Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, açılış mərasimində iştirakçı dövlətlərin nümayəndələri çıxış edərək ölkələrində olan könüllülük fəaliyyəti, gənclər siyasəti və bu sahədəki təcrübələr haqqında məlumat veriblər.
Layihənin ilk günündə iştirakçılar üçün 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə məlumatlandırıcı tur, muzey və tarixi abidələrə səyahətlər təşkil olunub.
Layihənin ikinci günündə iştirakçılarla yerli və beynəlxalq platformada keçirilən könüllülük fəaliyyəti, əməkdaşlıq çərçivəsində keçirilə biləcək layihələr, təmsil etdikləri yerli təşkilatların iş prinsipi və görülən işlər haqqında müzakirə aparılıb.
Növbəti gün iştirakçılara Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Şəbəkə sənəti”, həmçinin “Taxta oyma” üzrə ustad dərsləri keçirilib. Eyni zamanda iştirakçılar tərəfindən ortaq fəaliyyətlər ilə bağlı yeni əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb, könüllülüyün müxtəlif sahələrdə inkişaf etdirilməsi və türk dünyasında gənclər üçün daha geniş perspektivlərin yaradılması barədə təkliflər irəli sürülüb.
Layihənin son günündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın zəngin mədəniyyətini əks etdirən sərgilər təşkil olunub. Sərgidə iştirakçı ölkələrin nümayəndələri öz milli mədəniyyətlərini xüsusi hazırlanmış stendlər vasitəsilə nümayiş etdiriblər. Hər bir stend ölkələrin ənənələrini və mədəni dəyərlərini tanıtması üçün imkan yaradıb. Daha sonra, "TÜRKSOY-un II Beynəlxalq simulyasiyası" çərçivəsində mədəniyyət gecəsi baş tutub. Gecədə iştirakçı dövlətləri təmsil edən gənclər öz milli musiqi və rəqs nümunələrini təqdim ediblər.
Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən 40-dan çox gənclər təşkilatlarının rəhbəri və nümayəndə heyəti iştirak edib.
Layihə Bakı və Şəki şəhərlərində baş tutub.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)