İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayonunun Mərkəzi Xəstəxanasının akt zalında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsü, "Oğuz yurdu" qəzetinin baş redaktoru Nazim Hüseynlinin oğuzlu həkimlərə həsr olunmuş, "Oğuzlu həkimlər- sağlamlığın sayıq keşikçiləri" kitabının təqdimatı oldu.
Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir. Oğuzlu yazar Nazim Hüseynli Oğuz həkimlərinə həsr etdiyi kitabda məhz belə həkimlərimizin həyat yoluna işıq salıb.
Tədbirdə Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov, baş həkim Şəlalə Tahirova, oğuzlu şair Yusif Rza, şairə Şükufə Ruhlu, Mərkəzi kitabxananın əməkdaşı M.Bəkirova, qonaqlar, xəstəxanada çalışan həkim və tibb personalı iştirak edib.
Əvvəlcə Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsi zamanı şəhid olan həkim şəhidlərimiz xatırlanıb.
Sonra Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov tədbiri açaraq, tədbirin məram və məqsədi haqqında məlumat verib. Oğuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Şəlalə Tahirova kitabda yer alan mərhum həkimlərimiz haqqında yazılmış məlumatların olmasını alqışlayıb və məmnunluğunu ifadə edib. Sonra həkimlərdən, Akif Məmmədov, Vaqif Səbzəliyev, şairlərdən Yusif Rzayev, Şükufə xanım Ruhlu, kitabda atası Sabir həkim haqqında məlumat verilən Qaxdan gələn qonaq Sabir həkimin qızı Reyhan Mürsəlova, Mərkəzi kitabxananın əməkdaşı Mehparə Bəkirova və başqaları çıxış edərək, həkimlik peşəsinin sirlərindən , müasir dövrdə xəstə ilə həkim münasibətlərindən, qayğıkeş oğuzlu həkimlərdən və Nazım müəllimin yeni ərsəyə gələn kitabından danışıblar.
Sonda müəllif yeni kitabını tədbir iştiraskşılarına hədiyyə edib, xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)