Yusif Nəğməkarın “Ələsgər Zirvəsi" kitabı təqdim olunub

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan ustad Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş, şair-publisist Yusif Nəğməkarın qələmə aldığı "Ələsgər Zirvəsi" poemasının təqdimat və imza günü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq yazıçısı, AYB sədri Anarın, Xalq şairi Sabir Rüstəmxanlının, akademik Nizami Cəfərovun, akademik Misir Mərdanovun, Milli Məclisin komitə sədri Fazil Mustafanın, millət vəkili Səyyad Aranın, millət vəkili Aydın Hüseynovun, Azərbaycan Rəssamlar Akademiyasının rektoru Natiq Əliyevin, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədovun, tarix elmləri doktoru Atamoğlan Məmmədlinin, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin, tənqidçi Əsəd Cahangirin, şair Əlirza Xələflinin və digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edən Yusif Nəğməkar bu poemanın yalnız Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir əsər deyil, eyni zamanda, Azərbaycan aşıq sənətinin bütövlükdə dəyərini göstərən poetik salnamə olduğunu bildirib. 

Söz nümayəndələri kitabın ədəbiyyat tariximizdəki əhəmiyyətindən, Aşıq Ələsgərin söz sənətindəki mövqeyindən və Yusif Nəğməkarın yaratdığı poemanın dəyərindən söhbət açıblar. 

Qeyd edilib ki, poemada Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun ədəbi irsinin böyüklüyü və müasir dövrdə daşıdığı mənəvi dəyərlər öz əksini tapıb.

Tədbir boyu iştirakçılar poemadan parçalar səsləndirib, Dədə Ələsgərə həsr olunmuş şeirlər oxunub və ustadın seçmə əsərlərindən sitatlar gətirilib. 

Görüşün sonunda "Ələsgər Zirvəsi" kitabı müəllif tərəfindən imzalanıb.

Bir sözlə, Natəvan klubu çox maraqlı bir tədbirə evsahibliyi edib,

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.