Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
İllər əvvəl lalə gülünün türk mifologiyasındakı qadın başlanğıcı simvollarından biri olması haqqında yazmışdım. Laləni bu qədər sevirəm. Lalənin əfsanələri də fərqlidir: hamısında həsrət, ağrı, gözləmək və ümid.
Amma lalənin ehtiva etdiyi ümid bambaşqadır. Hətta boynubükük bənövşənin belə, lalə ilə müqayisədə bəxti gözəl gətirib; ona ümidi təbiət özü verir.
Lalə isə özünü ümidləndirir... Duyğuların memarı da, bənnası da özün olanda daha doğma olmur, yox, sadəcə, itirilməsi daha çox ağrıdır, daha dərindən göynədir.
İli, ayı, günü yadımdan çıxıb, bir gün “Adı Lalə idi o qızın...” adlı bir kitab gəlib tapdı ünvanımı. Elə gəldiyi həftə oxumuşdum Xasiyyət Rüstəmin 2020-ci ildə qələmə aldığı poemasını. Təsirlənmişdim... Qəfildən, haradansa 2024-cü ilin son günlərində o poemanı xatırladım. Kitab dolabımı tökdüm yerə, bu balaca, mənimçün dəyəri böyük olan kitabı tapdım, qayıdıb yenidən oxudum... Bəlkə də, ilin son həftəsində könlümüzü dinməz edən o təyyarə qəzası idi kitabı yadıma salan... Bəlkə də, Hökumənin səsindəki, Aydanın gözlərindəki, qəhrəman pilotların “yerə çata bilərik” cəhdlərindəki o ümidlənmə idi Laləni xatırladan. Bircə onu bilirdim ki, poemanı yenidən oxumalıyam... O təəssüratı da, o lalə ümidlənməsini də yenidən və yenidən duymağa ehtiyacım vardı.
*
Qardaş Özbəkistanın “Şöhrət” ordenli yazıçısı, tərcüməçisi, “Kitob dunyosi” (“Kitab dünyası”) qəzetinin redaktoru olan Xasiyyət Rüstəmin poeması Lalə adlı azərbaycanlı qaçqın qızdan bəhs edir. Və biz mətnin bətnində yox olmağa bəribaşdan məhkumuq. Çünki mətnin qatları daxilindəki məna qapılarının o üzündəki elə bizik-Azərbaycan xalqıdır...
Poemanın qəhrəmanı olan Lalə həmişə əlində itkin düşmüş qardaşının şəklini gəzdirir. O balaca oğlan Lalənin yaddaşında eyni yaşdadır, hər ilin o günü-o qaçqınlıq günü... “Bunu məndən-3 aylıq körpə ikən anasının qucağında qaçqınlığı yaşayan, bələkdə donan, sağ qalmağı möcüzə sayılan, hələ də o donmanın ağrılarını canında daşıyan birindən başqa kim tam mənasilə anlayar ki?” sualını özümə vermədim. Qaçqınlıq, köçkünlük bir xalqın taleyində bir əsrdə dönə-dönə yaşandı... Ləfxanımın don vurmuş ayaqları, erməni zindanında 8 gün qalmış Dürdanə Ağayevanın çəkdiyi zülm, Nüşabə Məmmədlinin “Zəngulə” romanında əks edilən həqiqətlər, Varisin “Qızıl cib saatı”ndakı əsir anası, Yunus Orucovun “Tunel”indəki Yeganə və qardaşı Müşü unudularmı? Unutsaq, var olmayacağıq! Bu mənada, Xasiyyət xanımın poeması yaddaş proqramımızın “yenilənmə” düyməsinin növbəti dəfə basılmasıdır.
Lalənin gözündəki yaş və əlindəki o şəkil...
Xasiyyət xanım yazır: “Mən o gün bir dərya göz yaşı ilə / Sanki qucaqladım Azərbaycanı”. Gözəlliyi, nemətləri, maddi-mənəvi sərvətləri ilə öyünməkdə haqlıdır Vətənim! Amma necə deyərlər, “dediyini deyil, susduğunu anlayandır canı yanan...” Axıtdığı göz yaşını, ağrısını tanıyan, o cür bağrına basandır Azərbaycanın canı yananı-Xasiyyət Rüstəmdir!
