Şəhanə Müşfiq, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı, publisist Şəfa Vəlinin yeni kitabı işıq üzü görüb.
“Azalyalı nağıllar” adlı kitab Azərbaycan uşaq ədəbiyyatına dəyərli töhfə kimi 10-13 aprel tarixlərində IV Uşaq Kitab Festivalında balaca oxuculara təqdim olunub.
“Kitabsevərlər” qrupunun təşəbbüsü ilə “AlfaCin” nəşriyyatında işıq üzü görən kitabın naşiri Mübariz Həsənov, redaktoru Cavid Qədir, korrektoru Fariz Məmmədov, texniki redaktoru Aytən Paşayeva, dizayneri Zülfiyyə Abbasovadır. Nəşrin üz qabığında, eləcə də səhifələrində yer alan illüstrasiyalar Sabrina Mürsəqulovaya aiddir.
Ön sözü yazıçı, publisist Məhsəti Musa yazıb.
“Azalyalı nağıllar” kitabı müəllifin uşaq dünyasının rəngarəngliyinə yenidən daxil olmaq cəhdidir. Həm onun, həm də oxucuların yol göstərəni Azalya adlı qızcığazdır. 19 fərqli və maraqlı nağıldan ibarət olan bu kitabı oxuyan uşaqlar Azalyanın fikirlərinə, arzularına bələd olacaqlar. Anlayacaqlar ki, hər uşaq öz xəyal dünyasının qəhrəmanıdır. Daşla dərdləşməyi, heyvanlarla danışmağı, dünyanı bu qədər rəngarəng görməyi yalnız uşaqlar bacarar.
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)