Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün günlərdən görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür, anadan olmasının 98-ci ildönümüdür. Kimdir Leyla Vəkilova? Əlbəttə ki, yaşlı nəsil onu gözəl tanıyır, yaradıcılığı Sovet dönəminə düşən bu istedadlı xanım incəsənətimizin, baletin inkişafında misilsiz xidmətlər göstərib.SSRİ Xalq artisti, Dövlət mükafatı laureatıdır.
Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda dünyaya göz açıb. Əslən Qazax mahalındandır, məşhur Vəkilovlar şəcərəsinin bir nümayəndəsidir.
Xoreoqrafiya məktəbində böyük sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənib, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.
Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.
O, klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.
Leyla Vəkilovanın ifası zəriflik və emosionallığı ilə seçilirdi. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharətlə oynadığı Gülyanaq,A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazları əsla unudulmaz. Ə.Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.
Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış edib. L.Vəkilovanın Moskva çıxışları azərbaycanlı balerinanın “ulduz saatı” adlandırılıb.
Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib.
Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Balerinanın 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.
Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)