbaycan xalqlarının bütün sahələrdə, o cümlədən mədəniyyətdə özünü göstərən tarixi yaxınlığına diqqət çəkib.

“Qardaşlığımızın ən gözəl təzahürü Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır”, - deyən S.Abbasov Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın bütün dünya üçün örnək olduğunu vurğulayıb.

O, Prezident İlham Əliyevin qərarı ilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını iki ölkə arasında mədəni əlaqələrin daha da yaxınlaşması və Türkiyə ictimaiyyətinin Azərbayca mədəniyyətinin təbliği istiqamətində mühüm zəmin yaratdığını vurğulayıb.

O, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən müddət ərzində çoxsaylı layihələr, konsertlər, sərgilər, görüşlər, mədəni tədbirlər təşkil edildiyini, ilk dəfə olaraq Antalya, İzmir, Marmaris və İstanbulda ölkəmizin yaradıcı kollektivlərinin və incəsənət xadimlərinin iştirakı ilə Azərbaycan İncəsənəti Günü tədbirlərinin keçirildiyini söyləyib.

Çıxış edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Serkan Erkmen iki qardaş ölkə arasında, o cümlədən YUNESKO çərçivəsində sıx əməkdaşlıqdan danışıblar.

“Son illərdə Türkiyə və Azərbaycanın 13 ortaq mədəni irs obyekti YUNESKO-nun qeyri maddi-mədəni irs siyahısına təqdim edildiyini bildirib. O, iki dövlətin mədəniyyət nazirlikləri arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.

O, Türkiyədə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin qısa müddətdə ölkənin mədəni həyatına daxil olduğunu və mühüm layihələr həyata keçirdiyini bildirib. 

 

Sonra tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblının yeni adı elan olunub. Ansamblın yeni adı Azərbaycan xalqının min illər boyu böyük mədəniyyət yaratdığı və milli mədəniyyətimizə mühüm töhfələr verən “Zəngəzur” tarixi yurd yerimizin adının verildiyi elan olunub.

 

Proqram Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblının ifası ilə milli rəqslərimiz və xalq artistləri - xanəndə Gülyanaq Məmmədova və balaban ifaçısı Əlixan Səmədovun Azərbaycan musiqilərinə dair çıxışları  ilə davam edib.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olumuş hissə təqdim edilib, dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının qısaldılmış musiqi, rəqs və səhnələr nümayiş olunub.

Konsert proqramı tamaşaçıların böyük marağı və alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.