“İltimas edirəm, oxu, can bacım...”-Lalə belə deyir əlindəki dəftəri şairə uzadarkən. “Can bacım” sözündəki ərkdir şair ürəyini titrədən bir az da... Və Lalə əmindir ki, özbək şair onun dəftərini oxuyub anlayacaq. Bu əminlikdir dünyanın unutmağa, unutdurmağa cəhd etdiyi Qızıl Almanın özəyi. Və səkkiz ay sonra şair həmin dəftəri açır...
“Könlüm qəm içində olubdur qübar
Üzümü-gözümü isti yaş yuyar.
O səslər bir xeyli uzaqdan gəlir,
Dil deyib ağalayır qərib arzular...
...Bəs hanı, bu səsin yiyəsi hanı?!
Mən yenə bir dünya göz yaşı ilə
Bağrıma basıram Azərbaycanı.”
Lalə qaçqınlıqda gəlinciyini qoyub gəlib... Uşaq ağlıyla özünün ən yaxın dostu bildiyi gəlinciyini... Bir kəlbəcərli ana ilə təsadüfən yolum kəsişmişdi. Yazıçı olduğumu biləndə üzündə gülüşü donmuşdu... Sonra qəti baxışlarla üzümə baxıb danışmağa başlamışdı:
-İki oğlum, bir qızım vardı. Böyüyü yeddi, ortancılı beş, kiçiyi üç yaşında idi. Dördüncü dəfə əkiz qızların anası olmuşdum. Körpələr, cəmi, 1 həftəlik idi... Kəndə hay düşdü ki, ermənilər başdan ata-ata gəlirlər. Qabaqlarına çıxan qız-gəlinə rəhm etmir, uşaqları analarının gözləri önündə süngüyə keçirirlər. Xocalıda etdiklərini bilirdik artıq... Göyçədən camaatı qışın qarında, gecəylə necə çıxardıqlarını da unutmamışdıq. O qarışıqlıqda uşaqlarımı götürüb çıxmalıydım. Ha boylandım, bir adam gözə dəymədi ki, deyəm, “gəl, uşaqları çıxarmağa kömək et...” Beş yaşındakını kürəyimə şəllədim, üç yaşındakını sinəmə bağladım, yeddi yaşındakının əlindən tutdum. Qalırdı əkiz qızlarım. Eşikdə bir boran, tufan vardı ki, onları eşiyə çıxarsam, öləcəkdilər, bilirdim. Yenə bir ümid, ikisini də adyala büküb iri zənbilə qoydum. Bir əlimə də o zənbili aldım... Qapıdan çıxaçıxada yadıma düşdü ki, böyüklər o yana, əkizləri saatlardır əmizdirməmişəm. Qayıtdım. Dar macalda onları əmizdirdim. Sonra təkrar zənbilə qoydum. Darvazayadək getdim... Sonra darvazadan çıxdım. Kəndin mərkəzinə gedəmməzdim. Ermənilər o başdan gəlirdilərsə, mərkəzə artıq çatmalı olmalıydılar. Elə bu vaxt güllə səsləri eşitdim. Bir uşaq kürəyimdə, biri sinəmdə, zənbil əlimdə, bir əlli də böyük oğlumdan yapışmış halda kənddən çıxdım... Meşəyə çataçatda fərqinə vardım ki, əkizlərin cınqırı da çıxmır. Zənbili yerə qoydum... Qızlarım artıq sağ deyildi... Bu soyuq, bu boran onların əhədini oradaca kəsmişdi... Gözümə heç nə görünmədi, qayıtdım evə. Adyala bükülü iki cansız körpə bədəni zənbildən çıxartdım, çarpayıya qoydum... Yenidən üç uşağımı götürüb kənddən çıxdım... Hər gün yadıma düşür onlar.
-Adları nə idi?-gücüm elə bunu soruşmağa çatmışdı...
-Qızılgül və Lalə...
Ağlamaq tutmuşdu məni... Amma o ananın ağlamadığını görüb susmuşdum. O ana daha ağlamırdı, ağlayammırdı... Mənə dediyi sonuncu cümlə bu olmuşdu:
-Bacarsan, nə vaxtsa mənim qızlarımdan da yazarsan...
...Bacarmadım... Yazammadım... Bu ağrını yazmaq cəsarətmi istəyir, hünərmi istəyir, bilmirəm. Nədirsə, o ucalıqdadır Xasiyyət Rüstəmin qələmi. Ki, qaçqın Lalədən-xalqımın ağrısından yazıb... İkicə misrada o bəşəri sualı da dilə gətirib: “Sənin övladına, can Azərbaycan, / Həyatın, taleyin nədir bu qəsdi?!”
