Moldovanın paytaxtı Kişineuda Məhəbbət Güngürün “Qarabağ həsrətinin sonu. Bu yol Cəbrayıla aparır” kitabının təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Moldova Respublikasının Milli Kitabxanasının dəstəyi ilə Moldova Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Təqdimatda Moldova Azərbaycanlıları Konqresinin üzvləri, azərbaycanlı icmasının nümayəndələri, Azərbaycanın Moldovadakı Səfirliyinin nümayəndələri, Moldova Respublikası Parlamentinin deputatı və Azərbaycan-Moldova parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot, Moldova Etniklərarası Münasibətlərin Konsolidasiyası Agentliyinin idarə rəisi Lyudmila Burlaka, kitabın rəyçisi Adilə Nəzərova iştirak edib.
Şairin nəvəsi, Moldova Azərbaycanlıları Konqresinin Həftəsonu məktəbinin şagirdi Amirə İsmayılova kitabdan şeirlər səsləndirib.
Görüşün rəsmi hissəsindən sonra qonaqlar müəllif ilə söhbət edib, kitablarını imzalatdırıblar.
Kitabın rəyçisi Adilə Nəzərova Moldovaya səfəri çərçivəsində “Xarıbülbül” Azərbaycan-Moldova dostluğu xiyabanını ziyarət edib, Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Kişineu şəhərində fəaliyyət göstərən həftəsonu məktəbində açıq dərsdə iştirak edib. Adilə Nəzərova, həmçinin Moldova azərbaycanlılarının ağsaqqalları – Məhəbbət İsmayılov və Əli Bayramov ilə görüşüb.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)