Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), “Azaflı” Azərbaycan Sosial Dəstək və Mədəniyyət Dərnəyinin və Türk Dünyası Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankarada “Şah İsmayıl Xətai: ömür yolu və irs” mövzusunda tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Türk Dünyası Mədəniyyət Mərkəzinin və “Azaflı” Azərbaycan Sosial Dəstək və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı çıxışında Şah İsmayıl Xətai şəxsiyyətinin uzun müddət Türkiyədə səhvən İran və farslarla əlaqələndirildiyini qeyd edib. Onun sözlərinə görə, vahid Azərbaycan dövlətinin əsasları Səfəvilər dövlətinin banisinin adı ilə bağlıdır. “Şah İsmayıl Azərbaycan dilinin statusunu dövlət dili səviyyəsinə qaldırdı, ana dilində Xətai təxəllüsü ilə lirik və epik şeirlər yazdı”, - deyən Arzuman Azaflı tarixi həqiqətləri təhrif etməməyə çağırıb.

Ankara Universitetinin professoru Abdulla Gündoğdu Şah İsmayıl Xətaini bütün bölgənin tarixində dərin iz qoymuş şəxsiyyət adlandırıb.

Tədqiqatçı-yazar Dilqəm Əhməd Səfəvilər dövlətinin irsinə görkəmli Azərbaycan ziyalılarının münasibətindən danışıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə Səfəvilər dövlətinin özəyini türklərin təşkil etdiyini vurğulayıb. “Səfəvilər dövlətində rəsmi yazışmalar Azərbaycan dilində aparılırdı. Türk dili həm də hökmdarlar arasında ünsiyyət vasitəsi olub”, - deyə tədqiqatçı bildirib.

Tədbir Şah İsmayıl Xətainin sözlərinə yazılmış musiqili kompozisiyaların ifası ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.