Xasiyyət Rüstəm Azərbaycan qədər sevir azərbaycanlıları... Ürəyinin təmizliyinə, ruhunun duruluğuna əmin olduğu bir dostunu-azərbaycanlı şairi nəzərdə tutaraq deyir: “Ya Tanrı, sən onun qəlbinə xatir, /Qarabağı qaytar Azərbaycana!”
Hə, Xasiyyət xanım Qarabağın Azərbaycan və azərbaycanlılar üçün hansı anlama gəldiyini yaxşı bilir... Bilir ki, illərlə əlimiz, ümidimiz uzalı qalıb Qarabağa... Bilir ki, ata-analar evlərində uşaqlarına Xan qızının qürbətdə çəkdiyi bayatını çəkir: “Aləm cənnətə dönsə, / Yaddan çıxmaz Qarabağ!” Bilir ki, lalə ləçəkləri uçur itirilən hər yurd yerimizə tərəf ümidlərimizdə. Yoxsa, yazmazdı ki:
“...bircə kəlmə QARABAĞ sözü
Titrədir, çalxadır Azərbaycanı!
...Yığılır qoluna tarixin gücü!
O yurdda doğulan, böyüyən oğlan,
Namus döyüşünə hazır döyüşçü!”
Şagird ikən bir yazıda oxumuşdum: “Hər qarışı tarix qoxur Azərbaycanın...” “Şablon fikirdir...” demiş, bəlkə bir az da, onu yazana kinayə etmişdim... Sonra böyüdüm... Böyüdükcə, qarış-qarış tanıdıqca daha yaxşı anladım o sözdəki həqiqətin hüdudsuzluğunu! Hər qarışında şanlı, eləcə də, qanlı-qadalı bir tarix var Azrbaycanımın. Hansı əsrə aid tarix vərəqini açırıqsa, bir müharibə var, bir yadelli nəfsi var, bir yağı tamahı var... Və bütün bunlara sinəsini sipər edən oğullar, əyninə döyüşçü paltarı geyinib özünü hərb meydanına çatdıran qızlar var...
Xasiyyət Rüstəm bunları bilə-bilə yazır: “Harda “müharibə oldu” desələr, / Ancaq Azərbaycan düşür yadıma!”
Biz elə bu ikicə misra ilə poemanın yazılma səbəbindən, onun bədii əsər kimi məqsədindən, bəşəriyyətə nəyi anlatmaq istədiyindən xəbərdar oluruq.
Və dəftəri oxuyub bitirdiyi ərəfədə Xasiyyət Rüstəm sosial şəbəkədə azərbaycanlı şair dostunun paylaşımını görür: “Tovuzda döyüş gedir...” Şair qəlbi Lalənin dəftərinin verdiyi təəssüratla, Qarabağ dərdiylə göynədiyi anda bir də bu xəbər... Yenə döyüş... Yenə düşmən tamahı... Yenə düşmən əliylə mərd oğullara atılan namərd güllələr... Xasiyyət Rüstəmin iztirab duyan qəlbinin duyğuları misralarda zühur edir:
“Nə gəldi başına, Can Azərbaycan?
Döyər qapıları şəhid xəbəri,
Yenə anaların qaçar yuxusu...”
Poemanın sonunda şair qəhrəmanının-Lalənin o an harada olduğunu, hansı hissləri keçirdiyini fikirləşir... Əmindir ki, Lalənin illərdir özünü ümidləndirməsi çin çıxacaq: onun gəlinciyi tapılacaq, itkin düşmüş qardaşı (bu qardaşın simvollaşdırdığı yurd yeri) qayıdacaq!
...Azərbaycan sevdası üçün min yol mütəşəkkirəm Xasiyyət Rüstəmə! Onun da, bizim də ümidimiz çin çıxdı, şükür! Haradan oxumuşdum, harada görmüşdüm o xəbəri, yenə unutdum: Xasiyyət xanımın Böyük Zəfərimizdən, şanlı Vətən müharibəsindən bəhs edən daha bir kitabı da işıq üzü görüb “44 gün” adlı...
Bir gün o kitabın da ünvanımı tapması diləyilə...
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)