İsraildə Ü.Hacıbəylinin və M.Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib Featured

İsrailin Afula şəhərində Azərbaycan bəstəkarlıq məktəbinin banisi, musiqişünas-bəstəkar, elm xadimi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib. Tədbir həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin dəstəyi ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən yubiley gecəsi Azərbaycanın qədim musiqi janrlarından olan muğamla tanışlıqla başlayıb. Gecədə iştirak edən dünya şöhrətli rusiyalı musiqişünas, “Rus naxışları” Moskva vilayət Filarmoniyasının Dövlət Akademik Orkestrinin bədii rəhbəri və dirijoru İlya Yakovleviç Reybarx iki saatlıq mühazirə ilə çıxış edib. O, muğamın Azərbaycanda qorunub saxlanılan orijinal xalq musiqi janrı olduğunu bildirib. İlya Reybarx muğamın Azərbaycan operası da daxil olmaqla, milli musiqimizin əsasını təşkil etdiyini, eyni zamanda  xalqımızın mənəvi və mədəni dəyərlərindən olduğunu diqqətə çatdırıb. Ardınca, muğam sənətimizin inkişafında mühüm rol oynayan məşhur azərbaycanlı xanəndələrin ifasında muğam nümunələrinin səsyazmaları təqdim olunub.

Sonra İlya Reybarx Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığının Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolu haqqında danışıb. O, dünya şöhrətli azərbaycanlı bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi haqqında da məlumat verib və onların əsərlərinin illərdir dünya səhnələrində səsləndirildiyini qeyd edib. Çıxışında Müslüm Maqomayevin nəvəsi – Azərbaycanın və SSRİ-nin Xalq artisti, məşhur vokal ifaçısı Müslüm Maqomayevin yaradıcılığına da yer ayırıb. Tədbir iştirakçıları müğənninin böyük babası ilə eyni adı daşımasını maraqlı fakt kimi qarşılayıblar.

Ədəbi-musiqili gecədə klassik Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirən “Leyli və Məcnun”, “İldırımlı yollarla”, “Min bir gecə”, “Məhəbbət əfsanəsi” kimi məşhur əsərlərdən parçalar, eləcə də “Koroğlu” operasının uvertürası səsləndirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.