Yasın Laçınlı, “Ədəbiyyat və incəsənət” üçün
Aprelin 17-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə oxu mədəniyyətini təşviq edən “Əlfəcin” adlı görüş keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında mütaliə vərdişlərini inkişaf etdirmək və kitab oxumağa marağı artırmaq olub.
Görüşdə yazıçı-jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, Əməkdar Jurnalist Varis qonaq qismində iştirak edib. O, iştirakçılarla birlikdə kitab oxumağın gücü, mütaliənin insan həyatına təsiri, düzgün kitab seçimi və kitabın gündəlik həyata inteqrasiyası mövzularında dərin və maraqlı müzakirələr aparıb.
Tədbirdə Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev də çıxış ediblər. Onlar gənclərin intellektual inkişafına yönəlmiş bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Görüşün sonunda Varis fəal iştirak edən iştirakçılara öz imzası ilə kitablar hədiyyə edərək onları mütaliəyə daha da həvəsləndirib. Eləcə də, məktəblilərə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirlliyinin birgə nəşri olan “Yeniyetmə və gənclərdə mütaliə vərdişlərini necə formlaşdırmalı” adlı kitabçalar hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)